Gəncləri birləşdirən aksiya
“Soyuq əllər, isti ürək:
qış möcüzəsi”
Gənclər
qışın soyuğunda möcüzə
yaratmağa davam edir. Onlar “əllərimiz soyuq olsa da,
ürəklərimiz istidir”
şüarı ilə “Soyuq əllər,
isti ürək: qış möcüzəsi”
adlı xeyriyyə yarmarkasında əllərindən gələni
əsirgəmirlər. Dekabrın ilk günlərindən etibarən “Nargis” Nəşriyyat Evinin
təşkilatçılığı ilə Fəvvarələr
meydanında baş tutan
yarmarka əhalinin marağına səbəb
olub. Ənənəvi olaraq
keçirilən xeyriyyə tədbirində gənclər soyuğa məhəl qoymadan
ehtiyacı olanlara yardım etmək üçün yağış, soyuq demədən çalışırlar.
Biz də yarmarka
ilə tanış olmaq və xeyriyyə
tədbirində iştirak etmək üçün sözügedən ünvana yollandıq.
Xeyriyyə şəhərciyi
Fəvvarələr meydanında təşkilatçıların dili ilə desək, kiçik “şəhərcik” salınıb. Şam ağacları, işıqlarla bəzədilən şəhərcik rəngarəngliyi ilə insanları özünə cəlb edir. Havanın soyuq olmasına baxmayaraq, yarmarkada iştirak edən stendlərin qarşısında izdiham var idi. İnsanlar satışa çıxarılan suvenirlər, geyimlər, kosmetik vasitələrə baxmaq üçün növbə gözləyirdilər. Yarmarka məqsədilə təşkil olunan konsert proqramı da böyük marağa səbəb olmuşdu. Kimi stendlərin qarşısında şəkil çəkdirir, kimi qiymətlərin bahalığından şikayətlənir, kimisi də yarmarkaya məhəl qoymadan konsert proqramını izləyirdi.
Kimsəsizlərdən ehtiyacı olanlara dəstək
Bir ay davam edəcək xeyriyyə tədbirində brend firmaların məmulatlarını satmaq üçün kiçik satış nöqtələri var. Burada müxtəlif oyuncaqlar, şirniyyatlar, suvenirlər, paltarlar, ayaqqabılar, brend kosmetikalar, ərzaqlar nümayiş etdirilir. Ən çox diqqət çəkən stend isə 3 nömrəli internat məktəbinin uşaqlarının hazırladığı əl işlərinin nümayiş etdirildiyi stend idi. Burada uşaqların muncuqdan düzəltdiyi suvenirlər, toxuduğu paltarlar, çəkdiyi şəkillər, muncuqlardan düzəldilən gül buketləri satışa çıxarılmışdı. Soyuq havaya məhəl qoymadan çalışan stendin sahibi bildirdi ki, əsas məqsədləri hazırladıqları əl işlərini satmaqla ehtiyacı olanlara yardım etməkdir: “Biz internat məktəbində uşaqlarla birlikdə bu suvenirləri hazırladıq. Həqiqətən o məktəbdə istedadlı uşaqlarla yanaşı, ürəyi saf uşaqlar da az deyil. Onlar özləri canla-başla işləyirdilər ki, ehtiyacı olanlara az da olsa, köməkləri dəysin. Suvenirlərin qiyməti 1 manatdan-150 manata qədər dəyişir. Havanın soyuq olmasına baxmayaraq, alıcılarımız da kifayət qədərdir. Kampaniya bir ay müddətində davam edəcək. İnanırıq ki, Bakı sakinlərinin əksəriyyəti burada iştirak edəcək və bir manatlıq suvenir də olsa, alıb yardımlarını əsirgəməyəcəklər”.
“Həm əylənib, həm yardım edirik”
Yarmarkaya rəfiqələri ilə birlikdə gələn Günel deyir ki, hər insan buradan heç olmasa, 1 manatlıq da olsa, suvenir alsa, bir çox insanın həyatını xilas edə bilər: “Yarmarka çox gözəl təşkil olunub. Biz burada həm əylənib, həm də yardım edirik. Belə soyuqda bu qədər adamın gəlməsini gözləmirdim. Demək ölkəmizdə kifayət qədər mərhəmətli insan var. Biz rəfiqələrimizlə birlikdə bir neçə suvenir aldıq. Heç kim başına nə gələcəyini bilmir. Ona görə də hər kəsi bu yarmarkada iştirak etməyə çağırıram”.
Paltarların, suvenirlərin çoxluq təşkil etdiyi yarmarkada kolbasalar diqqətimiz çəkir. Üstəlik, dadlarına baxmaq üçün də şərait yaradılıb. Satıcı deyir ki, burada təqdim olunan ərzaqlar və suvenirlər marketlərə nisbətən ucuzdur: “Bu ərzaqlarda marketlə müqayisədə, ən az 3-4 manat fərq var. Bu kolbasa 13 manatdır. Amma marketlərdə 17 manata satırıq. Məqsədimiz ehtiyacı olanlara yardım etməkdir. Alıcılarımız həm ləziz təamlarımızdan dadır, həm də bu soyuq havada qayğıya ehtiyacı olan insanlardan köməklərini əsirgəmirlər”.
Brilyant qaşlı yarmarka
“Rahat” marketin stendində suvenirlər, hədiyyəlik əşyalar çoxluq təşkil edirdi. Üstəlik, burada brilyant qaşlı suvenirə də rast gəlmək mümkündür: “Biz bir şirkət olaraq belə bir tədbirin olacağını eşidəndə, aksiyaya qoşulmaq istədik. Çünki burada əldə edilən gəlirlər “Qocalar evinə” aparılacaq. Həmçinin suvenirlərimiz, oyuncaqlarımız da var. Ən ucuz suvenirimizin qiyməti 12 manat, ən baha suvenirin qiyməti 550 manatdır. Baha olmasının səbəbi bu suvenirin kənarlarının qızıldan olması və üzərində üç brilyant qaşən mövcudluğudur”.
“Qiymətlər bahadır”
Yarmarkaya gələn insanlarla da söhbətləşdik. Fariz yarmarkada qiymətlərin bahalığından şikayətləndi. O deyir ki, brend adı ilə yarmarkada bahalı məhsullar satılır: “Vallah elə qiymətlər deyirlər ki, onları almaq mümkün deyil. Anama kofta hədiyyə almaq istədim, adi koftanı 150 manata verirlər. Mənim imkanım çatmır. Ayaqqabı satırlar 90 faiz endirimlə 64 manatdır, görün bunun real qiyməti neçəyədir? Qiymətlər nisbətən ucuz olsa idi, daha yaxşı olardı”.
Qış möcüzəsi
Paltar satıcıları isə deyir ki, brend markalar olduğu üçün qiymətlər ucuz deyil: “Paltarların qiymətləri 17-150 manat arasındadır. Bunların öz qiymətləri satışda çox bahadır. Bu qiymətlər endirimli qiymətlərdir. Axı bu geyimlər adi Çin istehsalı deyil. İnsanlar da bunun fərqindədir. İşə başladığımız saat yarım olsa da, dörd kofta və bir ayaqqabı satmışıq”.
Yarmarkadan kosmetik vasitələr alan Leyla isə deyir ki, bu, həqiqətən qış möcüzəsidir: “Mən bu qədər insanın gələcəyini gözləmirdim. Düşündüm ki, yağışlı, soyuq havada kimsə bu tədbirə gəlməz. Amma qarşılaşdığım mənzərə məni çox sevindirdi. Bu fəxr olunası hadisədir”.
Qeyd edək ki, yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Bu il “NARGIS” fondu “Qocalar evi” və ağır xəstəlikdən əziyyət çəkən bir neçə uşağa yardım əlini uzadacaq. Xeyriyyə yarmarkasının baş sponsoru isə “Bank Technique”dir.
Aygün ƏZİZ
Kaspi.-2014.-12 dekabr.-S.18.