Burda tarix yaşayır, burda tarix qorunur

 

 

 

Ulu dağların daş sinəsinə söykənən qədim yurd yerimiz: Tənənəm

 

Şərur rayonunun Tənənəm kəndi qədimliyi yaşadan və maddi-mədəniyyət nümunələri ilə seçilən yaşayış yerlərindəndir. Naxçıvanda ən qədim insan məskəni sayılan və dəniz səviyyəsindən 1.500 metr yüksəklikdə olan «Qazma mağarası» kənddən 3 kilometr cənub-şərqdə yerləşir. Mustye mədəniyyəti dövrünə - eramızdan 100-80 min il əvvələ aid edilən bu abidənin nəinki Azərbaycan, həmçinin, dünya arxeologiyasında ilk insan məskəni kimi özünəməxsus yeri vardır. Mağara girəcəkdə 6 metr və hündürlüyü 2 metr olan dəhliz şəklində uzanır. 12-ci metrdə 2 qola ayrılır, qurtaracağı ilə girişi arasındakı hündürlük fərqi isə 10 metrə çatır. İndiyədək abidənin 6 mədəni təbəqəsində arxeoloji qazıntılar aparılmışdır. Tapılmış 17 mindən çox heyvan sümüyü götürülərək öyrənilmiş, onların bəzilərindən ov və əmək alətləri kimi istifadə edildiyi müəyyənləşmişdir. Bunlarla yanaşı, abidədən tapılmış 874 ədəd, o cümlədən, 780 ədədi dəvəgözü, 93 ədəd çaxmaq daşı, 1 ədəd tuf daş məmulatlar da maraqlıdır. Məmulatlar arasında istehsal tullantılarının tapılması mağara sakinlərinin burada daşdan və heyvan sümüklərindən müxtəlif alətlər hazırladığını göstərir. Əmək alətləri əsasən, qaşovtipli alətlərdən və itiuclulardan ibarətdir. Onlar forma və xüsusiyyətlərinə görə Azıx və Tağlar Daş dövrü abidələrindən əldə olunmuş əmək alətləri ilə bənzərlik təşkil edir.

 

Kəndin yuxarı hissəsində «Piri-Süleyman» ziyarətgahı var. Vaxtilə həmin qəbir abidəsinin üzərində hansı dövrə və kimə aid olmasını göstərən kitabə olmuş və bu kitabədə «Piri-Süleyman» yazıldığı aydınlaşmışdır.

 

Hazırkı ərazidən, eləcə də ətraflardan aşkar olunmuş yaşayış yerlərinin qalıqları, nekropollar da sübut edir ki, kənd çox qədim insan məskənidir. «Tənənəm» yaşayış yeri eyni adlı kəndin əhatəsində yerləşir və ərazidə tapılmış çəhrayı rəngdə bişirilmiş şirli və sadə saxsı qab məmulatları «Tənənəm» yaşayış yerinin XIV-XVIII əsrlərə aid olduğu qənaətini təsdiqləyir.

 

Hər tərəfdən dağlarla əhatə olunan qaya üzərində yerləşmiş «Cənnətqaya» yaşayış yeri də kəndin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Adıçıkilən yerə tutduğu ərazinin adı ilə «Ağzirət», yaxud «Qəsəbə» də deyirlər.

 

Kəndin qədim insan məskəni olduğunu təsdiqləyən digər bir abidə isə «Qarouş» (bəzi tədqiqatçılar bura «Qaraquş» da deyirlər) yaşayış yeridir. Bu ünvan Tənənəm kəndinin Şimal hisəssindədir. Yaşayış yeri iki dərədə yerləşmişdir və indi mövcud olmayan bir dağ çayının hər iki sahilini əhatə edir. Deyilənlərə görə, buradakı dağ çayı elə gur axırmış ki, bu taydan o taya keçmək o qədər də asan deyilmiş. İndi həmin çayın yatağında çağlayan «Ağbulaq», «Qoşabulaq» və «Xan bulağı»ndan kənd sakinləri içməli su kimi istifadə edirlər.

 

Tənənəmin tarixinin qədimliyinə daha bir sübut e.ə. III və II əsrlərə aid edilən və kəndin Cənub-şərq qurtaracağında, uzunsov bir təpənin üzərində yerləşmən «Tənənəm nekropolu»dur. Nekropolun Şərqində «Divlər», cənub-şərqində isə «Şəndin» deyilən yerlər mövcudur. Bu yerlərdə qədim insanların yaşadığını göstərən məskənlərin qalıqları vardır.

 

Yerli sakinlərin və arxeoloqların dediyinə görə, kəndin hansı yerini qazırsan, çox qədim əmək alətləri, küp qəbirlər çıxır. Şübhəsiz ki, bu qəbirlər daha qədim dövrlərdən soraq verən tapıntılardır. Hətta bəzi küp qəbirlər çox böyük olub və onun içərisində iki insan dəfn edilib. Bəzi küplərdən isə taxılın saxlanması üçün istifadə edilirmiş. Bu gün Tənənəm qədimliyi qoruyub saxlamaqla tariximizə öz işığını salır.

 

Müasirlikdən nəsibini alan kənd

 

Naxçıvan Muxtar Respublikasında xalqa, doğma torpağa olan məhəbbətin bariz ifadəsini saymaqla qurtaran deyil. Əyalət mərkəzindən xeyli uzaq, dağların qoynuna sığınan yaşayış məntəqələrində də bunu görmək mümkündür. Qeyd edək ki, son 15-20 ildə bütün kəndlərimizdə geniş quruculuq tədbirləri həyata keçirilir. Belə kəndlərdən biri də Tənənəmdir.

 

Rayon mərkəzindən 24 kilometr, Naxçıvan - Sədərək avtomagistralından 9 kilometr aralıda yerləşən Tənənəmə bir az kənardan tamaşa edəndə kəndi sanki qucaqlamış hündür dağ daha əzəmətli görünür. Dərələyəz silsiləsinin Şimal-Qərb yamacında, Tənənəmdən 750 metr Şərqdə yerləşən bu dağın hündürlüyü 1.623 metrdir və ilin çox vaxtı zirvəsi qarlı olur.

 

Tənənəmin flora və faunası, heyvanat aləmi də zəngindir. Qarouş adlı ərazidə (indi dövlət qoruğudur) dağ keçisi, dağ qoyunu, ayı, bəbir, qaban, canavar, tülkü, çaqqal… gəzir, kəkliklər, göyərçinlər uçur, dağlarında ələyəz, əvəlik, çiriş, ağ pencər, qırxbuğum, kəklikotu və s. dərman bitkiləri bitir.

 

Kəndə daxil olarkən əvvəlcə ikimərtəbəli məktəb binası diqqəti cəlb edir. Bu təhsil ocağını bitirənlərin çoxunun xoş sədası elm ocaqlarından, dövlət idarəçiliyi sistemindən, istehsalatın müxtəlif sahələrindən gəlir. Tarix elmləri doktoru, professor Əli Həsənov, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Sona Vəliyeva, Naxçıvan Dövlət Universiteti hüquq fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Qərib Allahverdiyev, filologiya üzrə fəlsəfə doktorları - Naxçıvan Dövlət Universitetinin müəllimi Seyfəddin Eyvazov və Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlı, fizika üzrə fəlsəfə doktoru, Orxan Cəfərov, bitkiçilik üzrə fəlsəfə doktoru, Nemət Həsənov, bir neçə bədii kitabların müəllifi Ələddin Eyvazov və başqaları Tənənəm kəndində dünyaya göz açmış və ilk təhsillərini buradakı məktəbdə almışlar.

 

Kənd məktəbinin direktoru Nazim Eyvazovun dediklərindən:

- Dövlət qayğısından bizim kəndə də pay düşmüşdür. Bir-neçə il bundan əvvəl istifadəyə verilmiş 192 şagird yerlik məktəbimiz 11 sinif otağından, fizika və kimya laboratoriyalarından, fənn kabinələrindən ibarətdir. Azərbaycan Prezidentinin sərəncamlarına müvafiq digər ümumtəhsil məktəblərində olduğu kimi, bizim ocağında da elektron lövhəli iki sinif otağı yaradılmış, 5 ədəd kompyuter dəsti quraşdırılıb müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Kitabxanamızda 3 min ədəd dərslik və bədii ədəbiyyat vardır.

 

Onu da öyrəndik ki, ötən dərs ilində məktəbi 6 şagird bitirmiş, onlardan 4-ü ali məktəb tələbəsi adını qazanmışdır. Məktəbdən xoş təəssüratla ayrılıb, «Kənd mərkəzi» adlanan yerə gəldik. Burada ərazi icra nümayəndəliyinin, kitabxananın, klubun, tibb məntəqəsinin, polisin sahə müvəkkilinin, ATS-in, poçt bölməsinin və digər təşkilatların yerləşdikləri müasir tipli binanın ətrafı tamamilə abadlaşdırılmışdır.

 

Bir vaxtlar kənd adamlarının əlçatmaz arzu hesab etdikləri telefon xəttinin çəkilişi də reallığa çevrilib. Bu gün tənənəmlilər internet xidmətindən də yetərincə bəhrələnirlər. Kəndə göstərilən digər bir qayğı isə son illərə qədər mövcud olan içməli və suvarma suyu probleminin həllidir. Qeyd edək ki, bu iş də asan başa gəlməyib, yaşayış məntəqəsinə dağlardan iri diametrli borularla su kəməri çəkilib, 700 min kubmetr tutumu olan su anbarı tikilib, anbardan bütün həyətlərə xətt çəkilib.

 

Tükənməz bu kəndin varı-dövləti

 

İnzibati ərazi dairəsi üzrə nümayəndə Həsən Qafarovla elə kənd mərkəzində görüşdük. O, məlumat verdi ki, Tənənəmin ümumi ərazisi 3 min 841 hektar, əhalinin sayı 798 nəfərdir. Torpaqlar özəlləşdirilərkən 134 hektar əkinəyararlı sahə xüsusi mülkiyyətə verilmiş, 4 hektar dövlət mülkiyyətinə, 3 min 703 hektar bələdiyyəyə saxlanmışdır. Sakinlər əkinçilik, meyvəçilik, heyvandarlıq və arıçılıqla məşğul olurlar. 2014-ü ildə də bu sahələr kənd adamlarının iqtisadiyyatına xeyli gəlir gətirib: 510 ton taxıl, 29 ton kartof, 100 ton tərəvəz, 150 ton meyvə və s. istehsal olunub.

Qeyd etdiyimiz kimi, tənənəmlilərin əsas məşğuliyyət sahələrindən biri də dağlıq ərazilər üçün xarakterik olan heyvandarlıqdır. Kənddə 446 baş qaramal, 2 min 654 baş davar bəslənilir. Bura həm də arıçılıq üçün əlverişlidir və hazırda kənddə 210 arı ailəsi saxlanılır.

 

Bütün həyətlərdə gözəl meyvə bağları var. Hər il bazarlara on tonlarla keyfiyyətli məhsul çıxarır. Meyvəçilikdən söhbət düşəndə ira nümayəndəsi 80 yaşlı Səriyyə Allahverdiyevanın adını xüsusi vurğuladı. Dedi ki, onun bişirdiyi tut doşabının əvəzi yoxdur. Bu el ağbirçəyi ilə görüşüb həmsöhbət olduq. Səriyyə nənənin söylədiklərindən:

 

- Gözümü açandan həyətimizdə iri gövdəli tut ağacları görmüşəm. Evimizdən isə heç vaxt tut qurusu və tut doşabı əskik olmayıb. Tut Böyük Vətən müharibəsi illərində insanlara gərək olub, onları aclığın caynağından xilas edib. Şirni, şəkər tapılmadığından çayı tut qurusu ilə içmişik. Dərdlərin dərmanı, yaraların məlhəmi olan tut doşabı bu yerlərdə daha çox bişirilir. Həkimlərin sicilləmə dərmanla dolu reseplərinə pul xərcləməkdən daha sərfəlisi, Vallah, tut doşabıdır. Doşabı və ondan hazırlanan xörəkləri yeyənlər heç bir xəstəlik tapmazlar. Əvvəllər qış aylarında daha çox xəşil, tərhalva bişirilərdi ki, onlar da doşabsız olmazdı. Şəhriyar demişkən, kənd əhli bilir ki, doşabsız xəşil olmaz. Yadımdadır ki, qarajiyəri ağrıyan adamlara da səhər-səhər müəyyən miqdarda doşab içməyi məsləhət görərdilər. Doşab xəmiri irinli yaraların qənimidir. Əvvəllər ürək-damar xəstəliklərində dava-dərmandan çox, tut qurusu insanların dadına çatardı. Neçə ki, ömrüm var, tut doşabı bişirəcəyəm. Kim bilir, bəlkə də elə bu sinnə çatmağımın səbəbi daha çox tut qurusu və tut doşabı yeməyimdir.

 

Xalçalar analarımızın ürəyinin hərarətidir

 

Tənənəmdə xalçaçılıq sənəti geniş yayılıb. Uzun illər burada, əsasən, payız-qış aylarında hər evdə hana qurular, xalça toxunar, qızlara cehiz hazırlanardı. Xalçaların hər birinin də öz naxışı və öz müəllifi olardı. Ona görə də yalnız xalqımıza məxsus xalçalar bizdən başqa heç kəsə sirr verməzdi. İllər ötdükcə müasir elmi-texniki yeniliklərin tətbiqi, xalçaların sənaye üsulu ilə toxunması bu qədim sənətə fərdi ehtiyacı bir qədər azaltdı. Amma zaman sübut edir ki, xalqın hələ qədimlərdən yaratdığı nə varsa o, bu gün də öz qiymətini saxlayır. Bəlkə elə bu səbəbdəndir ki, dövrümüzə qədər gəlib çatan xalçaçılıq sənəti bu gün də Tənənəmdə analarımızın-nənələrimizin əlinin sığalı ilə, ürəyinin istisi yaşadılır. Təbii ip, boya, əriş, arğac vasitəsilə yaranan xalçalar öz keyfiyyəti ilə də əvəzolunmazdır. Milli mədəniyyətimizi və xalq sənətini bir nəsildən digərinə daşıyanlar zaman-zaman gözəl xalçalar toxuyub araya-ərsəyə gətiriblər. Kənddə yaşayan hətta gənc qızların belə bu sənətə marağı çoxdur. Son illər qədim el sənətinin biliciləri xalça toxumaq üçün məşğulluq orqanları ilə müqavilələr bağlayıb dəzgah, alətlər, əriş, arğaj və rəngli iplər alırlar. Əsasən, kiçikölçülü xalçaların yalnız Naxçıvan bölgəsinə aid naxışlarla toxunmasına diqqət yetirilir. Təkcə bu il kənd sakinləri Güllər Salmanova və Məlahət Həsənova hər biri 2, Nazilə Allahverdiyeva isə 1 xalça toxuyaraq rayon məşğulluq mərkəzinin xətti ilə satış-sərgilərə təqdim ediblər.

 

Səltənət Həsənova xalçaçılığın sirlərini qızlarına, nəvələrinə də həvəslə öyrədir. Xalçaçı qadının əl işləri doğurdan da tərifəlayiqdir. Onun dediklərindən:

- Xalçalarımızın bənzərsizliyinin bir sirri də bu dağ kəndində bəslənən qoyun-quzulardan yunudur. Həmin yundan əyrilib hasilə gətirilən iplər yeddi rəngin min bir çeşidinə bürünüb ev-ev xalçalara daşınır, palazlara hopdurulur. Belə xalça-palazlar kənd evlərinin Günəşə açılan pəncərələrindən daha cazibədar görünür. Çünki bu xalçaların ilkin yaradıcısı elə özümüzük. Analarımız, nənələrimizin ürəyinin hərarəti, barmaqlarının izi yaşayan bu xalçalar əvəzsiz sənət əsərləridir. Bizim vəzifəmiz isə qədimdən xalqımıza məxsus olan bu sənətin indiki dövrdə yaşadılması, gələcək nəsillərə çatdırılmasıdır.

 

Çox yaşamağın hikməti

 

Dağlar arasında, yaşıllıqlar qoynunda yerləşən Tənənəm əsrlərdir ki, sakinlərini öz nemətləri ilə yaşadır. Tanrı təmiz dağ havası, dupduru bulaq suyu, uzunömürlülük payı qismət edib bu kəndin sakinlərinə. Hazırda Tənənəmdə yaşı 80-100 arasında, hətta 100-dən çox olan 40-a yaxın sakin yaşayır. Burada təbiətin sirri-sehri adamı heyrətləndirir. Tənənəmlilər uzunömürlüyün hikmətini kəndin təbiətində, bu yerlərin saf havasında-suyunda görürlər. 102 yaşlı Bəyim Qəribova onu da dedi ki, qocalıq bir köynəkdir, çalış əyninə geymə, geysən çıxara bilməzsən, bu kənddə qocaldım deyib, qocalığa əl verəni görməmişik. Hansı yaşda olursa-olsun, adamlar əkin-tikindən, mal-qaraya qulluqdan qalmır, yoruldum demirlər. «Qaraqaya»dan qalxan Günəşi də ilk salamlayan qocalar olurlar. Onlar halal zəhmətdən güc alır, gümrahlıq tapırlar. 90 yaşlı Əli Salmanov isə bildirdi ki, bu kənddə hər kəs illik ruzisini malından, heyvanından, bağından, bağçasından, əkindən, biçindən tədarük edir. Qışa vaxtında hazırlaşırıq ki, şaxta düşəndə, dağların başını qar alanda heç nədən korluq çəkməyək.

 

Tənənəmin ahıl sakinlərindən biri də 95 yaşlı, nəvəli-nəticəli Qəndab nənədir. Kənddə hamı onu dilli-dilavər, hazırcavab, adət-ənənələrimizin bilicisi kimi tanıyır. Qəndab nənə deyir ki, əvvəllər toxumu yerə ağsaqallar, kəndin sayılıb-seçilən kişiləri səpərdilər. Çünki torpaq halallıq sevir, gərək toxumu halal kişi əksin ki, bolluq olsun. Kəndin qoca kişiləri payız gələnə yaxın hətta dağların döşlərini, yamacları cütlə şumlayar, öküzlə, kəllə tapanlayar, buğdanı torpağa əllə səpərdilər. Biçinlə, döyməklə, sovurmaqla isə cavanlar məşğul olardılar. Toxumu torpağa əlibərəkətli, torpağın dilini bilən adam əkirdisə, onda hamı inanırdı ki, sünbülün dəni bol olacaq, xırmanda buğda tayları bir-birinə söykənəcək.

90 yaşlı Gülü nənə isə deyir ki, Tənənəmdə ta qədimlərdən ağbirçəyə hörmət, ağsaqqala ehtiram olub. Ailələrdə gəlinin gəlin yeri, nəvənin nəvə yeri, oğulun da ki, öz yeri var. İndi də bu ənənə davam edir, ədəb-ərkana sahib olmayanı kənd qınayır, öyüd-nəsihət verir. Böyüklər gənclərə həmişə yaşamağın təhərini, qaydasını öyrədirlər. Bizdə elə adətlər var ki, yalnız özümüzə məxsusdur və respublikamızın heç bir yerində rast gəlməzsən. Bir misal çəkim: Kəndin nişanlı qızlarının toyda iştirak eləmələri üçün məclis sahibi musiqiçiləri onların yaşadığı evin qapısına göndərir və zurna-balabanla məclisə dəvət edir. Hazırda Tənənəmdə gəlinə parça aparma adəti də yaşamaqdadır. Şərur yallıları isə kənd toylarında daha çox ifa olunan rəqslərdəndir.

 

Kənddə qonağa xüsusi ehtiram göstərilir və o, evin baş tərəfində əyləşdirilir. Bundan əlavə, sakinlər xeyirdə-şərdə bir-birinə dayaq olur, keçirilən mərasimlərdə cavanlı-böyüklü hər kəs bir nəfər kimi iştirak edər.

 

Tənənəmlilər həm də sinədəftərdirlər. Burada kimi dindirsən, çoxlu xalq yaradıcılığı nümunələri danışacaq, hər kəlməbaşı bir el misalı çəkəcək, fikirlərini ata-babalarımızdan bu günümüzə gəlib çatmış müdrik kəlamlarla izah etməyə çalışacaqdır.

 

Közərən ocaqlar

 

…Axşama doğru Tənənəmdən ayrılırıq. Ətraf payızın ahəngdar sakitliyinə bürünüb. Gurhagur yanan qaz sobaları evlərə istilik gətirir, elektrik lampaları dağ kəndinin gecəsini də gündüzü kimi nurlu edir. Bəzi həyətlərdə təndirə dastana, çırppa salınır. Çatılan ocaqlardakı közərən odun üzərində bişirilən kartof-soğan kababı, şişlərə düzülən əmlik quzuların buğlanan əti yolçunu yoldan eləyir. Alçalı-ərikli umacaşının, güncütlü qovurğanın, qovudun ətri də bir tərəfdən adamı bihuş edir. Tənənəmdə həm də elə bir ev tapmazsan ki, payızdan hazırlanıb saxsı küpələrə, şirli qablara yığılıb qış üçün tədarük edilən yağlı dana, yaxud qoyun qovurması, ovulub yaydan torpağa basdırılmış çaşırlı, nanəli küpə pendiri olmasın. Həmin ləziz yeməklərdən dadmaq bizim də könlümüzdən keçdi. Elə kənd sakinləri də buraxmaq istəmirdilər. Amma artıq gec idi…

 

Düşünürdük: Buraların necə də gözəl mənzərələri, özünəməxsus adət-ənənələri var. Ucsuz-bucaqsız meşəlikləri, bərəkətli torpağı, gözoxşayan gözəllikləri, könülaçan və zümzümə ilə axan bulaqları, kəhrizləri olan kənddə yaşamaq dünyanın ən böyük xoşbəxtliklərindəndir. Elə Tənənəm kəndinin sakinləri kimi…

 

Cəfər ƏLİYEV,

Elman MƏMMƏDOV,

Şərur rayonu   

Kaspi.- 2014.- 3 dekabr.- S.9-10.