Flora Xəlilzadədən şeirlər

 

Redaksiyadan: Qəlbinin oduyla yazdığı yazıları «Kaspi»nin səhifələrində oxucularla bölüşən sevimli qələm adamı Flora Xəlilzadə bu dəfə hamımıza sürpriz elədi. Kəsərli və oxunaqlı publisist yazların müəllifi bizə şeirlərini göndərdi. Bu gözəl poetik incələmələrə qiyməti oxucular verəcəkdir. Bizim təəssüratımız isə belədir; həmişə haqsızlığa, nankorluğa qarşı dözülməz olan, millətinin tarixinə, mənəvi aləminə sadiqliyini gizlətməyən Flora xanım elə şeirlərində də həyatdakı kimidir. Onu qısqananlardan fərqli olaraq bir sifəti, bir əqidəsi var. Ricamız odur ki, belə sürprizlər çox olsun.

 

Nənəmin cəhrəsi, babamın dəhrəsi

 

Anam Gözəlin xatırəsinə

 

Bağrını bayqular dağlayan yurdun,

Torpağı əkilmir, otu biçilmir.

Dərdini sinəmdə ağlayan yurdun,

Yolları görünmür, izi seçilmir.

 

Yenə bahar gəldi, qaynadı qanım,

Könlümə öz elim, öz obam düşdü.

Ölümü, dirimi gərəkdi anım,

Yadıma gül nənəm, nər babam düşdü.

 

Nənəmin cəhrəsi segahlı gecə,

O səsdən, nəfəsdən qəm tökülürdü.

Əlçimlər yumağa dönərdi necə,

Nənəmin gözündən nəm tökülürdü.

 

Onda həyatımız idi hələ,

Gərdişdən, dönüşdən xəbər yoxuydu.

Ləşkər arzularım sağ idi hələ,

Analı-bacılı ömrüm toxuydu.

 

Nənəmi oxudan cəhrəni bəzən,

Sevməzdim, görməyə gözüm olmazdı.

Gündüzlər həmişə şad-xürrəm gəzən,

Nənəmdə gecələr dözüm olmazdı.

 

Eləcə cəhrəyə toxunan kimi,

Könlünün dərdləri dilə gələrdi.

Qəmli bayatılar oxunan kimi,

İtmiş arzuları ələ gələrdi.

 

Xəbəri yoxuydu ağlar səsindən,

Yorğanı başıma çəkib dolurdum.

Onun zümzüməli, gül nəfəsindən,

Necə saralırdım, necə solurdum.

 

Babamın dəhrəsi təbil səsiydi,

Quru budaqları şalqam edərdi.

Babamın dəhrəsi təbib səsiydi,

Bağ-bağatımızı sağlam edərdi.

 

İnsan qocaldıqca demə ucalar,

Nənəm , babam da insan acıydı,

Pislikdən uzaqda duran qocalar,

Bir nəslin əbədi şöhrət tacıydı.

 

Ömrü qovhaqovla çapıb getdilər,

Nənəmin cəhrəsi sahibsiz qaldı.

Sanki çıxış yolu tapıb getdilər,

Babamın dəhrəsi sahibsiz qaldı.

 

Nənədən, babadan nişanə çoxdu,

O cüt yadigarın yeri boş qaldı.

Cəhrəni, dəhrəni işlədən yoxdu,

Tələblər dəyişdi, zaman başqadı.

 

Tələbə həyatım şəhərə sığdı,

Tətildən-tətilə kəndə dönərdim.

O pak duyğularım qəhərə sığdı,

Fikirlər içində dərdə dönərdim.

 

Gözlərim gəzərdi küncü-bucağı,

Ağzını pas tutmuş dəhrə görərdim.

Könlümdən keçəndə nənə qucağı,

İynəsi qaralmış cəhrə görərdim.

 

Alışa bilmirdim mən bu möhnətə,

Hər kədər zamanla ötər- deyiblər.

İllərdir dözürük biz bir töhmətə,

Yurdsuzluq hər dərddən betər- deyiblər.

 

 

Cana yığıldım

 

ölüdü, sağdı,

dərədi, dağdı.

Ömrümün yaz vaxtında

Yönümə qar yağdı.

 

Bu ocağın közü yox,

Haqq adı var, özü yox.

Doğrunun yeriməyə

Bu dünyada izi yox.

 

Yalan düzü yıxıbdı,

Nadan başa çıxıbdı.

Bu əhlikef cəmiyyət

Məni cana yığıbdı.

 

 

Səsin yaqut

Yaqut Abdullayevaya

 

Səsin gəlir dərd əlindən,

Könlün küsər, ruhun qaçar.

İşin keçsə mərd əlindən,

Daş-divarın çiçək açar.

 

Sənin səsin ocaq kimi,

Qəlbimizi oda ütər.

Doğma yurddan qaçaq kimi

Qəm üstünə qonub ötər.

 

Xalq sevgisi bəsin, Yaqut,

Xalq artisti çoxdu indi.

Adın kimi səsin yaqut,

Təkcə səndən yoxdu indi.

 

Avazında bu kədər,

Qəlbin kaman, çalan səsdi.

Çal-çağırlar , vallah, hədər,

Gedən nəfəs, qalan səsdi.

 

 

Dözmək istərəm

 

Məni ovxalayan fələyin hərdən,

Tutub boğazını üzmək istərəm,

Sinəmə yığdığı qəmdən-kədərdən

Boynuna mirvari düzmək istərəm.

 

Haqqı üstələyən yalan da gördüm,

Bir ömür bağında talan da gördüm,

Çörəyi dizində olan da gördüm,

Elə beləsini əzmək istərəm.

 

Ovçu hədəfində indi ov sarı,

Ulağın boynunda dəvə ovsarı,

Üzümü tuturam Allaha sarı,

Bu qəfil qadaya dözmək istərəm.

 

Minsifətli

 

Dilində mədhiyyə, qəlbində qərəz,

Bax budur qayəsi minsifətlinin.

İçində zəhərdi, üstündə çərəz-

Niyyəti, mayəsi minsifətlinin.

 

Vərəmdi, xərçəngdi, dərddi, azardı,

Əlində qələm var, guya yazardı,

Onu tanıyanlar ondan bezardı,

Tapılmaz çarəsi minsifətlinin.

 

Beləsinə deyib, Danəndə Bəhlul,

Anası məşhurdu, atası məchul,

Onun yazdıqları sadəcə məhlul,

Tükənməz şayəsi minsifətlinin.

 

Kaspi.-2014.-19-21 aprel.-S.16.