Şahmatımızın yeni
şahzadəsi
Aydan üçün yalnız “ya
qələbə, ya heç nə” prinsipi var
Azərbaycan istedadlar, istedadlı
idmançılar ölkəsidir.
Bunu görmək çox da çətin deyil. Az
qala hər gün xəbərlərdə
eşitdiyimiz “...dünya
(Avropa) çempionu oldu” cümləsi artıq bizə norma kimi görünür.
Bu da səbəbsiz
deyil. Ölkə
idmanının inkişaf
templəri çox yüksəkdir və bu, güləş, boks, cüdo,
voleybol və başqa növlərdə
özünü rahatlıqla
göstərir. Xüsusilə
də gənc nəslin yetişməsi, uğurlar qazanması sevindiricidir. Azərbaycanın dünyada tanındığı
şahmatda da belədir. Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Türkan və Zeynəb Məmmədyarova bacılarının
yolunu kiçiklər
da layiqincə davam etdirir. Bu
gün onlardan biri – gənc Aydan Höccətova haqda danışacağıq.
“Bələkdən
şahmatçı”
1999-cu ildə Bakıda
anadan olan Aydanın şahmat sevgisinə həsəd aparmaq olar. Cəmi iki
yaşı olanda bu qızcığaz televizorda gedən şahmat verilişindən
gözünü çəkmirdi.
Bu məqam onun babasının diqqətini
cəlb etdi və o, nəvəsinin bu idman növündə
gücünü sınaması
qərarını verdi. Vaxt göstərdi ki,
o, seçimində yanılmayıb.
Artıq
3 yaşında Aydan öz ilk yarışında
taxta arxasında yerini almışdı.
Fantastika idi! Cəmi yarım ilə 4-cü dərəcə normasını
yerinə yetirən Höccətova dörd yaşında artıq Bakı çempionatında
və Şəkidə
keçirilən 16 yaşa
qədər gənclərin
Respublika Olimpiadasında
iştirak edir. Beş yaşında Azərbaycanda
ilk dəfə 10 yaşlı
qızlar arasında Respublika çempionatına
vəsiqə qazanır.
Aydan Respublikamızda 6 yaşında
birinci dərəcəli
şahmatçı normasını
yerinə yetirən yeganə şahmatçıdır.
O, qısa zamanda öz yaşıdları arasında Azərbaycanın
aparıcı şahmatçılarında
biri kimi özünü tanıtmağı
bacarmışdı. Türkiyədə
10 yaşlı şahmatçılar
arasında Avropa çempionatında çıxış
edəndə isə cəmi 6 yaşı vardı!
İlin
ən yaxşısı
2004-cü
ildə Moskvadakı yarışda dünya çempionu Anatoli Karpov tərəfindən,
2005-ci ildə isə Türkiyədə 12 yaşa
qədər məktəblilərin
1-ci dünya çempionatının
komanda yarışında
3-4 yerləri bölüşdüyünə
görə Türkiyə
Şahmat Federasiyasının
prezidenti Əli Nihat Yazıçı tərəfindən xüsusi
diplom və hədiyyə ilə mükafatlandırılır. Həmin
il Serbiyada
keçirilən Avropa
çempionatında, bir
il sonra isə Batumi şəhərində
keçirilən dünya
çempionatında özündən
bir neçə yaş böyüklərlə
uğurla mübarizə
aparır. Nəhayət,
2007-ci ilin oktyabrında
Gürcüstanın Batumi şəhərində
keçirilən Avropa
çempionatında Höccətova
Aydan Avropa çempionu adına
layiq görülür.
8 yaşlı çempion cəmi bir ay sonra Türkiyənin
Antalya şəhərində keçirilən, 104 ölkənin
qatıldığı dünya
çempionatında 3-cü yeri tutur. Aydanın Avropa və Dünya çempionatlarında
qazandığı bu
uğurlar respublikamızın
şahmat tarixində
8 yaşlı şahmatçının
qazandığı ilk nailiyyətlər
idi. Uğurları
o qədər böyük
idi ki, 24 dekabr 2007-ci ildə Höccətova Aydan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli 1956 saylı sərəncamına
əsasən Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi və “Yeni Azərbaycan
Partiyası”nın Gənclər
Birliyi ilə birgə təşkil etdiyi mərasimdə “ilin şahmatçısı”
seçilmiş, gənclər
və idman naziri Azad Rəhimov tərəfindən medal və
diplomla təltif olunmuşdu.
Yenə
Avropa, yenə dünya mükafatçısı
Nəticələr sonra da davam
edib. Xüsusilə 2009-cu ildə yaxşı
çıxış edən
Aydan İtaliyanın Fermo şəhərində
keçirilən yeniyetmələr
arasında Avropa çempionatında liderdən
cəmi yarım xal geri qalaraq
gümüş medal əldə
edib. Ardınca, Antalyada Dünya Çempionatına qatılan
Höccətova 11 oyundan
8,5 xalla bürünc medal qazanaraq böyük uğura imza atıb. 2013-cü ildə Türkdilli Ölkələrin
Olimpiadasında gümüş
medal qazanıb. Müxtəlif növlərdə dəfələrlə
Azərbaycan çempionu
və kubokunun sahibi olan Aydan,
cəmi bir ay əvvəl Gürcüstanın
Batumi şəhərində keçirilən gənclərin
Avropa birinciliyində mümkün 9 xaldan 7-ni toplayaraq bürünc medal
qazanıb.
Həkim
olmaq istəyindən...
Şahmata çox vaxt ayırması, çox vaxt xarici ölkələrdə
səfərlərdə olması
Aydana dərslərini
oxumaqda mane olmur. Təhsil aldığı
Bakı Avropa liseyində qiymətləri
həmişə yaxşı
olan şahmatçımız
bununla valideynlərini
çox sevindirir.
Onun atası da, anası da həkimdir
və qızlarının
da onların yolunu getməsini istəyirlər. Təbii ki,
şahmat karyerası da öz yerində.
Aydan bilir ki, yaxşı
həkim olmaq üçün yaxşı
da oxumaq lazımdır. İngilis dilini
mükəmmələ yaxın
bilən Höccətova,
tarixlə də çox yaxından maraqlanır. Ancaq istəkləri
bununla bağlı deyil. Cəmi iki arzusu var:
şahmat üzrə dünya çempionu və həkim olmaq.
...xəstəliyə qalib gəlməyə qədər
gedən yol
Həkim
demişkən... Başına
gələn bir hadisə onu az qala öz sağlamlığından
edəcəkdi. Ancaq o, bundan
yararlanaraq ruhunu nümayiş etdirə bildi. Antalyadakı çempionatda 6 oyun
oynayandan sonra verilən bir günlük fasilədə
Aydan hovuzda çimmək qərarına
gəlir. Amma bu istək ona baha başa gəlir. Çox pis xəstələnir, hərarəti qalxır, bədəni zəifləyir...
Aşkar
görünürdü ki,
bu durumda, özü də bu kiçik yaşda uşaq şahmat oynaya bilməzdi. Ancaq Aydan bu fikirlə
razılaşmır! Ayaq üstə
güclə durmasına
baxmayaraq, yarışına
davam edir və fəxri kürsüyə qalxmağa
nail olur. Həm xəstəliyə,
həm də rəqiblərinə qalib gələn qızın bu hekayəsi onun necə mübariz, döyüşkən
biri olduğunu göstərir.
Daima hücumda!
Oyun tərzi olaraq riski sevən Aydanın çox maraqlı statistikası
var. İndiyə qədər
keçirdiyi 354 rəsmi
matçın cəmi
53-də, yəni 15 faizində
heç-heçəyə razılaşan Höccətova
“ya qələbə, ya heç nə”
prinsipinə üstünlük
verir. Oyunlara adətən start verdiyi “Siciliya müdafiəsi” də buna sübutdur.
Bu debütün əsasında asimmetrik pozisiyaların yaradılması,
kəskin taktiki mübarizəyə istiqamət
durur. Yəni Aydanın şahmat
taxtası üzərində
baxımlı oyun nümayiş etdirməyi,
izləyənlərin maraqlı
və gərgin anlarla dolu matça
şahidlik etməsinə
imkan yaradır. Məşqçisi Cahangir
Ağarəhimov da bunu təsdiqləyir: “Aydan mövqe döyüşünü sevmir.
Onu müxtəlif kombinasiyalar,
taktiki gedişlər daha çox maraqlandırır. Rəngarənglik etmək, şahmatın gözəlliklərini nümayiş
etdirmək onun xoşuna gəlir. Mən də bir məşqçi
kimi bunu rəğbətlə qarşılayıram.
Onun döyüşkənliyi, mübarizliyi
mütəxəssislər tərəfindən
də müsbət qəbul edilir. Höccətovanın çox böyük
perspektivi var”. Bir şey dəqiqdir:
siz Aydanın partiyasını izləyirsinizsə,
darıxmayacaqsınız. Yarım xal
üçün edilən
gedişlər onluq deyil. Ötən ay Batumidəki yarışda
keçirdiyi 9 oyunun heç birində heç-heçə etməyən
Höccətova bürünc
medalı məhz bunun hesabına qazanıb desək, yanılmarıq.
Portreti
Əzmkar, inadkar, mübariz, döyüşkən... Yəqin bu sözləri eşidəndə gözünüzün qarşısına ilk olaraq təcrübəli, yaşı çox olan böyük bir adam gəlir. Ancaq bu sözlər 15 yaşlı qız üçün deyilib. Bu yaşda 40-a yaxın beynəlxalq turnirdə iştirak edən, dünya və Avropa çempionatlarında uğurlar qazanan, fiqurlara yuxarıdan-aşağı baxıb növbəti gedişini yox, qələbə strategiyasını düşünən gənc şahmatçını hələ böyük çempionluqlar gözləyir. O, balaca, eyni zamanda böyükdür. İddiaçı, eyni zamanda çempiondur. O, kiçik yaşlı, eyni zamanda böyük təcrübəli biridir. O, diqqətli, eyni zamanda simasından təbəssümü əskik olmayan biridir. O döyüşkən, eyni zamanda zərif biridir. Əsl Azərbaycan qızı kimi...
Kənan Məstəliyev
Kaspi.-2014.-12 dekabr.-S.