Paris sirləri

 

Səttar Bəhlulzadənin görmədiyimiz əsərləri

 

Paris şəhəri gözəl coğrafi mövqeyə, landşafta malik maraqlı bir ərazidə yerləşib. Eyfel qülləsinin sonuncu mərtəbəsindən onu seyr edəndə bütün şəhər elə bil ovcunun içindədir. Parisin gecələri də füsunkar və cəlbedicidir. Eyni nöqtədən – yəni Eyfel qülləsinin sonuncu mərtəbəsindən bu şəhəri seyr edəndə elə bil nəhəng bir çilçırağa baxırsan. Bəli, Parisin gecələri çox işıqlı olur. O qədər işıqlı olur ki, bəzən gecə ilə gündüzü dəyişik salırsan.

 

Şəhər boyu dolana-dolana axıb gedən Sena çayı, eləcə də ucu-bucağı görünməyən Yelisey çölü, onun üstündə tikilmiş Zəfər tağı, küçə ətrafında inşa edilmiş qədimdən-qədim yaşayış evləri bu gözəlliyə yeni bir çalar gətirib onu daha da zənginləşdirir. Bir sözlə, Paris dünyanın ən gözəl və bahalı şəhərlərindən biridir. Burada yaşamaq elə də asan deyil. Gərək çoxlu pulun olsun ki, burada yaşamağa duruş gətirə biləsən. Amma bütün bu çətinliklərə baxmayaraq, dünya ölkələrinin hər yerindən bura daim axın var. Parisdə ayrı-ayrı irqlərdən, millətlərdən olan müxtəlif çeşidli insanlar yaşayırlar. Qəribədir ki, çətin də yaşasalar, bu şəhərdə özlərini olduqca xoşbəxt hesab edirlər. Görünür, bu, onların həmin şəhərə hədsiz sevgilərindən irəli gəlir. Bu həqiqətən də belədir. Bunu mən əslən Baltikyanı ölkələrdən olan və Fransa qəzetlərindən birində çalışan Edit Domarkaytenin timsalında gördüm.

 

Parisn bütün künc-bucağını, küçələrini, meydanlarını, əntiq mallar mağazalarını, muzeylərini, hətta kafelərini belə yaxşı tanıyan Edit bütün məqamlarda bu şəhər barədə vurğunluqla, ağızdolusu danışır. Deyir, dəfələrlə başqa ölkələrdən mənə yüksək maaşlı iş təklif edilib, amma getməmişəm. Ona görə getməmişəm ki, çətinliklə məskunlaşdığım bu bənzərsiz şəhəri həmişəlik itirə bilərəm. Mən isə bu şəhərdə yaşamağın nə qədər çətin olduğuna baxmayaraq onu itirmək istəmirəm.

 

Editi çoxdan tanıyıram. Dünya ədəbiyyatı, incəsənəti, musiqisi ilə maraqlanır. Parisdə dünya incəsənəti ilə əlaqədar çox maraqlı bir kitabı nəşr edilib. Ədəbiyyatla, musiqi ilə əlaqədar kitabçaları çap olunub. Bu istiqamətdə araşdırma və tədqiqatlarını davam etdirir. Əslən Baltikyanı ölkələrin birindən, daha dəqiq desək, Litvadan olan ata və anası bir vaxtlar Vilnüsdən Parisə mühacirət ediblər. Edit Parisdə dünyaya gəlib. Litva, fransaz, ingilis və rus dillərini çox gözəl bilir. Özü də həddindən artıq çevik və mübarizdir. Necə deyərlər, əsl kapitalist mühitinin adamıdır.

 

Onunla Parisdə üç dəfə görüşmüşük. İlk dəfə 1996-cı ildə, ikinci dəfə 1998-ci ildə, üçüncü dəfə isə 2000-ci ildə. Bu görüşlərimizin üçü də çox maraqlı keçib. O, mənim Luvr, Jorj Pompedu və Dekorativ Sənətlər muzeylərinə, eləcə də məşhur əntiq mallar mağazalarına səfərlərim zamanı ən yaxşı bələdçim olub. Şərq incəsənəti ilə dərindən maraqlandığı və mənim Bakıdan olduğumu bildiyi üçün məni həmişə Şərqlə əlaqədar əntiq mallar mağazalarına, məşhur muzeylərin şərq bölmələrinə, eləcə də şəxsi qalereyalara aparıb.

 

Mən onun köməkliyi ilə Parisin əntiq mallar mağazalarında və şəxsi qalereyalarda Güney və Quzey Azərbaycanla əlaqədar çox qiymətli sənət nümunələri ilə üzləşmişəm. Mənim üçün ən yaddaqalan an cənab Aynardın və Lüvinin şəxsi kolleksiyalarında, eləcə də Yelisey çölündə və Onere de Balzak küçəsində yerləşən əntiq mallar mağazasında baş verən görüşlərimiz olub.

 

Həmin şəxsi kolleksiyalar və əntiq mallar mağazaları buradakı qədim əşya və malları ilə çox zəngin olan yerlərdir. Burada Şərqdə istehsal edilmiş qədim xalçalar, qızıl məmulatları, xalq yaradıcılıq nümunələri, müxtəlif dövrlərdə meydana gəlmiş təsviri sənət əsərləri xüsusi üstünlük təşkil edir. Biz diqqətimizi çəkən və indi də mübahisə obyektinə çevrilən bir rəssamlıq nümunəsindən söz açmaq istəyrik. Bu Aynardın şəxsi kolleksiyasında saxlanılan və «Mənzərə» adı ilə tanınan rəngkarlıq əsəridir. Çox qəribədir ki, əsərin nə arxasında, nə də təsvir yerləşən hissədə heç bir imza, tarix və qeyd yoxdur. Bir sözlə, onun kim tərəfindən çəkildiyi bəlli deyil. Bəlkə də bu qalereya sahibi Aynarda müəyyən mənada bəllidir, amma ona sərfəli olmadığına görə açıb ağartmır?! Amma «Mənzərə» adını daşıyan bu əsər o qədər gözəldir ki, onun müəllifinin kim olduğundan asılı olmayaraq elə ilk görüşdəcə insanı valeh edib diqqətini çəkir.

 

Açığını deyim, mən ilk dəfə 1996-cı ildə bu əsərlə üzə-üzə gələndə böyük rəssamımız Səttar Bəhlulzadənin özəl rənglərini, dəst-xəttini, poetik əhval-ruhiyyəsini hiss etdim. Amma bu barədə birbaşa danışmağa ehtiyatlandım. Ona görə ki, mən son dövrlərdə Azərbaycanda Səttar Bəhlulzadə yaradıcılığını təqlid edən bir neçə rəngkarlıq nümunəsi ilə üzləşmişdim. Əvvəlcə mənə elə gəlmişdi ki, bu əsərlər Səttarın ilk yaradıcılıq nümunələrindəndir. Amma həmin əsərləri diqqətlə saf-çürük edəndən sonra yəqin etmişdim ki, bunların hamısı Səttarı təqlidin təzahürləridir. Elə buna görə də, problemin görünməyən, amma daha maraqlı olan tərəfinə baş vurmağa çalışdım. Və bu işdə Edit mənim ən yaxşı, ən cəfakeş yardımçım oldu.

 

Məni daha çox bu əsərin haradan gəldiyi, kimdən alındığı və müəllifinin kim olduğu maraqlandırırdı. Edit məni bir baxışdan o saat başa düşdüyü üçün elə Aynardla söhbətini bu məcraya yönəltdi:

- Müsyo Aynard, çox təbii ki, bu əsər fransız rəssamlarına aid deyil. Əgər belədirsə, bu əsərin haradan gəldiyi, müəllifinin kim olduğu, kimdən alındığı barədə bizə məlumat verməyiniz yaxşı olardı…

Fransızlar, xüsusilə kommersiya ilə məşğul olan fransızlar belə sorğu-sualları, belə söhbətləri xoşlamırlar. Onların işgüzar söhbətlərdən, xeyir gələn danışıqlardan xoşları gəlir. Elə-belə, boş-boşuna söhbətləri vaxt itkisi hesab edirlər. Məhz elə bu səbəbdən də bərk əsəbləşdi. Özündən asılı olmayaraq deyinməyə başladı:

- Siz mənim vaxtımı alırsınız, işləməyimə mane olursunuz. Boş-boşuna danışmaqdansa konkret iş görmək lazımdır. Əgər araşdırma, tədqiqat aparmaq istəyirsinizsə dövlət muzeylərinə, qalereyalarına müraciət edin…

Fransızların milli psixologiyalarına dərindən bələd olan Edit şirin dilini işə saldı:

- Müsyö Aynard, siz məni yaxşı tanıyırsınız və çox gözəl bilirsiniz ki, həmişə sizə yaxşılığım dəyib. Və mənim vasitəçiliyimlə xeyli miqdarda pul qazanmısınız. Güman edirəm ki, bu əsərin haradan gəldiyi, hansı rəssama məxsus olduğu və kim tərəfindən verildiyi barədə müfəssəl məlumat verəsiniz. Əgər bunu etsəniz həmişəki kimi yenə də qazana bilərsiniz…

 

Editin «Qazana bilərsiniz» sözü elə bil birdən-birə onda maraq yaratdı. Birdən-birə elə dəyişdi elə bil bir az bundan əvvəlki qəzəbli adam deyildi. Qayğıkeşliklə üzünü Editə tərəf tutub dilləndi:

- Əsərin haradan gəlməsi, müəllifinin kim olması barədə əlimizdə heç bir məlumat yoxdur. Amma kimdən almağımız yaxşı bəllidir. Onu bizə bir vaxtlar Fransa Mədəniyyət Nazirliyində fotoqraf işləmiş Jorj adlı bir nəfər təqdim edib. Artıq o qocalıb, 80 yaşı var. Qulaqları ağır eşidir, ayaqları yaxşı işləmir. Elə bu səbəbdən də, evindən bayıra çıxmır. Bu küçədə yaşayır. Məndə evinin telefon nömrəsi var. İstəsəniz görüşüb söhbət də edə bilərsiniz. Çox maraqlı həmsöhbətdir.

 

Edit telefonu götürüb elə Aynardın şəxsi qalereyasından onu zəng edib görüş üçün vaxt təyin etməyə çalışdı. Jorjun qulağı ağır eşitdiyi üçün söhbət düz on, on beş dəqiqə davam etdi. Çox çətinliklə onunla razılığa gəlib sabah axşam saat 6-ya vaxt təyin etdi. Səhəri gün mağazadan bir şampan şərabı, bir qutu da şokalad götürüb Jorjun evinə yollandıq. Evi tapmaqda çox da çətinlik çəkmədik. Çünki Balzak küçəsində 200 metrlikdə, özü də gözəçarpan yerdə idi. İkinci mərtəbəyə qalxıb qapının zəngini çaldıq. Handan-hana qapını yaşlı bir qadın açdı. Əvvəl bizi soyuq qarşıladı. Amma sonra gözü Editin əlindəki şampan şərabına və bir qutu şokalada sataşıb tamam dəyişdi. O saat bu görüşün işgüzar və xeyir gətirən görüş olduğunu anlayıb yalançı təbəssüm və maneralar göstərməyə başladı. Edit rus dilində mənə dedi ki, fransızlar qonaq-qara xoşlamırlar. O vaxt xoşlayırlar ki, onlarla görüşə əlidolu gələsən. Biz çox düz elədik ki, əlidolu gəldik. İnşallah, söhbətimiz uğurlu olacaq. Nəsə Jorjdan bir şey öyrənə biləcəyik.

 

Nə isə, qədim masa arxasında əyləşdik. Jorjun həyat yoldaşı mətbəxə çay, qəhvə hazırlamağa keçdi. Biz divar boyu vurulmuş bir neçə rəssamlıq nümunəsinə və Jorjun bədii üslubda çəkdiyi fotolara tamaşa etdik. Bu fotolar çox sənətkarlıqla çəkilmişdi. Həm maraqlı kompozisiyaya, həm də olduqca dəyərli fikir tutumuna malik idilər. O saat hiss edilirdi ki, Jorj elə-belə fotoqraf olmayıb, sözün həqiqi mənasında yaradıcı fotoqraf olub. Bu sahədə öz dəst-xətti ilə seçilib.

 

Biz bu fikirlər aləmində ikən Jorj öz otağından çıxıb əsanın köməkliyi ilə biz əyləşən yerə yaxınlaşdı. Görüşüb «xoş gəldiniz» etdikdən sonra masanın yuxarı başında əyləşdi. Ağır eşitdiyi üçün qulağında eşitmə cihazı vardı. Aydınca hiss edilirdi ki, havaya çıxmadığı üçün sir-sifəti tamam avazıyıb. Həm də nədənsə çox yorğun görünür. Təbii ki, bütün bunlar uzun sürən xəstəliklərin buraxdığı nişanələr və əlamətlər idi.

Edit o saat anladı ki, Jorjla uzun müddət danışmaq, bölüşmək mümkün olmayacaq. Ona görə vaxtı itirməyib birbaşa mətləbə keçdi:

 

- Müsyö Jorj, cənab Aynardın şəxsi kolleksiyasında «Mənzərə» adlı bir rəngkarlıq nümunəsi ilə rastlaşdıq. Dedi, həmin əsəri siz ona təqdim etmisiniz. Deyə bilərsinizmi həmin əsəri siz haradan əldə etmisiniz:

Editin sualı onun xoşuna gəlmədi və buna görə də öz narazılığını bildirdi:

-Cənablar, bu məhkəmə suallarıdır, yoxsa bir əsrin tarixçəsini bilmək marağı?

Edit gülə-gülə cavab verdi:

-Təbii ki, bir əsərin tarixçəsini bilmək marağı!..

Jorjda arxayınlıq və əminlik yarandı. Elə bu səbəbdən də sualı sual ardınca yağdırmağa başladı:

-Əvvəla deyin görüm, siz hansı ölkədən Parisə təşrif gətirmisiniz? Bu əsəri təftiş edib araşdırmaqda məqsədiniz nədir? Və məndən istəyiniz nədir?

Edit təbəssüm göstərib dilləndi:

-Hər ikimiz yazı-pozu adamlarıyıq. Mən Parisdə yaşayıram və fransız qəzetlərinin birində çalışıram. Qonağım isə keçmiş sovetlər birliyindəndir. Bakı şəhərində yaşayıb dövlət televiziyasında işləyir. Bu əsərlə maraqlanmağına səbəb onun müəllifinin kim olması, harada yaranması və sizin əlinizə necə düşməsidir…

Jorj xeyli fikrə gedib sonra cavab verdi:

-Cənablar, mən artıq çox qocalmışam. Yaddaşım heç də əvvəlki yaddaş deyil. Sizə müfəssəl cavab vermək üçün gərək arxivimi araşdıram. Bu isə xeyli vaxt tələb edir…

Mən özümü saxlaya bilməyib dilləndim:

- Müsyö Jorj, mən sabah Bakıya yola düşürəm. Gəlin elə edək ki, məsələ indi öz həllini tapsın.

O, xeyli fikrə gedib sonra həyat yoldaşını səslədi:

-Süzan, mümkünsə mənim arxivimin 60-cı illərinin sonlarını əhatə edən hissəsini gətir…

Bir neçə dəqiqədən sonra Süzan əvvəlcə bizə qəhvə, ardınca isə fotoqraf ərinin 60-cı illərin sonlarına aid lentləri və bu lentlərdən çıxarılıb səliqə ilə alboma düzülmüş şəkilləri gətirdi. Jorj sevinə-sevinə dedi:

- İndi gəlin bu albomu vərəqləyək. Orada mənim keçmiş sovetlər ölkəsinə səfərim zamanı çəkilmiş şəkillər toplanıb.

Edit gülə-gülə zarafata keçdi:

- Müsyö Jorj, bu şəkillərin mətləbə nə dəxli var?

O, elə bil Editin nə dediyini eşitmədi. Ona görə üzünu ona tərəf tutub dedi:

- Siz nə isə dediniz. Zəndim məni aldatmırsa siz şəkillərin bu məsələyə aidiyyatı olmadığını söylədiniz. Amma böyük səhv edirsinz. Şəkillərin bu problemin çözülməsində böyük rolu olacaq. Çünki rəngkarlıq nümunəsinin harada yaranması, müəllifinin kim olması bəlli olmasa da onun yarandığı məkan, rəssamın vüzual görüntüləri mənim fotolarımda öz əksini tapıb. Güman edirəm ki, siz bu yolla həmin rəssamı tanıyacaq, əsərin ona aid olub-olmamasını biləcəksiniz.

 

Ağlabatan təklif idi. Ona görə səbrimizi basıb albomu vərəqləməkdə davam etdik. Bir neçə səhifədən sonra Bakı mənzərələrindən müxtəlif görüntülərlə, Fransa mədəniyyət xadimləri ilə Azərbaycan mədəniyyət xadimlərinin görüşlərinin, eləcə də rəssam Toğrul Nərimanbəyovla, Səttar Bəhlulzadənin emalatxanalarının ümumi görünüşləri bu və ya digər əsərlərinin iri və xırda planda fotoları, rəssam Toğrul Nərimanbəyovun və Səttar Bəhlulzadənin müxtəlif rakurslardan çəkilmiş şəkilləri ilə üz-üzə gəldik. Bir anın içində hər şey aydınlaşdığı üçün mənim ovqatım tamamilə dəyişdi. Özümdə yeni güc, enerji və nikbinlik hiss etdim. Həssas sənət sahibi olan fotoqraf Jorj bunu o dəqiqə sezdi. Və gülə-gülə dedi:

 

- Deyəsən, axtardığınızı tapdınız?

Mən məmnun halda cavab verdim :

- Müsyö Jorj, çox sağ olun, çəkdiyiniz şəkillərin bizə çox böyük köməyi dəydi. İndi bizi bu rəngkarlıq nümunəsinin necə Parisə gəlib çıxması daha çox maraqlandırır. Bəlkə bununla əlaqədar bir açıqlama verəsiniz.

O, nəm-nüm etdi. Xəstəliyini bəhanə gətirib yorğun olduğunu söylədi. Həmişəki kimi yenə də Edit şirin dilin işə saldı:

- Müsyö Jorj, sizin sənətiniz humanist sənətdir. Həmişə çalışmısınız ki, insanlara sevinc bəxş edəsiniz. Və zaman-zaman buna nail olmusunuz. İndi fotoqraf kimi fəaliyyət göstərmirsiniz. Keçmiş xatirələrlə yaşayırsınız. Keçmiş sovetlər birliyinə - xüsusi ilə Bakıya rəsmi səfərinizin təəssüratlarını bizimlə bölüşsəniz bilirsiniz neçə milyon insanı məmnun və xoşbəxt edərsiniz.

Bu sözlərlə Edit elə bil onu ovsunladı. Axşamdan xeyli keçməsinə baxmayaraq, nikbinliklə söhbətinə davam etdi. Amma söhbətə çox uzaqdan başladı:

- Mən uzun illər Fransanın Mədəniyyət nazirliyində fotoqraf kimi fəaliyyət göstərmişəm. Həmişə də nazirin xarici ölkələrə rəsmi səfərləri zamanı nümayəndə heytənin tərkibində olmuşam. Yadımdadır. 1969-cu ildə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bizi Sovetlər birliyinə rəsmi səfərə dəvət etmişdilər. Mən də bu rəsmi tərkibdə idim. Nümayəndə heyətinə Fransanın o vaxtkı Mədəniyyət naziri Andre Moloro rəhbərlik edirdi. O, Mədəniyyət naziri olmaqala yanaşı, həm də tanınmış yazıçı və sənətşünas idi. Çoxlu sayda bədii və elmi kitablar müəllifi kimi tanınırdı. Bir sözlə, həmin vəzifədə oturmağa mənəvi haqqı olan bir insan idi.

Nə isə, 1969-cu ildə Moskvaya gəldik. Bizi Mədəniyyət naziri qarşıladı. Moskvada qaldıq. Onun tarixi yerləri və muzeyləri ilə tanış olduq. Mədəniyyət və incəsənət xadimləri ilə görüşdük. Fransa və SSRİ Mədəniyyət nazirləri öz aralarında bir neçə xeyirli protokollara imza atdılar. Sonra bizi təyyarə ilə Moskvadan Bakıya yola saldılar. Düzdür, əvvəllər bir-iki dəfə Moskvada olmuşdum. Amma Bakı barəsində nə təsəvvürüm vardı, nə də onu görmüşdüm. Axır ki, Bakını da gördüm. Çox maraqlı Şərq şəhəridir. Qədimliklə müasirliyin sintezində qurulub.

 

Moskvadakı kimi burada da bizi Mədəniyyət naziri qəbul etdi. Oradakı kimi burada da həmin təntənələr, görüşlər eyni ilə təkrarlandı. Mədəniyyyət nazirliyində bizə bildirilidi ki, siz iki məşhur rəssamın emalatxanasında olacaqsınız. Onlardan birinin anası fransız qızı, atası isə müsəlmandır. Digər isə tamam müsəlmandır. Bakı ətrafı kənddə doğulub. Hər ikisi orijinal və maraqlı rəssamdır. Bizə elə gəlir ki, onlarla görüşdən çox məmnun qalacaqsınız…

 

Bakıda yüksək dövlət strukturlarının məmurları ilə görüşlərimiz başa çatdıqdan sonra bizi şəhirən içində olan qədim bir şəhərə apardılar. Çox qəribə idi, ətrafı daşla hasarlanmış bu balaca şəhər əvvəllər necə vardısa, eləcə də qorunub saxlanılımşdı. Dolanbac küçələri sanki labrinti xatırladırdı. Nabələd adam bu əski şəhərdə aza bilərdi. Hə, yaxşı yadıma düşdü, əski şəhərdə aşağı, dənizə yaxın hissəsində bir qala vardı. Onun tarixi, necə yaranması ilə əlaqədar bizə bələdçimiz ensiklopedik məlumat verdi. Həmin qala ətrafında dolaşan bir-iki əfsanəni xatırlatdı.

 

Eh, yaddaşım korşalıb, bu qalanın maraqlı bir adı vardı. Heyif yadımdan çıxıb. Qocalıq belədir də… getdikcə adamda unutqanlıq yaradır.

Mən tez dilləndim:

- Yəqin Qız qalasını deyirsiniz?!

O sevincək halda cavab verdi:

- Hə, Qız qalası…O vaxtlar mən onun şəklini də çəkmişəm. Hətta bu əski şəhərlə əlaqədar Parisn nüfuzlu jurnallarında reportajlarım da çap olunub. Şəkil belədir də, baxdıqca xatirələr baş qaldırır, olub-olmuşları xatırlayırsan, çox şeylər yadıma düşür. Bakıyla bağlı şəkillər də məndə həmin ovqatı yartadı. Mənim kimi yaddaşsız adamın elə bil birdən-birə yaddaşı bərpa olundu.

Edit hiss etdi ki, fotoqraf Jorjun danışmaq həvəsi artıb və belə getsə o bizi əsas məsələdən – rəssamlarımızın emalatxanalarına olan səfərləri barədə söhbətlərdən yayındırıb uzaqlaşdıra bilər. Elə ona görə də məsələni konkret qoydu:

 

- Müsyö Jorj, bəlkə indi də emalatxanalarında olduğunuz anası fransız, atası müsəlman və digəri Bakı ətrafı kənddən çıxan rəssamlarla görüşləriniz barədə danışasınız…

Müsyö Jorj elə bil birdən-birə yuxudan ayıldı:

- Hə, tamam unutmuşdum, məni bağışlayın. Biz Bakıda da iki gün qaldıq. Orada Tarix, İncəsənət muzeylərində olduq, gəmi ilə dəniz səyahətinə çıxdıq və iki rəssamın emalatxanasında olduq. Anası fransız, atası müsəlman rəssamın emalatxanasında olarkən görüşlərimiz çox uzun çəkdi. Nümayəndlə heyətinin başçısı, Fransanın o vaxtkı Mədəniyyət naziri Andre Moloronu bu rəssamın yaradıcılığı əməlli-başlı ovsunlamışdı. Onun milliliklə bəşəriliyin sintezində çəkilmiş əsərləri dünya incəsənətindən çox yaxşı başı çıxan naziri valeh etmişdi. Fransız rəssamları Sezanın, Renuarın, Qogenin, Van Qoqun, Modilyaninin orijinal əsərlərini görmüş bu adam dil boğaza qoymayıb hey onu tərfiləyirdi. Mən Andre Moloronun zövqünə yaxşı bələdi idim. O, heç vaxt onun zövqünü təmin etməyən yaradıcılıq nümunələrini öldürsən də tərifləməzdi.

Emalatxanada çox maraqlı bir məclis qurulmuşdu. Yemək masası üzərində Şərq mətbəxinə uyğun təamlar düzülmüşdü. Burada qoz, badam, fındıq, paxlava, şəkərbura, şampan və digər şərablar vardı. Nümayəndə heyətinin üzvləri yeyib-içir, mən isə müxtəlif rakurslardan onların, eləcə də emalatxanada diqqətimi çəkən tabloların, müxtəlif maraqlı epizodların, Andre Moloro ilə rəssamın söhbətlərini lentə alırdım. Rəssamın zahiri görkəmi də, geyimi də, davranışı da Şərqlidən çox avropalını xatırladırdı.Cəlbedici elitar bir görkəmi vardı.

Nə isə, bizim bu görüş və qonaqlığımız xeyli çəkdi. Birdən Andre Moloro saatına baxıb mülayimcəsinə dedi:

- Burada hər şey gözəldi, adam heç ayrılmaq istəmir, amma bizi başqa yerlərdə də gözləyirlər. Sağ olun, salamat qalın…

Nümayəndə heyətinin üzvləri hamısı ayağa durub hazır vəziyyətdə dayandılar. Elə bu vaxt rəssam arxaya keçib əvvəlcədən Andre Moloroya bağışlayacağı tablonu götürüb o dayanan tərəfə gəldi. Tablonu ona təqdim edib gülə-gülə dedi:

- Cənab Andre Moloro, bu da mənim sizə emalatxanama ilk gəlişinizdən və görüşümüzdən bir xatirə. Qoy Fransa-Azərbaycan mədəni əlaqələri möhkəm olsun!

Andre Moloro elə bil rəssamın bu hədiyyəsindən və təmtəraqlı sözlərindən vəcdə gəldi. Rəssamı qucaqlayıb bağrına basdı və əlavə etdi. Mən sizi Parisə dəvət edirəm. Yaxın vaxtlarda ölkəm adından rəsmi dəvət məktubum sizə çatdırılacaq.

Sonra ətrafına nəzər salıb köməkçisini və tərcüməçisini axtardı. Onları görüb rəssamın rəylər kitabı ilə maraqlandı. O saat emalatxanada böyük canlanma yarandı. Nazir buna məhəl qoymayıb təzədən stula əyləşib rəylər kitabına öz tarixi fikirlənrini həkk etdi: «Toğrul Nərimanbəyoun əsərləri böyük dəyərə malikdir. Onlar özlərində Şərq və Qərb mədəniyyətinin nadir sintezini yaradır».

 

Təsəvvür edin, mən bu emalatxanadakı görüşü və qonaqlığı anbaan izləyib lentə almışam. Aşkarladığım şəkillərdə kimlər yoxdur?! Fransanın o vaxtkı Mədəniyyət naziri Andre Moloro, rəssam Toğrul Nərimanbəyov və başqa tanıyıb tanımadığımız adamlar. Məqamıdır deyim ki, Toğrul Nərimanbəyovun adı mənim kimi hüşyar adamın heç vaxt yadında qalmaz. Buna səbəb o vaxt Andre Moloraya bağışladığı tablodakı imzası və bir də nazirin onun emalatxanasında rəy kitabına yazdığı ürək sözlərinin önündə qeyd etdiyi «Toğrul Nərimanbəyov» sözləridir. Bunlar hamısı mənim çəkdiyim fotoların hər birində öz əksini tapıb. Onlara baxan kimi həmin anlar, həmin səhnələr göz önündə canlanır.

 

Edit Jorjun söhbətini ikinci rəssamın emalatxanasında olan görüşə və qonaqlığa yönəltməyə çalışdı. O, isə şəkil albomunu vərəqləyib həmin anda lentə aldığı bəzi fotoları nəzərdən keçirməyə başladı. Səttar Bəhlulzadənin diqqət çəkən xarakterik portretini bizə göstərib sevincək halda sözə başladı:

- Rəsmi nümayəndə heyətmizin emalatxanasında olduğu ikinci rəssam bax bu idi. Onun adı, soyadı yadımda qalmayıb. Çünki o, heç bir əsərinə imza atmamışdı. Çəkdiyim əsərlərinin repraduksiyalarını dönə-dönə nəzərdən keçirmişəm. Heç birində imzası yoxdur.

 

Amma çox yaddaqalan xarakterik sifəti vardır. Sifəti sanki suzuluqdapn cadar-cadar olmuş, istidən mis rəngi almışdı. İri ala gözləri, həmişə sürüşüb sifətinə səpələnən uzun cod, çal saçları elə ilk görüşdəcə bu adamın rəssam olduğundan xəbər verirdi. Zahirən sakit görünən bu rəssam sən demə, daxilən çox qaynar imiş. Bunu emalatxanasında gördüyümüz mənzərə əsərlərindən də aydınca hiss etdik.

O, əsərlərini emalatxananın divar boyu düzmüşdü. Elə qoymuşdu ki, gələnlər çətinlik çəkmədən bütün əsərlərinə baxa bilsinlər. Tabloların bu cür düzülüşü mənim üçün də çox əlverişli idi. Çünki hamısını görürdüm və istədiyim əsəri lentə ala bilərdim. Amma məsələ orasında idi ki, burada xoşa gələn, ruhunu yerindən oynadan əsərlər olduqca çox idi. Heç bilmirdim hansını çəkim. Axırda belə qərara gəldim ki, hamısını lentə alım. Elə də etdim.

 

İncəsənəti, xüsusilə rəssamlıq sənətini çox yaxşı bilən Fransanın Mədəniyyət naziri Andre Moloro bu əsərlərin cazibəsindən sanki sehirlənmişdi. Hər bir əsəri diqqətlə nəzərdən keçirib onu müşayiət edən SSRİ Mədəniyyət nazirinin müavini Vladimir Popova nə isə deyirdi. Mən həmin anı lentə alanda ancaq bu sözləri eşitdim: «Realizm ab-havasından formalaşmış bu rəssam elə bil fransız impressionizm məktəbini keçib gəlib».

 

Hiss etdim ki, bu rəngkarın yaradıcılığı da əvvəlki rəssamın yaradıcılığı kimi Andre Moloronun çox xoşuna

gəlib. Ona görə çalışdım ki, nazirlə rəssamın hər bir görüş və söhbət məqamlarını lentə alım. Çünki bu yalnız nümayəndə heyətimiz üçün yox, həm də nazirin öz şəxsi arxivi üçün gərəkli idi…

 

Möhbəddin Səməd

Bakı-Paris-Bakı

1996-2014

Kaspi.-2014.-6-8 dekabr.-S.16-17.