“Səhnədən ötrü çox şeyləri qurban vermişəm”

 

 «Məhəbbət və göyərçinlər»in qəhrəmanı Nina Doroşina yubileyini qeyd edir

 

Milyonlarla tamaşaçının rəğbətini «Məhəbbət və göyərçinlər» filmindəki rolu ilə qazanmış, «Sovremennik» teatrının ən sevimli aktrisası Nina Doroşina 80 yaşını qeyd edir. Bu gün onu çalışdığı teatrın “əfsanəsi” adlandırırlar. O, ömrünün 55 ilini bu teatra həsr edib. Aktrisa çəkildiyi çoxsaylı filmlərdən söz düşəndə “Məhəbbət və göyərçinlər”i xatırlayır. Bu il həmin filmin ekranlara çıxmasının 30 ili tamam olur.

 

Məhəbbət sonunda qalib gəldi

 

- Siz aktrisa olmaq istəyinizi çox erkən başa düşdünüz?

- Uşaqlıqdan. Mən onda hələ qızlar gimnaziyasında oxuyurdum. Oradakı kişi rollarını da qızlar oynayırdı. Sonra dram dərnəyi yaratdılar. Və ora oğlan gimnaziyasından gələnlər də oldu. Bu, çox çətin və həm də maraqlı idi. Mən 9-cu sinifdə oxuyanda ilk dəfə Oleq Yefremovun iştirakı ilə tamaşaya baxdım və onu dəlicəsinə sevdim. Sonra «Birinci eşelon» filminə çəkiləndə artıq onunla şəxsən görüşdüm. Aramızda ehtiraslı macəra baş verdi. Bu, xoşbəxt sonluqla bitməyən macəra idi. Yefremovun mənə qədər çoxlu macəraları olmuşdu. O, bir neçə dəfə evlənmişdi. Oleq qadınların arxasınca gəzirdi, amma həmişə mənim yanıma gəlirdi. Mən onu həmişə gözləyirdim. Baxmayaraq ki, mənim də həyatımda başqa macəralar, iki evlilik vardı, mən onu sevirdim.

- Sizin rollarınız real həyatla səsləşirdi?

- Bəzən. Mən teatr məktəbində oxuyanda biz Losinoostrovskom qəsəbəsində yaşayırdıq. Orada cinayət xarakterli hadisələr çox baş verirdi. İnstitutdan sonra axşam vaxtı mənə elektrik qatarı ilə qaranlıq küçələrlə evə getmək lazım gəlirdi. Bir gün qaranlıq blokda bir xuliqan mənim üstümə hücum edərək qolumdakı qızıl saatı götürməyə çalışdı. Mən qışqırdım, oğlan qaçdı. Həmin ərəfədə mən «Birinci eşalon» filminin çəkilişlərində iştirak edirdim. Mən filmdə quldurun həyat yoldaşını oynayırdım. Bundan sonra bütün qəsəbədəki xuliqanlar mənə hörmət etməyə başladılar. Onlar axşam qatarından məni qarşılayır və evə yola salırdılar. O vaxtdan bəri bu, mənim ən sevimli rolumdur. Mənim 18 yaşım vardı. Filmin kollektivi çox səmimi və tanınmış idi. Mənim Oleq Yefremov kimi tərəf müqabilim vardı.

- Yazırlar ki, sizin Oleq Yefremovla romantik münasibətiniz olub. Hətta ilk əriniz Oleq Dal bu münasibəti qısqanıb.

- İndi mən özümün nə vaxtsa olub keçən həvəslərimi xatırlamalıyam? Mənim yaşımda bunları xatırlamaq... Oleq Dal mənim birinci ərim idi. Biz onunla çox da uzun olmayan müddətdə evli olduq. O, artıq 30 ildir ki, həyatdan köçüb. Sonra isə mən Vladimir İşkovla evli oldum. O, gözəl insan idi. Təəssüf ki, insanlar gedir… Teatrda da bizim çoxlu itkilərimiz var.

- Doğrudurmu, ilk filminiz olan «Birinci trolleybus»dan sonra Oleq Yefremovla münasibətiniz daha da istiləşib.

- Oleq Yefremov qadınların xoşuna gəlirdi. Onun çoxlu pərəstişkarları və macəraları vardı. Bu, indi də heç kimə sirr deyil. Təbii ki, o, mənə də laqeyd deyildi və mən də onu ciddi və uzun müddət sevmişəm. Biz tez-tez mübahisə edir, ayrılır, birləşirdik. Mən bəzən ağlayır və özümə söz verirdim ki, daha ona tərəf baxmayacağam. Sonra yenidən məşq başlayır, Oleq rejissor kürsüsündə oturur və hər şey öz-özünə unudulurdu. Bir dəfə biz Krım yaxınlığında qastrolda olarkən mübahisə etdik. Mən rəfiqələrimlə bir neçə badə çaxır içdim və dənizə tərəf qaçdım. Bəzən içkili adamların heç nə vecinə gəlmir. Mən çimməyə qərar verdim. Hava qaranlıq idi. Bir qədər irəli üzdüm. Bir də gördüm ki, sahil görünmür, qışqırdım. Həmin vaxt çimərlikdə teatrın cavan aktyorları istirahət edirdilər. Onlar da yüngülcə içmişdilər və qışqırığı eşidib «Kim onu xilas edəcəksə, onunla evlənəcək» qərarını verib məni xilas etmək üçün tələsirlər. Taleyə bax, məni Oleq Dal xilas etdi. O, sonradan mənə etiraf etdi ki, həmişə mənimlə evlənmək arzusunda olub. O, məni qaldığım otağa gətirdi və səhərəcən yanımda qaldı. Səhəri isə o vicdanlı adam kimi nikaha yollandı. Mənim qəlbimi qisas hissi yandırırdı. Mən onunla razılaşdım - biz evləndik. Bütün «Sovremennik» toya gəldi. Sonra mənə dedilər ki, Efremov mətbəxdə əsəbiliklə siqaret çəkir və həddən artıq içirdi. Sonra o məclisə gəlib mənə yaxınlaşdı: «Əgər məni sevirdinsə, ona niyə ərə getdin- deyib qarşımda diz çökdü. Dəhşətli qalmaqal qopdu. Oleq Dal özünü öldürəcəyi ilə hədələdi. Mən iki kişi arasında qalmışdım. Amma məhəbbət sonunda qalib gəldi. Oleq Dalla ayrılıq tədricən yaxınlaşdı.

- ... Sizin Yefremovla münasibətləriniz yenidən davam etdi?

- 1970-ci ildə Yefremovu Moskva Bədii Teatrına rəhbər təyin edəndə o, məni teatra dəvət etdi. Hamı elə bilirdi ki, onun yanına gedəcəyəm, amma mən getmədim. Başa düşdüm ki, öz doğma teatrımı dəyişə bilmərəm, hətta, sevgi xətrinə olsa belə. Öz doğma teatrına sədaqət bütün başqa hisslərdən güclüdür. Ancaq teatr bu sədaqəti qiymətləndirmədi. Uzun müddət mənə yeni rollar verilmədi. 80-ci illərin əvvəllərində tamaşaçılar demək olar ki, məni unutdular. Sonradan hər şeyi bir təsadüf dəyişdi. Rejissor Vladimir Menşov teatrda «Məhəbbət və göyərçinlər» pyesi üzrə hazırlanan tamaşaya baxdı. Teatrda bu tamaşanı hər bazar günü proqramı doldurmaq üçün səhərlər də oynayırdılar. Mən 20 il bu tamaşada baş rolu oynamışdım. Tamaşa Menşovu heyran etdi və o, pyes əsasında film çəkməyi qərara aldı. O filmlə də mənim səhnəyə, tamaşaçılarıma möhtəşəm qayıdışım oldu.

 

Məhəbbət o zaman bütövdür ki...

 

- Ən məşhur filminiz olan «Məhəbbət və göyərçinlər»in qəhrəmanı Nadya nəyləsə sizə oxşayırmı?

- Belə bir yaxınlıq yoxdur. Baxmayaraq ki, tamaşaçılar bu rolu çox sevir. Bu il filmin ekrana çıxmasının 30 ili tamam olur. Əlbəttə ki, bu, çox adamları cəlb edirdi. Çünki film onların həyatından idi. İnsanlar məni küçədə görəndə «Lyudk! A Lyudk deyirdilər. Filmin finalının necə çəkildiyini xatırlayıram. Həmin səhnələr Kareliyada çəkilib. Payızın axırları idi. Amma çəkilən süjetdə yay idi. Belə bir epizod çəkmək lazım idi: mənim qəhrəmanım əri ilə barışıb və sarafan paltarda görüşə gəlir. İş elə gətirdi ki, həmin vaxt Kareliyada qar yağdı, hava soyudu, ağacların yarpaqları saraldı. Çəkiliş qrupunun əməkdaşları qarı dağıtdılar, ağacların yarpaqlarını yaşıl rənglədilər. Mixaylovla sərt qışın soyuğunda özümüzün sevgi səhnəsinə çəkildik. Hə, film bizə şöhrət gətirdi. Bu, mənim ürəyimcə olan film idi. Rol da mənə çox yaxın idi. Ümumiyyətlə, mənə və bütün aktrisalara sevgi qəhrəmanlarını oynamaq xoş gəlir. Ona görə də öz qəhrəmanım Nadejdanı sevirəm. Ən maraqlısı o idi ki, film ekranlara çıxandan sonra sadə kənd qadınını bütün tamaşaçılar sevdi. Bu rol ərinin xəyanəti ilə üzləşən milyonlarla qadının taleyi idi.

- Sizi ona görə sevirdilər ki, rus qadınlarının gözəlliyini tərənnüm edirdiniz?

- Özümü heç vaxt gözəl hesab etməmişəm. Mən özümün bütün üstünlük və çatışmazlıqlarımı gözəl bilirəm. İşıq insanın daxilindən keçir və zahirində üzə çıxır.

- Hamını sevmək sizdə necə alınır?

- Bu sualın cavabını bilmirəm. Amma mənə elə gəlir ki, məhəbbət öz-özlüyündə mövcud deyil. Məhəbbət o zaman bütövdür ki, sənin tərəf müqabilinlə qarşılıqlı olsun. Hərdən mənə elə gəlir ki, başqa ixtisas sahibi ilə mənim yaxınlığım alınmazdı. Aktyorlar həmişə mənim xoşuma gəlib. Mən onlardan çox şey götürmüşəm, onlar məni zənginləşdiriblər.

- Sizin qəhrəmanınızın düşdüyü vəziyyətdə olan qadınlara – ərinin qoyub başqasının yanına getdiyi qadınlara nə məsləhət verərdiniz?

- Mənə elə gəlir ki, qadınların bədbəxtliyi onların özündədir. Mən qadınlara ilk növbədə müstəqillik arzu edərdim. Asılı olmasınlar, tənhalığı hiss etməsinlər. Nə maddi, nə də mənəvi cəhətdən kişidən asılı olmasınlar. Sevimli işləri ilə məşğul olsunlar. Mən teatrda işləyirəm, Ali Teatr İnstitutunda dərs deyirəm. Aktrisa sənətimlə müəllimliyim üst-üstə düşür. Əvvəlcə dərs deməyə başlayanda «Bu qədər gücü haradan tapacağam» - deyirdim. İndisə fikirləşirəm: «Nə üçün mən əvvəldən dərs deməmişəm

- Mixaylov zarafat edir ki, filmdən sonra xalq sizi “evləndirib”.

- Siz nə danışırsınız? Sevgi yalnız ekranda idi. Mən Mixaylovdan düz 10 il böyük idim. Çəkiliş zamanı onun 38, mənim isə 48 yaşım var idi. Qorxurdum ki, yaş fərqimiz çox hiss olunacaq. Ancaq çəkiliş üçün onu qocaltdılar. Demək olar ki, onun bütün gözəlliyini korladılar. Ona görə də biz ekranda həmyaşıd görünürdük.

 

Yaxşısı budur, soruşmayın...

 

- Sizin gəncliyinizin sirri nədədir?

- Sevgidə. İnsanlara, kişilərə məhəbbətdə. Mən heç vaxt yaşımı gizlətmirəm. Heç vaxt da plastik əməliyyat etməmişəm. Pəhriz saxlamıram, özümü aclıqla sınağa çəkmirəm. Heç bunları gəncliyimdə də etməmişəm.

- Hansı kişiləri çox sevirsiniz?

- Qarabuğdayı.

- Nə üçün?

- Bilmirəm. Yəqin ki, bu, hansısa müəyyən şəraitlə bağlıdır.

- Soruşmağa qorxuram, nə qədər qarayanız sizin ürəyinizi fəth edə bilib?

- Yaxşısı budur, soruşmayın. Hər şey yaxşı idi. Əla uşaqlar idilər.

- Əminəm ki, dostlarınız və yaxınlarınız sizə dünyada ən yaxşı şeyləri arzulayacaqlar. Bəs siz özünüz özünüzə nə arzulayırsınız?

- Daha çox cansağlığı, sevimli işimlə məşğul ola bilmək... Gözəl yaddaşımı itirmək istəmirəm. Yaxşı formada olmaq üçün ayaq üstə qalmaq lazımdır. İstəyirəm ki, bundan sonra da işləyə bilim. Bu gün özümün balaca mənzilimdə sevimli pişiyim Riki ilə yaşayıram. Hərdən zarafatla deyirəm ki, mənə Rikidən yaxın olan yoxdur. Səhnədən ötrü çox şeyləri qurban vermişəm -ailəmi, uşaqlarımı. Buna görə təəssüflənmirəm.

 

“Komsomolskaya pravda”dan tərcümə etdi

Təranə Məhərrəmova

Kaspi.-2014.-10 dekabr.-S.9.