Natiq Məmmədlinin ilk romanı: «KÖRPÜDƏ ÜMİD»

Vaqif Yusifli

Müasir ədəbiyyat

 

115 yaşlı Azərbaycan romanistikası özünün yeni bir inkişaf mərhələsini yaşayır. Dünya romanında baş verən proseslər istər-istəməz milli roman sənətinə də təsirsiz qalmır. Roman həm məzmunca, həm də formaca müəyyən dəyişikliyə məruz qalır. Azərbaycan nəsrində də yeni roman axtarışları başlayıb və əsrin əvvəllərindən start götürən bu proses davam edir. Məsələn, yuxu ilə reallığın, şüuraltı ilə şüurun, fantaziya ilə gerçəkliyin bir-birilə uğraşdığı sinxron romanlar yaranır. Romanın forma-struktur xüsusiyyətləri ilə bağlı yeni tipləri diqqətimizi cəlb edir: roman-reportaj, roman –dialoq, roman-xronika, roman-pamflet, roman-besseller və s.

 

Hələ ömrünün ədəbi gənclik yaşı ilə vidalaşmayan Natiq Məmmədli də ilk romanını oxuculara təqdim edib. «Körpüdə ümid» adlanan bu roman baş ədəbi dərgimiz olan «Azərbaycan» jurnalının bu ilki ilk sayında işıq üzü görmüşdür. Biz onun hekayələr kitabı haqqında bir resenziya ilə çıxış etmişdik və yazmışdıq ki, Natiqdə həyatı müşahidə qabiliyyəti güclüdür, o, gerçəkliyin reallıqlarını bədii reallığa çevirə bilir, dinamik süjet təqdim etmək qabiliyyətinə malikdir, onun təqdim etdiyi obrazlar da bədii ümumiləşdirmə meyarına uyğundur. «Klassik nəsr qanunu»na görə, Natiq Məmmədli bu hekayələrdən sonra gərək povestə keçəydi, sonra romana. Amma o, birbaşa romana keçdi və bəri başdan deyək ki, Natiq bu əsəri ilə roman yazmaq gücündə olduğunu da sübut edə bildi. Təbii ki, hər hansı müəllifin ilk romanında müəyyən qüsurlar, çatışmazlıqlar da olur ki, biz də bu haqda bir qədər sonra söz açacağıq.

 

Deyirlər ki, A.P.Çexov ömrü boyu roman yazmaq həsrətində olmuş, hətta qırx səhifə nəsə qaralamışdır, amma o, roman yazmasa da, hekayələrinin əksəriyyəti sanbalı, bədii siqləti etibarilə böyük romanlara bərabərdir. Ona görə də müasir romançıların qarşısında da birinci növbədə, üç əsas vəzifə durur; birincisi, romanın məzmunu bəşəri mahiyyət daşımalıdır, yəni romanda «kiçik məsələ» də, problem də mahiyyəti etibarilə böyük məna daşımalıdır. Servantesin «Don Kixot»unu xatırlayın. İkincisi, romanın baş qəhrəmanı olmalıdır. Hətta elə qəhrəman ki, roman onun adıyla da yazıla bilər. Və bu qəhrəman son dərəcə ümumiləşdirici bir obraz olmalıdır ki, nəinki yazıldığı dövr üçün, sonrakı əsrlər üçün də ədəbi bir nümunə timsalına çevrilsin. Bəzən əsərin qəhrəmanı ifadəsi ilə qəhrəmanlığı bir-birilə qarışdırırlar. Ədəbi qəhrəman ayrı, qəhrəmanlıq ayrı. Madam Bovari həyatda qəhrəman deyildi ya Tolstoyun Anna Kareninası. Onlar ədəbiyyatın qəhrəmanlarıdır, lakin süni deyillər, havadan yaradılmamışlar, həyatdan ədəbiyyata gəlmişlər. Üçüncüsü, roman formaca da seçilməlidir. Yazılış tərzi, təhkiyə üsulu, obrazların təqdimi tərzləri, dili və bütün bunları özündə əks etdirən poetikasına görə oxucunu cəlb etməlidir. Həm də oxucu hiss etməlidir ki, o, roman oxuyur. Roman, Belinskinin təbirincə desək: «müasir cəmiyyətin bədii təhlilidir… Müasir romanın vəzifəsi - həyatı bütün çılpaq həqiqəti ilə əks etdirməkdir… Roman, bir istisna kimi, ədəbiyyatın bütün digər növlərinə nisbətən hamının diqqətini cəlb etmişdir: cəmiyyət romanı öz güzgüsü hesab edir və ona baxıb özünü görür, öz-özünü dərk edir..»

 

İndi sual verə bilərsiniz ki, ilk roman müəllifi Natiq Məmmədli bu şərtlərə əməl edibmi?

Bu sualı müəyyən mənada müsbət cavablandıra bilərik. Natiq Məmmədli «Körpüdə ümid» romanı ilə bizi ümidləndirə bilmişdir. Romanda həyati bir problem qoyulub və müəllif bu problemi bədii şəkildə, romanın tələbləri baxımından həll etmişdir. Romanda günümüzün, çağdaş dövrümüzün gerçək problemləri ilə qarşılaşırıq və Natiq Məmmədli onları ümumiləşdirmə meyarına uyğun olaraq bizə təqdim edir.

 

Nədir bu problemlər? Siz yəqin ki, böyük ədibimiz Nəriman Nərimanovun «Pir» povestini oxumusunuz. Kütlənin axın-axın, dəstə-dəstə Pirə böyük ümidlə pənah gətirməsi və axırda da onun daşa tutulması… Bu əsər təbii ki, kütlənin şüurundakı dini fanatizmi məhv etməyə yönəldilmişdi və Nərimanovun bəlkə başqa bir məqsədi də yox idi.

 

Natiq Məmmədlinin romanında da insanlar Ümidqovan kəndinə-Pirə ziyarətə gəlirlər. O, bu Pirin yaranmasının müxtəlif versiyalarından tutmuş onu idarə edənlərin –icraçıların missiyalarına qədər təfərrüatı ilə nəql edir. Romanın sonunda bu pir də dağılır, amma Nərimanovun əsəri sırf realistik planda yazılmışdısa və məqsəd də o idi ki, beyinlərdəki xurafatı darmadağın etsin… bu romanda isə tamam başqa məqsəd güdülür.

 

«Körpüdə ümid» fanatizmin ya xurafatın tənqidi və ifşasına həsr olunmayıb və sonda Ümid pirinin dağılması belə buna haqq vermir ki, deyək ki, gənc romançının da məqsədi böyük ədibimizin məqsədiylə eyni idi. Yox! burada məqsəd və qayə tamam başqadır. İndi isə roman haqqında konkret mülahizələrimizi bildirək.

 

Birincisi; romanda reallıqla fantaziya, şüuraltı ilə şüur elementləri üslubu müəyyənləşdirən vasitələr kimi diqqəti cəlb edir. Amma fərqinə də varmırsan ki, reallıqdı bu, yoxsa fantaziya, gerçəklikdi bu, yoxsa nağıl? Bunlar sinxron haldı elə qaynaqlanıblar ki, inanırsan ki, nə olursa, nə baş verirsə, hamısı reallıqdı. Uşağın - Ümidin ürəyində danışması və kiminlə danışırsa, onu da dialoqa çəkməsi… əslində, bunun reallığına inanmasan da, baş verən əhvalatların məntiqi səni inandıra bilir. Və fikirləşirsən ki, uşağın Pirdəli, yaxud Telli ilə «ürək dialoqları» deyilən reallıq ola bilməz, amma bu dialoqlarda elə mətləblər çözülür, dünyanın, həyatın, cəmiyyətin elə məsələləri ortalığa çıxır ki, bir anlığa irreallığı unudursan və fantaziya sənə sırf zahiri element kimi görsənir. Natiq Məmmədli bu mənada dünya romanı təcrübəsindən bacarıqla faydalanıb. Yaxud, balaca Ümidin yuxusu... Bu, romanda onun məna və mahiyyətini aydınlaşdıran uğurlu bir bədii vasitədir. Yuxuda dünənlə bu gün birləşir və keçmiş, qədim əsr müasir Ümidqovan üçün yaddaş funksiyasını yerinə yetirir. Bu mənada romanda başqa bir mətləb çözülməlidir: Ümidqovan adlanan bu kənd nəyin rəmzi və simvoludur? Kənd işğal olunmasın, yadellilərin tapdağı altına düşməsin deyə, adamlar ya Mitridatın, ya da Pompeyin yanına elçi göndərməlidirlər. Bu xüsusda xeyli məsləhətləşmələrdən sonra qərara gəlirlər ki, həm Şərqə tərəf, həm də Qərbə tərəf elçi göndərsinlər, hər iki tərəfə dostluq təklif etsinlər, bayraqlarının altından keçməyə hazır olduğunu bildirsinlər, nə zaman ki, döyüş başa çatdı, kim güclü olsa, o tərəfə də keçsinlər. «Baş əymək üçün səmtin nə fərqi var, təki başımız salamat olsun». Bu düşüncə tərzi əsrlərdən əsrlərə adlayır və bu mənada Ümidqovan kəndinin keçmişi ilə bu günü arasında fərq duyulmur.

 

Mətləbdən uzaqlaşmayaq və romanda reallıqla irreallığın, keçmişlə bu günün, gerçəkliklə fantaziyanın «ünsiyyəti» əsərin sinxron mahiyyətini açıqlayır.

 

İkincisi; roman «müasir cəmiyyətin bədii təhlilidirsə» (Belinski), gəlin, XIX əsrdə söylənilən bu fikirdən yan keçməyək. «Körpüdə ümid»də müəllif buna nə dərəcədə nail olub? Buna aid xeyli misallar gətirə bilərik. Ancaq biri ilə kifayətlənmək olar. «Bu adamları dəyişməsən, ovcuna sıxıb canına hopan torpağa «vətən» deyə bilməyəcəksən. Üstündə cahillər gəzən, qanqal bitən düzəngaha vətən deyib əzizləsən də, vətən olmayacaq. Vətən torpaq deyil, vətən onun üstündə gəzən adamlardı, onların sonunu gördüyün üçün hələ imkan varkən uçuruma yuvarlanmamış qollarından tutub saxlamalısan. Bizim kəndin camaatına yazığım gəlir, ürəyimdən qara qanlar axır, əlimin içi kimi bilirəm; axırı yaxşı olmayacaq, nəsə boğanaq, qatmaqarışıqlıq, dava-şava, insanlığın alçalmasını, insafın, mürvətin heç-puç olub getməsini görürəm. Pirin müqəddəsliyi qurtaran kimi qara yellər əsəcək».

 

Əslində, qara yellər əsməyə başlayıb və ümumən təkcə Ümidqovanda deyil, ondan kənarda, bura pənah gətirən insanların məskənlərində də belə aqibət gözlənilir. Müqəddəslik itən və qurtaran yerdə doğrudan da, dünya, insanlıq sosial, mənəvi bəlaların ağuşuna düşüb və əslində, çağdaş dünyamızda baş verən hadisələr də qara yellərin əsdiyindən xəbər verir.

 

Amma müəllif cəmiyyətdəki kataklizmləri, mənəvi müflisliyi, insanların bir-birinə qənim kəsildiklərini daha sərt və kəskin planda, təbii ki, rəmzə, simvola ehtiyac duymadan da tünd boyalarla təsvir edə bilərdi. İnsanların ədalət axtarışları romanda bir neçə hadisənin timsalında ümumiləşdirilə bilərdi. Ədalət axtarışları varsa, deməli, bu, ədalətsizliklərin geniş masştabından xəbər verir. Amma sonda, məktubların oxunuşu prosesi qismən də olsa, həmin boşluğu aradan qaldırır. Digər tərəfdən Pir «sahibləri»nin - Qırmızı Xudunun, Qələm Bəkirin, Yoğun Minənin bugünkü «xoş taleləri» arxasında o qədər də xoş olmayan tərcümeyi-halları durur. Və bütün bunlar «Körpüdə ümid»də müasir həyatın kataklizmləri, təzadlı olayları öz əksini tapır,- deyə bilərik.

 

Üçüncüsü; Romanda müəllif qayəsinin daşıyıcısı pirə gətirilən lal uşaqdır. «Uşağın boğazında söz qalıb, düz söz, onu deyən kimi dili açılacıq» - bunu pir sahiblərinin dəli sandıqları Pirdəli deyir və tezliklə o da Ümid adlı lal uşağın daşıdığı missiyaya şərik olur. Ədəbiyyatdakı «ağıllı dəli»lərdən birinin də sayı artır. Roman boyu Pirdəli ilə Ümidin «ürək söhbətləri» davam edir və bu söhbətlər əslində, romanın ideya-mətləb yönünü, istiqamətini müəyyənləşdirir. Bu söhbətlər bəzən fəlsəfi məzmun da kəsb edir, amma müəllif məsələləri çox da qəlizləşdirmir, reallıqlara daha çox diqqət yetirir. Ümid pirə gələnə qədər həyatın bir sıra amansızlıqları ilə üzləşmişdi. Qonşuları ilə münaqişənin ona necə ağır təsir bağışladığını unutmaq olmaz. Həmçinin atasının vəzifə ehtirasları, səngimək bilməyən başqa təmənnaları haqqında da düşünür. Pirdəli onun boynuna dünyanı dəyişmək vəzifəsini qoyur. Təbii ki, bunu şərti planda anlamaq lazımdır. Bu qəhrəmanlığa nail olmaq üçün Ümid Pirdəlidən həyat dərsi alır: «Üstündə gəzdiyin torpağı vətən eləmək üçün zamanın səndən gözlədiyi yox, alnına yazılan qəhrəmanlığı eləməlisən. Ehtiyatlı ol, torpaq minnəti götürmür, torpaq həmişə yeməyə qəhrəman axtarır…Vətəndən danışan, xala xətrin qalmasın onun qabağına bir «ana» sözü də artırıb ağzı köpüklənən adamların dərhal ürəyinə boylan, orada qorxaq, hürkək, riyakar, üzə bir, astara iki sifətlər, hazırlanıb öz növbəsini gözləyən min cür maskalar görəcəksən. O adamlardan uzaq gəz, o adamlara qarşı çıx, yalanlarını üzlərinə de, qoy qızarsınlar, qoy səndən Qırmızı Xudu yulğun kolundan qorxan kimi qorxsunlar. Dediklərimi eləsən, torpaq da səndən razı qalar, heç olmasa təsəlli tapar ki, üstündə qədir-qiymətini bilən damazlıq adam gəzir».

 

Beləliklə, dili açılmaq üçün pirə gələn uşaq qəhrəmanlığa səfərbər olunur. Burada təbii ki, fantastikanı, irreallığı unuduruq və həmin uşaq Pirin xilaskarına çevrilir. Qalaq-qalaq məktublar, ərizələr məhv edildikcə Pir də müqəddəslik pərdəsini üzərindən götürür: «Ümid Piri ətrafına səpələnmiş qalaq-qalaq kağızların arasında okeanda ləngər vuran gəmiyə bənzəyirdi».

Və «Ümidqovanda təzə gün başlamalıydı».

 

Nəhayət lal Ümidin dili açılır və əslində, burda da bir rəmz var. Dünyanın naqisliklərdən, pisliklərdən təmizlənməsi yeni nəslin öhdəsinə düşür.

 

Roman başa çatır, amma suallar bitmir. Ümidqovanın axırı necə olacaq? Dünya düzələcəkmi?

 

Dördüncüsü: Hər bir roman həm də bir hadisə deməkdir və romanı nəsrin və ədəbiyyatın digər janrlarından fərqləndirən xüsusiyyətlərdən biri də budur ki, ROMANIN ÖZ DİLİ OLUR.

 

«Körpüdə ümid»in bir məziyyəti onun sənətkarlıq xüsusiyyəti kimi məxsusi dili ilə seçilməsidir. Natiq Məmmədli hekayələrində olduğu kimi, romanda da Azərbaycan dilinin həm ədəbi, həm də xalqdan gələn danışıq dilini vəhdət halında qovuşdura bilmişdir. Hər obrazın öz fərdi xarakteri cızıldığı kimi, öz danışıq tərzi, nitqi də məxsusidir. Ancaq bizi bu romanda razı salan bir də odur ki, Natiq Məmmədli təbiət təsvirlərində heyranedici lövhələr çəkməyi bacarır. Baxın: «Yazağzı çəmən çiçəklərinin bir-birinə qarışmış ətri, yuxarı qalxdıqca pirin yan-yörəsində sıx-sıx bitmiş yabanı iydələrin qoxusu adamın ruhuna layla deyərdi. Həmin vaxtlarda Ümidqovana gələnlər deyirdilər ki, dağa qalxdıqca elə bil yerimirsən, qanad açıb uçursan, sanki ayaqlarını yerə yox, yüngülcə boşluğa qoyub hava ilə addımlayırsan».

Bax, beləcə söhbətimizi başa çatdırırıq.

 

İlk romanı münasibətilə müəllifi təbrik etməyə dəyər. Azərbaycan nəsrinə yeni bir romançının gəlişini xəbər verdik.

 

Kaspi.-2014.-19-21 aprel.-S.11.