Paris sirləri

 

Səttar Bəhlulzadənin gördüyümüz və görmədiyimiz əsərləri

İncəsənəti, xüsusilə rəssamlıq sənətini çox yaxşı bilən Fransanın Mədəniyyət naziri Andre Moloro bu əsərlərin cazibəsindən sanki sehirlənmişdi. Hər bir əsəri diqqətlə nəzərdən keçirib onu müşayiət edən SSRİ Mədəniyyət nazirinin müavini Vladimir Popova nə isə deyirdi. Mən həmin anı lentə alanda ancaq bu sözləri eşitdim: «Realizm ab-havasından formalaşmış bu rəssam elə bil fransız impressionizm məktəbini keçib gəlib».

Hiss etdim ki, bu rəngkarın yaradıcılığı da əvvəlki rəssamın yaradıcılığı kimi Andre Moloronun çox xoşuna gəlib. Ona görə çalışdım ki, nazirlə rəssamın hər bir görüş və söhbət məqamlarını lentə alım. Çünki bu yalnız nümayəndə heyətimiz üçün yox, həm də nazirin öz şəxsi arxivi üçün gərəkli idi…

Nə isə, bir azdan bizi süfrə başına dəvət etdilər. Əsil Şərqli süfrəsi idi. Burada badam, qoz, innab, kişmiş, ərik və əncir qurusu və digər təamlar düzülmüşdü. Bir qədər aralıda isə samovar və gümüş sinidə armudu stəkanlar qoyulmuşdu. Məclis başladı. Azərbaycanın Mədəniyyət Nazirliyindən olan nümayəndə qısaca olaraq rəssamın özü və yaradıcılığı barədə məlumat verdi. Onun bənzərsiz mənzərə ustası olduğunu qeyd etdi. Sonra SSRİ Mədəniyyət Nazirinin müavini Vladimir Popova söz verildi. O, Fransa-SSRİ dostluq əlaqələrindən, onun əhəmiyyətindən söz açdı. Nəhayət, Fransanın Mədəniyyət naziri Andre Moloro danışdı. Onun çıxışı müəyyən mənada siyasi və diplomatik xarakter daşısa da, olduqca mənalı və məntiqli idi:

- Əziz dostlar, siz çox yaxşı bilirsiniz ki, Fransa dünyanın mədəniyyət mərkəzlərindən biridir. Bu ölkənin Viktor Hüqo,Onere de Balzak,Qiymo Apolliner, Şarl Bodler, Sezann, Pol Eluar, Edit Piaf, Renuar, Qogen, Van Qoq kimi dahi yazıçıları, şairləri, müğğəniləri və rəssamları olub. Luvr muzeyi dünyanın ən diqqəti çəkən muzeyidir. Sözsüz, biz fransızlar bununla fəxr edirik. Amma başqa ölkələrdə də bu istiqamətlərdə diqqəti çəkən inkişaf, yüksəliş görəndə çox sevinirik.

 

Bizim nümayəndə heyətimiz bu az vaxt ərzində həm Dövlət İncəsənət Muzeyində, həm də iki fərqli rəssamların emalatxanalarında olub. Mən bu olduğumuz yerlərdə Azərbaycan incəsənətinin sürətlə inkişaf etdiyinin şahidi oldum. Toğrul Nərimanbəyovun yaradıcılığı kimi Səttar Bəhlulzadənin yaradıcılığı da məndə xoş təəssüratlar oyatdı. İkisi də maraqlı və orijinal rəssamlardır. Onlarla fəxr etməyə dəyər. Və onlar dünya orbitinə, miqyasına çıxmağa layiq sənətkarlardır.

O, çıxışına yekun vurub yerinə əyləşdi. Çay içmə və təamlardan dadma mərasimi başladı. Mən ehmalca rəssama yanaşıb onu divar boyu düzülmüyş əsərləri fonunda çəkmək istədiyimi bildirdim. Razılaşdı. Orijinal bir kompozisiya qurub əsərləri fonunda onu lentə aldım.

 

O, albomu vərəqləyib həmin şəkili tapdı. Sevinə-sevinə bizə göstərib: bax bu şəkilidr, -dedi. Sonra əlavə etdi: həmin foto Fransanın çox məşhur bir incəsənət jurnalının üz qabığında çap edilib. Və mən bu şəkilə görə «İlin ən yaxşı fotoqrafı» mükafatını almışam.

Hə, yaxşı yadıma düşdü, çay içmə təamlardan dadma mərasimi başa çatdıqdan sonra təşəkkür etmə və hədiyyə bağışlama anlarına start verildi. SSRİ Mədəniyyət nazirinin müavini Vladimir Popov və Fransanın Mədəniyyət naziri Andre Moloro Azərbaycan Mədəniyyət Nazirliyinə, eləcə də emalatxanasında olduğu Səttar Bəhlulzadəyə öz təşəkkürlərini bildirdilər. Səttar Bəhlulzadə isə bunun müqabilində Andre Moloroya öz əsərlərindən birini hədiyyə etdi. Mən tezcə həmin anı lentə aldım. Və çox sevindim ki, bunu vaxtında çatdıra bildim.

 

Beləliklə, bu emalatxanada olan görüşümüz başa çatdı. Biz yır-yğış edib getməyə hazırlaşanda bir də gördüm rəssam əlində tablo düz qarşımda dayanıb. O, əsəri mənə uzadıb fransızca bilmədiyi üçün tərcüməçinin vasitəsi ilə bu sözləri söylədi: «Mən bu əsərimi də sənə bağışlayıram. Ona görə ki, çox işlədin, həm də xoşuma gəldin».

 

Düzü, rəssamın bü hərəkətindən məmnun qaldım. Çünki dünyanın heç yerində, xüsusilə Parisdə belə əsərləri heç kəsə havayı vermirlər. Amma həm də bərk qorxdum. Ona görə qorxdum ki, nümayəndə heyətimizin tərkibində həm Fransa, həm də SSRİ təhlükəsizlik orqanlarının nümayəndələri vardı. Neç nədən məni çək-çevirə salıb başımı ağrıda bilərdilər. Amma heç nə olmadı, hər şey yaxşı ötüşdü. Mən həmin əsəri Parisə gətirə bildim.

 

- Sizin bu söhbətlərinizdən tam aydın oldu ki, Parisdə Aynardın şəxsi rəsm kolleksiyasında qorunub saxlanan «Mənzərə» əsəri azərbaycanlı rəssam Səttar Bəhlulzadəyə məxsusdur, - deyə mən öz fikrimi bildirdim. O, yenə əvvəlki fikrinin üstünə qayıtdı:

- Tabloda imza yoxdur. Amma lentə aldığım şəkillərdən tam bəlli olur ki, bu şəkillər, rəssamlıq nümunələrinin repraduksiyaları Bakılı rəssamın həm özünü, həm də çəkdiyi əsərləri görüb kim olduğunu bildiniz. İndi özününz müstəqil ekspert kimi onun kimliyini, əsərin kimə məxsus olduğunu deyə bilərsiniz.

Mən əminliklə söylədim:

- Mən elə əvvəlcədən, bu şəkilləri görmədən söyləmişdim ki, dəst-xətt, rənglər Səttar Bəhlulzadəyə məxsusdur. Amma Azərbaycanda Səttar maneralarının, yaxılarının təqlidçiləri ilə üzləşdiyim üçün bir qədər tərəddüd və özümə inamsızlıq yaranmışdı. İndi inanıram, amma Səttar yaradıcılığına dərindən bələd olan Toğrul Nərimanbəyovun fikirlərinə də ehtiyac hiss edirəm.

Jorj yorulmuş və təngə gəlmiş kimi fikrini bildirdi:

- Bu artıq sizin öz işinizidir. Mən hər şeyi necə olub, eləcə də sizə danışdım.

Edit tələm-tələsik dilləndi:

- Bəs necə olub ki, sizə məxsus bu əsər Aynardın şəxsi kolleksiyasına düşüb?

Bu sual elə bil Jorjun qaysaqlanmış yarasına duz çilədi. Bir anın içində halı dəyişdi, sifətinin əzələləri dartılmağa, əlləri daha sürətlə əsməyə başladyı. Hiss etdim ki, o, bu barədə danışmaq istəməyəcək. Necə düşünmüşdüm elə də oldu. O, bu mövzuda danışmayacağını bildirdi. Və buna da səbəb kimi axşamdan xeyli keçdiyini, özünün xəstə və halsız olduğunu bəhanə gətirdi. Amma fransızların milli psixologiyalarına yaxından bələd olan Edit ondan əl çəkmədi:

- Müsyö Jorj, hiss edirəm yorğunsunuz. Gəlin, bir az qəhvə içib dincələk. Amma söhbəti sabaha qoymayaq. Çünki Bakılı qonağımız sabah təyyarə ilə öz vətəninə yola düşür. Biz ona çalışmalıyıq ki, Paris də, parislillər də qonağımızın yaddaşında pis yox, çox yaxşı qalsın.

Jorj dodaqaltı mızıldadı. Onun nə dediyini heç birimiz anlamadıq. O, bunu hiss edib bir az ucadan danışmağa başladı:

-Bilirsinizmi, elə şeylər var ki, onun haqqında danışmaq olmaz. Xüsusilə də ailə sirləri barədə. Bu «Mənzərə» əsəri də bizim ailə sirlərimizə daxildir. Onu nə üçün satdıq, neçəyə satdıq, bunun heç kəsə dəxli yoxdur. Öz şəxsi malımızdır, özümüz bilərik…

Edit özünü saxlaya bilməyib Jorjun sözünü kəsdi:

-Müsyö Jorj, biz sizin evə məhkəmə istintaqçısı kimi yox, bir dost kimi gəlmişik. Məqsədimiz də «Mənzərə» əsərinin müəllifinin kim olduğunu bilmək, necə Parisə gəlib çıxdığını öyrənmək idi. Çox sağ olun, bu barədə bizə yetərincə məlumat verdiniz. Təbii ki, qələm dostum bu barədə yazarkən sizin ünvanınıza xoş sözlər söyləyəcək, adınızı göylərə qaldırıb öz xalqına sevdirəcək.

Elə bil bu sözlərdən Jorjun ürəyi yumşaldı. Bir-iki qurtum qəhvə içib qəhərli halda söhbətini əvvəlki axarda davam etdirdi:

- Bu «Mənzərə» əsəri mənim üçün hər şey idi. Qaynayıb coşan, insanda xoş ovqat yaradan bu unikal əsəri heç vaxt satmaq fikrində olmamışdım. Evimizə daim bahar təravəti gətirən bu əsərə ruhən möhkəm bağlanmışdım. Sanki onunla birgə nəfəs alırdım. İş elə gətirdi ki, təqaüd yaşım çatdı. Mən uzun müddət işlədiyim Fransa Mədəniyyət Nazirliyindən təqaüdə çıxdım. İki ildən sonra bərk xəstələndim. Tibbi müayinələrdən sonra həkimlər mənə dedilər ki, təcili cərrahi əməliyyatdan keçməlisən. Yoxsa günü-gündən vəziyyətiniz ağırlaşa bilər. Mən sadə fotoqrafam, elə böyük maliyyə imkanlarım yoxdur. Ona görə arvadım Süzanla məsləhətləşib cərrahi əməliyyat xərclərini necə əldə etmək barədə götür-qoy etdik. Axırda belə qərara gəldik ki, mənim çox sevdiyim «Mənzərə» əsərini sataq. Beləliklə, qəzetdə elan verdik. Bundan sonra 10-a yaxın adam qapımızı döydü, neçələri isə zəng edib həmin əsərə baxıb almaq istədiklərini söylədilər. Gəlib əsərlə tanış olanlar fərqli qiymətlər təklif edirdilər. Bəziləri isə bu əsərin kimə məxsus olduğunu bildirən imzanın olmadığını görüb heç nə demədən çıxıb gedirdilər. Bir dəfə çox imkanlı bir amerikalı qadın bizə təşrif gətirdi. Əsərə baxıb hayıl-mayıl oldu. Bizim arzu etdiyimiz məğbləğdən də çox pul təklif etdi. Amma mən razılaşmadım. Buna görə arvadım Süzan məndən bərk incidi.

Soruşa bilərsiniz: niyə razılaşmadım? Ona görə razılaşmadım ki, həmin amerikalı qadın Parisin bizdən çox-çox uzaq bir guşəsində məskunlaşmışdı. Mən çalışırdım ki, əsəri yaşadığım yerə yaxın olan adama satım ki, hərbənbir gedib oraya ona baxa bilim. Elə də etdim. Mən onu otuz min dollara öz küçəmizdə yerləşən şəxsi rəsm qalereyasının sahibi cənab Aynarda satdım. Bundan həm o məmnun oldu, həm də mən. Ayaqlarım normal işləyən vaxtilarda tez-tez bu qalereyaya baş çəkib öz sevimli «Mənzərə»mi seyr edirdim. Artıq neçə illərdir ki, bunu edə bilmirəm.

 

Baxışlarınızdan hziss edirəm ki, mənim bu danışıqlarım sizə çox qəribə görünür. Təbiidir ki, siz tamam başqa bir ölkədən, ideologiyası tamamilə bizim ölkədən fərqli olan bir dünyadan gəlmisniz. Parisin zahiri parıltlısı, ətrafında dolaşan əfsanəyə bənzər söz-söhbətlər sizin ağlınızı çaşdırıb, gözlərinizi qamaşdırıb. Və bu səbəbdən alt qatlarda gedən prosesləri görmürsünüz. Ona görə bir daha xatırlatmaq istəyirəm: Parisdə hər şey alınır və satılır. Burada insanın qabiliyyəti, fitri istedadı və intellekti ilə deyil, pulla ölçülür.

 

Müsyö Jorjla söhbətimiz kədərli notlar üzərində yekunlaşmasına baxmayaraq, mən bu görüşdən çox məmnun qaldım. Çünki çox çətinliklə də olsa, onun vasitəsi ilə «Mənzərə» əsəri probleminə aydınlıq gətirib müəyyən mənada onu çözə bildik. Artıq bircə o qalırdı ki, Parisdə yaşayan Səttarın yaxın dostu Toğrul Nərimanbəyov əsərə baxıb öz fikrini bildirsin. Bu ancaq mənim 1998-ci ildə Parisə ikinci səfərim zamanı baş tutdu.

 

Bir neçə il öncə Amerika Birləşmiş Ştatlarında yaşayan köhnə dostum Toğrul Nərimanbəyov artıq Parisdə məsunlaşmışdı. Zəngləşib onunla vaxt təyin edib Aynardın şəxsi rəsm qalereyasına getdik. Qalereyada «Mənzərə» əsəri gözünə sataşan kimi dedi: heç bir şübhə yoxdur, bu Səttarın əsəridir. Özü də onun yaradıcılığının ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəlləri dövrünü təmsil edir. Səhv etmirəmsə, bu əsərin adı «Mənzərə» yox, «Bahar nəğməsi»dir. Araşdırmışdıq, həqiqətən də bu belə idi.

 

Onda Toğrul mənə Səttar Bəhlulzadənin başqa bir əsərini də Parisdə şəxsi qalereyaların hansındasa, hə yaxşı yadıma düşdü Lüvinin qalereyasında olduğunu söylədi. Dedi, «Qoca ağac» adlanan həmin əsər də ötən əsrin 50-ci illərinin axırlarında çəkilib. Üstündə Səttarın imzası olmadığına görə qalereya sahibi onu həmişə tamaşaçılara Martiros Saryanın əsəri kimi təqdim edir.Bir dəfə mən Səttarın yardıcılığı ilə bağlı Moskvada çap edilmiş bir kitabı götürüb həmin qalereyaya getdim. Həmin əsərin Səttar Bəhlulzadəyə aid olduğunu bildirib onun adı ilə təqdim olunmasını tələb etdim. Qalereya sahibi bu faktdan bərk qorxub həyəcan keçirməyə başladı. Üzr istəyib yaxın vaxtlarda həmin əsəri həqiqi müəllifinin adı ilə təqdim edəcəyini bildirdi. Amma çox qəribədir ki, sonralar həmin qalereyaya baş çəkəndə «Qoca ağac» adlı əsəri ekspozisiyada görmədim.

 

Toğruldan soruşdum:

- Görəsən, Səttarın «Qoca ağac» adlanan bu ikinci əsəri necə olub ki, gəlib Paris qalereyasına düşüb?

Toğrulun dodaqları qaçdı. Gülümsəyib dinlləndi:

- Sən Səttarı yaxşı tanıyırdın. Bildirdin ki, o həddən ziyada səxavətli və əliaçıq adamdır. Görünür, həmin əsərini də kiməsə bağışlayıbdır. O da hansı yollarlasa gəlib Parisə çıxıbdır. Üstə imzası olmadığına görə Martiros Sapryanın adına yazıb həmin qalereyaya satıblar. Bizə baxma, burada «Sənət sənət üçündür» şüarı ilə işləmirlər, «Sənət də biznesdir» devizi ilə pul qazanırlar.

Özümdən asılı olmayaraq, birdən-birə beynimdə belə bir fikir yarandıAxı, bu əsərlərin orijinalları Səttarın öz vətənindədir. Bəs, bunlar haradan peyda olub ortaya çıxdılar? «Elə beynimdə dolaşan həmin sualla da Toğrula müraciət etdim. Cavabı birmənalı oldu:

- Rəssamlıq sənətində belə şeylər çox olur. Bir də görürsən ki, rəssam eyni tablonu, mənzərəni, portreti bir neçə variantda işləyir. Daha çox xoşuna gələni özündə saxlayıb o birilərini dost-tanışa hədiyyə edir. Ya da ki, əntiq mallar mağazasına verib satdırır. Dahi dünya rəssamlarının, eləcə də mənim yaradıcılıq həyatımda belə şeylər çox olub.

Toğrulun dedikləri həqiqət idi. Həqiqət qarşısında isə bütün ehtimallar, yozumlar çox aciz və dayanaqsızdır.

 

Toğrulla bizim həm burada, həm də Parisdə yaşayanda çoxlu görüşlərimiz olub. Son görüşümüz 2012-ci ilin ayqıst ayında Qız qalasının yanında, üzü köhnə kitablar satılan mağazaya ( Elmanın mağazası) olan çayxanada gerçəkləşib. Özü zəng vurmuşdu. Hiss etdim ki, vacib və gərəkli olan söz demək istəyir. Getdim, görüşdük. Keçmişdən olub-olmuşlardan söhbət açıb uzaq illəri, o vaxtkı yaradıcı adamları, daha çox Səttar Bəhlulzadəni, onun adi və qeyri-adi hərəkət və davranışlarını xatırladıq. Birdən Toğrul sualdolu nəzərlə məni süzüb soruşdu.

 

- Hə, bir vaxtlar mənə Səttarla əlaqədar kitab yazacağını bildirmişdin. Nə oldu o kitabın axırı?

Cavab verdim:

-Uzun müddət xəstə odduğum üçün bunu edə bilmədim. Amma son dövrlər babat olduğuma görə fasiləsiz işləyirəm. Sənin köməyinə ehtiyacım var. Axı, sən Səttarı hamıdan yaxşı tanıyırdın. Onun həm insanlığına, həm yaradıcılığına, həm psixologiyasına və həm də qeyri-adi davranışlarına dərindən bələd idin. İstərdim rəssama xas bu sadaladığım xarakterik xüsusiyyətləri illüstrasiyalarda ifadə edəsən. Daha dəqiq desək, mənim «Adi və qeyri-adi Bəhlulzadə» kitabıma illüstrasiyalar çəkəsən.

Hiss etdim ki, təklifimdən məmnun qaldı. Ona görə dilləndi:

-Mənə belə gəlir ki, bu kitab oxunaqlı kitab olacaq. Ona görə də, ona illüstrasiya çəkmək olar. Bununla da mən Səttara olan dostluq və mənəvi borcumun bədəlini ödəmiş olacağam. Amma səndən bir xahişim var: məni tələsdirmə. Qoy hələ fikirləşib mövzulaşdırım, sonra birlikdə müzakirə edək. Çalışcağam Parisə gedənə qədər, yəni avqustun axırına qədər məsələni həll edim. Çatdıra bilməsəm də qorxusu yoxdur. Parisdə çəkib sənə çatdıraram. Amma yenə səndən bir xahişim var: kitabda illüstrasiyaların rəssamı kimi mənim adım yazılsın.

 

Razılaşdıq. Hətta bir neçə gündən sonra yenə həmin məkanda görüşdük. O, köynəyinin döş cibindən tuşla yazılmış bir vərəq çıxarıb mənə uzatdı. Baxıb gördüm ki, on beş illüstrasiya mövzusunun adı qeyd edilib. Mövzuların hər biri maraqlıdır. Müzakirə edib belə qərara gəldik ki, bütün mövzular gərəklidir və bu istiqamətə işləyib ortaya maraqlı illüstrasiyalar qoymaq lazımdır.

Avqust başa çatdı. Amma Toğruldan bir səs-soraq çıxmadı. Xeyli sonra, sentyabrın ortalarında eşitdim ki, ailəsi ilə birlikdə Parisə yola düşüblər. Əvvəllər o mənə tez-tez zəng vurub hal-əhval tutardı. Amma bu dəfə düz beş aydan sonra, zəng vurdu. Gördü çox soyuq danışıram, könlümü almaq üçün dedi:

-Hə, illüstrasiyalar tamam-kamal hazırdır. Mən fevralın 9-da Bakıda olacam. Onda zəng vuracam, görüşərik, həm də illüstrasiyaları sənə təhvil verərəm…

Bunu ona hiss etdirməsəm də, daxilən çox sevindim. Di gəl Toğrul dediya vaxt gəlib çıxmadı. Bir də may ayının əvvəllərində onun «gizli zəng» parolu ilə mobil telefon zəngi oldu. Götürdüm, heç cür danışa bilmədik. Bir müddət keçəndən sonra eşitdim ki, Toğrul Parisdə Jorj Pompedu adına məşhur klinikada üç dəfə ürəyindən uğursuz cərrahiyə əməliyyatı keçirib. İyunun birinci həftəsində, yəni həmin ayın 2-də dünyadan köç edib. Bu ağır xəbəri eşidib bərk

sarsıntı keçirdim. Həm bu dahi rəssamın itkisi, həm də Səttar Bəhlulzadə ilə əlaqədar kitaba verəcəyi illüstrasiyaları ondan ala bilmədiyim üçün yanıb töküldüm. Ani olaraq belə qərara gəldim ki, Toğrulun çəkdiyi «Səttar Bəhlulzadənin portreti» və mənim portreimi kitabın üz qabıqlarında çap etdirib onun rəssamı Toğrul Nərimanbəyov olduğunu yazım. Axı, o bunu məndən təkidlə xahiş etmişdi və mən də ona söz vermişdim. Mənə belə gəlir ki, atdığım bu addımdan Toğrulun bir aydan çox Paris səmasında narahat dolaşan ( O, 2013-cü ilin 2 iyununda dünyasını dəyişmiş və iyulun 3-də Parisin məşhur Passi qəbirsitanlığında torpağa tapşırılmışdır) ruhu şad olar. Və mən də mənən rahatlaşaram.

 

Mənim 40 illik dostum Toğrul Nərimanbəyovdan söz düşdüyü üçün onunla əlaqədar bir önəmli məsələyə toxunmaq yerinə düşərdi. Bildiyiniz kimi, Toğrul 20 ilə yaxın Parisdə yaşayıb yaratmışdır. O, bəzi rəsm qalereyaları ilə müqavilə bağlayıb onlar üçün müxtəlif ovqatlı rəsm nümunələri yaratmışdır. Bununla bahəm ayrı-ayrı rəsm kollkesiyalarının, rəsm həvəçskarlarının sifarişləri ilə müxtəlif janrlı əsərlər çəkmişdir. Hətta dünyanın başqa ölkələrindən də ona bu yöndə çoxlu sifarişlər olmuşdur. İndi kim zəmanət verə bilər ki, adı «Dünyanın dahi rəssamları ensiklopediyası»na düşmüş Toğrul Nərimanbəyovun Avropanın çox yerlərində yayılmış bu əsərlərinin bir, iki onillikdən sonra qiymətləri neçə milyonlarla dəyərləndiriləcək? Və yaxud Səttar Bəhlulzadənin əsərlərinin başına gələnlər onun əsərlərinin başına gəlməyəcək?! Təbii ki, bu söylədiklərimiz zaman keçdikcə reallaşa bilər. Həm də bizdə onun dünya şöhrətinə, əsərlərinin yüksək qiymətləndirilməsinə bir vətənpərvərlik təşəbbüskarlığı, bir sahibkarlıq marağı yarana bilər. Əgər, indi biz, Fransanın dəmir qanunları qarşısında aciz qalıb onun nəşini öz vətəninə gətirə bilmiriksə, sabah bu dahi rəssamın Avropada geniş yayılmış rəngkarlıq nümunələrinə necə sahiblik edə bilərik?!

Güman edirəm ki, bu sualı cavablandırmaq üçün ciddi düşünməliyik. Və zahiri parılıtsı ilə göz qamaşdıran, amma alt qatları sirlərlə, müəmmalarla dolu olan Parisin dünya rəssamlarını (Qogen, Pikasso, Van Qoq, Modilyani) və onların əsərlərini özəlləşdirmə ehtiraslarının üzərinə soyuq su çiləməliyik. Belə olarsa, Paris daha məsum, daha cazibədar görünər. Amma bu mümkün deyil. Çünki Parisin və parislilərin sənət nümunələrinə sevgiləri və ondan pul qazanmaq ehtirasları həddindən artıq güclüdür…

 

Möhbəddin Səməd

Bakı-Paris-Bakı

1996-2014

 

kaspi.-2014.-13-15 dekabr.-S.16-17.