Cahandar ağa və onun faciəsi
Asif ata İsmayıl Şıxlının “Dəli Kür” romanı haqqında
İnam Atanın (Asif Atanın) İsmayıl Şıxlının “Dəli Kür” romanı haqqında fikirləri “Sənət və Kəşf” adlı fəlsəfi-tənqidi əsərindədir. Ata “Dəli Kür”dəki sənətkarlığı, əsərin qayəsini özünəməxsus açır, hərtərəfli təhlil edir. Yazını “Kaspi” qəzetinin sayğılı oxucularına təqdim edirəm.
İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü
***
İnsan müəyyən vaxt öz fəaliyyətinin mənasını dərk etməz, azad, firavan, rahat bir həyat sürər. İstədiyini eləyər. Gözünə xoş görünən özgə arvadını tərkinə aşırıb, evinə gətirər. Vicdan əzabı çəkməz. Bunu adi hal hesab edər. Yaşayar.
İnsan başqasının namusuna qəsd edər, lakin öz namusunun keşiyində möhkəm durar, tüfəngi rəqibinin sinəsinə boşaldar. Düşünməz, daşınmaz, yaşayar.
Kişli qeyrətini hər şeydən üstün tutan insan quyruğu kəsik atın belinə qalxmaz, ürək ağrısıyla, göz yaşıyla onunla vidalaşar. Ağasının tüfəngindən çıxan güllə atı yerə sərər, Kürün dalğaları onu ağuşuna alar və udar.
Qüdrətli insan çətin ayaqda çar kazaklarının qabağına çıxmaqdan çəkinməz və bu anda camaatın havadarına, xilaskarına, el namusunun müdafiəçisinə çevrilər. İnsan az savadlı olar, lakin oğlunu kənddə birincilər sırasında Qori seminariyasına göndərər.
İnsan uzun bir dövr, zəkanın tələbindən daha çox, instinktin hökmünə əməl edər, öz çılğın hisslərini açıq şəkildə büruzə verməkdən çəkinməz, şəxsiyyətini nəyin bahasına olursa-olsun, təsdiq edər.
Bu nöqteyi-nəzərdən onun insani mahiyyəti bəhs etdiyimiz əsərdə Dəli Kür timsalında ifadə olunmuş bir həyat tərzinin əksi kimi meydana çıxar. Dəli Kür, yəni ipə-sapa gəlməyən, cilovu gəmirib qıran Kür. Hiddəti böyük, sakitliyi aldadıcı, qəzəbi qorxunc, xisləti coşğun, nərəsi heybətli Kür!
Yarımçıq ehtirasların, yarımçıq mərdliyin, yarımçıq xeyrin, “nəzakətli” bəd əməlliyin, pambıqla baş kəsməyin, az ölçüb çox biçməyin antipodu dəli Cahandar.
O, düşməni Allahyarı qəfildən, yaxud diplomatik üsulla yox, qabaq-qabağa döyüşdə məhv edir. Şahnigarı öldürməklə öz kişi namusunu təsdiq edir. Bu, nə qədər ağır, məşəqqətli bir səhnə olsa da, biz burada qatili yox, özü öz bağrını yaran, ürəyini qoparan bir adamın faciəsini görürük.
Cahandar ağanın şəxsiyyətini dərk etmək üçün onu yetirən mühitə nəzər salmaq lazımdır.
Bu mühitin birinci xüsusiyyəti həyat idealının ailə, məişət, namus və qeyrət məsələsindən kənara çıxmasıdır. Bu mühitin əsas imperativi, tələbi – min illərlə bərabər olmuş ailə münasibətlərinə, məişət prinsiplərinə ciddi riayət etmək, şəxsi ailə və kişi ləyaqətini təsdiq etmək və qorumaqdır.
Həmin mühitin ikinci xüsusiyyəti hər cür cilovlanmaya, inzibati qayda-qanunlara qarşı instiktiv nifrət, fərdi hisslərin çox şiddətli bir şəkildə təzahür etməsidir. Heç təsadüfi deyil ki, romanda Cahandar ağanın bütün fəaliyyəti ailə-məişət dairəsindən kənara çıxmır. Çar hökuməti ilə münasibətdə də Cahandar ağanı həyəcanladıran əsas məsələ “bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar” məsələsidir.
Buna görə də əsərdə ailə-məişət aləmi bütün dolğunluğu, ilkinliyi və ziddiyyətləri ilə gözümün önündə canlanır.
Cahandar ağanı tənqid etmək olar və lazımdır. Lakin heç kəs onu cılız, balaca, ikiüzlü, qorxaq, başqaları ilə eyniləşən, fərdi xüsusiyyətlərdən məhrum olan bir şəxs saya bilməz. Cahandar ağa quru, ehtirassız, namərd, zavallı adam deyil.
O, həyatda tısbağa addımları ilə yox, geniş kişi addıları ilə yeriyir.
Mərd və təbii həyat tərzi sərt və amansız formada meydana çıxanda belə insanlar tərəfindən namərd və süni həyat tərzindən yüksək qiymətləndirilir. Çünki mərd və təbii həyat çox hallarda ən rasional, lakin praqmatik həyat tərzinin əksinə olaraq özündə bir şeiriyyət, daxili təravət gözləyir.
Bu nöqteyi-nəzərdən Cahandar ağanı romanın digər qəhrəmanı Molla Sadıqla müqayisə etmək məqsədəuyğundur. Molla Sadıq Cahandar ağa kimi başqasının arvadını evinə gətirmir, öz bacısını öldürmür, qan tökmür, lakin onun bütün hərəkətləri bizdə nifrət və ikrah hissi oyadır.
Çünki Molla Sadığın hərəkətləri Cahandar ağa mühitinə xas olan mərdlik və şəxsi ləyaqət prinsipinə tamamilə ziddir. Çünki Molla Sadıq təhlükəli, lakin eybəcər fəaliyyət göstərir. Çünki Molla Sadığa xas olan “məqsədə çatmaq üçün bütün vasitələr yaxşıdır” prinsipi heç vaxt insanlarda xoş duyğular oyatmayıb. Bu prinsip Cahandar ağa mühitinə xüsusilə yaddır. Ona görə də kənd camaatı Molla Sadığa hörmət etmir.
Molla
Sadıq da Cahandar ağa kimi hiss adamıdır. Lakin bu hisslər – cılız və eybəcər fəaliyyət
doğurduğundan Molla Sadığın bir şəxsiyyət
kimi yüksəlməsinə yox, alçalmasına gətirib
çıxarır.
Cahandar ağanın silahı – tüfəngidirsə, Molla
Sadığın silahı məkr və xəyanətdir.
Cahandar ağanın hərəkətlərinə biz
müəyyən dərəcədə bəraət
qazandırırıqsa, Molla Sadığın hətta namusu təhqir
olunmuş Allahyara kömək etməsi bizdə ikrah hissi
oyadır.
Cahandar ağa heç vaxt düşməninin bakirə
qızını qaçırmaq, yaxud kazaklarla əlbir olub
ona arxadan zərbə vurmaq kimi üsullara əl atmaz,
bunları şəxsiyyətinə
sığışdırmazdı.
Molla Sadıq dəli Cahandar deyil, ona görə də
qüdrətli, qeyrətli, parlaq şəxsiyyət də
deyil.
...Cahandar
ağa şəxsiyyətinin mənasını ifadə edən
üç leytmotivlə - papaq, arvad və at leytmotivləri ilə
yanaşı, romanda təbiət leytmotivi də
ardıcıl, simvolik planda səslənir.
Kür, meşə, səma – bu üç varlıq
Cahandar ağa şəxsiyyətinin dərk olunması
nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb
edir.
Yuxarıda qeyd etdiyimiz kimi Kür romanda Cahandar ağa
xarakterinin bütün xasiyyətlərini təmsil edən bir
varlıq kimi təsvir edilir. Müəllif yazanda
ki, “Yuxarılarda yağan yağışdan sonra hava
bürküləşmişdi. Nəfəs
almaq olmurdu. Deyəsən, yenə Kürün dəliliyi
tutub” – bu sözlər qeyri-iradi olaraq bizi Cahandar ağa aləminə
aparır, onun çılğın, ehtiraslı təbiəti
ilə bizi tanış edir.
Meşə Cahandar ağa qurbanlarının məskəni
olaraq qalmır, o, qəhrəmanın həyat tərzinin,
düşüncələrinin, ümumiyyətlə,
mövcudluğunun ifadə vasitəsinə çevrilir.
Şimşəkli, yağışlı, yağmurlu səma,
dağ köçü, dəyələr, yaylaqda bulaq
başında yaranan məhəbbət dastanları, təmiz və
bakirə gənclik münasibətləri Cahandar ağa
mühitinin şairanə cəhətlərini göz
önündə canlandırır.
Cahandar ağa mülkədardır. Mülkədar
olmasaydı, o, öz istəklərini belə azad, sərbəst
şəkildə həyata keçirə bilməz,
bütün qəzalardan sağ-salamat qurtarmazdı. Onun arxasında böyük bir tayfa, nökərləri
durur, Cahandar ağanın mülkədarlığı
qudası qoca gəmiçiyə münasibətində də
meydana çıxır. Oğlu
Şamxalın kasıb bir qızla evlənməsini o,
günah sayır və bu “günahı” oğluna
bağışlamır.
Cahandar
ağa şəxsiyyəti oğlu Əşrəflə
aşağıdakı söhbətində daha bariz şəkildə
aşkara çıxır:
Əşrəfin
“Olmazmı öz torpağımızdan bir az kasıblara verək?”
təklifi onu hiddətləndirir:
- “Bunu sənə
kim öyrədib? Yoxsa
qardaşın lüt qayınatasının qarnını mənim
hesabıma doldurmaq istəyir? Bir də mənim
yanımda belə sözlər danışma. Mənim sümüyümü it sümüyünə
caladığınız bəsdir”.
Cahandar ağa mülkədardır. Lakin mülkədar
olmaqla bərabər o, mühitinin bütün cəhətlərini
özündə cəmləşdirən mürəkkəb,
ziddiyyətli və güclü bir xarakterdir.
İnsan uzun müddət istədiyi kimi yaşayar,
öz daxili aləminə qapılmaz, hərəkətlərini
təhlil etməz, özünə bəraət qazandırar,
məhv etdiyi adamların xəyalı onu sarsıtmaz. Yaşayar.
Lakin elə bir gün gələr ki, o, öz fəaliyyəti
haqqında düşünər, onun vüqarlı, şax
görkəmi sarsılar, beli əyilər, işgəncəli
düşüncələr ürəyini yeyər,
ağlını çaşdırar.
İnsan həmişə instinktin hökmü ilə
yaşaya bilməz. Bir gün zəka, təfəkkür
öz hökmünü verər, qanunauyğun sayılan bir həyat
tərzi əqlin tələbinə cavab verməz, əqlin
hökmü ilə rədd edilər.
Onda insan keçmişinə nəzər salar və
bütün həyatın dolaşıq, qeyri-məntiqi,
qeyri-münasib olduğunu duyar.
İnsan uzun müddət maarifdən, mədəniyyətdən
təcrid olunmuş halda keçinər, lakin vaxt gələr,
amansız bir hiddət icazəsiz onun mühitinə daxil olar,
hətta evinə gəlib çıxar və oğlu
Əşrəfi əlindən qoparıb çox uzaqlara
aparar; oğlu atasına yad bir qüvvəyə çevrilər.
Cahandarın ağalıq elədiyi mühit, pərəstiş
etdiyi ideallar, Cahandar özü istəsə də, istəməsə
də, məhvə məhkumdur. Ona görə də
o, özü dərk etsə də, etməsə də, faciəvi
qəhrəmana çevrilməlidir.
Hər şey bir hadisədən – Cahandar ağanın
bacısı Şahnigarı öldürməsindən
başlayır. Bu hadisədən sonra onun qəlbində əvvəllər
yaranmayan hisslər baş qaldırır.
Bu hadisədən sonra yanıqlı, iniltili,
sızıltılı nidalar Cahandarın həyat ahəngini
pozmağa və tədricən yox etməyə
başlayır. Günahsız bacısının xəyalı onu bir an da rahat qoymur. Daxili iztirab, vicdan
əzabı, bəlkə də özünə qarşı
çevrilən hiddət hissi Cahandar ağanın sabit həyatına
dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik gətirir.
Böyük
ustalıqla canlandırılmış səhnələrdə
biz öz çılğın hisslərinin qurbanı, fanatik
qulu olan və öz fəaliyyətinin amansız mahiyyətini
dərk etmiş bir insanın faciəsini dərindən duyuruq:
“Kin-qəzəb, dərd-ələm,
peşmançılıq onu əzir, ağırlaşıb
qurğuşun yükü kimi qəddini əyir, Cahandar
ağa canını dişinə tutub özünü
saxlayır, daxilindən püskürüb çıxmaq istəyən
vulkan kimi alovlanmağa hazır olan qəzəbini hələlik
boğur”.
Lakin Cahandarın əsl faciəsi bu deyil. Onun faciəsi
ictimai bir faciədir. Bu faciənin səbəbi
Cahandar ağa mühitinə yad və düşmən olan həyat
tərzinin həmin mühitə daxil olması və onu
sarsıtmasıdır. Cahandar ağa bu
prosesin bəzi xüsusiyyətlərini dərk etməklə
kifayətlənmir, o, eyni zamanda onun labüd şəkildə
bərqərar olacağını da anlayır. Anladıqca dərdli-nisgilli quyğular qəlbini
yandırır. Yeni həyat tərzi, yeni
aləmlə Cahandar ağa bu aləmin iki əks tərəfini
təmsil edən çar hökuməti nümayəndələrinin
və Əşrəfin şəxsində qarşılaşır.
Birincilərə
Cahandar ağanın münasibətini müəllif
aşağıdakı şəkildə təsvir edir:
“O, (yəni Cahandar ağa – A. A.), dədə-baba
qaydası ilə dolanmış, atın belində gəzib
ağayanalıq etmişdi. Ancaq indi vəziyyət dəyişirdi...
Belə getsə, onlar... kəndi ayaq altında
qoyacaq və hər işə qarışacaqlar.
...Demək,
bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara
boyun əyək. Görüm səni qara gələsən, ay
zamana!..”
Gördüyümüz kimi, Cahandar ağanı hiddətləndirən
yeni həyat tərzinin onun bağlı olduğu ideala
yadlığı, düşmənçiliyi,
yabançılığıdır. Cahandar ağa labüd bir dəyişiklik
dövrünün başlanmasını hiss edir. Bu dövrü o, qocalıq, böyük bir itki,
qarşısıalınmaz bir fəlakət kimi duyur.
Epik vüsətli romanda qəmli nidalar səslənməyə
başlayır:
“Kim isə
astadan bayatı deyirdi:
Eləmi
qar qalandı,
Qış gəldi, qar qalandı.
Qarğalar
laçın oldu,
Laçınlar qarğalandı.
Kşi dəhşətə gəldi. Yerinə qor
düşmüş kimi bədəni ani alışdı.
Beyni güyüldədi. Dərindən
köksünü ötürdü:
“Ay gidi
dünya, gör axırın hara gəlib çıxdı”.
Yaxud: “Yenə
mahnıya qulaq asdı:
Belə
zaman hara, qoç igid hara,
Mərdləri çəkirlər namərdlər dara.
Baş əyir
laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?”
Zəmanənin dəyişdiyinə digər dəlil
Cahandarın oğlu Əşrəfdir. Ata oğlunun
idealını, amalını, mübarizəsini dərk etmək
qabiliyyətindən məhrumdur. O, Əşrəfin
inqilabi ideyalara başlanmasını, Kipianilərdən dərs
aldığını, Radişşev ideyalarından
ruhlandığını bilmir.
O,
yalnız bircə şeyi – oğlu Əşrəfin “zəndini
itirəcəyini” dərk edir. “Elə
oxumağın quyruğundan yapışıb buraxmaq istəmir.
Ata-ana vecinə deyil”.
Cahandar ağa başa düşür ki, artıq dəyişilməyə
doğru gedən zəmanədə ona, onun idealına, həyat
tərzinə yer yoxdur. Buna görə də Cahandar ağanın
mənəvi ölümü fiziki ölümünü
qabaqlayır.
Buna görə də Cahandar ağanın fiziki
ölümü zəruri, labüd bir faciənin təsdiqi
kimi meydana çıxır.
Lakin ölüm ayağında da o,
köklü-budaqlı, nəhəng ağaclar kimi məğrur,
qüdrətli və güclüdür. Sanki möhtəşəm
bir qaya yerindən tərpənib nəriltiylə uçuruma
yuvarlanır və Dəli Kürün qanlı sularına qərq
olur.
Cahandar ağa tarix tərəfindən məhvə məhkum
edilən şəxsiyyətdir. Onun həyat idealı,
məhdud fəaliyyəti birtərəfli və qeyri-kamil, qayəsi
ibtidaidir. Lakin o, qərib bir şeiriyyəti,
qəribə bir gözəlliyi və ahəngi də
özüylə bərabər Kürün dalğalarına
tapşırır.
Bütün bu deyilənlərdən aydın
olur ki, yazıçı İsmayıl Şıxlı
Cahandar ağa surəti ilə Azərbaycan ədəbiyyatını
yeni bir bədii xarakterlə zənginləşdirib. Cahandar
ağa surəti – kəşfdir. Özü də ciddi, əhəmiyyətli
və sanballı bir kəşf.
Kaspi.-2014.-19-21 aprel.-S.17.