Dar günün
dostuyam
Mətanət
İsgəndərli: “Dizin-dizin
sürünsəm belə, heç kimə
xəyanət etmərəm”
Əməkdar artist Mətanət İsgəndərli
növbəti klipini sevənlərinin
ixtiyarına verdi. Belə ki,
ifaçı ötən həftə mətbuat nümayəndələrini
başına cəm edib, yeni
“Danışmayacağam” adlı klipini təqdim
etdi. Sevdiyi şəxsi
yarı yolda qoyan, nakam sevgidən bəhs edən klipdən
razı qaldığını söyləyən Mətanət
İsgəndərli “Kaspi” qəzetinə eksklüziv müsahibəsində belə hadisələrin
həyatda da baş verdiyini bildirdi.
Məndən xəbərsiz
klip çəkilmişdi
- Mətanət
xanım, sizdən belə bir klip gözləmirdik. Bizi
təəccübləndirdiniz...
- Mən hər zaman tamaşaçıları təəccübləndirməyi xoşlamışam. Klipin rejissoru Ceyhun Kərimov gənc olmağına baxmayaraq, çox istedadlıdır. Bir gün Ceyhun mənə yaxınlaşıb söylədi ki, mahnılarınızı çox bəyənirəm. Onlardan birini mənə həvalə etsəniz, gözəl bir klip hazırlayaram. Mən isə Ceyhuna hansı mahnımı istəyirsə, ona da klip çəkə biləcəyini söylədim. O isə mənim mahnılarımın biri-birindən maraqlı olduğunu bildirdi. Klipin çəkilişləri ilə özü məşğul oldu. “Danışmayacağam” çoxdan yazdırdığım bir mahnı olsa da, klipi yox idi. Bu klip məhz Ceyhun Kərimovun istəyi ilə çəkildi və meydana gəldi. Yenə də son söz tamaşaçılarındır. Gördüyünüz layihəyə klip deməzdim, buna qısametrajlı film deyərdim. Bu formada ilk dəfədir klip görürəm. Kliplə bağlı fikir çoxdan yaranmışdı. Lakin müxtəlif səbəblərdən reallaşdıra bilmirdik. Qismət indiyə imiş. Düzü, təqdimatını keçirib-keçirməmək məsələsində də xeyli düşündüm. Ancaq yaxşı ki, elədik. Nəticədən çox razıyam. Onu da nəzərinizə çatdırım ki, mənim “Taleyim” mahnıma da məndən xəbərsiz klip çəkilmişdi. Onun nə rejissorunu, nə də layihə rəhbərini tanımıram. Efirlərdə də həmin klip gedirdi.
- Klipin
süjet xəttində olan
belə bir hadisə ilə
qarşılaşsaydınız, necə addım
atardınız?
- Düşüncəsi olan şəxs doğrudan da fikirləşir ki, elə bir vicdansız insan olarmı? Adamın bütün dünyası boşalır. Bir anlıq dünya insanın başına uçur. Bu qədər vicdansızlıq, Allahsızlıq, insana yaraşmayan xasiyyət olarmı? Demək ki, burada sevgi yalan və saxtadır. Mən heç nə etməyib onu Allaha tapşırardım. Qadınlar hər zaman fədakar olur. Ən çox vəfasızlıq kişilərdə olur. Mən heç zaman elə bir Allahsızlıq etmərəm. Hər kəs yaxşı bilir ki, mən dar günün dostuyam. Dostlarım da təsdiqləyə bilər ki, hər zaman yıxılan adamın yanında olmuşam. Görsəm ki, hər kəs bir insanın başına toplaşıb, mən o zaman o insandan kənar gəzərəm. Təbiətim belədir.
- Mətanət xamım, özəl həyatınızda “onu heç vaxt atmaram” deyə biləcək birisi varmı?
- Nə sən məni atansan,
Nə mən səni unudan,
Qollarım beşik olsun,
Gəl uzan qollarıma.
Hər bir insan özü üçün cavabdehdir. Sizə dəqiq
deyə bilmərəm
(gülür).
Heç
kimə xəyanət
edə bilmərəm
- Gözləriniz sizi ələ verir.
- (Gülürük) Əslində,
elə bir insan var. Ancaq mən o insana cavabdeh deyiləm. Hər şeyi
zaman göstərəcək.
İnsan
çiy süd əmib. Sabah nə olacaq, heç kim deyə
bilməz. Kimin kimə etibarsızlıq
edəcəyini zamanla
görəcəyik. Özüm
bilirəm ki, nə etibarsızam, nə də… İnsan özünü tanıdığı
qədər qarşı
tərəfi tanıya
bilməz. Mən heç
kimə xəyanət
edə bilmərəm.
Xüsusilə də sevdiyim
adama. Dizin-dizin sürünsəm belə, heç kimə xəyanət etmərəm.
- Hazırda hansı işlərlə
məşğulsunuz?
- Üzərində işlədiyim
mahnılar var. 2 yeni mahnımı Yeni illə bağlı çəkilən bayram verilişlərində oxuyacağam.
Lakin 2 mahnımı kliplə birgə sevənlərimin
ixtiyarına verməyi
düşünürəm. Düzdür, bir az səbirsizəm.
Çox
demişəm ki, kliplə birgə təqdim edəcəyəm,
ancaq sonradan səbrim çatmayıb,
mahnını klipsiz təqdim eləmişəm.
Mahnı
seviləndən sonra isə klipə ehtiyac görməmişəm.
Əsas odur ki, gələn il üçün
hələlik nəzərdə
tutduğum 2 klip var. Onlardan birinin sözləri Azərbaycanın
sevimli yazarı Sona xanım Vəliyevanındır.
“Qərib payız” dalğası əsdirəcəm
- Sona xanımın hansı əsərinə müraciət
etmisiniz?
- Sona xanımın möhtəşəm bir əsərini ifa edəcəyəm. Mahnının adı “Qərib payız” adlanır.
Bu mahnı vasitəsilə
də Sona xanımla tanış
oldum. Bizim tanışlığımızdan
əvvəl qeyd edim ki, mahnının
sözlərində o insanın
daxili aləmini gördüm. Bu mahnının yazılma anı mənim heç yadımdan çıxmır. Ruslan Səfəroğlu
onu lentə alıb. Səsyazma studiyasından çıxanda
gördüm ki, oğlum Kərim ağlayır. Onu gördükdə
məni də ağlamaq tutdu. İkimiz də sakitcə maşında oturduq və mahnını yenidən dəfələrlə
dinlədik. Oğlum
üzünü o yana, mən isə onun əks
istiqamətinə tutub
ağlamağa başladım.
Oğlumun ağlamağını heç zaman görməmişdim. O məndən
göz yaşlarını
gizlədir, mən isə ondan. Kərim istəmir ki, mən onun göz
yaşlarını görüm,
mən də istəmirəm ki, o mənim göz yaşlarımı görsün.
Ümumiyyətlə ana övladının
yanında ağlayanda
övlada pis təsir göstərir.
Bildiyiniz
kimi, mənim ilk dinləyicim oğlumdur.
Mahnılarıma qiyməti o verir.
O desə ki, bu mahnı yaxşıdır,
bilirəm ki, o mahnı tutacaq. O hər hansı bir mahnıya ağzını büzdüsə,
artıq bilirəm ki, bu mahnı
tutmayacaq.
Çox
istəyirəm o mahnını
sizə zümzümə
edim:
Dinləyin yarpaqlar dilindən məni.
Deyin ki, qonağam ayrılıqlara.
Alın
bu payızın əlindən məni,
Alın
bu payızın əlindən məni...
Bu necə payızdır bu necə, Allah
Budaqda saralan
min ümid ölür.
Yarpaq qırğınına azğın
küləklər
Bilmirsən ağlayır, bilmirsən
gülür...
Dünyanı sarıya boyayan
payız
Günəşi gizlədib yarpaqlarında
Qərib
məmləkətdə ruhum
sızlayır
Yağmurun titrəşən barmaqlarında...
Bu əsər ortaya
çıxdıqdan sonra
Sona xanımın yaradıcılığına bir
daha müraciət etmək fikrindəyəm.
- Dediyiniz kliplərin sırasında
bu əsər varmı?
- Bəli. Mahnıya klip çəkdirmək
istəyirəm. Mən bunu
hər kəsdən sirr saxlayırdım.
Ancaq sizdən nəsə gizlətmək görürəm
ki, mümkün deyil (gülür). Həmin mahnını başqa bir rejissora vermişəm.
Hal-hazırda üzərində
iş gedir. Hələ ki klip üçün
ssenari yazılır.
Ondan sonra çəkilişlər
başlayacaq. Hələ də
tərəddüd edirik
ki, həmin mahnıda süjet olsun, yoxsa olmasın.
Mən bu barədə Sona xanımla məsləhətləşmək istəyirəm. Ancaq təxmini
də onun fikirlərini bilirəm ki, mahnının sözləri hansı hisslərdən yaranıb.
- Mahnı ilə ilk tanışlığınız
necə yarandı?
- O əsəri mənə mahnının bəstəkarı
Ruslan Səfəroğlu
təqdim etdi. Dedi ki, belə
bir möhtəşəm
əsər var. Əgər
mahnı mənim ruhuma yaxın olmasa, o, mənim ifamda gözəl alınmır. Oxudum və dedim ki,
bu mənlikdir. Möhtəşəm bir mahnıdır.
Mən heç zaman öncədən ifa edəcəyim mahnını
bu qədər tərifləməmişəm (Bacısı Təranəni
çağırır). Bu bacım heç
zaman mahnıdan təsirlənib, ağlamayıb,
ancaq o mahnını
ilk dəfə dinləyəndə,
o da ağladı.
İlk dəfə idi ki, bacımın hansısa mahnını dinləyəndə ağladığını
görürdüm.
- Mətanət xanım, sonuncu konsertinizin zamanını artıq unutmuşuq. Konsert verməyi düşünürsünüzmü?
- İllərdir konsert vermək istəyirəm. Mənim qazancım toylardandır. İşgüzar qadınam. Həm evə çörək gətirirəm, həm də sənətlə məşğulam. Toy sənət deyil. Konsert isə vacibdir, lakin mənə qismət olmur. Toylardan vaxt tapmıram, 25 ildir el şənliklərindəyəm. Yoruluram. Məhərrəmlik ayında konsert vermək istədim, sonra fikirləşdim ki, tənqid edərlər. Mən konsertə hazıram, ansamblım, repertuarım hazırdır, 500-dən çox mahnım var. Sponsorlar konsert təşkil etsin, çıxım oxuyum, pul isə istəmirəm. Xaricdən müğənni gətirib 300 min pul verirlər. Təkliflər də olur, amma təkliflər məni qane etməyib.
Xəyalə Rəis
Kaspi.-2014.-9 dekabr.-S.12.