KÖÇ GÜNÜ (Hekayə)

Şəfəq Nasir

 

Bu payız xeyirliklə gəlmədi, qoca Aşırını alıb-apardı. Ürəyinin sözüylə, götür-qoyuyla təkcə qoydu Güləndamı. Sazaqlı-şaxtalı ayları qocasıyla soba qırağında gaplaşmaqdan xoşlanan qarı indi qışı tənha keçirirdi.

 

Hələ yayın cırhacırında elə bil əcəl qulağına pıçıldamışdı. Qarısına deyirdi ki, bu qış yoldaşlıq eliyə bilmiyəcəm, oğul-uşaq umuduna qoyacam səni. Odu ki, bu qış da odununu bol eliyəcəm ki, lap novruzdan o yana, köç vaxtınacan çatsın. Axşam-səhər yandır, elə bilərsən yenə yanındayam... Az qala bir dam dolusu odun çapıb-doğramış, özcə əllərinin səliqəsiylə üst-üstə qalaqlamışdı.

 

Qocanın dediyi kimi oldu. Güləndam hər gün odunlardan qucaq-qucaq daşıdı gətirdi. Oğul-uşağa macal vermədi ki, odunlara əl vursunlar. Aşırın doğrayıb, bircə-bircə yığdığı odunlar ancaq Güləndamın əliylə evə daşınırdı. Bu anmaq da bir təsəlliydi qarıya. Beləcə, odunların oduna qızına-qızına bir gördü ki, hələ qırmızısı çəkilməyən yanaqlarına ilıq yaz havası dəyir.

 

***

Qız, evin içində fırfıra kimi fırlanır, aynanın qabağına keçib onsuz da sığallı-tumarlı olan saçlarını yelliyə-yelliyə darayır, o yan-bu yana çönərək, ilk dəfə geydiyi donunun yaraşığına göz qoyur, yaxasını səliqəyə salırdı. Servantın gözlərini sürüşdürür, şkafın qapılarını taqqa-tuqla açıb-örtür, nəyisə axtarırmış kimi evin içində ora-bura vurnuxurdu.

 

Qarı arabir səksənib, dik-dik dingildəyən nəvəsi Güləndama göz qoyurdu. Qızın səbirsiz-aramsız tap-tuplarının mürgüsünə haram qatdığını görüncə dil tərpətdi:

 

Mağıl tərpənsənə, a bala, izinə atlı düşməyib ha.

Yel kimi illərin üstündən uçan huşu isə yetmiş il əvvəlki ilk yaza ürcah eləmişdi qarını.

 

... Şaxtalar sınır, bağ-bağçaların örpəyi əriyir, torpağın sinəsindən boy verən bənövşələr sanki yuxudan ayılır, bəndəmindən üzülmək qorxusuyla zərif gövdəsinə sığınaraq yan-yörəyə boylanırdılar. Göyçək gülün titrəşən ləçəkləri yazın xoş nəfəsini içirmiş kimi nazlana-nazlana ətir saçırdı. Aylardan bəri çılpaqlaşmış ağacların budaqları tumurcuq bağlayırdı. Beləcə, yazın həniri eşidiləndən adamlar həyət-bacada qaynaşırdı. Axşam-səhər evlərdən saz havaları qalxırdı. Axır çərşənbədən bir ara sonra el əl-ayağa düşür, yaylağa köç hazırlığı başlanır, başlanırdı. Budu ha, əl kirkirələri işə düşür, un üyüdülür, yarma, qovut çəkilir, əriştə kəsilirdi. Qız-gəlinlər hələ uzun qış günlərindən işə saldıqları hanalarda başladıqları palazların, kilimlərin axırıncı ilmələrini vururdular. Yır-yığış arası allı-güllü, butalı-xonçalı parçadan özlərinə don da tikirdilər.

 

Arabaçılar da əl-ayağa düşmüşdülər. Təkərləri şinləyir, cağları bərkidir, qolları çüyləyir, oxları yağlayırdılar. Xülasə, bütün əyər-əskiyi düzəldir, arabaları saz hala gətirirdilər. Arabanın içərisinə qız-gəlinlərin toxuduğu kilimlərin siftəsini salırdılar.

 

İş-gücdən macal tapan ağsaqqallar kəndin ortasında, bulağın səmtində məsləhət-məşvərətə yığışırdılar ki, yaylağa vaxt köç eləsinlər. Uzun götür-qoydan sonra gün təyin edilirdi. Bəli, vədə tamamında hava işıqlanar-işıqlanmaz köç yola çıxırdı...

 

Güləndam evin içində qatdama nərdivanı açıb, pişik kimi taxtapuşa dırmaşdı. Orda bir xeyli vurnuxdu. Aşağı enəndə qucağından nəsə bərk bir şey tappıltıyla yerə düşdü. Qarı diksinib gözlərini açdı.

 

Sabahdan gəzdiyin nədi, a bala, desən bir? Əlin bişib-nədi, evdə sağ-islahat bir şey qomadın, ay Allah saxlamış....

 

Sən bilməzsən, ay nənə, ayrı şeydi, neynirsən...

 

Qarını huş apardı.

 

... Mal-heyvanın dalınca at üstündə bərli-bəzəkli qız-gəlinlər gedirdilər. İki kəl, ya öküz qoşulmuş arabalara yüklənmiş barxanaların üstündə uşaqları, qocaları rahatlamışdılar.

 

Hacı Bayram kişinin külfəti köç karvanındaydı. Çərşənbə gecəsi on beşinci baharını tamam eləmiş Güləndamın özü kimi mindiyi kəhəri al qumaşın içindəydi. Qız əlində tutduğu bir qom bənövşəni həsrətlə qoxlayır, püstə dodaqlarına, al yanaqlarına sürtürdü.

 

Bir at mənzili gedəndən sonra köç düşərgə yerində dayandı. Meşənin qurtaracağı olan bu çəmənlikdə yaşıl otlar bir barmaq boyu qalxmışdı. Kişilər qollarını çırmalayıb işə girişdilər. Tez-tələsik küllü-külfətin dincəlməyi üçün alaçıqsayağı daldalanacaqlar qurdular. Hərə öz alaçığının qabağında ocaq çatmışdı. Qoyun kəsən kim, nazik budaqlardan kabab şişi düzəldən kim... Arvadlar ehtiyatlarınısoyutma kartof, yumurta, pendir, göyərti, şirin kökə, fırnı çörəyini süfrəyə düzdülər. Deyə-gülə süfrə başına cəm oldular...

 

Obaşdan köç yoluna düzəldi. Bir az getmişdilər ki, gözə-könülə rahatlıq gətirən otluqlar, çəmənliklər göründü. Qızlar atlardan tökülüşüb şehə bata-bata çiçəklərdən dəstə bağladılar. Çoxdan adam səsinə qəribsəmiş yal-yamacların ot-ələfi qızların cingiltili gülüşlərindən diksinmiş təki yüngülcə əsən mehin altında tərpəşirdilər. Bir dikələndə gördülər ki, budu, mənzil başına çatıblar. Yurd yerləri başının təzəcə yığnağından elə bil cana gəlirdi. Kişilər düşdükləri yeri rahatlamağın qayğısındaydılar. Dəyələr qurulur, ocaq yerlərindən alov, tüstü burumları qalxırdı. Bu şennikdə kimsəsiz qalmış yaylağı oğul-uşağın səsi başına almışdı. Həə, yaylaqda təzə həyat başlamışdı.

 

Gecədən xeyli keçmiş meşəxoruzunun səsinə oxşar bir ban eşidildi. Bir , bir ... Güləndam barmaqlarının ucunda astaca, xırda yerişlə dəyədən çıxıb, özünü yaxınlıqda görünən çinar boylu, enlikürək bir qaraltının üstünə atdı. Aşır qızın yaz axşamının sərinliyindən həyəcandan titrəyən çiyinlərini tutub, özünə sarı çəkdi...

 

Ulduzlar tək-tək itib-batırdı. Ləlvərin başı üstündə gecənin əl-ayağı yığılır, dəyələr qaralırdı. İndilərdə dan yeri söküləcəkdi. Aşır Sarıtelin yüyənindən çəkə-çəkə sal daşların arasıyla atı araba yoluna dartdı. Güləndamı qucağına basıb, atın yanbızına yüngülcə qamçı çəkdi. At üzüaşağı götürüldü...

 

Bir azdan yaylaqdakılar Ləlvərdə ilk səhərlərini açacaqdılar. Elə həmin arada da belə bir xəbər dəyələri gəzəcəkdi: pəzəvəng, dəliqanlı Aşır, Hacı Bayram qızı, tumugödək Güləndamı yaylağa düşdüyü ilk gecəsində götürüb qaçdı...

 

Qarı yerinin içində qurcalandı, gizlincə köksünü ötürdü. Gözlərinin qarşısında bəxtəvər olmuş aşiqləri itirəcəyindən qorxurmuş kimi xəyallarından iki gözlə, iki əllə yapışmışdı. Hələ Sarıtelin belində yol gedirdilər. Yazın təzə-tər qoxusu, bir kürəyinə yapışmış canın, saçlarının arasındı gəzən dodaqların hərarəti qızı bihuş eləmişdi...

 

Uzaqdan aramsız maşın siqnalı eşidildi. Güləndam hövlnak aynanın qabağına keçdi. Onsuz da sığallı-tumarlı saçlarını əsdirə-əsdirə daradı, o yan-bu yana çönərək özünə baxdı. Sonra yan otağın pəncərəsindən sürüşüb, bağın içinə düşdü. Ağacların arası ilə ötüb, çəpəri aşdı.

 

Dərə yolunda süd rəngli maşın dayanmışdı. Oğlan qızı görcək maşını irəli verib, onun bərabərində saxladı. Güləndamın içəri keçməyilə maşının yerindən tərpənməsi göz qırpımında oldu.

 

... Anası yel kimi evə keçib, özünü qarının üstünə atdı.

 

Booy, yaylağa köçhaköç vədəsində bu nəydi başımıza gətirdin, a səni yanasan! Dədəsi qırıb-çatacax bizi. Belin sınsın, qız, oda düşəsən, qız!

 

Qarı diksindi:

 

dediyindi, mağıl danışsana, qıza nooldu dedin?

 

Canına dərd oldu qızın! İrəli gün elçisini qaytardığımız Nəzirin gədəsinə qoşulub getdi. Özcə ayağıynan...

 

Güləndam qarı titrəyən əlləriylə yorğanı başına çəkdi...

 

Kaspi.-2014.-19-21 aprel.-S.15.