“Doyunca yaşadım, xoşbəxtəm”

 

Bu dünyada gözü qalmayan, Tanrısına, taleyinə naşükürlük etməyən adam

 

O, bəlkə də yeganə adamdır ki, bu dünyadan gözü-könlü tox getdi... Ancaq nə 90 yaşadı, nə də 100... Mayın 1-də hələ 57 yaşı olacaqdı...

 

Təkcə yaşadığı Şəki rayonunda deyil, bütünlükdə respublikada da istedadlı, güclü bir riyaziyyat müəllimi sayılan Saib Hüseynovu çoxdan – hələ Qayabaşı kənd orta məktəbində oxuduğumuz dövrdən tanıyırdım. Ancaq sən demə, yaxşı tanıdığımı güman etsəm də, heç də kifayət qədər tanımırammış. O, mənim düşündüyümdən də artıq dərin zəkalı, elmli-bilikli, həm də zəngin mənəviyyata, mədəniyyətə, əsl kişilik, mərdlanəlik kimi nadir xüsusiyyətlərə malik çox məğrur və həyatın sərtliklərinə, acılarına dözümlü bir adam imiş. Həyatla da elə kişi kimi vidalaşdı. Ömrünün son dəqiqələrində belə doğmalarına təsəlli verərək demişdi: “Ruhumu incitmək istəmirsinizsə, məndən sonra ağlayıb-sızlamayın. Mən həyatda doyunca, xoşbəxt yaşamışam. Bu qədər bəsdir, dünyada gözüm qalmayıb, gözü-könlü tox gedirəm...”.

 

...Çinar da, palıd da öz kökü üstündə bitər

 

Saib mənim ən sevimli müəllimlərimdən birinin – bizə fizika və riyaziyyatın sirrlərini öyrətmiş Bəhman müəllimin oğlu idi. Biz 10-ci sinifdə oxuyanda Saib hələ 3-cü sinfə gedirdi. Ancaq elə o vaxtlar da söz düşəndə ona dərs deyən müəllimlər Saibin qeyri-adi istedad və qabiliyyətindən, uşaq olmasına baxmayaraq, özünü böyüklərə məxsus ağayanalıqla, ciddi aparmasından fəxrlə, heyranlıqla danışırdılar. Aşağı sinifdə oxumasına baxmayaraq, artıq 5-ci sinifdə öyrədilən tənlikləri, məsələ-misalları həll etməyi bacarırıdı. Təbii ki, onun riyaziyyata olan həvəsində irsiliklə yanaşı atasının boş vaxtlarda onunla məşğul olması da mühüm rol oynamışdı. Bəhman müəllim isə çox zəngin elmi-nəzəri biliyə malik bir pedaqoq idi. Respublikanın elmi jurnallarında tez-tez maraqlı məqalələri çap olunurdu və bununla bağlı ona şəhər və rayonlardan, həmçinin fizika-riyaziyyat sahəsində çalışan alimlərdən məktublar da gəlirdi. Əslində kənddə yaşayıb-işləməsinə baxmayaraq, bütün varlığı, elmi zəkası ilə daha çox elm adamına – hətta bir növ Nyutona, Eynşteynə bənzəyən Bəhman müəllim vaxtilə bilavasitə elmi fəaliyyətlə məşğul olsa idi, yəqin ki, ən azı Akademiyanın müxbir üzvü, respublikamızın nüfuzlu elm xadimlərindən biri ola bilərdi. Ancaq doğma elinə-obasına daha cox bağlı olduğundan, həm də ailəsinə, yaşlı ata-anasına kömək durmaq məqsədilə institutu bitirdikdən sonra Bakıda qalıb elmi fəaliyyətlə məşğul olmağa yox, kəndə qayıdıb, orada işləməyə üstünlük vermişdi.

 

Xaraktercə ciddi, məsuliyyətli və tələbkar olan, daim elmi mütaliə və araşdırma ilə məşğul olan Bəhman müəllimin ailəsində böyüyən Saib özünə başqa bir ixtisas seçə bilərdimi? Təbii ki, yox. 1979-cu ildə o zamankı Azərbaycan Pedaqoji İnstitutu bitirdikdən sonra Şəkinin Cəyirli kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayan Saib Hüseynov sonralar Bolludərə və Qaratorpaq kəndlərində riyaziyyatdan dərs demiş, orijinal tədris metodikasına və təşkilatçılıq qabiliyyətinə, fəallığına görə çox keçmədən məktəb direktoru təyin edilmişdi. Rayon təhsil şöbəsinin “yadından çıxaraq”, köhnə ənənə, ətalətli düşüncə tərzi üzrə 120-dən artıq şagirdin təhsil aldığı Bolludərə kənd məktəbi hələ 1985-ci ilə kimi 8-illik, yaxınlıqdakı Qaratorpaq məktəbi isə hətta 4-illik idi. Məhz Saib müəllimin israrlı təklifi və prisipiallığı sayəsində həmin məktəblər birləşdirilərək, vahid orta məktəb yaradıldı. Məktəbə yeni, bacarıqlı müəllimlərin cəlb olunması, onun maddi bazasının genişləndirilməsi sayəsində 8-ci sinfi bitirmiş şagirdlərin orta təhsillərini başa vurmaq üçün yeni, heç də yaxında olmayan məktəb axtarışlarına, uzun məsafə qət etmək və digər qayğılarına son qoyulmuşdu. Şagirdlərin dərsləri mənimsəmə faizi və məzunların ali məktəblərə qəbul göstəricisi də xeyli yüksəlmişdi. Təsadüfi deyil ki, Saib müəllimin yetirmələrindən bir-neçəsi riyaziyyat, fizika, ədəbiyyat müəllimləri kimi hazırda Bolludərə məktəbində çalışırlar.

 

Kənd camaatı onu deputat görmək istəyirdi... imkan vermədilər

 

Saib müəllimin bir ziyalı kimi geniş dünya görüşünü, insanpərvərliyini, sadəliyini və səmimiyyətini, qayğıkeşliyini yüksək dəyərləndirən Bolludərə kənd camaatı 2000-ci ildə onu Bələdiyyə sədri seçmiş, bir-neçə ildən sonra isə o, rayon rəhbərliyi tərəfindən İcra nümayəndəsi təyin edilmişdi. Həmin vəzifələrdə calışarkən Saib müəllim kənd yollarının abadlaşdırılmasına, Bələdiyyənin idarə binasının tikilməsinə, dədə-babadan taxılçılıqla məşğul olan camaat üçün yeni kənd təsərrüfatı texnikasının alınmasına, bir çoxlarının daimi işlə təmin olunmasına, tibbi-ambulator xidmətinin yaxşılaşdırılmasına və s. nail ola bilmişdi. Qədirbilən kənd camaatı bugünlər minnətdarlıqla xatırlayır ki, məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq müharıbə veteranlarına, yaşlı təqaüdçülərə və aztəminatlı ailələrdən olan məktəbli uşaqlara milli bayram günlərində və Yeni ildə hədiyyələr verilirdi.

 

Lakin bütün qəlbi ilə məktəbə, sevimli sənətinə bağlı olan Saib müəllim sonradan yenə də uzun illər çalışdığı doğma məktəbə qayıtmalı oldu. Daha doğrusu, onu məktəbə kənd camaatı və rayon təhsil şöbəsi qaytardı. Ona bildirildi ki, “Saib müəllim, güclü riyaziyyat müəllimi, təcrübəli pedaqoq kimi Sizə ehtiyacımız var”. Bir qədər sonra isə yaşadığı və ətraf kəndlərin sakinləri Saib müəllimi özlərinin deputatı kimi görmək arzusu ilə və buna layiq olduğunu bilərək, onun Milli Məclis üzvlüyünə namizədliyini irəli sürdülər. Ancaq o zaman rayonun “bəzi nümayəndələri” buna mane olmağa çalışaraq, təzyiq göstərirdilər ki, o, öz namizədliyini geri götürsün. Hətta bunun müqabilində yaxşı “mükafat” da təklif etmişdilər. Saib müəllim isə bütün şirnikdirici təklifləri prinsipiallıqla rədd edərək, cavab vermişdi ki, “mən camaatımızın, mənə etimad göstərənlərin iradəsinin əksinə gedə bilmərəm. Deputatlığa namizədliyim isə mənim iddiam və ambisiyam yox, kənd sakinlərinin, seçicilərin istəyi, onların təklifidir”.

 

Lakin Saib müəllimin güzəştə getməməsini, “tərsliyini” (yəni ki, prinsipiallığını) ona bağışlaya bilməyənlər daha asan və “xərcsiz-xəcalətsiz üsul”a əl atmış, hətta Saib müəllimin şəksiz böyük nüfuza malik olduğu kəndlərdə belə saxtakarlığa yol verərək, ona verilmiş “səsləri” xeyli azaltmışdılar. O isə qürurunu pozmadan həmin “bəzilərinə” demişdi: “Siz mənə yox, seçicilərin istəyinə, ədalətə, sizlərə olan inamına zərbə vurdunuz, xəyanət etdiniz, özünüzə olan inamı öldürdünüz!”

 

“Balalarım, bu bizim son dərsimizdir...”

 

...Həmyerlilərinin, bütün məktəb kollektivinin və cəmiyyətimizə layiq övladlar kimi yetişdirməyə çalışdığı şagirdlərin sevimlisi olan Saib müəllim bu il fevralın 9-da gözlənilmədən hamını şaşırdaraq, şok vəziyyətinə salmışdı. Məktəbdə yuxarı siniflərdən birinə növbəti dərsi keçdikdən sonra üzünü uşaqlara tutub demişdi: “Mənim əziz şagirdlərim, balalarım, bu bizim son dərsimizdir. Bu gün mən sizinlə həmişəlik xudahafizləşirəm. Slzə təhsilinizdə uğurlar arzulayıram!”. O, ciddi, dəmir xarakteri ilə özünü tox tuta bilsə də, uşaqlar bu gözlənilməz ayrılığın səbəbini bilməyərək, həyəcan keçirmiş, sevimli müəllimlərinə olan məhəbbətdən hətta kövrəlmişdilər də. “Müəllim, axı, nə olub?” sualına sadəcə “bir az dincəlmək istəyirəm” deyə əsl səbəbi dilə gətirmək istəməmişdi (iki həftə əvvəl üzərində aparılmış cərrahiyyə əməliyyatı ona yaxşı bir şey vəd etmirdi. Həkim bunu açıq deməsə də, özü bunu hiss edirdi). Uşaqlar o gün evlərinə çox məyus, kədərli halda dönmüşdülər.

 

Dağ cüssəli, pəhləvan yerişli Saib müəllimin məktəbdən qəfil, “səbəbsiz” ayrılması xəbəri ildırım sürəti ilə bütün kəndə yayıldı. Hamı təəccüb, heyrət içində idi – bir-iki gün ərzində nə olmuşdu, nə baş vermişdi? Axı, hamı onu nikbin və sağlam, işdən-gücdən yorulmayan, heç nədən şikayət etməyən, dözümlü bir adam kimi tanıyırdı...

 

“Evarist Qalua, Mikayıl Müşfiq məndən də çox az yaşamışdılar...”

 

Bir-neçə gün sonra isə həyatdan vaxtsız köçmüş məktəb yoldaşı, elə özü kimi riyaziyyat müəllimi olan Qayabaşı kənd orta məktəbinin direktoru Ramiz Hümmətovun yas məclisində onunla bağlı çox təsiredici çıxışını tamamlayaraq demişdi: “Əzizlərim, sizi kədərləndirmək istəmirəm, ancaq bir acı həqiqəti deməliyəm. Mən bu dünyada doyunca yaşamışam, xoşbəxt yaşamışam, ancaq daha ömrümün sonudur. Ramiz müəllimin “40”-dan bir gün əvvəl, ya da bir gün sonra mən də dünyadan gedəcəyəm. İndi isə salamat qalın!”. Məclis bir-birinə dəymiş, ona inanmaq istəməmişdilər. O isə evə dönərək, bütün dost-tanışlarına internet vasitəsilə vida sözlərini göndərmişdi: “Dostlar, artıq mənim ömrümə çox az qalıb. Çox sağ olun ki, bütün şüurlu həyatım boyu mənimlə birgə sevinib-dərdləşmiş, mənə arxa-dayaq olmusunuz. Ancaq daha ayrılıq vaxtı çatır. Mənə olan səmimi, təmənnasız dostluq duyğularınıza, sədaqətinizə, etibarınıza görə təşəkkür edərək, Sizinlə xudahafizləşirəm. Həmişə var olun, qoy ulu Tanrı hamınızı qorusun!”

 

Bu vida “imeylini” alan dost-tanışlar şoka düşərək, Saib müəllimin evinə zəng vurub, tələm-tələsik onun görüşünə gəliblər. Və ömür vəfa qılıb, Saib müəllim öz doğmalarını-əzizlərini, dostlarını son dəfə öz evində, süfrə başında qəbul eləyə bilib. Ancaq bir daha onlara bildirib ki, narahat olmasınlar, bu dünyada kifayət qədər ömür sürüb. Fransanın dahi riyaziyyatçısı, sabah dueldə öldürüləcəyini bildiyindən, bütün gecəni yatmayaraq, səhərə kimi bir vaxt onu instituta qəbul etmək istəməyən görkəmli alimlərin sonrakı illərdə 600 səhifəlik elmi araşdırmalar da tam “aça” bilmədikləti dahiyanə riyazi traktatlarını yazmış Evarist Qaluanın 21, görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının 23, M.Lermontovun 27, A.Puşkinin və Əli Kərimin 37, xalqımızın sevimli şairi omuş Səməd Vurğunun 50 yaşında həyatdan getmələri müqabilində özünün “geninə-boluna” yaşadığını bildirərək, gəlib-gedənlərə ürək-dirək verməyə çalışmışdı.

 

“Mən səndən bir dost kimi ayrılıram, ey Dünya!...

 

Və elə peyğəmbərcəsinə dediyi kimi də, dostu və həmkarı Ramiz müəllimin “qırx” mərasiminin səhərisi günü, martın 15-də həyatla əbədi vidalaşdı – kişi kimi, təəssüf etmədən, mərdi-mərdanə!..

 

İki ay içərisində Sarıca torpağı özünün yetişdirdiyi iki ziyalı övladını, iki ən güclü riyaziyyat müəllimini itirdi. Bu, təkcə Qayabaşı və Bolludərə kənd məktəbləri üçün deyil, bütün el-oba üçün çox ağır, əvəz olunması çətin olan bir itkidir...

 

Saib Hüseynovun ömür-gün yoldaşı, özü ilə birgə məktəbdə uşaqlara riyaziyyatdan dərs deyən, digər bir sevimli müəllimimizin - İsmayıl müəllimin qızı İren xanım deyir ki, “Saib mənə ailəmizlə, övladlarımızla bağlı bütün vəsiyyətlərini edərək, eyni zamanda tapşırmışdı ki, mənim həyat yoldaşım ağlamamalıdır, heç vaxt ağlamamalıdır. Ağlamaq həyat acizliyidir, mən bunu qəbul etmirəm. Mən həyata vida edəndə ağlama...”.

 

İren müəllimə bu sözləri deyəndə böyük Türk şairi Ümid Yaşar Oğuzcanın sanki Saib müəllimin dilindən deyilmiş aşağıdakı misraları yadıma düşdü:

 

“Ölsəm, şaşırma - ölə bilərəm.

Ölsəm, ağlama - yenə gələrəm.

Ölsəm, səsləmə - uyuyacağam.

Ölsəm, üzülmə - yaşayacağam...”

 

İren müəllimə Saibini (sahibini də!) itirərək, dərd-kədər əlində nə qədər üzülsə də, ömür-gün yoldaşının vəsiyyətinə əməl etməyə çalışaraq, kədərini içində boğub, şətinliklə də olsa, göz yaşlarının qarşısını ala bilir: “Saibi mən ömür boyu özüm üçün yalnız həyat yoldaşı deyil, həm də ən yaxın dost, arxa-dayaq, sirdaş, qardaş bilmişəm. Həmişə bir yerdə olmuşuq – məktəbdə, evdə, çöldə-bayırda, toyda-yasda. İndi onsuz qaldığıma, Saibin yoxluğu ilə yaranmış boşluğa alışa bilmirəm. O elə bir adam idi ki, heç vaxt heç kəsin xətrinə toxunmazdı. Kimsə ilə nə vaxtsa övladlarının narahatçılığına səbəb ola biləcək bir mübahisəsi, narazılığı, konflikti olmamışdı... Bilirdi ki, el-oba onun xətrini çox istəyir. Odur ki, ölümündən hələ bir-neçə gün əvvəl tapşırmışdı ki, oğlumuz Məram həyətdəki “naves”in (talvarın) tikintisini başa çatdırsın. Demişdi ki, “uzaqdan-yaxından gələn çox olacaq”. Elə də oldu. Eşidən-bilən axın-axın gəlirdi, şagirdləri bir kənarda səf-səf, boynu bükülü dayanıb, elə hey göz yaşı tökürdülər... Bəhman müəllimdən sonra özünə arxa-dayaq bildiyi sevimli oğlu Saibi də itirmiş Tərlan xalanı isə hələ də heç nə ilə ovutmaq olmur, elə hey ağlayır.

 

...Bu gün Bolludərə kənd məktəbinin uşaqları Saib müəllimin son dəfə dərs keçdiyi sinif otağına bir qədər ehtiyatla, kədərlə daxil olurlar. Saib müəllimin divardan qara çərçivədə asılmış iri portretindən başqa onların hər birinin qəlbində də sevimli müəllimlərinin əbədi olan əksi vardır. Onların yeganə təsəllisi odur ki, Saib müəllimin özü kimi riyaziyyatçı olan oğlu Məram öz anası İren müəllimə və həyat yoldaşı ilə birgə yenə də Bolludərə məktəbində dərs deyirlər, özləri ilə siniflərə Saib müəllimin xatirələrini gətirirlər.

 

Dahi hind şairi və filosofu Rabindranat Taqor da sanki Sahib müəllimin dilindən demişdi: “Mən sənin sahilinə bir qərib kimi gəldim, evində bir qonaq kimi yaşadım və səndən bir dost kimi ayrılıram, ey Dünya!”

Necə də nikbinliklə deyilmişdir!.. Lap elə Saib müəllimə xas olan nikbinliklə, böyük həyat eşqi ilə...

 

Rəhman Orxan,

Osman Mirzəyev adına Respublika mükafatı laureatı

 

Kaspi.-2014.-22 aprel.-S.14.