Mahir komediya ustası
Yubilyarın portreti
Kino həvəskarlarından kim rejissor L.Səfərovun “Bəxtiyar” musiqili kinokomediyasından klub müdiri Ağabalanın qohumu, huşsuz Rzanı xatırlamır? Komissiya qarşısında balet oynayan cütlüyü pianoda müşayət edərkən qəflətən əlini saxlayır, eynəyini taxıb not jurnalında hansı yerdən çalmağı davam etdirəcəyini axtarır. Huşsuz klub işçisinin gözlənilməz hərəkəti tamaşaçılarda gülüşə səbəb olur.
Bu kiçik aktyor şedevri Ağahüseyn Xəlil oğlu Cavadova məxsusdur.
Bəs “Görüş” kinokomediyasından tənbəl kolxozçu Əbülfəzi unutmaqmı olar? Özbəkistan pambıqçılarının nümayəndə heyəti tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc gözəl qız Lalaya vurulan bu yöndəmsiz qocanın bütün hərəkətləri gülüş doğurur.
Yaxud “Sehirli xalat” filmindəki baş vəzir? Filmdə
aktyor personajını tamaşaçılara qorxaq və
yaltaq kimi təqdim edir.
Məgər bu parlaq komediya ustasının bütün
rolları haqqında söhbət açmaqmı olar?!
Qayıdaq geriyə, Ağahüseyn Cavadovun həyat səhifələrini
vərəqləyək, onun yaradıcılıq yolunu nəzərdən
keçirək.
Ustad sənətkar,
Azərbaycanın xalq artisti A.Cavadov 1894-cü il
aprelin 22-də Bakının yaxınlığındakı
Xırdalan kəndində (indiki Xırdalan şəhəri)
dünyaya göz açmışdır. O, ilk savadı
anasından almış, sonra mollaxanada oxumuş, 1919-cu ildə
Bakıdakı “Səadət” məktəbini bitirmişdir. Ailə vəziyyəti ilə əlaqədar təhsilini
davam etdirə bilməyən Ağahüseyn tacir yanında
işləyərək, ailəsini dolandırmalı
olmuşdur.
A.Cavadov 1920-ci ildə Azərbaycan Hərbi
Komissarlığının Siyasi İdarəsinin
yaratdığı teatrın Azərbaycan bölməsində
aktyor kimi fəaliyyətə başlayır. Həmin
bölməyə məşhur aktyor Sidqi Ruhulla rəhbərlik
edirdi. Aktyor bu teatrın səhnəsində
bir sıra pyeslərdə və vodevillərdə komik rollarda
oynayır. Və elə ilk
çıxışlarından məhz komediya aktyoru kimi təsdiqlənir.
Bir ildən sonra A.Cavadov yenicə yaradılmış
Bakı Türk Azad Tənqid – Təbliğ Teatrına dəvət
olunur. Tədqiqatçı
– şair A.Babayev görkəmli aktyora həsr etdiyi
kitabında yazır: “Tənqid-təbliğ” teatrındakı
fəaliyyət illərini Ağahüseyn Cavadovun
yaradıcılığının ən maraqlı və
qızğın çağlarından hesab etsək
yanılmarıq. Burada hazırlanan müasir
ruhlu, mübariz pafoslu tamaşalar tamaşaçıların
diqqətini özünə cəlb edir, onu yeni həyat
uğrunda gərgin mübarizəyə hazırlayır, eyni
zamanda gənc aktyorlar üçün həqiqi bir sənətkarlıq
məktəbinə çevrilirdi”.
Sonralar bu teatrın adı bir neçə dəfə dəyişdirildi
və 1932-ci ildən teatr Gəncədə Dövlət
İşçi Dram Teatrı kimi fəaliyyətini davam
etdirdi. Əlbəttə, bu teatrın truppasında
istedadlı aktyor yeni-yeni rollarda çıxış edirdi.
1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı
və incəsənəti ongünlüyü ərəfəsində
Bakıda Musiqili Komediya Ansamblı yaradıldı. Bu ansambl
Ümumittifaq baxışında böyük uğurla
çıxış etdi. Həmin il
Azərbaycan Dövlət Musiqili Komediya teatrı təşkil
olundu. A.Cavadov bu teatra dəvət edildi. Zəngin yaradıcılıq imkanlarına malik
aktyor teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova,
İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarla
çiyin-çiyinə işlədi.
Böyük
Vətən müharibəsi başlanandan sonra, 1942-ci ildə A.Cavadov
M.Əzizbəyov adına Azərbaycan
Dövlət Akademik Dram Teatrının truppasına
qatıldı. Ömrünün sonunadək bu
teatrda çalışan canlı xarakterlər ustası həmin
səhnədə bir sıra maraqlı rollar ifa etmişdir.
Gözəl aktyor A.Cavadov sənətə gəldiyi ilk
gündən hansı teatrda çalışmasından
asılı olmayaraq işinə məsuliyyətlə
yanaşmış, zəngin aktyorluq imkanlarını
nümayiş etdirmiş, tamaşaçılar tərəfindən
həmişə alqışlarla
qarşılanmışdır.
Sənətə, öz aktyor peşəsinə olan
canyananlığı biz A.Cavadovun kino fəaliyyətində də
görürük. Aktyor cəmi on filmdə çəkilib, əksəriyyəti
də epizodik rollardır. Bu rollar arasında nağıl
qəhrəmanları da, inqilabdan əvvəl və müharibə
dövrünün personajları da, müasir
dövrümüzün müxtəlif peşə sahibləri
də var. Zaman və məkandan asılı olmayaraq, A.Cavadov
personajlarından hər biri üçün orijinal oyun və
danışıq tərzi, hətta yeriş axtarıb
tapırdı.
Görkəmli kinorejissor Ə.Atakişiyev
Ağahüseyn Cavadovu dörd filmində çəkmişdir. Bunlardan üçü –
“Bir qalanın sirri”, “Sehirli xalat” və “Qərib cinlər diyarında”
film-nağıllar, biri isə - “İstintaq davam edir” müasir
macəra filmidir. Vaxtilə Əlisəttar müəllim bu
böyük sənətkar barədə söhbətlərinin
birində demişdir: “Ağahüseyn Cavadov ümumxalq
aktyorudur. Hələ “Bir qalanın sirri” filmindən
yaradıcı qrupu öz orijinallığı və fəaliyyəti
ilə heyran etmişdi. O, heç kimə
oxşamırdı və heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə cəzbediciliyi
ətraf tərəfindən ona diqqəti artırırdı.
Ağahüseyn filmdə tərəf-müqabillə
dialoqa elə təbii şəkildə başlayırdı
ki, onu saxlayıb nəyi isə düzəliş etməyə
adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir
etmir, təbii şəkildə personajın özünə
çevrilirdi. Əgər fikir vermisinizsə,
“Bir qalanın sirri”ndə aktyor falçının hərəkətlərində,
jestlərində parlaq, nəzəri cəlb edən qorxulu
detallar axtarıb tapır, amma nə tərəf-müqabillərini,
nə də tamaşaçıları qorxutmağa
çalışmırdı. Bu komik
aktyorun qarşısında məhz tamaşaçıları
güldürmək yox, bir qədər təsirləndirmək
məqsədi qoymuşduq. O da bunun öhdəsindən
çox asanlıqla gələ bildi. Sonrakı
filmlərində isə biz onu həm komik, həm də ciddi
rollarda görürük. Və onun
yaratdıqlarının səmimiliyinə inanırıq”.
“Bir
qalanın sirri” film – nağılının əsasını
kəndləri, obaları susuz qoymuş zalım hökmdar
Simnar xana qarşı aparılan mübarizə təşkil
edir. Nə Simnar xan, nə Göy-göz Kosa nə
Falçı min cür sehr və hiylə qursalar da, xalqın
iradəsi qarşısında tab gətirə bilmirlər, nəhayət
xeyr şər üzərində zəfər çalır.
Bütün yaradıcı qrup, o cümlədən
aktyor Ağahüseyn Cavadov öz işləri ilə bu fikri
tamaşaçılara çatdırmağa
çalışmışlar.
Rejissor Ə.Atakişiyevin ikinci film-nağılı
“Sehirli xalat” adlanır. Bu fantastik-müasir filmdə
keçmişlə gələcəyin toqquşması və
bir-birinə yaxınlaşması kino əsərinin ən
uğurlu cəhətlərindən biridir. Sehirli xalatın köməkliyi ilə
uşaqların keçmişə və gələcəyə
səyahətlərindən, Rəşid adlı pionerin
keçmişə düşərkən onun xan sarayında
xanın özü, ətrafında fırlanan, quyruq bulayan vəzir-vəkili,
əyanları ilə görüşü olduqca maraqla
baxılır.
Məhz həmin epizodda biz Ağahüseyn Cavadovu baş
vəzir rolunda görürük. Münəccimbaşı
deyəndə ki, xanı təhlükə gözləyir, xan
baş vəzirdən fikirini söyləməsini istəyir.
Baş vəzir deyir: “Böyük hökmdar, vəfalı
nökərlirini yetim və aglar qoymamaq üçün əmr
et,kim cəsarət edib bu saraya
yaxınlaşsa, dərhal başını kəssinlər.Onda
təxti-səltənətin heç bir təhlükəyə
düçar olmaz.”
Xan və əyyanları Rəşidə çox
gülməli, bəzən də çox iyrənc
görünürlər. Baş vəzir və digər əyanlar Rəşidi
cin bilib ondan qorxurlar, ona yaltaqlanırlar. Baş vəzir
qorxa-qorxa deyir: “Görünür, bu pionar doğrudan da cindir.Bəlkə
də cinlər padşahıdır. O, istəsə bizi itə,
eşşəyə və yaxud qurbağaya döndərər.
Onda biz hökmdarımızı necə mədh
edərik. Axı, biz ona hürərik və yaxud qur-qur quruldarıq .”
Biləndə ki, Rəşid adi bir insandır, fövqəladə
gücə malik deyil, onu tutub cəzalandırmaq istəyir.
Birinci halda baş vəzir – Ağahüseyn Cavadov cindən
özünü qorumaq üçün hətta yoldan keçənləri
belə qurban verməyə hazır olduğunu nümayiş
etdirir. İkinci halda isə o, xanın yanında canfəşanlıq
edir, ona sədaqətli olduğunu göstərməyə
çalışır.
Hər iki vəziyyətdə aktyorun ifasında baş vəzir
yaltaq, qorxaq, həm də özündən müştəbeh
olmaqla güclü gülüş doğurur,
tamaşaçıda özünə qarşı ikrah hissi
oyadır.
Epizodik rollar ustası – aktyor haqqında belə yazır,
belə deyirlər. Bir tərəfdən bu haqlı
sözdür. Amma Ağahüseyn Cavadov epizodik rolları
əla oynamışdır! Digər tərəfdən... Axı, epizod nə deməkdir? Filmdə gözə
çarpdı və unuduldu... A.Cavadovun personajları isə
yaşayırlar! “Görüş” filmindəki Əbülfəz
də, “Qızmar günəş altında”kı anbardar
Pirioğlu da, “Əhməd hardadır?” dakı usta Əhməd
də, “İstintaq davam edir”dəki köhnə mal
alverçisi Həsən də, “O olmasın, bu olsun” dakı
masabəyi də, “Şərikli çörək”dəki
İsmayıl baba da, “Qərib cinlər diyarında”kı
Qaraşad da tamaşaçıların yaxşı xatirindədir.
“Qərib
cinlər diyarında” film-nağılı adından da
göründüyü kimi cinlər aləmindən, Qərib
adlı kəndli balasının bu diyarda başına gələn
macəralardan söhbət açsa da, əslində burada
müəlliflər Vətən məhəbbətini ön
plana çəkmiş, əməyin, zəhmətin asan yolla əldə
edilən var-dövlətdən qat-qat üstün olduğunu
göstərə bilmişlər.
Filmdə aktyor A.Cavadov keçmiş qoca vəzir
Qaraşad rolunda çıxış edir. Qara cinlərin
dəstəsindən olan Qaraşad cinlər padşahı
Akşad tərəfindən onun yerinə vəzir təyin
olunduğu üçün Qəribə düşmən kəsilir,
öz qara əməllərini həyata keçirməyə
çalışır.
1955-ci ildə
istehsal olunmuş “ Bəxtiyar” və “
Görüş” kinokomediyalarında aktyor Agahüseyn Cavadovun
məharətlə yaratdığı musiqiçi Rza və
pambıq sahələrini sulayan Əbülfəz buna ən
yaxşı misal ola bilər.
A.Cavadovun “Görüş” filmindəki Əbülfəz
rolu da maraqlı və diqqətçəkəndir. Pambıq
yığımının qızğın
çağında Əbulfəz- A.Cavadov çayxanada oturub nərd
oynayır, çay içir, bir sözlə özü kimi tənbəllərə
qoşulub gününü avaraçılıqda
keçirir. Hətta artıq yaşa
dolmuş bu kolxozçu Özbəkistandan gəlmiş gənc
və gözəl qız Lalaya min könüldən vurulur.
Onun sevgisini qazanmaq üçün canfəşanlıq
edir.
Şair və
tənqidçi A.Babayev aktyor A.Cavadovun komik rolları ilə
bağlı yazmışdır: “
Ağahüseyn Cavadov mənalı gülüşün
təsir və tərbiyə qüvvəsini yaxşı bilir
. Ona görə də istər kiçik, istərsə
də böyük rollarında o, həmişə
gülüş doğuran, satira və yumora imkan verən
epizodların, səhnələrin daha canlı, daha parlaq
olması qeydinə qalır.”
Əlbəttə, məşhur komik bütün bu deyilənlərə
zəhmətsevərliyi, aktyorluq sənətinə dərindən
yiyələnməsi, işgüzarlığı sayəsində
nail olmuşdur. Təkcə komik rollarda deyil, həm də
ciddi, dramatik rollarda da.
Amma A.Cavadovun 1957-ci ildə çəkildiyi “Qizmar
günəş altında” kinopovestindəki anbardar Piri
oğlu rolu öz xarakterinə görə Əbülfəzdən
bir qədər fərqlənir. Çünki anbardar Piri oğluda yeniliklərə , insanlara qarşı bir
inamsızlq var. Bunlardan da ən qorxulusu onun kolxoz sədrindən
asılı olduğu üçün yaltağa çevrilməsidir.
Talış dağlarının döşündə
yerləşən “Arzu” kolxozunda çay təsərrüfatını
genişləndirmək üçün bir sıra dəyərli
tədbirlər həyata keçirildiyi vaxtda gözlənilmədən
baş vermiş təbii fəlakət-dağın
uçması ilə kolxozun əsas su ehtiyatı olan
çayın yolunu dəyişməsi bütün bu tədbirləri
qorxu altına alır. Ferma müdiri Eldar itmiş çayın
dəhnəsini axtarıb tapmağı öz öhdəsinə
götürür. Bütün yeniliklərə
xor baxan kolxoz sədri Niyaz, anbardar Piri oğlu kimi adamlar ona
istehza edirlər.
Yenidən dağın uçması nəticəsində
qorxudan Eldarın dili tutulur. Eldarı müalicə
etmək üçün şəhərdən kəndə gələn
həkim Aydının gördüyü işlər
savadsız kənd həkimi Mürsəli, kolxoz sədrini və
anbardarı çox narahat edir. Onlar hər
vasitə ilə həkim Aydının buradan
çıxıb getməsinə çalışırlar.
Göründüyü kimi, kənd həkimi savadsız,
həm də kolxoz sədri ilə qohum olduğu
üçün həkim Aydını heç cürə qəbul
edə bilmir.
Piri oğlu isə yaltaq olduğuna görə
kolxoz sədrinə qulluq göstərir. A.Cavadov
Piri oğlunun təbiətindəki bu qorxaqlığı,
yaltaqlığı tamaşaçıya daha yaxşı
göstərmək məqsədi ilə ciddi-cəhdlə
obraz üzərində yaradıcılıq işi
aparmasına baxmayaraq, ümumən filmin dramaturgiyasında olan
bu sxematiklik obraz və personajlardan da yan keçməmişdir.
Aktyor sənətdə
olması ilə bağlı demişdir :
“İstedad anadangəlmə olur. Elə ilk dəfə
səhnəyə çıxanda başa düşdüm ki,
teatra həvəs göstərmək, istedad azdır.Sənətdə
qalmaq üçün özünə qarşı yüksək
tələbkarlıq və işdə inad göstərmək
də vacibdir. Səhnədə mənim müəllimlərim
Sidqi Ruhulla,Mirzağa Əliyev və
Hacıağa Abbasov olmuşlar. Onlar mənə
rol üzərində işləməyi, bu sənətin ifadə
vasitələrindən peşəkarcasına istifadə etməyi
öyrətmişlər.”
Taleh
A.Cavadovu görkəmli rejissor A.İsgəndırovla uzun illər
səhnədə olduğu kimi bir dəfə də kinoda
görüşdürmüş, aktyor rejissorun “Əhməd
haradadır?” kinokomediyasında usta Əhməd rolunda çəkilmişdir.
Kənddə yaşayan valideynlər köhnə adət-ənənə
ilə şəhərdə inşaatda işləyən
oğulları Əhməddən xəbərsiz qonşu
qız Leylayla evləndirmək istəyirdilər. Bunu eşidən
Əhməd kənddə istirahətini yarımçıq
qoyub şəhərə qaçır. Vlideynlər də
şəhərə gəlib tikinti sahələrindən
birində oğullarını axtararkən qocaman usta Əhmədlə
qarşılaşırlar. Tikinti sahəsinin əməkdaşı
Zülümov usta Əhmədi Şirin kişiyə oğlu
kimi təqdim edəndə hər ikisi çaşıb
qalır.
Gülüş doğuran bu səhnə
tamaşaçıda xoş əhval-ruhiyyə yaradır. Həmin səhnədə
usta Əhmədin heyrətdən bərələ
qalmış gözləri, əl-qol açması, hətta
duruşu aktyorun ifasında cox təbii, səmimi
alınmışdır.
Ağahüseyn Cavadovun yumoru baxımlıdır, ürəyə
yatandır.
O, olduqca realist aktyor idi. Görkəmli aktyor
200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər
filmdə komik və ciddi rollar ifa etmişdir. Hesab edirəm ki, kinematoqrafçılarımız
bu böyük sənətkar qarşısında borclu
qalmışlar.
Hökumətimiz məşhur teatr və kino aktyorunun
yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirmiş,
1938-ci ildə ona Azərbaycanın xalq artisti fəxri adı
verilmişdir.
Böyük sənətkar Ağahüseyn
Cavadov uzun ömür yaşamış, 1981-ci ildə 87
yaşında vəfat etmişdir.
Aydın
Kazımzadə
Kaspi.-2014.-19-21 aprel.-S.22-23.