Tağıyevin unudulmuş 110 yaşlı ibtidai məktəbi

 

Hacı Zeynalabdin Tağıyev haqqında yazdığım məqalələrin hamısında onun elm və maarif haqqında gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edirəm. Özümdən asılı olmayaraq, birinci yerdə həmişə H.Z.Tağıyev olur.

 

Hər dəfə arxiv materialları əsasında məqalə yazarkən, əlləri çox da uzaqlara gedib çatmayan babalarımızın elm və təhsil yolunda özlərinə məxsus fədakarlığı qarşısında baş əyirəm.

 

Müxtəlif illərdə H.Z.Tağıyev haqqında Azərbaycan və rus dillərində yazdığım "Ploxix pedaqoqov Q.Z.Taqiev ne derjal ( "Baku "- 04.02 1993), "Nosil li Q.Z.Taqiev belıe perçatki?" ("Baku ", 06.02.1993), "Onların arzuları" ("Azərbaycan məktəbi" , 2008, ¹8, səh.100-104), "İşıq" qəzeti H.Z.Tağıyevin bir portreti haqqında" (Milli Azərbaycan Tarixi Muzeyi"- 2011, səh. 195-200) adlı məqalələr oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Sonralar bu mövzuya dəfələrlə qayıtmışam.

H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım da bu mövzudadır.

 

***

Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində -1901-ci il oktyabrın 7- də Bakıda fəaliyyətə başlayan Qızlar məktəbi tezliklə məşhurlaşmağa başladı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər.

 

Bakı Qızlar Məktəbi şəhərin mərkəzində yerləşirdi. Burada müsəlman qızlarının dünyəvi, mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılmışdı. Məktəbdə dərs deməyə təhsil siyasətinə bələd olan, zəngin pedaqoji təcrübəsi ilə fərqlənən müəllimlər dəvət olunmuşdular.

Qızlar Məktəbinin ilkin uğurlarından sonra H.Z.Tağıyev bir neçə yerdə də yeni tədris müəssisələri açmaq barədə düşünür.

 

***

 

1902-ci ilin sentyabrında İran şahı Müzəffərəddin şah Avropa səfərindən öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin müşayiəti ilə Qızlar məktəbinə gəlir. Məktəb şahın çox xoşuna gəlir. O, burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini göstərmək istəyir: Bakıda şahın adına məktəb açmaq fikrinə düşür.

 

H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı Quberniyası və Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna rəsmi şəkildə müraciət edərək, ona məxsus olan Əhmədli Lifli Materiallar Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçün faydalı vətəndaş olmaları üçün Əhmədli kəndində ibtidai məktəb açmasına icazə verilməsini xahiş edir.

 

H.Z.Tağıyev məktubunda hakimiyyət nümayəndəsindən məktəbə İran şahının adının verilməsinin vacibliyini də vurğulayır.

Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Təhsil Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Təhsil Dairəsinin hamisi 1903-cü ilin martında 381 nömrəli məktubunda məktəbin açılışına öz razılığını bildirsə də, nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məhəl qoyulmur. Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi.

 

İran şahı Müzəffərəddin şah (1853-1907) bəzi mənbələrdə yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmi səfərdə olarkən Əbdülhəmid şahdan Azərbaycan (Cənubi Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Belə düşünmək olar ki, İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəri də məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdur.

 

Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra - 1904-cü il oktyabrın 1-də H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışı olur. O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə çıxan qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. (Əhmədli kənd məktəbi açılan vaxt Bakıda Azərbaycan dilində mətbu orqan - qəzet və jurnal çap olunmurdu. XX əsrin əvvəllərində Bakıda Azərbaycan dilində nəşr olunan ilk milli qəzet “Həyat”dır (1905-1906).

 

Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin Əhmədlidəki Kağız-İplik və Toxuculuq Fabriki (H.Z.Tağıyevin fabriki bəzən arxiv sənədlərində belə də yazılır - N.N.) işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin bu məktəbdə yaxın kəndlərdə yaşayan yoxsul balaları da təhsil alırdılar.

Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi fənlər müəlliminin əmək haqqı ildə 600 rubl, Azərbaycan dili və şəriət müəlliminin maaşı isə ildə 300 rubl müəyyənləşdirilmişdi.

 

1904-cü il oktyabrın 27-də Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlilibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.

 

Əbdülkərim bəy Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Belə ki, onun böyük qardaşı Əbdüləli bəy Bakıdakı 8 nömrəli rus-tatar məktəbində direktor vəzifəsində işləyirdi, H.Z.Tağıyevin yaxşı tanıdığı müəllimlərdən idi.

 

Görkəmli maarif xadimı Ə.Mustafayev 1985-ci ildə çap etdirdiyi “Xatirələr”ində Bakının dağlıq məhəlləsində yerləşən bu məktəbin - 8 nömrəli rus-tatar məktəbinin uğurlarından, direktorun səriştəli mütəxəssis olmasından səmimiyyətlə söz açır.

 

Əbdüləli bəy Vəlibəyov Qori Müəllimlər Seminariyasını qurtarandan sonra xeyli müddət təyinatla Stravropolda işləmiş, sonralar Bakıya - rus-tatar məktəblərinin birinə işləməyə dəvət olunmuşdur.

 

Əbdüləli bəy Vəlibəyov Bakının - paytaxt şəhəri ictimaiyyətinin də tanıdığı, biliyinə və savadına güvəndiyi ziyalılardan idi.

 

Əbdüləli bəy Vəlibəyov 1904- cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun Bakıya gəlişini tezləşdirmişdir.

 

Bakıya – şəhərdə yeni açılan kənd ibtidai məktəbinə dəvət olunan qardaş - Əbdülkərim bəy Vəlibəyov də ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor vəzifəsinə göndərilmişdi.

 

8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərən Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan, Bakı Dumasında təhsil şöbəsinə başçılıq edən Həsən bəy Məlikovun ( H.Zərdabi-N.N.) Bakı Real Gimnaziyasındakı tələbəsi, sonralar Peterburqda ali mühəndislik təhsili almış Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi. (F.Vəzirov uzun illər boyu H.Z.Tağıyevlə əməkdaşlıq etmişdir).

 

Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o vaxtlar Bakıdakı şəhər məktəblərində ehtiyat müəllim kimi fəaliyyət göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq- N.N.) dəvət olunmuş, lakin o, məktəb açılana qədər Sabunçu kənd məktəbində işə düzəldiyinə görə Əhmədli kənd məktəbində işləməmişdir. İkinci təklif Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək - Bakı Kommersiya Məktəbinə keçənədək burada Azərbaycan dili və şəriət dərslərini keçmişdir. Məktəbdə bir müddət Azərbaycan dili və şəriət dərsləri boş keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdur.

 

Əbdülkərim bəy Vəlibəyovdan sonra - 1908 -ci ilin sonunda məktəbə R.Cəfərov direktor təyin olunmuşdur. Lakin o, bu vəzifədə bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır. Cəmi bir neçə aydan sonra o da rəhbərlikdən uzaqlaşır.Vera Stefanovskayanın yerini M.Reyn tutur.

 

1909-cu il yanvarın 1-nə aid siyahıdan öyrənirik ki, məktəbin 4 şöbəsində oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-u isə rus idi.

 

1909-cu ilin sentyabrında H.Z.Tağıyevin ibtidai məktəbininin dörd şöbəsində oxuyanların sayı 80 nəfərə çatmışdı.

 

Burada "xalqın böyük ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan" ( sitat S.Ə.Şirvanidəndir-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininin tarixini öyrənirdilər.

 

1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün gecə kursları açılmış, şəhər məktəbini bitirmiş Mir Məcid Abdullayev fəhlə-şagirdlərə müəllimlik etmişdir.

H.Z.Tağıyevin ibtidai məktəbinə aid son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər içərisində pedaqogika tariximiz üçün maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii gecələrin proqramları, dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir

 

***

 

H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbində keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o cümlədən təsisçinin özü fəal iştirak edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla davam etdirmişlər. Onların adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji ictimaiyyətimizi ciddi düşündürməlidir.

 

P.S. H.Z.Tağıyevin Əhmədlidəki ibtidai məktəbinin yerini müəyyənləşdirməkdə çətinlik çəkdiyim üçün bu işi oxuculara həvalə edirəm. Deyilənlərə görə, indiki 62 nömrəli məktəb H.Z.Tağıyevin Əhmədli kəndindəki tarixi ibtidai məktəbinin yerində tikilmişdir.

 

Nazim Nəsrəddinov,

əməkdar müəllim

Kaspi.-2014.-23 aprel.-S.10