“Ordu xalqın, xalq ordunun
dayağıdır” adlı gecə keçirildi
Dekabrın 9-da Şəhriyar
adına Mədəniyyət Sarayında Müdafiə
Nazirliyinin təşkilatçılığı ilə
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş “Ordu xalqın, xalq ordunun dayağı” adlı vətənpərvərlik
tədbiri keçirildi. Tədbirdə millət vəkilləri,
ictimaiyyət nümayəndələri, Silahlı Qüvvələrin
zabitləri, hərbi məktəblərin müdavimləri, xüsusi təyinatlıların nümunəvi,
qabaqcıl əsgər və zabitləri iştirak
edirdilər.
Müdafiə Nazirliyinin zabiti, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani:
“Ulu öndər həmişə deyərdi ki, “biz ordu ilə xalqın sağlam mənəvi birliyinə çalışmalıyıq. Bu gün fəxr edirik ki, ulu öndərin layiqli davamçısı, möhtərəm prezident, ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyilə ordu ilə xalqın monolit birliyi təmin olunmuşdur”.
Silahli Qüvvələrin mahnı və rəqs ansamblının, bədii kollektivlərin, eləcə də elm və incəsənət ustalarının çıxışları ilə müşayiət olunan tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin qurucusu olmasından, eləcə də onun Silahlı Qüvvələrimizə qayğı və dəstəyindən, Azərbaycan Ordusunun döyüş fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
Xalq artisti Mübariz Tağıyev bu gecənin peşəkar səviyyədə hazırlandığını vurğuladı:
“Belə bir tədbirdə iştirak eləməyin özü böyük bir fəxrdir. Bilirsiniz, biz köhnə rejim dağılandan sonra hərbi hissələrə gedirdik. Ürəyimizdə bir nagümanlıq, bir sual vardı, ordunun taleyi bizi düşündürürdü. 1997-ci ildə N saylı bir hərbi hissədə oldum və sualımın cavabını aldım. Əsgərlərimizin gözündə o qığılcımı gördüm. Bu o vaxtıydı ki, artıq ulu öndər hakimiyyətə gəlmişdi. Nə deyə bilərəm, son hadisələr, elə təyyarənin vurulması özü ermənilərə bir xəbərdarlıqdır. Yəni, bundan da dəhşətlisi ola bilər. Mənim əslim-köküm qədim yurdumuz İrəvandandır. Göyçə, Dilican dərdi var ürəyimdə. İnanıram ki, Qarabağdan sonra onları da geri qaytaracağıq”.
Şairə Sona Vəliyevanın sözlərinə bəstələnmiş “Ağlama, şəhid balası” adlı musiqi nümunəsi Bəyimxanım Vəliyevanın ifasında gecənin iştirakçılarına təqdim olundu. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor, müğənni, rəqqas və bədii qiraətçilərinin ifaları, aparıcılar Abdulla Qurbani və Məleykə Alıoğlunun səsləndirdiyi şeirlər, səhnədə dalğalanan üçrəngli bayraq gecənin iştirakçılarını coşdurdu.
Vətənpərvərlik gecəsi millət vəkilləri,
tədbirin ideya müəllifi Xanhüseyn Kazımlı, Ziyad
Səmədzadə və komitə sədri Hadı Rəcəblinin
çıxışları ilə yekunlaşdı.
Kaspi.-2014.-11 dekabr.-S.12.