Dədə Qorquda yeni baxış - “İlahi
oyun”
Ötən həftə
Azərbaycan Dövlət Dram Teatrında
Dədə Qorqud eposunun
“Dirsə xan oğlu Buğac bəy” boyu “İlahi oyun” adlı tamaşayla səhnələşdirildi.
Mükəmməl rejissor işi, professional aktyor oyunu seyr edənlərə unudulmaz anlar yaşatdı.
Tamaşada hər şeydən əvvəl yoğun mistika vardı. Adama elə gəlirdi ki, bədən yoxdu, bu oyun ruhların rəqsidir. “Savalan” qrupundan yaxşı tanıdığımız Novruz Novruzlunun Kut rolunda səhnəyə çıxması, əməkdar artist Vidadi Həsənovun sazda ifası, ən əsasıysa, bütün tamaşa boyu sazın başüstə daşınması təqdirəlayiqiydi. Səhnə dekoru yaradıcılığı tamamlayırdı.
Ağzına qədər dolu olan zalda hər kəs nəfəsini içinə çəkmiş, sanki o dövrə üz tutmuşdular. Mənə elə gəlir ki, bu tamaşada hamı kövrəlmişdi, hər kəsin əli qoynunda, başı önündəydi.
Dədə Qorqud səhnədəydi!
Şairə Sona Vəliyeva: “Çox möhtəşəm tamaşaydı. Mən Novruz bəyi bu ampluada birinci dəfəydi görürdüm. Düşünürəm ki, Novruz bəy içində daşıdığı xislətiylə, içində daşıdığı öyüd-nəsihətiylə milli bir Azərbaycan ziyalısı olmaq etibarilə çox doğru seçimiydi. Çox bəyəndim. Eyni zamanda bu, Dədə Qorquda, Buğac boyuna yeni bir baxışıydı. Kaş ki, bütün klassik əsərlərimizə klassikliyi, milliliyi qoruyub-saxlayaraq həm də belə bir münasibət olsun. Çox möhtəşəmiydi. Mən inanıram ki, bu tamaşaya dəfələrlə, özü də sevilərək baxılacaq. Bilirsinizmi, bu, eyni zamanda Avropanın da dilidir. Burda pantomima vardı, burda müasir dramaturgiyanın yeni ünsürləri vardı, müasir teatr ünsürləri, müasir musiqi vardı. Məncə, bu tamaşa Avropa səhnələrini fəth eləyə bilər. Mən belə düşünürəm”.
Kut rolunu canlandıran Novruz Novruzlu: “Bildiyinizə görə, bu il Dədə Qorqud ilidir. Bu münasibətlə Konyada, may ayının 8-dən 14-nə kimi keçirilməsi nəzərdə tutulan “Min səs bir nəfəs” adlı teatr festivalına bütün Türk dövlətlərinin hər biri Dədə Qorqud eposunun bir boyunu səhnələşdirib. Quruluşu, gənc olmağına baxmayaraq, rejissor Mikayıl Mikayılov verib. “Dirsə xan oğlu Buğac bəy” boyunu “İlahi oyun” adı altında səhnələşdirib.
Tamaşamız əvvəlcə “Min səs bir nəfəs” teatr festivalında, sonra isə bütün Türk ellərində nümayiş olunacaq. Onu da deyim ki, bu rol mənim üçün bir növ sınaq oldu. Baxmayaraq ki, incəsənət təhsilim var, aktyorluğu bitirmişəm, amma illərdir bu sahədən uzağam. Aktyorlara gəlincə, əməkdar artist Vidadi Həsənov, istedadlı aktrisa Nigar Güləhmədova, Pərviz Məmmədrzayevlə bir səhnəni bölüşmək mənim üçün xoşdur. Nigar xanım çox istedadlı, intellektli, gözəl plastikası və daxili imkanları zəngin olan dəyərli bir aktrisadır.
Mən bir məqamı xüsusi qeyd eləmədən keçə bilmərəm. O səhnədə gördüyünüz aktyorların oyununda, rejissor işində “Yuğ” teatrının, Vaqif İbrahimoğlunun adını çəkməmək olmaz. Bizim hamımız Vaqif İbrahimoğlu məktəbinin yetirməsiyik. Allah ona rəhmət eləsin”.
Rejissor Mikayıl Mikayılov: “Mən aktyorların hər birini çox yaxşı tanıyıram. Novruz müəllimə gəlincə isə, o mənə çox əziz adamdı. Böyük hörmətim var və çox şadam ki, biz bu tamaşanı bir yerdə işlədik. Bu tamaşa üçün Novosibirsk şəhərindən dəvət almışam. Orda yaşayıram, amma Bakıda, Rusiyada və Qazaxıstanda da tamaşalara quruluş verirəm. Bu əsərdə məni maraqlandıran və cəlb edən bir mif aləmi var. Zaman keçdikcə, mətndə dəyişikliklər baş verdikcə, həmin o miflə bağlılığı itirmişdik. Mənə elə gəlir, qədim türk, qədim oğuz nəsli, o qədim dünyanın qoxusu bizlərdən uzaqlaşmışdı. Ona görə də bu sözlər mütləqdi: gəlimli-gedimli dünya, qanı dediyim bəy ərənlər? Oğuz nəsli nədən uzaqlaşdı, nəyə yaxınlaşdı?
Mifdən, ritualdan uzaqlaşdı, yazı aləminə daxil oldu.
Bu tamaşada bizim istədiyimiz insanın yaradılış dövrünə, mifoloji dünyasına bir yol tapmaq, indiki zamanı qədim dövrlə birləşdirmək idi. Mənə elə gəlir ki, bu dünyalar bir-birindən yaman uzaqlaşıb. Təbiətlə əlaqə pozulub. Elə buna görə də “qamqan” sözünü xüsusi vurğuladıq. Qam-şaman deməkdi və xanlar xanı Bayandır xanın atasıdı. Qamlıq-şamanlıq. Həmin dövrə aid bir ritual.
Bu o demək deyil ki, biz hamını şaman olmağa dəvət edirik, xeyr, sadəcə o halı, o zamanı, mif dünyasını yenidən duymaq üçün bu işi gördük. Aktyorların bu tamaşada rolu çox böyükdür. Hər kəsə minnətdaram, çünki çox çətin bir işi bacardılar.
Ozan Ana Nigar Güləhmədova: “Bildiyimiz kimi, ən böyük dramaturq Yaradandır. O, insanların həyatını yazı ilə təyin və idarə edir. Bu hiperbolanı biz bu günlərdə tamaşaçının diqqətinə təqdim etdiyimiz “İlahi oyun” tamaşasında nümayiş elətdirdik. Sadəcə dörd ilahi məxluqla.
Bilirsiniz, hər bir teatr performansının əsas məqsədi onu seyr eləməyə gələn tamaşaçını katarsizə sövq etməkdir. Bu hal tamaşaçıyla eyni səviyyədə “oyunu” göstərən aktyorlara da aiddir. Bu dramda tamaşaçıyla bərabər aktyor da heç bir hisslə müqayisə olunmayan həyəcan yaşayır. Biz “İlahi oyun”da buna nail ola bildik.
Dörd ilahi məxluq yenidən özünü tapmaq üçün özünü unutma prosesi yaşayır. Tamaşanın strukturu da buna tam şərait yaradır. Tamaşa ritual və ondan irəli gələn ovqat elementləri, fiziki hərəkətlər və modern rəqs vasitəsi ilə sublimasiya olunub. Necə ki, qədim dövrlərdə və çox güman ki, müasir dövrdə də öz adətlərini yaşadan qədim Türk soylarının və şimal xalqlarının nümayəndələri şaman ritualları zamanı, qalın xırıltılı boğaz səsləri ilə, mahnı oxumaq, bilincsizlik qatından gələn ifadəsiz əl və ayaq hərəkətləri ilə buna nail olurdularsa, biz bunu tamaşada bir qədər ehmalcasına, bədii formada tamaşaçıya çatdırmağa çalışdıq. Necə deyərlər, bu katarzis hissini mən də yaşadım. Loru dillə desək, tamaşanı oynadım. Hərəkətlərdən yoruldum. Amma bu, gündəlik həyatda belə deyil. Gündəlik həyatda sən oynamırsan, həyatın gerçəyilə qarşı-qarşıya qalıb onu yaşayırsan. Və başa düşürsən ki, insanın həyatında nə baş versə də, insanlıq adına edilən xeyirxah əməl, xoş söz, xoş niyyət hər şeydən önəmlidir.
Tamaşada da eləcə. Ozan Ana oğlunun ölüm fərmanını verən atasını bağışlamağı, onu yağı əlindən qurtarmağı xahiş edir və nəticədə də buna nail olur”.
Nigar İsfəndiyarqızı
Kaspi.-2014.-22 aprel.-S.12.