Keçmişini
yaxşı bilməyən öz gələcəyini
qura bilməz
İzzət Rüstəmov: «Yeni
quruculuq fəlsəfəsinin banisi Heydər Əliyev xaosun
davam etdiyi bir dövrdə yeni inkişaf strategiyasını irəli
sürdü»
Fəlsəfə
elmləri doktoru, professor
İzzət Rüstəmov Azərbaycanda baş
verən sosial dəyişikliklər və
azərbaycançılıq ideologiyasının yeni mərhələdə aktual
problemləri barədə fikirlərini «Kaspi»yə müsahibəsində
açıqlayıb.
- İzzət
müəllim, son dövrlər Azərbaycanda
baş verən sosial
dəyişiklikləri azərbaycançılıq
ideyası kontekstində necə dəyərləndirmək olar?
- Azərbaycandan söz açmaq, onunla bağlı elmi araşdırmalar aparmaq insanda xüsusi qürur hissi doğurur, eyni zamanda da onun qarşısında böyük məsuliyyət borcu qoyur. Azərbaycanımız, onun tarixi, mədəniyyəti haqqında düzgün, obyektiv yazılarla yanaşı xeyli dərəcədə təhriflər, yad fikirlər, uydurma düşüncələr də mövcud olmuşdur. Onlar bu gün də davam etməkdədir.
Lakin bununla belə ölkəmizin, Azərbaycan adlı vətənimizin, «Odlar yurdu»nun keçmişinə az da olsa, nəzər salmaq yerinə düşərdi. Çox düzgün deyiblər ki, keçmişini yaxşı bilməyən öz gələcəyini qura bilməz. Müasir oxucularımız, cəmiyyətimizin çox mühüm bir hissəsini təşkil edən gənclərimiz aydın dərk etməlidirlər ki, indi torpağında yaşadığımız Azərbaycanımız böyük tarixi keçmişə, qüdrətli dövlətçilik təcrübəsinə, bütün dünyada tanınan dövlət xadimlərinə, dahi sərkərdələrə, ulu mədəniyyətə malik olan bir vətənin qanuni davamıdır, övladıdır. Bu cəhətdən böyük Şah İsmayıl Xətaini, qüdrətli Nadir Şahı, Azərbaycan xanlıqlarını bir dövlət halında birləşdirməyə çalışmış Fətəli xanı yada salmamaq olarmı? Müasir gənclərimiz, tələbələrimiz yaxşı bilməlidirlər ki, Azərbaycan böyük filosof Bəhmənyarın, dahi Nizaminin, Nəsiminin, Nəsirəddin Tusinin, dahi şair Məhəmməd Füzulinin vətənidir. Bu böyük sərvəti mənimsəmək, onu dərindən dərk etmək hamımızın borcudur.
- Azərbaycançılıq
ideyası prizmasından müstəqil Azərbaycanda təkamül
yolu ilə hansı sosial
dəyişikliklər baş verməkdədir?
- Çox cəsarətlə müasir Azərbaycanımızın inkişafının bu mərhələsini Heydər Əliyev mərhələsi adlandırmaq olar. Sonrakı şərhimizdə görəcəyik ki, ölkəmizin inkişafının bütün sahələrində baş verən köklü dəyişikliklər, siyasi proseslər, beynəlxalq əlaqələr və diplomatik uğurlar birinci növbədə ulu öndərimiz, qüdrətli dövlət xadimi və xarizmatik şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin ona görə müstəqil Azərbaycanımızın sonrakı taleyini özünün sevimli oğlu, bütün regional və beynəlxalq reytinqlərdə ən yüksək qiymət almış indiki Prezidentimiz İlham Əliyevə etibar etmişdir. Bu barədə söhbətimiz ayrıca və xüsusi olacaqdır.
Heydər Əliyev böyük siyasətçi və nadir dövlət xadimi kimi istər Azərbaycanın və istərsə də bütün keçmiş Sovet İttifaqının taleyində bilavasitə iştirak etmişdir. O, Azərbaycan SSR-nin təhlükəsizlik orqanlarında ən yüksək rəhbər vəzifə tutmuş, ölkədə gedən proseslərə çox dərindən nüfuz etmiş görkəmli bir dövlət xadimi olaraq Azərbaycan KP MK-nın Birinci Katibi kimi çox məsuliyyətli və taleyüklü bir vəzifəyə gətirildi. Bu, 1969-cu ilin avqust ayında baş verdi. Azərbaycanın inkişafına partiya rəhbərliyində əldə edilmiş uğurları inkar etmədən cəsarətlə deməyə tam haqqımız vardır ki, Heydər Əliyev respublikanın partiya rəhbərliyinə gələrkən, Azərbaycanın iqtisadiyyatında, mədəniyyətində, elm və təhsil sahəsində vəziyyət o qədər də ürək açan deyildi. İnkişafda durğunluq, elmdə, təhsildə süstlük aparıcı istiqamət idi. Heydər Əliyevin rəhbərliyə gəlməsi Azərbaycanımızın demək olar ki, inkişafın bütün sahələrində tərəqqi və çiçəklənmə yoluna keçməsinin başlanğıcı oldu. İqtisadi inkişaf cəhətindən Azərbaycan da bütün İttifaqda ön mövqelərə çıxdı; elm, təhsil və mədəni quruculuq sahəsində ölkəmiz böyük uğurlara sahib oldu.
- İzzət
müəllim, məhz dediklərinizin məntiqi nəticəsi
olaraq, sonradan ulu öndər Heydər Əliyev Sovet İttifaqının dövlət və
hökumət strukturunda ən yüksək
vəzifəyə irəli çəkildi. Bəs sonra nələr baş verdi?
- Respublikamızın inkişafında və partiya rəhbərliyində baş vermiş, mən deyərdim, «inqilabi dəyişikliklər» Sovet İttifaqının rəhbərliyindəki sağlam qüvvələrin Heydər Əliyevin şəxsiyyətinə, onun siyasi və dövlət rəhbərliyi sahəsində nail olduğu xarüqəladə uğurlara daha diqqətlə yanaşmasına səbəb olmuşdu. Məhz bunun sayəsində idi ki, H. Əliyev Sov.İKP MK-da Siyasi Büronun əvvəl üzvlüyünə namizəd, sonra isə üzv seçildi. Bizim üçün dönə-dönə fəxrdir və fəxr mənbəyidir ki, Heydər Əliyev xeyli müddət SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdı, çox güclü və qüdrətli rəhbər kimi tanındı, dünya miqyasında nüfuz sahibi, böyük şəxsiyyət kimi şöhrət qazandı.
Çox təəssüf ki, İttifaqda dostlarımızla yanaşı, uğurlarımızı ürəyi götürməyən bədxahlarımız da meydana gəlmişdi. Digər tərəfdən də, Heydər Əliyevdən sonra respublikamızın partiya rəhbərliyinə gələnlər ulu öndərin siyasi və strateji xəttini davam etdirə bilmədilər, ölkəmizin iqtisadi inkişafında müəyyən durğunluq yarandı. Sovet İttifaqının rəhbərliyində yer almış bədxah qüvvələrin birgə, mən deyərdim, bədnam səyləri, ona qarşı gizli və açıq təqiblər başlandı.
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olmadığı və Sovet İttifaqının rəhbərliyində yüksək vəzifədə çalışdığı vaxtlarda respublikamızda hansı hadisələr cərəyan etdiyinə çox qısa şəkildə diqqət yetirək. Bu cəhətdən bir neçə məqam önə keçir. Əvvəla, budur ki, keçmiş Sovet İttifaqının gələcək süqutundan xəbər verən hadisələr baş verirdi. Qarabağda qan töküldü, təxribatçı qüvvələr Sumqayıt şəhərində qanlı hadisə törətdilər Azərbaycanın vətənpərvər qüvvələri ərazimizin müdafiəsinə qalxdılar, qəhrəmanlıq şücaəti göstərdilər. Bir qədər sonra Bakıda 20 yanvar faciəsi törədildi. Bununla belə Azərbaycanın mütərəqqi qüvvələri, mübarizəni davam etdirir, müstəqillik uğrunda mübarizə aparırdılar.
Belə bir vəziyyətdə Azərbaycan xalqının sevimlisi və respublikamızın xilaskarı olan Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldi. 1993-cü ilin 15 iyunu tariximizə «Qurtuluş günü» kimi daxil oldu. Heydər Əliyev siyasi rəhbərlik sahəsindəki əzəmətli təcrübəsindən istifadə edərək ölkəni xaos vəziyyətindən nizama doğru yönəldə bildi, Azərbaycanın daxilində baş verməkdə olan təxribatların, dövlət çevrilişi səylərinin qarşısı qətiyyətlə alındı. İşğalçı Ermənistanla atəşkəs elan olundu, dinc inkişaf üçün şərait yaradıldı, respublikamızın siyasi təhlükəsizliyi sahəsində kəsərli tədbirlər həyata keçirildi, müstəqil, suveren, hüquqi dövlətimiz yaradıldı, onun mövcudluğu günümüzün reallığına və həqiqətinə çevrildi.
- Totalitar
rejimdən müstəqilliyə keçid
dövrünün xüsusiyyətlərini
necə səciyyələndirirsiniz?
- Əlbəttə, uzun illər ərzində rəhbər tutduğumuz bir sıra ideoloji-metodoloji postulatları kənara qoyaraq, istər dünya miqyasında, istərsə də doğma Azərbaycanımızda bütün komponentləri və atributları ilə götürülmüş inkişafımızın hansı metodologiya və paradiqmalara uyğun olaraq getdiyini oxucuların diqqətinə çatdırmağa çalışmalıyıq. Hər şeydən əvvəl, söyləməliyik ki, qurulmaqda olan yeni cəmiyyətimizin istehsal üsulunda, onun məhsuldar qüvvələrində və istehsal münasibətlərində, bütövlükdə ictimai münasibətlərində köklü nə baş verir. Tarixin gedişi və hadisələrin sərt dönəmi artıq sübut etdi ki, ictimai mülkiyyətə əsaslanan istehsal münasibətləri qurulacaq yeni cəmiyyət üçün yararsızdır. Dahi şəxsiyyət, yeni quruculuq fəlsəfəsinin banisi Heydər Əliyev gərgin siyasi bir şəraitdə, hələ də xaosun və dalğalı ictimai-siyasi proseslərin davam etdiyi bir dövrdə yeni inkişaf strategiyasını irəli sürdü, onun fəlsəfi-sosioloji mahiyyətinin, anlamının yeni düsturunu verdi. Heydər Əliyev siyasətinin əsas konsepti bundan ibarətdir ki, cəmiyyətimiz öz inkişafında keçid – transformasiya mərhələsinə qədəm qoyur. Bu mərhələnin isə başlıca devizi – şüarı xüsusi mülkiyyətə, xüsusi marağa əsaslanan münasibətlərə, bazar iqtisadiyyatına keçmək idi. Beləliklə, cəmiyyətimizin sosial strukturunda ciddi dəyişikliklər baş verdi. Dünənə qədər qəbul etmədiyimiz yeni sosial təbəqələr meydana gəldi, sahibkar, biznesmen, fermer, orta sinif kimi anlayışlar vətəndaşlıq hüququ qazandı, elmi dövrəyə daxil edildi. Ölkənin ali rəhbərliyi Azərbaycanda sahibkarlığın uğurla inkişaf etdirilməsi üçün ciddi tədbirlərin həyata keçirilməsi üçün lazımi sərəncamlar verdi və onların reallaşmasını öz nəzarətinə götürdü.
- Səməd Vurğunun «Azərbaycan» şeirində «qara qızıl» kimi vəsf olunan neft və «Əsrin müqaviləsi»…
- Ölkəmizin iqtisadi inkişafının digər təyinedici şərtlərinə də yığcam şəkildə nəzər salaq. Etiraf etməliyik ki, keçid dövründə beynəlxalq aləmlə, dünya dövlətləri ilə əlaqələrimiz, ilk növbədə iqtisadi məsələlərdə əməkdaşlığımız hələ tam qaydasına düşməmişdi, ölkə iqtisadiyyatına xarici investisiya-kapital qoyuluşu mövcud tələlərə cavab vermirdi. Belə bir şəraitdə Heydər Əliyev zəkası, uzaqgörənliyi ən optimal həll yolunu irəli sürdü. Bu da 1994-cü ilin 20 sentyabrında «Əsrin müqaviləsi» adlanan neft müqaviləsinin bağlanması idi.
Həqiqətən, bu müqavilə dünyanın aparıcı dövlətlərinin Azərbaycanla neft istehsalı sahəsində ciddi əməkdaşlıq etmək niyyətlərinin məhəng daşı, dönüş nöqtəsi idi. Bundan sonra xarici ölkələrin respublikamızda şirkət və konsorsiumları yaradılmağa başladı. Azərbaycana kapital qoyuluşu durmadan artırdı. Dünyanın iş adamları Azərbaycana axışıb gəldi və əmin olundu ki, Azərbaycan zəngin təbii sərvətlərə, birinci növbədə neft ehtiyatlarına malik bir ölkədir.
Azərbaycanda uğurla baş verən, normal axınla gedən sosial dəyişikliklər sistemində regionların inkişafı mühüm yer tutur. Bir qədər əvvələ qayıdaraq, deyə bilərik ki, Azərbaycan rəhbərliyi ölkəmizdə iqtisadi inkişafa bir sistem kimi baxır, neft sənayesi ilə yanaşı bütün digər sahələrə ciddi əhəmiyyət verir. Buna nümunə olaraq regionların inkişaf etdirilməsi sahəsində qazanılmış böyük uğurları göstərmək olar. Bəlkə də bunu xüsusi sübut etməyə o qədər ehtiyac da yoxdur. Artıq günümüzün reallığıdır ki, ulu öndərimiz Heydər Əliyev kursunun, parlaq daxili və xarici siyasətinin istedadlı davamçısı, prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Bakı şəhərində qısa müddətdə böyük quruculuq və abadlıq işləri aparılmış, «Ağ şəhər» planı uğurla, özü də intensiv şəkildə həyata keçirilir, eyni zamanda respublikamızın aparıcı şəhərləri olan Gəncədə, Sumqayıtda, Şəmkirdə iqtisadi, sosial və mədəni inkişaf sahəsində xarüqəladə müvəffəqiyyət qazanılmışdır. Respublikamızda olimpiya hərəkatı xüsusi vüsət alıb. İndi Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycan iqtisadi inkişaf tempinə görə müasir dünyada liderdir. Sosial inkişaf sahəsində də əhəmiyyətli uğurlarımız vardır.
- Azərbaycançılıq
ideyasını və onun davamlı
inkişafını beynəlxalq kontekstdə necə qiymətləndirirsiniz?
- «İnsan kapitalı», «Sosial kapital» anlayışları barədə görkəmli amerikan alimi, sosioloqu Frensis Fukuyamanın «Etibar» əsərindən bir neçə parçanı diqqətə çatdırmaq istərdim. F.Fukuyama «sosial kapital»ın defisit təşkil etdiyindən və onun əhəmiyyətindən bəhs edərkən yazırdı: «Sosial kapital ümumi məqsədin həyata keçirilməsi naminə insanların bir kollektivdə birlikdə işləmək qabiliyyətidir». Fukuyama insan kapitalının nə olmasından və onun «sosial kapitalla» əlaqəsindən bəhs edərkən yenə də yazırdı: «İnsan kapitalı həmçinin insanların bir-biri ilə nə isə müəyyən ümumilik təşkil etmək qabiliyyətindən ibarətdir, belə ki, insan kapitalının bu hissəsinin nəinki təsərrüfat həyatı üçün, eyni zamanda birbaşa bütövlükdə «sosial həyatın» hər bir aspekti üçün prinsipial əhəmiyyəti vardır». Əlavə olaraq göstərə bilərik ki, sosial kapital cəmiyyətin birliyinin-konsolidasiyasının, cəmiyyət üzvlərinin hazırda Azərbaycan cəmiyyətimizin gələcək səadəti, rifahı naminə birgə, həvəslə, eyni məramla çalışmaq əzminin yüksək ifadəsi, göstəricisidir. Bu həmçinin onun ifadəsidir ki, hazırda xaosdan nizama doğru, statik, pərakəndə fəaliyyətdən dinamik qanunauyğunluğa, yekdil fəaliyyətə doğru ciddi addım atılmışdır. Həmçinin bunun sayəsindədir ki, Azərbaycan özünün davamlı inkişafını uğurla həyata keçirməkdədir.
Müasir Azərbaycan cəmiyyətimizdə baş verən sosial dəyişikliklərin, bütövlükdə sosial həyatın digər komponentlərinə də qısaca nəzər salaq. Bu komponentlərdən ən mühümlərindən biri ölkəmizdə informasiya texnologiyalarının intensiv inkişaf etməsi, informasiya cəmiyyətinin formalaşması, informasiyanın bazar iqtisadiyyatına uyğun olaraq əmtəə dəyəri kəsb etməsidir, müasir şəraitdə «elektron hökumət»in yaranmasıdır, asan xidmət konsepsiyasının bu günümüzün sosial reallığına dəyərli vəsiqə almasıdır. Yerinə düşər desək ki, Azərbaycanın süni peyki – Azerspace-1 orbitə çıxarılmışdır. Tam əminik ki, yeni belə bir informasiya peyki orbitə uğurla çıxarılacaqdır. Fəxrlə deyə bilərik ki, indi Azərbaycan öz süni peykinin imkanlarından ciddi surətdə faydalanır. Azərbaycan həmişə elm və texnikanın ən yeni nailiyyətlərindən faydalanmağa can atır, dinamik inkişaf yolu ilə yeni zirvələrə doğru addımlayır.
Akif Əhmədgil
Kaspi.-2014.-17 dekabr.-S.14.