Millilik və milli
birliyin fəlsəfəsi
Bizim milli siyasətimizin əsasını - xalqımızın birliyi və həmrəyliyi müəyyən etməlidir. Kiçik arxlar, axar sular, birləşib böyük və qüdrətli dərin çaylar əmələ gətirdiyi kimi, kiçik yollar böyük yollara çıxdığı kimi, millətimiz də bütün səylərini birləşdirdikdə öz güclü ruhu ilə ən qəddar düşmən niyyətlərini qırmağa və xainlərin müdaxiləsinin qarşısını cəsarətlə almağa və öz əbədi müstəqilliyini qorumağa qadir olar.
Biz öz əzəli torpaqlarımızın əbədi sahibləriyik, çünki təbii və beynəlxalq hüquq normalarına hörmətlə yanaşdıqda da bu belədir. Biz öz hüquqlarımızı çox hiyləgər və milli təbiəti ilə xəyanətkar düşməndən yalnız qüdrətli milli birliyimizlə qoruyub saxlaya bilərik və bizim daima yüksələn iqtisadi imkanlarımız və potensialımız da buna əsaslı zəmin yaratmışdır.
Milli birlik – millətin mahiyyətidir, özünüqoruma instinktinin məğzidir, irsi keyfiyyətdir və biz öz həmrəyliyimizlə hər an bu xüsusiyyəti inkişaf etdirməliyik.
Azərbaycan milləti və xalqı – dünya xalqları və millətləri içərisində çox böyük cəsarətlə öz sivilizasiyası və ümumibəşəri mədəniyyəti ilə öyünə bilər və ləyaqətlə dünya arenalarında uğurla təmsil oluna bilər və yalnız bizim milli birliyimiz bunu
stimullaşdırmalıdır.
Mənim Azərbaycan millətim əlli milyonluq bir xalqın bünövrəsidir,
əbədi özülüdür, böyük bir axar çayın timsalıdır, böyük mədəni keçmişimizin tarixi təbii varisidir, böyük indinin – çağdaş və sivil dövrün yaradıcısıdır və böyük və uğurlu gələcəyimizin qurucusudur və bizim möhtəşəm həmrəyliyimiz, milli qürurumuz bu müvəffəqiyyətlərin fövqəladə və qlobal təminatçısıdır.
Xalqın və millətin birliyi siyasi məsələdir, çünki birlik olmadan beynəlxalq nüfuza malik ola bilmərik, beynəlxalq nüfuz olmadan dövlət iqtisadiyyatında əsaslı dəyişikliklərə nail ola bilmərik, qlobal məsələlərin həlli isə yuxarıda deyilənlərin yekun nəticəsidir.
Milli bədbəxtlik –milli eqoizmdən başlayır, lakin normal milli eqoizm olmadan nə özünü, nə də o dövlətə məxsus olan digər xalqları qoruyub saxlamaq olmaz, yəni ağacın sağlam gövdəsi olmadan budaqların davamlı olması mümkün olmadığı kimi, digər xalqlar da, - yəni milli azlıqlar da təşəkkül tapıb milli
mənsubiyyətini qoruyub saxlaya bilməz.
Millilik – məhəllilik deyil. Məhəllilik – milliliyə kölgə salan nadanlıq əlamətidir. Hər cür məhəlləçilik inkişaf yolunda düyündür və xalqın mentalitetinə güclü zərbədir.
İslamda şiə-sünni təriqətləri islam üçün nə qədər ziyanlıdırsa, bir millətin və bir dövlətin içərisində də məhəllilik ondan heç də az ziyanlı deyil.
Elmdə cərəyanlar, dində təriqətlər inkişaf rüşeymləridir, məhəlləçilik isə, əksinə, dar bir çərçivədə qapanıb qalmaq, svilizasiyanın ab-havasını duymamağa, görməməyə dəlalət edir.
Məğlub xalq – əsir düşmüş cəngavər tək milli mənsubiyyətindən utanar və ləyaqəti tapdanmış xalq ölümə hazır olar.
Xalqın ruhu xalqın canıdır və onu qırılmaqdan qoruyub, saxlamaq lazımdır. Ruhu qırılmış xalq – şikəst edilmiş adam kimidir, intihar istisna edilməklə, - etirazetmə qabiliyyətinə malik olmur.
Yalnız dönməz azadlığı və müstəqilliyi uğrunda ardıcıl mübarizə
aparan və əldə etdiyi azadlığı və müstəqilliyi göz bəbəyi kimi qoruyan xalqlar təqdirəlayiqdirlər və tarixin şərəfli səhifəsində şərəfə malikdirlər.
Ağacın güvənci torpaq, suyun güvənci məcrası olduğu kimi,
insanın da güvənci öz xalqı və milli mənsubiyyəti olmalı və bundan şərəf duymalıdır. Azad və müstəqil vətəni olmayan xalq və millət öz ləyaqəti, milli mentaliteti ilə öyünə bilməz.
Torpağını qorumağı bacarmayan xalqa və millətə özgə xalqlar və millətlər hörmətlə yanaşmazlar, çünki torpaq xalqın qeyrəti və ruhudur.
Öz xalqının militarist mənafeyi naminə qeyri xalqların mənafeyinə və rifahına qəsd etmək əsil siyasi terrordur, ədalətsiz müharibədir və ona nəinki havadarlıq edənlər, hətta bu ədalətsizliyə susanlar bu terrorun bilavasitə iştirakçılarıdır.
Biz, millət olaraq öz möhtəşəm inkişafımızın üçüncü minilliyinin astanasında tariximizin ən şərəfli erasındayıq və bizim qüdrətli iqtisadi addımlarımız xalqımızın sıx birliyi ilə müşayiət olunur və bu şərəfli birliyi milli ləyaqətimiz kimi qorumalı, gücləndirməli və millətimizin - Azərbaycanımızın rifahı naminə ən yüksək zirvələrə qaldırmalıyıq.
Herodotun tarix əsəri də daxil olmaqla bütün əsrlərin tarixi sübut edir ki, Azərbaycan xalqı öz mənəvi birliyini fiziki qüdrəti kimi nəinki qoruyub saxlamış, öz zəkasıyla, həm də böyük Azərbaycan xalqı kimi inamı, etiqadı bir olan millətlər ocağına çevrilmişdir.
Xalqın ən zəngin varlığının səbəbi onun birliyidir və bu birliyin mahiyyəti –vətəninə, torpağına, doğma yurduna, elinə-ulusuna olan sonsuz sədaqətidir. Yalnız xalqdan ayrılmayanların soy-kökünün ömrü uzun ola bilər, meşədən ayrı ola bilən hansı ağac təbiətin şıltaqlıqlarına davam gətirə bilər?
Yalnız gərgin əmək birliyi və həyat uğrunda birgə mübarizlik xalqı təhlükələrdən xilas edə bilər və onu sivilizasiyaya qovuşdura bilər.
Cəmiyyət və xalqın rifahı milli birliyin ilkin şərtidir ki, gərgin və yaradıcı fiziki və intellektual əmək, məqsədyönlü fəaliyyətin harmoniyası dövləti və xalqı ucaldır .
Yalnız böyük yaradıcı ziyalıları və mütəfəkkirləri olan xalqlar «böyük xalq» məfhumuna mənsubdurlar.
Biz istiqamət götürdüyümüz böyük və tam müstəqillik məqsədindən bir an belə geri çəkilə bilmərik və çəkilməyəcəyik, bu yolda olan bütün çətinliklərə sinə gərəcəyik, düşüncələrimizi bu fokusa, bu mərkəzə cəm edəcəyik, birlikdə qazandığımız uğurları bütün dünyaya bəyan edəcəyik, bu yolda bizə dəstək olanları dostlarımız, dəstək olmayanları isə milli müstəqilliyimizin açıq-aşkar düşmənləri
hesab edəcəyik.
Azərbaycan elmi mərkəzə çevrilməlidir, elm müstəqilləşdirilməlidir, Amerika və Yaponiyanın elmə və elm adamlarına yanaşma strategiyası və təcrübəsi öyrənilməli, mənimsənilməli və təcrübədə tətbiq edilməlidir. Bu bütün dünya elminə inteqrasiya etməyə şərait yaratmaqla, elmi mərkəz kimi dövlət atributuna çevrilməlidir və Azərbaycanı nəinki Yaxın Şərqdə elmi adamların sayına görə liderliyini qoruyub saxlayar, həm də elm sahəsində dünya liderləri sırasına daxil ola bilər, xalqımızın və millətimizin “Azərbaycan elmi” adıyla milli qürura çevrilə bilər.
XX əsrin həm əvvəlləri, həm də sonraları Azərbaycan xalqının çətin
sınaq dövrləri olmuşdur, imperialist niyyətlərə, genosid siyasətlərə məruz qalan xalqımızın içərisindəki ruhu nəinki ölmədi, o bir qüdrətli millət olaraq öz zəkasıyla ucaldı və təkcə böyük ümumtürk ailəsində deyil, həm də müstəqillik uğrunda davamlı mübarizə aparmaqla bütün dünya xalqları arasında xalqımızın başını uca saxladıq.
Azərbaycan dövləti qüdrətli millət və xalq olaraq böyük müstəqilliyin geniş və möhkəm yollarındayıq, eyni zamanda dünya siyasətinin çox qüdrətli bir damarına çevrilmədəyik və bizim müstəqil dövlət kimi varlığımız danılmazdır və bu istiqamətdə öz müstəqil siyasətimizin mübarizliyini artırmalı və iqtisadi potensialını möhtəşəm özüllərə döndərməliyik.
İqtisadi inkişafın sosial tarazlığı, sinfi balanslığı, ümumi rifaha dövlət qayğısı – milli birliyi qaynaqlandıran amillərdəndir və hökumətin bu istiqamətdə daxili siyasəti davamlı və intensiv olmalıdır.
Milli birlik xalqın təbii ruhudur, bu təbii ruha sahib olmadan nə
müstəqillikdən, nə qüdrətli dövlətçilikdən, nə demokratik prinsiplərdən, nə də azad vətəndaş cəmiyyətindən danışmaq olar.
Müslüm Mahir Hikmət,
şair-filosof
kaspi.-2014.-13-15 dekabr.-S.23.