“Bizi sərhədlər
ayırır, ürəklərimiz isə birdir”
Tanınmış iranlı kino
mütəxəssisi Afşin Əlizadə: “Azərbaycanın
yalnız köhnə filmləri haqqında yüksək təəssüratlarım
var”
Bu günlərdə rejissor Vahid Mustafayev mətbuat əhlini ətrafına cəm
edib, “Qanlı Yanvar” filmi haqqında onları məlumatlandırdı.
Filmdə yerli aktyorlarla
bərabər, İran, Türkiyə, Rusiya, eləcə də Amerikanın
tanınmış simaları da yer alıb.
Beynəlmiləl
heyətli “Qanlı Yanvar” filminin
hazırlanmasında iranlı aktyor, kino-operator Afşin
Əlizadənin də əməyi var.
Dünyanın bir çox
ölkəsində film çəkilişlərində
iştirak etmiş Afşin Əlizadə “Kaspi”
qəzetinə eksklüziv müsahibə verdi.
Biz eyni millətik
- Sizi
Azərbaycanda xoş gördük.
Afşin bəy, maraqlıdır, Azərbaycan
filmi ilə ilk
münasibətiniz necə yarandı?
- Bu mənim Azərbaycana ilk gəlişim deyil. Bir neçə il bundan öncə Vahid müəllim “Xoca” filmini çəkərkən də mən buraya gəlmişdim. Biz Vahid Mustafayevlə o vaxtdan tanış olmuşuq. Daha sonra Azərbaycan tamaşaçılarının sevimli kanalı olan ANS televiziyası ilə bəzi layihələrim olub. Artıq bu mənim Azərbaycan filmləri ilə üçüncü işimdir. Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Sevinirəm ki, mən yenidən bu doğma torpaqlardayam. Bunun üçün də Vahid Mustafayevə təşəkkürlərimi bildirirəm.
- İran
aktyoru, operatoru olaraq Azərbaycan filmləri haqqında
hansı fikirdəsiniz?
- Azərbaycanın yalnız köhnə filmlərini görmüşəm və onlar haqqında yüksək təəssüratlarım var. Ancaq yeni filmlərinizi demək olar ki, görməmişəm. Bir neçəsini izləsəm də, onlar haqqında yüksək fikirlər səsləndirməkdə çətinlik çəkirəm. Hesab edirəm ki, Azərbaycanda film sahəsinin inkişafı bir müddət zaman alacaq. Zamanla Azərbaycanda çəkilən filmlər yüksək standartlara cavab verəcək. Ancaq diqqətinizə çatdırım ki, yeni çəkdiyimiz “Qanlı Yanvar” filmi çox keyfiyyətli və səviyyəli filmdir. Eyni zamanda tarixi bir filmdir. Sözügedən filmin bütün yaradıcı heyəti - aktyorundan tutmuş xırda texniki işçisinə kimi hər biri işini bilən, peşəkar insanlardır.
- “Qanlı
Yanvar” filminin iştirakçısına çevrildiniz. Ümumiyyətlə, Azərbaycanın başına gətirilən
həmin o hadisələrdən
xəbərdar idinizmi?
- Əlbəttə, xəbərdar
idim. Mən getdiyim hər
bir ölkənin tarixi ilə maraqlanan insanam. Bu barədə oxumuşdum
və kifayət qədər də məlumatlıydım. SSRİ
dövründə və
SSRİ dağıldıqdan sonra Azərbaycanın tarixi ilə bağlı bir çox mütaliələr
etmişəm. Vahid Mustafayev
ssenarini mənə təqdim etməmişdən
öncə söylədi
ki, 20 Yanvarla bağlı film çəkmək
istəyirəm. Özüm də
İran azərbaycanlısı
olduğum üçün
bu barədə məlumatım var idi. Ümumiyyətlə, İranda yaşayan
bütün azərbaycanlılar
bu faciədən xəbərdardırlar. Çünki biz eyni millətik.
Çox
sevinirəm
- Vahid Mustafayevlə əməkdaşlığınız
necə yarandı?
- Onunla münasibətimiz “Xoca” filmi vasitəsilə
yarandı. Həmin filmdə Vahid
müəllimlə üç
ay birlikdə işləmişik.
İş prosesi zamanı
onun işləmək
rejimini çox bəyəndim. O kinonun
70 faizi gecə soyuqda, çöldə, çətin vəziyyətlərdə
çəkilib. Mən Vahid
müəllimin ruhunu,
baxışını, həssaslığını
o zamandan tanıdım.
Onun filmə olan baxışını anladım.
Çox
sevinirəm ki, Vahid müəllim məni yenidən öz filminə dəvət etdi. Hesab edirəm ki, yəqin “Xoca” filmində məndən razı qalıb ki, yenidən mənə müraciət
edib.
- İranda
Azərbaycanın hansı
aktyoru və yaxud rejissoru daha çox tanınır?
- Təəssüflər olsun
ki, hazırda İran xalqı Azərbaycan kino sahəsində çalışan
heç bir rejissoru və ya aktyoru tanımır.
Çünki İranda qadınların
açıqbaşlı və
ya hansısa bir məclisə getməsi kimi filmlərin nümayişi
qadağandır. Hökumət səviyyəsində İranda
qanunlar başqa cür işləyir.
Yəni elə səhnələr var ki, onları
İran tamaşaçısına
göstərmək mümkün
deyil. Ona görə də
azərbaycanlıların aktyor
və rejissorlarını
İran tamaşaçıları
tanımır. İran tamaşaçıları
yalnız KTV və dünya televiziyalarını
göstərə biləcək
yayımlar vasitəsi
ilə kinolara baxa bilirlər. O da məhdud şəkildə.
- Afşin bəy, bəs İrana döndükdən
sonra hansı işləri görəcəksiniz?
- İşlərim çoxdur. Bilirsiniz ki,
İran kinosu dünyada tanınıb.
Bizim ölkədə ildə
120-yə yaxın film çəkilir.
120 kinodan 60-70-i satılmaq üçün
çəkilən filmlərdir,
30-40 film isə festivallar
üçün nəzərdə
tutulur. Hazırda iki layihə
üzərində qərar
verməliyəm. Hələ ki
müqavilələri imzalamamışam.
Ancaq təkliflər gəlib.
İranın tanınmış rejissorları tərəfindən
mənə müraciət
olunub. Filimin biri Braziliyada
çəkilməlidir. 3-4 aydan sonra
yəqin ki, filmin çəkilişləri
üçün Braziliyaya
gediləcək. Mən isə
hələ qərar verə bilmirəm.
- Hazırda İranda hansı janrda çəkilən filmlərə üstünlük
verilir?
- İranda davamlı
olaraq müxtəlif janrlı filmlər çəkilir. Ancaq qeyd edim ki, orada hazırda
ictimai janrda daha çox filmlər çəkilir.
Həm tamaşaçılara görə,
həm də festivallara görə ictimai janra müraciət
edirlər. Yeni prezidentin
açıq baxışlarına
görə ssenaristlər
rahat şəkildə
ssenari yaza bilirlər, rejissorlar da onun kimi.
İranda maraqlı süjetlər
yazan ssenaristlərimiz
çoxdur. Onlar çox
cəsurdurlar. Dövlət tərəfindən qoyulan
qadağalara və qoyulan çətinliklərə
baxmayaraq, ssenaristlər
öz işlərini peşəkar şəkildə
görürlər. Bəzən olur
ki film çəkilir,
ancaq onun nümayişini qadağan
edirlər. Buna baxmayaraq, rejissorlar yorulmadan çəkirlər.
Onların hər zaman
başı ucadır.
- Bizə maraqlıdır, İran tamaşaçıları
Şimali Azərbaycan
hansı fikirdədirlər?
- Dünyanın 30-dan çox ölkəsində olmuşam. Hesabsız şəkildə dünyanın müxtəlif ölkələri ilə müqavilələrim, iş birliklərim olub. Ancaq görürəm ki, bu gün dünyanın İrana baxışı düz deyil. İnsanlar İrana qarşı başqa şey düşünürlər. Hesab edirlər ki, qadınlar yalnız evdə oturub yemək bişirməklə məşğuldurlar. Ancaq bizim peşəkar rejissorlarımızın əksəriyyətini qadınlar təşkil edir. Bizdə əsas hakim siyasətdir. Sizi əmin edirəm ki, İran haqqında dar düşüncələrə qapılanlar bir dəfə belə olsa, oraya gəlsələr, bütün fikirləri dəyişəcək. Necə ki mən buraya gəldim və Azərbaycan haqqında bütün fikirlərim dəyişdi. İranda hər bir vətəndaş bura gəlmək istəyir. Mənim öz anam da bura gəlmək istəyir. Çünki bizim digər yarımız burdadır. Mən heç zaman Azərbaycanı Şimala, Cənuba bölməmişəm. Şimali və Cənubi Azərbaycanın vətəndaşları eyni xalqın millətləridir. Bizi sadəcə bir sərhəd ayırır. Bir şeyi unutmayın ki, Cənubi Azərbaycanlıların könülü hər zaman öz qardaşlarında olub. Rejissorlar, aktyorlar, yaradıcı insanlar yaratdıqları əsərə hər zaman insani baxışla baxırlar. İran azərbaycanlıları da hər zaman buraya gəlmək, bacı-qardaşlarını görmək istəyirlər. Babam 1934-cü ildə Bakıdan İrana gəlib. Mənim qohumlarım buradadır. Sizin qohumlarınız oradadır. Bizi sadəcə sərhədlər ayırır, ürəklərimiz isə birdir.
Xəyalə Rəis
Kaspi.-2014.-6-8 dekabr.-S.8.