Tanınmağa deyil,
sevilməyə üstünlük verirəm
Vüsal Əliyev: “Mən bu sənətə
gələndə hərə özünə bir heyvan adı
qoymuşdu. Mən də buna şou deyil, zoo-biznes dedim”
O, bir zamanların, el dilində
desək, populyar ulduzu
idi... “Dayan ürəyim”,
“Gəl anam” kimi
mahnıları dillər əzbərinə çevrilmişdi.
Onun albomları əl-əl gəzirdi.
Söhbət müasir texnologiyanın inkişaf etdiyi bu dövrdə əksər
tamaşaçıların yaddaşından zaman-zaman
silinən Vüsal Əliyevdən gedir.
Ötən gün Vüsal Əliyev “Kaspi”-nin suallarını
cavablandırdı. İfaçı bizimlə söhbətində
gündəmdən danışdı və şou-biznesin
çirkin cəhətlərindən
şikayətləndi.
- Vüsal
bəy, uzun müddətdir ki, sizi efirlərdə,
gündəmdə görə bilmirik. Bunun xüsusi bir səbəbi varmı?
- Mən heç zaman efir və gündəm üçün çalışmamışam. Hər zaman tamaşaçıların yaddaşında qalmağa cəhd göstərmişəm. Belə ki, yanvarda 17-ci albomum işıq üzü görəcək. 17 ildir ki, sənətdəyəm və hər ilimə bir albom düşür. Düzdür, qəbul edirəm ki, əvvəllər daha məşhur idim. O zamanlar albomumuz işıq üzü görəndə efirlərdə böyük təmtəraqla qarşılanırdı. Öncədən həmin albomun təqdimatı olurdu. Ancaq indi vəziyyət əvvəlki kimi deyil. İndi bu barədə yalnız saytlarda qısa bir məlumat verilir və bununla da kifayətlənirlər. Bu 17 ildə 17 dəfə televiziyada görünməmişəm. Bu müddət ərzində heç vaxt radiolarda mahnım səslənməyib. Heç vaxt üzdə olan müğənni olmamışam. Əvvəllər televiziyada elanlar gedirdi ki, filankəsin albomu çıxacaq, dayanacaqlarda mahnılar səslənirdi. İndi şəhərimiz abadlaşıb və bu cür reklamlara son qoyulub. Artıq disk satışı yoxdur. Hər kəs mahnıları internetdən götürür. Heç vaxt gündəmdə olmadığım üçün elə bilirlər ki, sənətdən uzaqlaşmışam. Amma əslində mən heç boş dayanmıram.
- Klip
məsələsində də tənbəllik edirsiniz.
Nə üçün bu
qədər passivləşmisiniz?
- Bəli, o barədə çox passivəm (gülür). Boynuma alıram. Ümumilikdə götürdükdə 7 klipim olar, ya olmaz. Ancaq yuxarıda qeyd etdiyim albomumda 170-ə yaxın mahnı yer alacaq. Albomun üzərində “17+17=170 bəstə” yazılacaq. Klipə gəlincə isə, ötən il “Susqun” adlı klip çəkdirmişəm. O da çox yayımlanmadığı üçün elə də tanınmadı.
- Bu
gün şou-biznesin özü də kateqoriyalara
bölünüb. Siz
özünüzü hansı kateqoriyaya aid hesab edirsiniz?
- Müğənni var ki, gündəm üçün çalışır. Bütün işini ona görə hazırlayır. Mahnılarını gedəcəyi toylara görə yazdırır. Mən heç zaman oynadan müğənnilərdən olmamışam. Hər zaman mahnılarımda düşündürən repertuara yer ayırmışam. Toylara gedəndə, 99-cu ildə oxuduğum “Ana” və ya lirik mahnılarımı tələb edirlər. Mahnılarımın sözlərində heç vaxt bayağılıq olmayıb. Mahnını yaddaşda saxlayan onun sözləri olub. 17 ildə ən azı reklamla, efirlərə çıxmağımla yaddaşlarda qalmışamsa, bu gün kateqoriyalardan söhbət etməyə belə dəyməz. Mən efirdə heç kimi yamsılamıram. Özümə xas oxu tərzim var. Bir sözlə, şou-biznesdə Vüsal Əliyevin öz dəsti-xətti var.
- Toylar
demişkən, Vüsal Əliyev toylara neçəyə gedir?
- Bu mənim ən
yaralı yerimdir. Məni hər kəs toyuna pulsuz apara
bilər.
- Necə?
- İndinin özündə
də mənim pulsuz getdiyim toylar pul ilə
getdiyim toylardan qat-qat çoxdur. Çünki çevrəm çox böyükdür. Əgər bir
insanla oturub bir stəkan çay içmişəmsə
və ya kimləsə duz-çörək
kəsmişəmsə, o insanla
toy haqqında söhbət
edə bilmərəm.
Düzdür, elə insanlar da var
ki, bu gün
bir tikə çörək kəsir,
sabah isə
oğlunun toyuna dəvət edir. Amma artıq bunu onların Allahı bilər. Baxmayaraq ki, pul bu gün hamı
üçün, xüsusilə
də mənim üçün vacibdir.
Mən heç zaman mənəviyyatımı pula satanlardan
olmamışam. Bunu hər
kəs bilir. Hərdən
deyirəm ki, “İrandan mal gətirib ziyana qoymuram ki. Allahın verdiyi səsdir,
aza da, çoxa
da Allah bərəkət
versin”.
- Deyəsən verdiyim sualdan yayınmağa çalışırsınız.
- (Gülür) Bilirsiniz,
100 dollara da klip çəkmək olar, bir milyona
da. Baxır toyu danışacağın
insanlara. Elə toylar
olub ki, onlara pulsuz getmişəm.
Hər qiymətə toylara gedirəm. Kimin nəyə gücü
çatıbsa, onun qəlbinə dəyməmişəm.
Heç
kimə deməmişəm
ki, bu qədər
verməlisən. Pula görə özümü
insanların gözündən
heç zaman salmamışam. Adam var
ki,
iş yerinə bir ay hər gün gedib-gəlir, heç üç yüz manat maaş almır. Biz yarım saatın
içərisində 300 manatdan
çox pul qazanırıqsa, buna görə Allaha şükür etməliyik.
İnsan
gərək naşükür
olmasın.
- Nə üçün yaradıcılığınızda
xarici mahnılara yer ayırmırsınız?
- Öz mahnılarımızı
salamat şəkildə
tamaşaçılara təqdim
edim, qalsın xarici mahnılar (gülürük).
- Hesab edirsiniz ki, yerli
mahnıları salamat
şəkildə ifa edə bilmirsiniz?
- Bizdə salamat şəkildə nə var ki? Bir tamaşaçı
kimi verilişlərə
kənardan baxanda, onların elə də inandırıcı
olmadığını hamımız
görürük. Etiraf edirəm
ki, Azərbaycan telekanallarına yalnız futbol olandan-olana baxıram. Efirlərimizdə gedən heç
bir verilişdən xəbərim yoxdur. Yeni albomum çıxacağı
üçün son zamanlar
bəzi verilişləri
izləməyə çalışıram.
- Kanallara dəvət olunmursunuz deyə baxmırsınız, yoxsa
doğrudanmı verilişlərimiz
sizin diqqətinizi çəkmir?
- Deməzdim ki, verilişlərə dəvət
olunmuram. Mən istəyirəm ki,
getdiyim verilişlərdə
mövzu mənim mahnılarımdan ibarət
olsun. Əgər hər hansı
bir qalmaqala görə məni verilişlərə dəvət
edirlərsə, həmin
verilişdə iştirak
etməyim yersizdir.
Belə verilişlər mənə
lazımdırmı? Reytinq xatirinə
efirdə çıxıb
qalmaqal yaratmağın
mənası yoxdur.
Artıq
nə ar, nə namus, nə abır - heç biri qalmayıb. Reytinq xatirinə hər
şey edirlər.
Elə reklam mənə lazım deyil. Mən tanınmağa deyil, sevilməyə üstünlük
verirəm. Bu gün tanınmaq çox asandır. Hər hansı bir insanı efirdə hər gün göstərsələr, hamı
onu tanıyacaq, ancaq o sevilməyəcək.
Onun sevilməyi hərəkətindən,
nitqindən, özünü
aparmağından asılıdır.
Efirə
çıxım məni
görsünlər deyə
verilişlərə çıxmağı
lazımlı hesab etmirəm. Allah elə tanınmağa lənət etsin. Mənim üç albomum çıxmışdı, bütün
respublika mahnılarımı
dinləyirdi. Ancaq xalq
mənim üzümü
hələ görməmişdi.
- Sizin mahnıları bayağı
adlandıran insanlara münasibətiniz necədir?
- O sözü mənə deyən adamı axtarıram (gülür).
Görəsən, o insanın özü
necə insandır ki, başqasına lağ edir? Hər kəs kompyuter arxasında şirə dönür. “Youtube”-da istifadəyə
verilən mahnıları
“dislike” edirlər. Əslində tamaşaçıların fikirləri
mənə çox maraqlıdır.
- Vüsal Əliyev özünü şou-biznesin nümayəndəsi
hesab edirmi?
- Mən heç zaman şou-biznesdə yer almamışam. Bir onu bilirəm ki, mən bu
sənətə gələndə
hərə özünə
bir heyvan adı qoymuşdu. Mən də buna şou deyil,
zoo-biznes dedim. Bu aləm mənlik
deyil. Məndə ulduz xəstəliyi
yoxdur. Çox utancaq insanam.
Özümü adi insanlardan
heç də seçmirəm. 17 ildə Allah şahiddir ki, heç bir toyda fonoqram
oxumamışam. Heç bir
toya disk aparmamışam.
Telefonlarıma da məndən başqa heç kim
cavab verməyib. Yanımda məndən başqa köməkçim olmayıb.
Sosial şəbəkələrdəki profillərimin də istifadəçisi özüməm.
Mənə ünvanlanan bütün
suallara və zənglərə özüm
cavab verirəm. Tamaşaçının bir SMS-i mənim ən pis günlərimdə elə dayaq olub ki, onu
sözlə əvəz
edə bilmərəm.
Heç
zaman digər ifaçılar kimi deməmişəm ki, mənim sosial şəbəkələrimi prodüser
idarə edir. İnsan həyata bir dəfə gəlir.
Mən o
SMS-ləri oxumayacağamsa,
onlar mənim içimdə hansısa hissləri oyatmayacaqsa, o profilləri nə üçün açmışam
ki? Yenə də deyirəm
ki, bu sənətə
pul yığmaq üçün gəlməmişəm.
Nə şouya, nə də onun biznesinə
heç vaxt meylim olmayıb.
Xəyalə Rəis
Kaspi.-2014.-16 dekabr.-S.12.