İctimaiyyətin rəğbətini qazanan kanal
Milli mənəvi dəyərlərimizin qorunmasında, onun təbliğində yorulmadan axtarışlar aparan, maraqlı layihələrlə teleradio məkanına yeniliklər gətirən və ictimaiyyətin rəğbətini qazanan İctimai Televiziya və Radio Yayımları Şirkəti özünü tanıtması və təsdiqi etibarı ilə ölkə telekanalları sırasında öncül yerlərdən birini tutur. İTV-nin artmaqda olan reytinqi, yayım arealının genişlənməsi, ictimaiyyət arasında böyük nüfuz qazanması - bu faktın hər kəs tərəfindən birmənalı təsdiqlənməsi kanalın uğurlu fəaliyyətinin göstəricisidir.
2005-ci il avqustun 29-da Bakıda möhtəşəm tarixi bir hadisə gerçəkləşdi. Ölkə Prezidenti İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini sıxmaqla Azərbaycanda İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi. Beləliklə də, demokratik inkişaf yolunu seçmiş Azərbaycan növbəti dəfə söz və mətbuat azadlığı prinsipinə sadiqliyini təsdiqlədi. Azərbaycan televiziya məkanının inkişafı üçün yaradılmış münbit şəraitdən bəhrələnən İTV artıq 8 ildən çoxdur ki, hər kəsin arzularının gerçəkləşdiyi bir tribunaya çevrilib. İTV-nin yeni baş direktorunun işə prinsipial tərzdə köklənməsi bu kanalın fəaliyyətinə təzə ab-hava gətirdi. Kollektivdə yaradıcılıq axtarışlarına, nəzərə çarpan dəyişikliklərə rəvac verildi. Təqdirə layiq haldır ki, İTV Azərbaycan teleradio məkanının ən yaxşı tarixi təcrübəsindən, eləcə də dünya teleradio yayımlarının örnəklərini öyrənməklə işinin faydalı qurulmasına çalışır. Bu səbəbdən də İTV-nin hazırladığı verilişlərin əksəriyyətində klassika ilə müasirliyin vəhdəti hiss olunur. Tərəfsiz və qərəzsiz informasiya yaymaq, hər bir təhlildə obyektivliyi qorumaq, tolerantlığa, milli adət-ənənələrə söykənmək, azərbaycançılıq dəyərlərinə üstünlük vermək, maarifçilik ruhlu proqramlar hazırlamaq televiziyanın fəaliyyətinə yeni uğurlar gətirir. Bugün tamaşaçı rəğbəti qazanmış və maraqla izlənən proqramların sadəcə adlarını çəkmək kifayət edər ki, İTV-nin zənbilindəki töhfələrin müxtəlifliyindən, zənginliyindən xəbər tutaq. Məsələn, “Carçı” informasiya, “Yeni gün” musiqili informasiya proqramları, “Qarabağ sərvətləri”, “Yurd inciləri”, “Salam əsgər”, ““Azərbaycan təbiəti”, “Dil və cəmiyyət”, “Açıq dərs”, “Ortaq məxrəc”, “Torpaq”, “Gənclik həyatı”, “Avtonmaniya”, “Qolf aləmi”, “Yeni stil” kimi verilişlər baxımlılığı ilə seçilir. Əgər ana televiziyamız AzTV-nin “Mədəniyyət” kanalı elə ilk gündən özünü həqiqi mənəvi dəyərlərin daşıyıcısı kimi göstərərək bəzi efirlərdə baş alıb gedən bayağılığa, zövqsüzlüyə, şitliyə müharibə elan etdisə, İctimai televiziya son illər ölkə mədəniyyətinin və incəsənətinin dünya miqyasında tanınması və təbliği istiqamətində yeni bir mərhələnin əsasını qoydu.
Dünyanın ən böyük musiqi yarışması sayılan “Eurovision” mahnı müsabiqəsinin məhz bu televiziya vasitəsilə yayımlanması İTV-ə yeni imic gətirdi. Nəticədə İTV bir sıra beynəlxalq telelayihələrin ölkəmizdə eksklusiv yayımçısına çevrildi. Məsələn, Kann kino festivalı, Vyana Filarmoniya orkestrının konserti, olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan tamaşaçısına məhz İTV təqdim etdi. Teleşirkətin beynəlxalq əlaqələri də getdikcə genişlənməkdədir. İTV indi böyük həvəs və peşəkarlıqla Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımları ilə əməkdaşlıq edir və telekanallarla mübadilə proqramları həyata keçirir. Maraqlı bir faktı da etiraf edək ki, İTV bugün reytinq ardınca qaçmır, şöhrət özü onun ünvanını seçir. Bu səbəbdən də İTV ən baxımlı kanal fəxarətini qazanmış, ciddi keyfiyyət dəyişiklikləri ilə seçilən məzmun və forma uğurlarını birləşdirməyi bacaran bir kanaldır.
İctimai TV-nin “Böyük səhnə ” layihəsi isə xüsusi qeyd olunmağa layiqdir . Çünki onun sayəsində Azərbaycanın bu ilki “Eurovision” təmsilçisi- Dilarə Kazımova məlum oldu.. “Böyük səhnə”də səslənən ifalar , performanslar zamanı heç bir nöqsana yol verilməməsi, məşqlərin yüksək səviyyədə keçirilməsi zövqlü tamaşaçıda yalnız rəğbət oyatdı. Ötən illərdən fərqli olar bu il İTV rəhbərliyi “Gənclər və İdman” nazirliyi ilə birgə bu işi daha gözəl qurdular. Belə ki insanları əsəbləşdirən , qıcıq doğuran və qeyri - peşəkar qiymətləndirməyə yol açan SMS səsverməsindən tamamilə imtina edildi . Qeyd etmək lazımdır ki , əvvəlki dövrdə SMS səsverməsi cəmiyyətdə kifayət qədər narazılıq yaradırdı. Peşəkarlardan ibarət münsiflər heyyətinin isə bu il ən istedadlı və əsrarəngiz səsə üstünlük verdikləri heç bir şübhə doğurmur.
Təşəbbüskarlığa geniş meydan veriləndə qazanılan uğurların sayı çox olur. Bu baxımdan İTV-də yeniliklərin gətirdiyi uğurlar televiziyanın aynasında aydın görünür. Bədii filmlərin nümayişindən başlayaraq yaşamaq hüququ qazanmış proqramlara kimi yayımlanan hər bir veriliş maraqla gözlənilir və baxılır. İTV-nin təqdim etdiyi proqramlar tamaşaçını yormur, bezdirmir və bəzi kanalların yayımladığı verilişlərin yaratdığı xəcalət hissindən çox uzaqdır. İTV tamaşaçısı heç vaxt bu televiziyaya baxmaqla vaxt itirdiyinə təəssüflənmir. Uşaqdan ahıla, fəhlədən akademikə kimi hər bir kəsin marağına uyğun verilişlərin hazırlanması eləcə də bütün insanları bir məcrada- azərbaycançılıq ideyasında birləşməsində öz işini görür. Həm milli, həm də tolerant ruhda yayımlanan verilişlər həmişə rəğbətlə qarşılanır. Millilikdən bəşəriliyə gedən yolun körpüsünə və aynasına çevrilmiş İTV ölkəmizdə demokratik dəyərlərin formalaşmasının gerçək nümunələrindən biri kimi fəaliyyət göstərir.
Bunu İTV-nin son aylar qazandığı beynəlxalq və yerli əhəmiyyətli mükafatlar da təsdiqləyir. Moskvada keçirilən Beynəlxalq televiziya və kinofilmlər festivalına İTV “Qağayı” filmi ilə qatıldı. Fərəhlidir ki, telekanalın yaradıcılıq məhsulu “Ən yaxşı sənədli film” nominasiyasında qalib oldu. Yeni il ərəfəsində İctimai Televiziya və Radio daha bir uğur qazandı. Yayım şirkətinin adı “Azeri Business Award” milli mükafatının laureatları sırasına daxil edildi.
İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru Cəmil Quliyev İTV-dəki yeniliklərlə bağlı mətbuata verdiyi müsahibələrin birində belə söyləyib: “Bizim planlarımız çoxdur. Bu planlar isə, əsasən, beynəlxalq fəaliyyətimiz və İTV-nin proqram siyasəti ilə bağlıdır. Mən televiziyaya gəlişimdən sonra gördüm ki, Azərbaycan prezidenti İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində ölkəmizdə televiziya məkanının inkişafı üçün hər cür şərait yaradılıb. Biz televiziya işçilərinə isə dövlətin və xalqın səadəti naminə çalışmaq qalır. ”
İTV-də rəhbər seçiminin uğurlu nəticələri hazırda yaradıcı qüvvələrin düzgün istiqamətləndirilməsi və təqdim olunan verilişlərin keyfiyyətində özünü göstərir. Dünyanın ən aparıcı texnologiya istehsalçılarının məhsulları ilə təmin olunan çəkiliş və montaj avadanlıqlarının müasirliyi eləcə də texniki göstəricilərinə görə bölgənin ən güclü telekanallarından sayılan İTV zəngin texniki bazası və peşəkar yaradıcı kollektivi ilə seçilir. Elə bu səbəbdən də ölkəmizin teleradio məkanında İTV-nin özünəməxsus yeri var. Yadımdadı ötən il öncə İTV ilə bağlı rəhbər dəyişikliyi ilə əlaqədar mətbuata verdiyim müsahibədə müxbirə belə söyləmişdim: “Təcrübə və intuisiyam mənə deyir ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, öz pedaqoji kariyerası ərzində yüzlərlə incəsənət mütəxəssisi yetişdirmiş, milli ziyalılıq ənənələrinə sadiqliyini gənc yaşlarından əməlləri ilə təsdiqləmiş əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai Televiziyanın işində köklü dəyişikliyə nail ola biləcək”. İndi çox şadam ki, öz proqnozumda yanılmadım. Çox qısa zaman kəsiyində Azərbaycan tamaşaçısının maraqla izlədiyi telekanallardan biri də məhz İTV oldu. Başqa cür də ola bilməzdi. Cəmil Quliyev milli televiziyamızın patriarxı Elşad Quliyevin oğludur. “Ot kökü üstə bitər” deyiblər. Mədəniyyət üzrə ölkədə yaradılan ilk ixtisaslaşdırılmış kanalın birinci rəhbərinin də məhz Cəmil Quliyevin olması onun peşəkarlığının, sadə dillə desək işini bilən insan kimi təsdiqidir. Şirkətin Baş direktoru kimi kollektivdə yaradıcılıq axtarışlarına, nəzərəçarpan dəyişiklərə rəvac vermişdir. Həm İctimai Televiziyanın daimi izləyicisi , həm də gələcək jurnalistlərin müəllimi kimi tələbələrimizin sabahından narahat deyiləm. Örnəyin, nümunənin sayı artdıqca, ünvanı bəlli olduqca gənclərin də doğru seçim aparması asan olur. Çox arzu edərdim ki, gələcəkdə fakültəmizlə İTV arasında yaradıcılıq əlaqələrinə rəvac verən layihələrin də hazırlanması baş tutsun.
Şamil Vəliyev,
BDU-nun jurnalistika fakültəsinin dekanı,
filologiya elmləri doktoru,
professor