Azərbaycan və Gürcüstan mədəniyyətinə xidmət edən muzey

 

Mirzə Fətəli Axundzadənin sağlığında Tbilisidə inşa etdiyi və həyatının sonuna kimi yaşadığı ev-muzeydən reportaj

 

Gürcüstanın Gənclər və İdman Nazirliyi (GİN) yanında Uşaq və Gənclərin İnkişafı Fondunun (UGİF) maliyyə dəstəyi, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyətinin Tbilisiyə səfəri zamanı paytaxtdakı bir çox yerləri gəzmək imkanımız oldu. Amma Azərbaycan xalqının ictimai-siyasi və ədəbi-mədəni həyatında müstəsna rol oynamış, böyük dramaturq və mütəfəkkir alim Mirzə Fətəli Axundzadənin məzarı və ev-muzeyinin ziyarəti isə duyğusal anlarla yadda qaldı. Belə ki, Tbilisidə olarkən Nəbatat bağına baş çəkdik. Gürcülərin Botanika bağı da adlandırdıqları sözügedən ərazi paytaxt şəhərin ən hündür yerlərindən biridir. Biz Tbilisidəki yeganə müsəlman məscidinin yanından keçib üzü yuxarı uzanan yolla hərəkət etdikcə, şəhər aşağıda qalır və buradan paytaxta gözəl mənzərə açılırdı. Həm bu mənzərəni, həm də müxtəlif növ ağacları seyr edə-edə nəhayət ki, gəlib müsəlman qəbiristanlığını tapdıq. Qəbiristanlıqda M.F.Axundzadə başda olmaqla Mirzə Şəfi Vazeh, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Eynəli bəy Sultanov və Azərbaycanın digər görkəmli ədəbiyyat, mədəniyyət, elmictimai-siyasi xadimlərinin məzarlarını ziyarət etdik, ruhlarına dua oxuduq.

 

Bir qədər burada vaxt keçirdikdən sonra M.F.Axundzadənin inşa etdiyi və həyatının sonuna kimi yaşadığı ev-muzeyə yollandıq. Qeyd edim ki, hazırda muzey olaraq fəaliyyət göstərən mədəniyyət müəssisəsi əvvəllər sadəcə görkəmli ədibin evi kimi tanınıb. Amma 1982-ci ildə M.F.Axundzadənin 170 illik yubileyinin keçirilməsi ilə əlaqədar Gürcüstan hökuməti qərar qəbul edib. Həmin qərara əsasən Gürcüstan Elmlər Akademiyasının Ədəbiyyat, Tarix və Fəlsəfə İnstitutları M.F.Axundzadənin ədəbi və fəlsəfi irsinə həsr olunmuş birgə sessiya keçirib, Konstantin Leselidze – 25 ünvanında büstünün açılışı olub, Tbilisi şəhərində küçələrdən birinə onun adı verilib. Eyni zamanda xatirəsinin əbədiləşdirilməsi məqsədilə 1982-ci ilin iyun ayında yazıçının ev-muzeyinin təntənəli açılışı olub. Elə o vaxtdan da M.F.Axundzadənin evi muzey kimi də fəaliyyət göstərməyə başlayıb. Lakin 1990-cı illərdə SSRİ-də cərəyan edən hadisələr, xüsusən də Gürcüstanda baş verən vətəndaş müharibəsi muzeyin fəaliyyətinin dayandırılması ilə nəticələnib. Yalnız 1993-cü ildə Gürcüstan hakimiyyətinin qərarı ilə muzeyin statusu özünə qaytarılıb. 1996-cı ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Gürcüstanda rəsmi səfərdə olarkən bu muzeyə də gəlib, yeni ekspozisiyaların açılışında iştirak edib. Onun muzeyi ziyarət etməsindən sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin yaradılması qərara alınıb.18 yanvar 2007-ci ildə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin imzaladığı sərəncamla isə muzeyə İctimai Hüquqlu Hüquqi Şəxs statusu verilib və mədəniyyət müəssisəsi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi adlandırılıb.

 

Paytaxt Tbilisinin Vaxtanq Qorqasali 17 ünvanında yerləşən bu mədəniyyət müəssisəsi şənbə və bazar günləri istisna olmaqla, hər gün səhər saat 10:00-dan axşam 18:00-dək ziyarətçilərin üzünə açıqdır. Hər bir kəs muzeylə daha yaxından tanış olmaq üçün 5 laribizim pulla 2 manat 50 qəpik ödəyib içəri daxil ola, bələdçinin müşayiəti ilə eksponatlar barədə ətraflı məlumat ala bilər. Eksponatlar barədə məlumat verməzdən əvvəl qeyd edək ki, muzeyə gələn ziyarətçiləri giriş qapısının bayır hissəsində M.F.Axundzadənin baralyefi, foyedə isə görkəmli ədibin büstü qarşılayır. Bununla bərabər, foyedə Gürcüstan və Azərbaycanın bayraqları, gerbləri asılıb, muzey barədə 3 dildə məlumat almaq üçün elektron tablolar quraşdırılıb. İkinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş pilləkənlərin yuxarı hissəsində - divarda isə M.F.Axundzadənin nəhəng portreti asılıb.

 

Muzeyin direktoru Leyla Əliyevanın nəvəsi, hazırda mədəniyyət müəssisəsində elmi işçi kimi çalışan Leyla Əliyeva bizə bələdçilik edən zaman bildirdi ki, ötən illər ərzində muzeyin ekspozisiyası bir neçə dəfə yenilənib. Xüsusən də 1996 və 2005-ci illərdə muzeyin binası təmir olunub, burada yeni ekspozisiyalar qurulub. 2012-ci ildə isə M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə muzeydə təkrar əsaslı təmir həyata keçirilibbina hal-hazırkı vəziyyətə salınıb. Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmış M.F.Axundzadənin ev-muzeyinin ekspozisiyasına gəlincə, bu, foye ilə bərabər, altı zaldan ibarətdir. “Azərbaycan mədəniyyəti” adlanan birinci zal qədim və zəngin Azərbaycan mədəniyyətinə həsr olunub. Burada Azərbaycanın milli geyim nümunələri və xalq sənətinin müxtəlif sahələrinin, o cümlədən dulusçuluq, zərgərlik, xalçaçılıq, daş, ağac, sümük və dəri emalının nümunələri ilə tanış olmaq olar. Azərbaycanın məşhur rəssam və bəstəkarlarının fotoşəkillərini və onlar haqqında qısa məlumatları da görmək mümkündür.

 

“M.F.Axundzadənin həyat və yaradıcılığı” adlanan ikinci zal adından da göründüyü kimi M.F.Axundzadənin həyat və yaradıcılığını əks etdirir. Bu zalda ədibin 1812-ci il iyunun 30-da Nuxa (indiki Şəki) şəhərində anadan olduğu evin maketi, ailə üzvlərinin fotoşəkilləri və onun əlyazmalarının surətləri nümayiş olunur. Yeri gəlmişkən, qeyd edək ki, M.F.Axundzadə 1812-ci ildə Şəkidə anadan olsa da onun həyat və fəaliyyəti əsasən Gürcüstanla bağlıdır. Belə ki, o, 1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüb, 13 yaşınadək İran Azərbaycanının müxtəlif bölgələrində yaşayıb, 1825-ci ildə anası ilə təkrar Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparıb. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şairfilosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla yekunlaşmayıb və bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib. Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olubbir il burada təhsil alıb. 1834-cü ildə isə o, Tbilisiyə gedib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub. Ömrünün sonuna qədər bu vəzifədə çalışan M.F.Axundzadəyə 1873-cü ildə polkovnik hərbi rütbəsi verilib. Azərbaycan dramaturgiyasının banisi kimi tarixə düşən M.F.Axundzadə 1878-ci ildə Tbilisidə vəfat edib və Nəbatat bağındakı müsəlman qəbristanlığında dəfn edilib. 1970-ci ildə onun məzarı üstündə heykəli ucaldılıb.

 

Qonaq (xatirə) otağı” adlanan III zalda M.F.Axundzadənin qonaq otağının surəti əks olunub. Bu otağın interyeri arxiv materialları arasından aşkar edilmiş köhnə fotoşəkil əsasında bərpa edilib. Burada M.F.Axundzadə ilə sıx təmasda olan görkəmli insanların, şair və yazıçıların şəkilləri təqdim olunub. Onlar arasında Aleksandr BestujevMarlinski, Qriqol Orbeliani, Mixail Lermontov və başqalarının adlarını sadalamaq olar.

“M.F.Axundzadə və Azərbaycan musiqisi” adlandırılan IV zalda Azərbaycan musiqisinin məşhur simalarının, onların ansambllarının, eləcə də o dövrdə keçirilən konsertlərin afişalarının fotoşəkillərini görmək olar. Burada Azərbaycanın bir neçə milli çalğı aləti – tar, kamança, saz, qaval da nümayiş etdirilir.

 

“M.F.Axundzadənin (xatirə) otağı” adlandırılan V zalda yazıçının şəxsi əşyaları saxlanılır. Onların sırasına yazı masası, kitab dolabı, divar saatı, lampa və sairlər daxildir. Bu otaqda Mirzə Fətəli bir çox dəyərli işlər görüb. Burada həmçinin onun müxtəlif illərdə müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətlərini də görmək mümkündür. Eyni zamanda bu zalda ziyarətçilər M.F.Axundzadənin bədii yaradıcılığa “Səbuhi” təxəllüsü ilə başlaması, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsi kimi “Aldanmış kəvakib”, “Sərgüzəşti Mərdi-Xəsis” (Hacı Qara), “Hekayəti Molla İbrahimxəlil Kimyagər”, “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadüguni Məşhur”, “Sərgüzəşti Vəziri-Xani Lənkəran”, “Hekayəti Xırsi-Quldurbasan” əsərlərini yazması, bununla da Azərbaycan dramaturgiyasının əsasını qoyması barədə geniş məlumat əldə edə bilərlər.

 

Nəhayət muzeyin VI zalı “Azərbaycan-Gürcüstan dostluğu” adlanır. Əsasən Azərbaycan və Gürcüstan heykəltaraşlarının qarşılıqlı dostluq münasibətlərini əks etdirən əsərlərin nümayiş olunduğu zalda ziyarətçilərə Tbilisi şəhərindəki Heydər Əliyev adına bağın, M.F.Axundzadənin adını daşıyan məktəb və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və oradakı “Dostluq abidəsi”nin fotoşəkilləri təqdim olunur.

 

Ümumiyyətlə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində gördüklərimiz onu deməyə əsas verir ki, burada dramaturqun ədəbiyyat, elm, fəlsəfə, maarif və mədəniyyət sahəsində xidmətlərini təcəssüm etdirən əşyaları, eyni zamanda Azərbaycanın zəngin maddi və mədəni irsini təbliğ edən digər eksponatlar nümayiş olunur. M.F.Axundzadənin sağlığında istifadə etdiyi xatirə əşyaları isə qiymətli sərvət kimi qorunur, gələcək nəsillərə çatdırılır. Bununla yanaşı, muzeydə Nəriman Nərimanova, Mirzə Cəlil Məmmədquluzadəyə məxsus xatirə əşyaları, Gürcüstan-Azərbaycan mədəni əlaqələrini əks etdirən fotomateriallar, kitablar, sənədlər, elmi və bədii ədəbiyyatın Azərbaycan dilində nəşrləri də saxlanılır.

Elmi işçi Leyla Əliyeva bizimlə söhbətində onu da bildirdi ki, 2008-ci ildən Muzeyin nəzdində Mədəniyyət Mərkəzi yaradılıb. Əsasən Gürcüstanda yaşayan azərbaycanlılar arasında mədəni-maarif işləri ilə məşğul olan Mərkəzdə musiqi və rəqs dərnəyi, rəsm, xalçaçılıq, incəsənət, kompyuter, Azərbaycan milli çalğı alətləri kursları, həmçinin Azərbaycan, gürcüingilis dilləri üzrə kurslar fəaliyyət göstərir. Eyni zamanda Muzeydə “Divani-Hikmət” Ədəbi Fəlsəfi Məclisi yaradılıb. 2009-cu ilin may ayında isə Mərkəzdə Azərbaycan dilli kitabxana açılıb. Kitabxanada çoxlu sayda Azərbaycan yazıçılarının, eləcə də xarici yazıçıların əsərləri var. Kitabxananın məqsədi oxucuları Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış etməkdir. Bütövlükdə muzeydə çoxsaylı sərgilər, konfranslar, anım tədbirləri də keçirilir.

 

Rufik İSMAYILOV

Bakı-Tbilisi-Bakı

Kaspi.-2014.-16 avqust.-S.16.