KİTABLAR ÜŞÜYÜR
Vidadi Babanlı
Məqalənin adı bir para oxuculara yəqin ki, qəribə görünəcək. Düşünəcəklər ki, axı kitab canlı deyil, necə üşüyə bilər? Əlbəttə, yanılırlar. Dərindən düşünsələr, onun hər bir canlıdan daha canlı olduğu qənaətinə mütləq gələrlər. Çünki kitab ulu tanrının yaratdığı bütün məxluqatdan qat-qat uzun ömürlüdür. Neçə-neçə qərinələri, yüzillikləri arxada qoyub yaşayır, milli sərvətə çevrilir. Zamanları qabaqlayır, dünəndən, bugündən, gələcəkdən xəbər verir. İnsanları nəsil-nəsil tərbiyələndirir, onları mənən zənginləşdirir, hər cəhətli məlumatlandırır. Keçmişlə gələcəyə uçurulmaz körpü yaradır. Söz yox ki, söhbət böyük zəka və həqiqi istedadla yazılmış kitablardan, möcüzəli qələm məhsullarından gedir. Müxtəlif yollar, üsullar, vasitələrlə çapdan çıxmış zay, cılız cızmaqaralar dediklərimizə yaddır, müxalifdir. Belələrini kitab adlandırmaq heç düzgün də deyil.
Yeri gəlmişkən, bir acı təəssüfümü öncədən bildirməyə məcburam. Qəribə dəb düşüb. İndi hamı kitab yazmaqla məşğuldur. Kimi dindirirsən, kitab yazıb çap etdirdiyindən ağız dolusu danışır. Bu “yazarların” çoxusu yaşlı nəsil nümayəndələri - təqaüdçülərdir. Həbsxanaya və dəlixanaya düşənlər, sənətə, ədəbiyyata asan şöhrət vasitəsi kimi baxanlardır. Bir sözlə, bədii sözün işlədilmə qaydalarını, fikri ifadə tərzini yerli-dibli bilməyənlərdir. Necə gəldi yazıb, sonra da onu kimlərə isə işlətdirib, bir qədər abıra mindirtdirib, roman, povest adı ilə öz xərcləri hesabına çap etdirirlər. Özəl nəşriyyatlar da onu necə var götürüb çap maşınının ağzına verirlər. Bəzən heç oxumur, bu peşənin xiridarlarına oxutdurub, çapa layiq olub-olmadığı ilə maraqlanmırlar da. Nələrinə lazımdır? Təki onlara lazımınca pul gəlsin, gen-bol qazansınlar. Nəşr məhsullarının yayımı da onları əsla düşündürmür. Heç bir məsuliyyət daşımırlar. Çap etdiklərini verirlər müəlliflərin qoltuğuna. Aparıb harda satır, xərcini necə çıxardır, çıxartsın.
Əslində, belə olmamalıdı. Nəşriyyat işləri də dünya təcrübəsinə uyğun qurulmalıdır. Yaxşı olardı ki, bu məsələ bizdə də nizama salınsın. Xarici ölkələrin nəşriyyat qanun - qaydaları burada da tətbiq edilsin.
Bütün ölkələrdə naşirlər çap etdikləri kitabların hər cəhətli məsuliyyətini daşıyırlar. Əsərin məna-məzmunu, bədii səviyyəsi, ictimai-siyasi səciyyəsi, ən əsas da oxucularda necə maraq doğuracağı, nə cür satılacağı məsələsi onları ciddi düşündürür. Müəllif əsərini istədiyi nəşriyyata təqdim edir. Nəşriyyat işçiləri əsəri oxuyur. Bəyənirsə, kitabın satılacağına tam əmin olursa, müəlliflə müqavilə bağlayır. Kitabın satışını, yayımını da öz üzərinə götürür. Daha bizdəki kimi, müəllifin qoltuğuna verib, işini bitmiş hesab eləmir. Bu səbəbdən də kitab nəşri onlarda xeyli çətin olur. Bizdəki kimi hər yetən kitab yazmaq eşqinə düşmür. Yalnız həqiqi istedadlar əlinə qələm götürür, yazıçılıq əzab-əziyyətlərinə qatlaşır. Həqiqi yazıçı, ya şair adını qazanmaq, xalqın sevimlisi olmaq isə çox qəliz məsələdir. O ucalığa yüksəlmək nadir haldır. Məhrumiyyətlərlə dolu xoşbəxtlikdir. Allah-təalanın neçə milyon insan arasından bir-iki nəfər seçimi, fitri istedad bəxşeyişidir. Cızma-qara yazanlar bütün dövrlərdə ziyadə çox olub. Məsələn, Xaqaninin, Nizaminin, Füzulinin, Molla Pənah Vaqifin yaşadıqları zamanlarda şairliyə həvəs göstərənlər az olmayıb. Sonrakı əsrlərdə də belə. Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin zamanında, hətta ötən yüzillikdə - Sovet dönəmində də ömrünü yazı-pozuya həsr edənlərin sayı yüzləri keçirdi. Ancaq indiki qədər həddi aşmırdı. Xalqımız müstəqillik qazanandan bəri, özəl nəşriyyatlar fəaliyyətə başlayandan bu yana ağac atsan, gedib şairə, yazıçıya dəyər. Təkcə kişi xeylaqları deyil, qadınlar da ədəbiyyata axın ediblər. Biri-birinin bəhsinə sponsor tapıb, hey kitab üzə çıxardırlar. Bundan asan nə var ki?! Maneə yox, qadağa yox! İlham, istedad kimə lazım, nəyə gərəkdir? Təki bolluca pulun olsun! Dəyəri bir qara qəpiyə dəyməyən, heç nəyə yaramayan “kitabını” yaxşıca təriflətdirə də bilərsən. Nə çoxdu ələbaxım məddahlar, səviyyəsiz qəzetlər!
Qayıdaq məqalənin adı məsələsinə: - yəni kitabların üşüməsinə. Nədi onları üşüdən? Məlumdur ki, kitab oxucu nəfəsilə isinir. Oxunmayan, diqqətdən kənarda qalan, üstünü toz basan kitab yayın qızmarında, ən isti yerdə də üşüyür. Onu yalnız oxucu nəfəsi, oxucu məhəbbəti isindirir, uzun ömürlü edir. Çox-çox təəssüflər ki, oxucular indi sevimli kitablardan aralı düşüblər, ona az maraq göstərirlər. Nədir buna səbəb? İqtisadi çətinliklərmi? Vaxt çatışmazlığımı? Əlbəttə belə səbəblər mövcuddur. Dolanışıq xərcləri çox pul aparır. Həm də insanlar mütaliəyə, başqa məşğuliyyətlərə vaxt da tapmırlar. Səhər iş dalınca yollanıb, gecədən xeyli keçmiş də evə yorğun-arğın qayıdırlar. Çörək yeyib, çay içəndən sonra da mürgü kirpiklərindən sallanır. Kitabla necə ünsiyyət bağlasın?
Kitaba marağı azaldan qeyri səbəblər də vardır. Müasir texniki vasitələr, xüsusən də kompüter və internet gənclərin vaxtını çox alır. Bu vasitələrdən bilik, geniş məlumat öyrənmək, mənəvi zənginlik duymaq əvəzinə yüngül əyləncələrə, əxlaqı pozan görüntülərə daha artıq meyl göstərirlər. Başa düşmürlər ki, kitabdan alınan həzzi, ruhi ləzzəti, mənəvi zənginliyi masa arxasında oturub mütaliə etmək, sonra da oxuduqlarını yaddaşında canlandırmaq, onların dərkinə qapılmaq, düşünüb-daşınmaq, təxəyyül süzgəcindən keçirərək, ibrət dərsi almaq tamam başqa bir zövq mənbəyidir.
Kitablara marağın son dərəcə azalmasına, deyərdim ki, sönməsinə ən ciddi səbəblərdən biri də onun təbliğinin və yayımının yarıtmazlığıdır. Yadımdadı, ötən əsrin, yəni iyirminci yüzilliyin sonlarına qədər Respublikamızın bütün rayon mərkəzlərində, hətta kəndlərində də kitab mağazaları vardı. Təkcə Bakı şəhərinin özündə yüzdən artıq kitab mağazası fəaliyyət göstərirdi. Həm də bu mağazalar şəhərin ən gözəgəlim, gediş-gəlişi çox, qaynar səmtlərində yerləşirdi. Satışa nəzarət edən, tənzimləyən təşkilat da mövcud idi. Dövlətə yaxşıca gəlir gətirirdi. İndi isə Bakı kimi əhalisi sıx, çoxmilyonlu şəhərdə cəmi-cümlətani yeddi-səkkiz, ya da on kitab mağazası işləyir. Onlar da küncdə-bucaqda, diqqətdən qıraqda. Mühüm yerləri çit-parça, əlvan geyim şeyləri tutublar. Bəlkə də elə buna görədir ki, necə deyərlər: əhalimiz “üstü bəzək, altı təzək” olublar. Mənən yoxsullaşıb, cılızlaşıblar. Yaman günlü həmən kitab mağazaları da ayrı-ayrı şəxslərə məxsusdur. Satışa kitab verirsən, aylarla pul ala bilmirsən. Müxtəlif bəhanələr gətirirlər. Satış kasadlığından gileylənir, ağlaşma qururlar. Nədən biləsən düz deyirlər, ya müəlliflərin başına corab hörürlər. İctimai, ya dövlət nəzarəti olsa, müəyyən bir təşkilat, ya hər hansı qurum bu işlərə başçılıq etsə, rahatlıq olardı. Hansı kitabların yaxşı alındığı, hansıların üzünə baxılmadığı müəyyənləşərdi. Müəlliflər kitablarını satmaq üçün xəcalət çəkə-çəkə ora-bura tüyünməzdilər.
Bizim - yəni, hal-hazırda yazıb-yaradan şair və yazıçıların (istər cavan olsun, istərsə qoca) vacibdən-vacib problemimiz çap məsələsidir. Doğrudur, indi nəşriyyatlar əvvəlki dövrdən, Sovet dönəmindəkindən çoxdur, gözləmək lazım gəlmir (ancaq bu hal pullular, maddi imkanları genişlər üçün belə deyil). Pul-paradan məhrum həqiqi qələm sahibləri xalq üçün, cəmiyyət üçün lazımlı əsərlərini üzə çıxartmaqda böyük çətinliklərlə üzləşirlər. Kimlərəsə ağız açmağa, kömək ummağa utanırlar. Mənən əzab çəkirlər. Nəticədə də ədəbiyyat aləmində böyük boşluq yaranır. Bədii keyfiyyətlərdən məhrum cızma-qaralar meydan sulayır, kitabları hörmətdən salır, oxucularda mütaliə həvəsini söndürür; kitab mağazaları müştəri həsrəti çəkir.
Məni çoxdan bəri heyrətləndirən, dərin təəccübümə səbəb olan bir məsələyə də, yeri gəlmişkən, toxunmaq istəyirəm. Böyük vəzifələrdə çalışan, Respublikamızın ali orqanı olan Milli Məclisin üzvü seçilmiş yazıçılarımız, qələm əhlləri kifayət qədərdir. Amma onlardan heç biri, heç yerdə ağızlarını açıb bu dərddən bir kəlmə danışmırlar. Əlaqədar təşkilatlara söz eşitdirmirlər. Axı, bu məsələlərin müsbət həlli onların özlərinə də xeyirlidir. Görünür ki, bu barədə narahatlıqları yoxdur. Kitablarını çətinliksiz çap da etdirirlər, hansı yollar, üsullarlasa yaymağı da bacarırlar. Toxun acdan nə xəbəri!
Burada ürək ağrısı ilə onu da deməliyəm ki, ədəbiyyata son illərdə diqqət xeyli dərəcədə azalıb. Əvvəllərdəki isti münasibət hiss edilmir. Niyə belə olmalıdı? Axı, ədəbiyyat xalqın ən böyük, ən gərəkli mənəvi sərvətlərindən biri, bəlkə də lap birincisidir. Milləti başqa millətlərə tanıdan, mədəniyyəti, ulu adət-ənənələri yaşadan, nəsildən-nəslə ötürəndi. Bugünkü azad həyat tərzimizdə, müstəqillik qazanmağımızda da onun xidmətləri əvəzsizdir, danılmazdır. Milli şüurun oyanışı, istiqlaliyyət uğrunda əzab-əziyyətli, sonu sevincli mübarizələr onunla bağlıdır. Allaha min-min şükürlər ki, ayrıca dövlət olmuşuq. Müqəddəs arzumuza çatmışıq. Fəxr ediləsi yüksəliş yolu keçmişik. Azərbaycanımızın adı inkişaf etmiş ölkələr sırasında çəkilir. Dünyanın hər yerində tanınır. Belə zəngin ölkənin ədəbiyyatı nə üçün çətinliklərlə üzləşməlidir?!
Yox, əziz həmkarlar, milli şüur daşıyıcıları! Gəlin hamılıqla vəziyyətdən çıxış yolu axtaraq. Kitablarımızı üşüməkdən, oxucu həsrətindən xilas etməyə ciddi yollar düşünək. Vaxtı ilə əsərlərimiz yüz min, əlli min, ən azı otuz min nüsxə ilə nəşr olunurdu. İndi üç yüz, beş yüz, ən çoxu min nüsxə ilə işıq üzü görür.
Başqa qərb ölkələri bir yana, yaxın Gürcüstan Respublikasında əhaliyə görə oxucuların sayı 34 faizdirsə, bizdə ən aşağıdır, cəmi-cümlətani 11 faizdir. Belə geriliklə necə barışmaq olar? Bu hal maddi nemətləri, yeraltı, yerüstü sərvətləri zəngin olan bir xalq üçün acı xəcalət, üz qaralığı deyilmi?!
15 mart, 2014-cü il
Kaspi.-2014.-19-21 aprel.-S.14.