“Həyat təcrübəsi ilə kitabda yazılanlar fərqlənir”
Arif Zeynalov:
“Öyrətmək və öyrənmək imkanım
dayanıbsa, işi tərk edirəm”
Uğurun həm insandan,
həm faktorlardan asılı olduğunu düşünür.
Deyir, çalışmadan uğur qazanmaq mümkün deyil. Özünün gələcək həyat
strategiyası da var. Bu strategiyanı reallaşdırmaq üçün addım-addım irəli gedir. Müsahibimiz Rabitəbank-da
Maliyyə, İT və Strategiya üzrə
baş direktor, iqtisadiyyat üzrə fəlsəfə doktoru Arif Zeynalovdur.
- İlk
işə nə vaxt
başlamısınız?
- İqtisad Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsinin 3-cü kursunda universitetin verdiyi biliklərin informasiya texnologiyaları əsrində kifayət etmədiyi üçün işləyib təcrübə qazanmaq qərarına gəldim. BP şirkətinə müraciət etdim. Ingilis dili bacarığım yüksək səviyyədə olduğu üçün müsahibədən keçib işə qəbul olundum. İlk təcrübəmi Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəmərləri layihəsində qazandım. BP-də işlədiyim 5 il müddətində Layihələrin inkişafı departamentində qrup rəhbəri, əməliyyatlar departamentində xərclər üzrə nəzarətçi, xərclər üzrə analitiki vəzifələrində fəaliyyət göstərmişəm. Daha sonra İspaniyaya İE Biznes Məktəbində MBA (Biznes idarəçiliyi üzrə magistr) üzrə təhsil almağı qərara aldım.
- BP kimi bir şirkətdə
yaxşı vəzifədə işləyirdiniz. Azərbaycanda magistr təhsiliniz də var idi. Hansı səbəbdən işinizi tərk edib xaricdə oxumağa qərar verdiniz?
- Səbəb mövcud biliklərimin təkmilləşdirilməsi
və inkişafı idi.
- Özünüzü inkişaf
etdirmək üçün
Azərbaycanda və xaricdə müxtəlif kurslara getmisiniz. öyrənməyi sevirsiniz.
- Bəli. Hesab edirəm ki, yaşından asılı
olmayaraq, insan hər zaman öyrənməli, özünü
inkişaf etdirməlidir.Hesab
edirəm ki,öyrənmək
və uğur əldə etmək heç bir zaman gec deyil.
- Elə bir vəzifədəsiniz ki, daim böyük
məbləğdə pulla
işləyirsiniz. Pulla işləmək
necə bir hissdir?
- Əvvəlki işlərimdə
də BP-də çalışarkən milyonlarla,
Neft Fondunda milyardlarla ölçüləcək
əskinaslarla işləmişəm. Amma nəzərə
alın ki, pulla bağlılığım
virtualdır. Buna baxmayaraq kifayət qədər məsulliyyət
tələb edir.
- Deyirlər, pul əl çirkidir?
Həqiqətənmi əl
çirkidir, yoxsa bu, pula əli çatmayanların yaratdığı
deyimdir?
- Baxır, pulu hansı yolla qazanırsan. Bu məsələlər
insanın dünyagörüşünə
görə fərqlənir.
Məncə, pul əl çirki deyil. Hərə bu misalı özünə
uyğun şəkildə
istifadə edir.
- Rabitəbank-da həm də strategiyalar üzrə direktorsunuz. Həyat strategiyanız varmı?
- Təbii ki, var. Deyə bilmərəm ki, 100 faizlik strategiyadır. Həyatda risklər, ehtimallar,
səndən asılı
olmayan faktorlar var və onları
heç cür nə idarə edə, dəyişə bilməzsən. Ama riskləri
nəzərə alaraq
hər bir insan öz həyat
strategiyasını formalaşdırmalıdır.
- Bizimlə bölüşə biləcəyiniz
planınız varmı?
- Hal-hazırda ən böyük planım bank sahədə uğurlar qazanmaqdır. Bildiyiniz kimi, Rabitəbank-da
fəaliyyət göstərənə
qədər, ümumiyyətlə,
bank sektorunda təcrübəm
yox idi. Bu baxımdan həm
məni işə götürənlər, həm
özüm çox böyük məsuliyyət
daşıyıram. Vəzifəmin məsuliyyətinin də kiçik olmadığı
göz önündədir.
Bu baxımdan planlarımdan biri inkişafımla bağlıdır.
Bir vaxtlar belə bir deyim var
idi ki, hər
hansı peşənin
professionalı olmaq üçün ən azı 10 min saat həmin işdə çalışmalısan. 21-ci əsrdə kompyuter
texnologiyalarının işimizi
tezləşdirdiyini nəzərə
alsaq, bunu 5 min saata endirə bilərik.
- İki
övladınız var. Böyük
bir departamentə rəhbərlik edirsiniz. Ailə ilə vaxt keçirməyə zamanınız
qalırmı?
- Məncə, vaxtı düzgün bölüşdürmək,
ailə ilə işi tarazlaşdırmaq
lazımdır. Iş
də, ailə də vacibdir. Əgər həftəiçi işdə çox vaxt keçirirəmsə,
ən azı həftəsonunu tam olaraq ailəmlə ayırıram.
Uşaqlar tez böyüyürlər.
Uşaqların bünövrəsini vaxtında düzgün qoymayanda, sonra çox çətin olur.Buna görə hər bir valideyn
işləri çox
olsa belə, övladlarına vaxt ayırmalı, onların tərbiyəsi ilə məşğul olmalıdır.
Düzdür, işləyənlərin əksəriyyəti evə
yorğun gedir. Amma bütün hallarda uşaqlara vaxt ayırmaq vacibdir. Əks halda həm ailə səndən, həm də sən ailədən uzaqlaşar. Boş vaxtımın
90 faizini ailəmlə
keçirməyə çalışıram.
Hərdən dostlarla da görüşürük, əksər
hallarda bu görüşlərin də
ailəvi olmağına
çalışırıq.
- Son olaraq gənclərə nə məsləhət görərdiniz?
Sizin kimi uğur qazanmaq üçün nə etsinlər?
- Uğur həm insandan, həm faktorlardan asılıdır.
Çalışmadan “uğur qazanım”,
“işim getsin” deməklə, heç nə əldə edə bilməzsiniz.
Öz təcrübəmdən çıxış
edərək deyə bilərəm ki, gənclər universitet vaxtlarından öz yollarını seçməlidirlər.Təbii
ki, seçdikləri yolda çətinliklər
olacaq. Amma çətinliklərə baxmayaraq, irəli getsinlər, o dəqiqə
təslim olub başqa sahəni seçməsinlər. Çətinlikləri analiz edib təhlil
aparsınlar. Hər zaman
öz üzərində
işləyib, zəif
tərəfləri inkişaf
etdirsinlər. Ruhdan düşüb
geri çəkilməsinlər.
Bundan başqa,
məsləhət görərdim
ki, gənclər çalışıb inkişaf
planı hazırlasınlar
və bu planı reallaşdırmaq
üçün nələrin
lazım olduğunu araşdırıb fəaliyyətlərini
düzgün planlaşdırsınlar.
Lalə MUSAQIZI
Kaspi.-2014.-12 dekabr.-S.15.