“Üç yaşımdaykən “Kommunist”
qəzeti oxuyurdum” – Mən gənc olarkən
Məzahir
Süleymanzadə: “Şirməmməd müəllimə bunun
dərsdən də vacib olduğunu dedim”
Uşaqlığı çox çətin, keşməkeşli, amma maraqlı keçib. Hələ 7-ci sinifdəykən oxuya-oxuya həm də işləyib pul qazanıb, ailəsinə kömək edib. Kiçik yaşlarından musiqiyə, rəssamlığa, kinoya, yazı-pozu işinə marağı böyük olub. Müsahibimiz Bakı Futbol Federasiyasının vitse-prezidenti, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar mədəniyyət işçisi, fəxri bədən tərbiyəsi və idman xadimi, “Ali Media”, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatlarının laureatı, qocaman jurnalist Məzahir Süleymanzadədir.
“İlk
yazdığım söz “Stalin” olub”
Bakıda dünyaya göz açsa da, uşaqlıq və
yeniyetməlik dövrü Şamaxıda keçib. Neft fəhləsi
olan atası Böyük Vətən Müharibəsində
Berlinə qədər gedib çıxıb. Müharibədə göstərdiyi qəhrəmanlıqlara
görə orden və medallarla təltif edilib. Rayon sovetinin deputatı olub. Anası isə
Şamaxıda ilk təhsilli qadınlardan biri kimi İkinci
Dünya Müharibəsində “Bakı Kolxozu”na
rəhbərlik edib.
M.Süleymanzadə üç yaşındaykən
anasının köməkliyi ilə bütün hərfləri
tanıyır, yazıb-oxumağı bacarırmış. Özü də “Kommunmist”
qəzetini oxuduğunu deyir: “O zaman heç ağlıma da gətirməzdim
ki, vaxt gələcək, bu qəzetin baş redaktorunun
müavini olacağam. Evə “Kommunist” qəzeti
gələn kimi atamın əlindən alıb döşəməyə
sərər, qarnı üstə uzanıb sərlövhələrini
oxuyardım. Sözlərin çoxunun mənasını
başa düşmürdüm. O qədər sual verirdim
ki, anam suallarımdan təngə gəlmişdi. İlk yazdığım söz “Stalin” sözü
olub. Mənasını bilmirdim, amma qəzetin
hər səhifəsində bu sözə rast gəlirdim.
Birinci sinfə gedəndə “a” hərfini
uşaqlara keçən Ceyran müəlliməyə əlifbanı
əzbər söylədim. Vurma-bölməni əzbər
deyəndən sonra Ceyran müəllimə direktorla
danışıb mənim birbaşa 2-3-cü sinifdə
oxumağa hazır olduğumu söylədi. Amma sinifdən-sinfə
keçmək uzun proses olduğundan direktorun məsləhəti
ilə elə birinci sinifdə qalası oldum. İş
elə gətirdi, birinci sinifdə oxumaq nəsibim olmadı.
Birinci rübün sonunda həyətimizdəki it məni elə
günə saldı ki, bir il xəstəxanada
yatdım. O vaxtdan əlli beş il
keçsə də, dəhşətli hadisənin nişanələri
hələ də bədənimdədir”.
“Ağladım
ki, şəklimi Şərəf lövhəsinə
vurmayın”
M.Süleymanzadə
bir il sonra ikinci sinfə gedəndə
dodağı çapıq olduğu üçün
utandığından heç güzgüyə də
baxmadığını deyir: “Sonra yavaş-yavaş taleyimlə
barışdım, uşaqlara qaynayıb-qarışdım.
Bir il dərsə getməsəm də, əlaçı
idim. Şəklimi şərəf lövhəsindən
asmaq istəyirdilər, ağladım ki, mənim şəklimi
vurmasınlar. Çünki dodağım
çox eybəcər görünürdü. Həsənağa
müəllim dedi ki, şəklimi elə çəkəcək,
dodağım bilinməsin. Digər uşaqlardan
fərqli olaraq mənim şəklim profildən çəkildi”.
Musiqiyə,
rəssamlığa həvəsi olduğunu deyən
müsahibimizin yazıları və çəkdiyi şəkillər
dördüncü sinifdən etibarən uşaq mətbuatında
dərc olunmağa başlayır: “Yeddinci sinifdə oxuyanda
respublika mətbuatında da yazılarım
çıxdığından artıq tanınırdım. Hətta məktəbi qurtarmamış, son siniflərdə
“Yeni Şirvan” qəzetindən məni işə dəvət
etdilər”.
Yol idarəsində
ilk maaş
Əmək fəaliyyətinə 7-ci sinifdən
başlayır. Dərs qurtaran kimi yol idarəsinə gedib
rəssamlıq edir. Dediyinə görə,
Bakıdan Şamaxıya qədər olan yoldakı
bütün yol işarələrini o vaxt öz əlləri
ilə çəkib. Bunun müqabilində isə hər
ay 65 rubl maaş alıb: “Bununla ailəmə
böyük kömək olurdum. O vaxt atam qəza səbəbindən
qoltuq ağacı ilə gəzdiyindən işləyə bilmirdi.
Bütün ağırlıq anamın
üstündə idi. Evdə 5 qardaş
idik, bibimin 2 qızını da biz saxlayırdıq. Çox çətin idi”.
Uşaqlıqdan minnət götürməyi
xoşlamadığını deyən həmsöhbətimiz
şəkil çəkmək üçün lazım olan rəngləri,
kətanı, kağızı, fırçanı heç
kimə ağız açmadan həmişə maaşı
ilə aldığını deyir. Kinoya olan həvəsinə görə
axşamlar maaşının bir hissəsi ilə “Şirvan”
kinoteatrının bir seansını da buraxmırmış:
“Seanslara gedərkən bir gün yuxarı çıxıb
filmin necə göstərilməsi ilə maraqlandım. Orada işləyənlər marağımı
görüb təklif etdilər ki, hər gün gedib onlara
kömək edim, əvəzində elə yuxarıdaca pulsuz
kinoya baxım. Onlara kömək edə-edə
kinomexanikliyi öyrəndim. Bunun sayəsində
uzun illər kinoteatra gələn bütün filmlərə dəfələrlə
baxmaq şansı qazandım. Çox vaxt
heç işçilər işə gəlmirdilər, mən
özüm hər şeyi quraşdırıb
tamaşaçılara kino göstərirdim. Nəticədə təklif etdilər ki, yol idarəsində
rəssamlıq işindən çıxım və 10 rubl
artıq maaşla kinoteatrda işləyim. Beləliklə,
səkkizinci sinifdə işimi dəyişdim. Axırda
pullarımı toplayıb balaca bir kinoproyektor aldım,
kinoteatrdan gətirdiyim lent qırıqlarını, səssiz
kadrları həyətimizdə qonşularımıza göstərməyə
başladım, özü də izahını da verirdim. 100-ə
yaxın adam həyətimizə
yığılırdı. Bəziləri hətta
buna görə mənə pul da verirdi”.
Yol idarəsində işləyərkən isə
M.Süleymanzadə ilk maaşına evlərinə televizor
alır və bu, ailənin həyatına yaxşı mənada
rəng qatır.
Qızların
diqqətini cəlb etmək üçün pəhləvan
olur
Güclü
mütaliəsi səbəbindən yuxarı siniflərdə
oxumaq ona maraqsız gəlir: “Bir çox müəllimlərim,
xüsusilə, ədəbiyyat müəllimim xahiş edirdi
ki, dərsə girməyim. Çünki elə
suallar verirdim ki, bəzən cavab verə bilmirdi”.
Mətbuatda dərc olunan, radioda səslənən
yazılarının müqabilində yaxşı qonorar
aldığını deyən həmsöhbətimizin
sözlərinə görə, bəzən bu vəsait
ata-anasının birgə maaşından da artıq
olarmış.
Rəssamlıqdan, yazı-pozu işindən əlavə,
pəhləvanlıq etməyi də varmış.
M.Süleymanzadənin sözlərinə görə, Şamaxıda
diqqəti cəlb etmək, qızların hörmətini
qazanmaq üçün iki yol var idi – ya gərək pəhləvan
olaydın, ya da yaradıcılıqla məşğul
olaydın: “Mən bu sahənin ikisi ilə də məşğul
idim. Güləş üzrə dəfələrlə
Azərbaycan, Zaqafqaziya birinciliyini qazanmışdım. Sonradan zədələndiyimdən güləşi
davam etdirmədim”.
Bir
günlük tələbə
Aktyorluq
qabiliyyəti də olan M.Süleymanzadə səkkizinci sinifdən
Şamaxıdakı Xalq Teatrının, demək olar,
bütün tamaşalarında müxtəlif rollarda
oynayır: “Səhnə fəaliyyətim məni səhnəyə
bağlasa da, aktyor deyil, rejissor olmaq istəyirdim. Buna görə 10-cu sinfi bitirəndə sənədlərimi
İncəsənət İnstitutunun rejissorluq fakültəsinə
verdim. Bütün imtahanlardan yüksək
qiymət alsam da, müsabiqədən keçə bilmədim.
O vaxt rejissorluq fakültəsinə cəmi yeddi yer var idi. Bundan sonra sənədlərimi şərqşünaslıq
fakültəsinə təqdim etdim. İki “4”, iki “5” lə
buraya da qəbul ola bilmədim. Qəbul komissiyasından məni
çağırdılar və dedilər ki, qiymətlərimə
əsasən, məni Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna köçürüblər. Sentyabrın 1-də dərsə getdim. Müəllimlər gəldilər, özlərini təqdim
etdilər, dərs deyib getdilər, mənsə bütün
günü düşündüm ki, dörd ildən sonra
buranı bitirib ədəbiyyat müəllimi işləyəcəm.
Bəs mənim arzularım, xəyallarım necə
olacaq. Elə həmin gün dərs
qurtarandan sonra avtobusa minib Şamaxıya qayıtdım və
bir daha sözügedən instituta getmədim. Ailəmdə buna görə böyük
narazılıq yarandı, məndən inciyib küsdülər”.
“Gecəni
vağzalda avtobusda yatdım”
Sonra hərbi
xidmətə yollanan M.Süleymanzadə qayıdandan sənədlərini
ailəsindən gizli indiki Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinə verir: “Hərbi xidmət
keçdiyimə görə sənədlərimi rahatlıqla
jurnalistika fakültəsinə götürdülər. Qabiliyyət imtahanına minə yaxın
yazımı apardım. Dedilər, “sən
hazır jurnalistsən”. Sabahısı
gün birinci imtahan idi. Evdə demədiyimdən
qabiliyyət imtahanından çıxıb daş
maşını ilə 1 rubla Şamaxıya qayıtdım.
Çünki avtobusla getmək üçün
pulum yox idi. Sabahısı gün yenidən
daş maşını ilə Bakıya gəldim. İmtahana 30 dəqiqə gecikdim. Üst-başım toz içində idi. Qapıdakı nəzarətçilər
buraxmırdılar ki, gecikmişəm. Narazılığımı
bildirdim. Bu vaxt bəxtimdən imtahan
komissiyasının üzvlərindən biri universitetə
daxil olarkən nə baş verdiyini soruşdu və vəziyyətdən
hali olandan sonra nəzarətçilərə məni
buraxmalarını tapşırdı. Auditoriyanı
tapdım və lövhədəki sərbəst mövzunu
birbaşa ağlama vərəqinə 15 dəqiqəyə
yazdım. Çıxmaq istədiyimi desəm
də, qoymadılar ki, camaata 2.5 saat bəs etmir, niyə mən
tez çıxıram”.
Sabahısı yazı imtahanından keçənlər
ədəbiyyatdan imtahana girməli idilər. Qalmağa yeri
olmadığından M.Süleymanzadə avtovağzala gedib səhər
yola düşəcək avtobuslardan birinin qapısını
aralayıb orada yatır. Gecənin bir aləmində kimsə
qapını açıb onu görür və burada nə
etdiyini soruşur: “Gördüm, çox səs-küy
salır, cibimdən çıxarıb 20 qəpik verdim və
dedim ki, 2-3 saatdan sonra çıxıb imtahana gedəcəm. Səhər gəldim ki, mənə “4” yazıblar.
Şikayət edəcəyimi və səhvimin nədən
ibarət olduğunu göstərmələrini tələb
etdim. Tofiq Rüstəmov imtahan
komissiyasında məsul katib idi. Məni
onun yanına apardılar. Yazımda hər
şey normal idi, bircə ifadənin altından dalğalı xətt
çəkilmişdi. İfadənin
düz olduğunu və bunu nə üçün çəkdiklərini
soruşdum və qiymətimi düzəltmələrini tələb
etdim. Tofiq müəllim məni birtəhər
yola gətirdi ki, səs-küy salmayım. Beləliklə, ədəbiyyat imtahanına girdim.
Sual Qoqolun yaradıcılığından idi və
mən bircə cümlə də bilmirdim. Yadımda qalan yalnız Cəlil Məmmədquluzadənin
Qoqol haqqında dediyi “Allah sənə rəhmət eləsin,
Qoqol” cümləsi idi. Başladım Mirzə
Cəlilin yaradıcılığından danışmağa
və arada da onun Qoqol haqqında dediyi fikri təkrarladım.
Müəllimlərin başı
qarışıq idi, görürdülər ki, mən nəsə
danışıram. Sonda komissiyanın üzvlərindən
biri gülümsəyərək “4” aldığımı
dedi. Sevinməkdən başqa əlacım yox
idi. Beləliklə, imtahanların
hamısından keçib universitetə qəbul oldum”.
“Şirməmməd
müəllimə dərsdən də vacib olduğunu dedim”
Jurnalistika fakültəsində oxuduğu ilk gündən kursu başa vuranacan universitetdə lider olduğunu deyir: “Universitetə daxil olandan televiziyada “Televiziya tələbə klubu” verilişinin aparıcısı oldum, hər həftə ekrana çıxırdım. Universitet komsomol komitəsinin üzvü idim. Müxtəlif qəzetlərlə əməkdaşlıq edirdim. Tələbə vaxtı güzəranım çox yaxşı idi. Bilmirdim, pulumu hara xərcləyim. Televiziyadan 200 rubla yaxın qonorar alırdım. Üstəlik, qəzetlərdən də qonorarım olurdu. Fəal tələbə kimi isə mənə 46 rubl təqaüd verilirdi”.
Tələbəlik dövründə boş vaxtlarını necə keçirməsinə gəlincə, deyir ki, o vaxtkı qaydalara görə, tələbələr teatrlara müraciət edir və il boyu tamaşalara baxa bilmək üçün onlara nisbətən ucuz qiymətə biletlər verilirdi: “Buna görə də Opera və Balet, Akademik Dram, Gənc Tamaşaçılar, Musiqili Komediya teatrlarında göstərilən tamaşaların hamısına baxırdıq. Kinoya getməyi də xoşlayırdıq. Çox vaxt dərsdən qaçıb “Azərbaycan”, “Araz” kinotetrlarına gedirdik. Çoxlu qonorar aldığıma görə qrupumuzun bütün qızlarını kinoya dəvət edirdim. Bir dəfə Şirməmməd müəllimin dərsindən qaçıb kinotetra getdik. Şirməmməd müəllim dərsə gəlməməyimizin səbəbini soruşdu. Dedim, vacib işimiz var idi. Dərsdən vacib olub olmadığını soruşdu. “Dərsdən də vacib idi” cavabını verəndə, qayıtdı ki, “daha sənə sual verməyəcəyəm, o şey ki, dərsdən vacibdir, düz edib getmisiniz”. İndi də aradabir Şirməmməd müəllimin yadına həmin hadisəni salıram”.
Lalə MUSAQIZI
Kaspi.-2014.-1 avqust .-S.21.