“BURDAN MİN ATLI KEÇDİ…”
Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında mötəbər yer tutan görkəmli ədib və teatr xadimi Hidayət Orucov ömrünün hər anını xalq və vətən yolunda xidmətdə bulunmuş böyük ziyalıdır. Ləyaqətli insan ömrü yaşayan, bu ömrün zamandan-zamana təsdiqi və təntənəsini yaratdığı əsərlərində və öz həyat kredosunda əks etdirən Hidayətin pyeslərinin səhnə təcəssümü hər zaman maraqla qarşılanmışdır.
Vaxtilə İrəvanda yaşayarkən on altı il İrəvan Azərbaycan Dram Teatrına rəhbərlik etmiş Hidayət bu teatrın doğma müəllifi hesab olunur. Elə bu səbəbdəndir ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” iki hissəli tarixi-xronoloji dramını böyük məhəbbətlə teatrsevərlərə təqdim etmişdir.
Premyerası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (2 dekabr 2014-cü il) və Azərbaycan Dövlət Musiqili Teatrının səhnələrində (8 dekabr 2014-cü il) baş tutan tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.
Tamaşadakı hadisələr 1968-ci ildən bu günümüzə qədərki bir dövrü əhatə edir. Əsərdə tarixən əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda azəri türklərinin yaşadığı ictimai-siyasi şərait, ədəbi-mədəni mühit, İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti, bütövlükdə azərbaycanlıların on illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizə qələmə alınıb.
Hidayətin bütün yaradıcılığı boyu leytmotiv kimi özünü göstərən bu mövzu məhz İrəvan Teatrının kollektivi üçün doğma və ülvi idi. Teatrı poeziyadan sonra özünün ikinci həyatı adlandıran Hidayətin bütün pyeslərində müəllifin fəal həyat mövqeyi sezilir. Onu bir dramaturq kimi sevdirən əsas cəhət cəmiyyət və şəxsiyyət problemini obrazların psixoloji münasibətlərində axtarmasıdır. Dramaturq şəxsiyyətin mənəvi-əxlaqi xüsusiyyətlərini onun ictimai fəaliyyətinin mahiyyətilə vəhdətdə götürür. Fikir və ifadə aydınlığı Hidayət dramaturgiyasının mühüm cəhətidir. Sadəlik, səlislik və səmimilik onun ustad imzasıdır. Janr və stilistika baxımından Hidayət Orucovun dəst-xətti seçilir. Bu özünü ilk növbədə süjet sadəliyində, kompozisiya xüsusiyyətlərində, hadisələrin vətəndaşlıq pafosu ilə təsvirində göstərir.
Hansı mövzudan bəhs etməsinə baxmayaraq Hidayətin əsərləri maraq doğurur, orada həmişə kəskin dramatizm olur. Yazıçı həyat hadisələrini mürəkkəb qarşılıqlı əlaqələrilə, insan xarakterlərini isə müxtəlif, təzadlı xüsusiyyətlərilə birlikdə araşdırır.
Ömrünün böyük bir hissəsini o torpaqlarda yaşamış dramaturq “Burdan min atli keçdi” dramında (məlumat üçün qeyd edək ki, əsər eyni adli roman əsasında səhnələşdirilib) şəxsən özünün gördüyü, iştirakçısı olduğu hadisələri, erməni irticasına qarşı mətanətlə döyüşən, mübarizə aparan vətən oğullarının rəşadət və dəyanətini əks etdirən səhnələri ustalıqla əks etdirmişdir. “Üz tutaq tarixin dərin qatlarına. Üz tutaq İrəvan dediyimiz o ulu torpaqlara. O zamanlar ki, hələ sovetin bayrağı erməni başı üzərindəydi. Hələ erməni şovinizmi yenicə ayaq açırdı. Ancaq bizim üçün vacib olan o ulu torpaqlarda yaşayan həmvətənlərimizin erməni şovinistlərinə qarşı apardıqları intellekt mübarizəsidir...” söyləyən müəllif bu mübarizənin ön cərgəsində isə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dayandığına diqqət yönəldir. Tamaşa bilavasitə ulu öndərə həsr olunmasa da, Heydər Əliyev obrazı baş verən hadisələrin gedişinə əhəmiyyətli istiqamət verir.
Dövlət sifarişilə hazırlanan tamaşaya H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rejissorun verdiyi mizanlar çox dəqiqliklə əsərin ideya məzmununun açılmasına yönəldilib. Rejissor dəst-xətti, rejissor düşüncəsi, ideyası tamaşanın hər bir nöqtəsində, aktyor oyununun bütün məqamlarında özünü aydın hiss etdirir. Onu da deyək ki, səhnə əsərində İrəvan, Gənc Tamaşaçılar, Şuşa və Sumqayıt teatrlarının aktyorları yaddaqalan obrazlar yaradırlar. Belə fərqli amplualı aktyor ansamblı ilə bir səhnəni paylaşmaq özü də sənətkar ustalığının və peşəkarlığının təsdiqidir.
Əsərin baş qəhrəmanı Heydər Əliyev obrazını Əməkdar mədəniyyət işçisi, İrəvan teatrının direktoru, teatr və kinoda, bədii seriallarda oynadığıı neçə-neçə yaddaqalan obrazları ilə tamaşaçı sevgisi qazanmış İftixar Piriyev məharətlə yaradır. Onun ifasında Heydər Əliyev obrazı möhtəşəmliyi və bitkinliyi ilə qəlblərə yol açır. Aktyor Ulu Öndərin yerişini, duruşunu, maneralarını, əl hərəkətlərini, səsinin tembrini, nitqindəki pauzaları, mimikasını , jestlərin, sözlərin, ifadələrin deyilişindəki xırdalıqları çox incə və dəqiq ştrixlərlə təqdim edir. Bu, əlbəttə ki, İftixarın mükəmməl sənətkar peşəkarlığı ilə obrazın daxilinə nüfuzetmə bacarığının bariz nümunəsidir. Aktyor xalqımızın ümummilli lideri Heydər Əliyevin görünüşündə obrazın daxili yaşantılarına daha cox diqqət yetirir, nəbzi vətənin nəbzi ilə vuran dahini məhz həyatda olduğu kimi yarada bilir.
Azərbaycan səhnəsində ulu öndərin bədii obrazı bundan əvvəl yazışı-dramaturq Aqşin Babayevin “Xilaskar” pyesində (2009), İftixarın “Qurtuluş dastanı” (2013) epik tarixi dramında özünün səhnə həllini tapmışdı. Bu tamaşalarda da Heydər Əliyev obrazı İftixar Piriyevin mükəmməl ifası ilə yadda qalmışdı.
Aqşin Babayevin publisistik janrda qələmə aldığı “Xilaskar” pyesi Ulu Öndərin 1991-1993-cü ildəki həyat və fəaliyyətinə, Parlamentdəki çıxışlarına həsr olunub. Heydər Əliyev obrazı üzərində qurulmuş bu tamaşa çox böyük maraqla qarşılanmışdı. Bu, əlbəttə, ilk növbədə Heydər Əliyev obrazının səhnədə canlandırılması ilə bağlı idi. Bu dahi şəxsiyyətin bədii obrazını İftixar Piriyev çox böyük peşəkarlıqla və məharətlə canlandırırdı. O, Heydər Əliyev obrazının portret cizgilərindən daha çox onun zəngin daxili aləmini əks etdirməyə çalışırdı. Bu obrazı yaratmaq, həm də ilk ifaçı olaraq yaratmaq həqiqətən də sənətçidən çox böyük bacarıq, istedad, başlıcası isə məsuliyyət tələb edirdi.
Müstəqillik tariximizin yaranmasına, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunmuş, “Qurtuluş dastanı” tamaşasında isə Heydər Əliyev obrazı daha geniş əhatədə əksini tapır. İftixar Piriyev Heydər Əliyev obrazını elə ilk gəlişdə mübarizəyə tam hazır vəziyyətdə göstərir; baş katibin riyakar, kinayəli suallarına Heydər Əliyev ağlının, iradəsinin gücü ilə təmkin və soyuqqanlılıqla cavab verir.
Dramaturq 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Heydər Əliyevin Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib bəyanatla çıxış etməsi, Moskvadan Bakıya dönərkən aeroportda onu tutmaqçun göndərilmiş casusların əhatəsindən tədbirli şəkildə çekist cəldliyi ilə çıxması, 20 Yanvar faciəsindən sonra Şəhidlər Xiyabanını ziyarəti, Milli Məclisin zalındakı çıxışları, Gəncə hadisələrinin baş verdiyi məqamlarda Gəncəyə getməsi, Naxçıvan Milli Məclisində ilk dəfə üç rəngli bayragımızı Dövlət Bayragı elan etməsi səhnələrilə hadisələrin əsil mahiyyətini canlandırmışdı.
Hidayətin “Burdan min atlı keçdi” dramında isə Ulu öndərin obrazı artıq daha geniş miqyasda – Heydər Əliyevçilik – Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssiməsini tapır. Tale belə gətirdi ki, bu tamaşada da Ulu öndərimizin bədii obrazının yaradıcısı kimi onun hisslərinin, duyğularının, yüksək insani keyfiyyətlərinin, həm övladlıq, həm valideyinlik missiyasının, həm sərkərdəlik qüdrətinin yaşantılarını ifa etmək, xalqı, milləti yolunda yorulmadan, əzmlə apardığı fəaliyyətində gərgin situasiyalara qarşı mübarizəsini səhnədən təcəssüm etdirmək şərəfi aktyor İftixar Piriyevə nəsib oldu.
Burada müəllif Heydər Əliyev obrazını erməni şovinistləri ilə daha gərgin, daha təhlükəli mübarizələr fonunda, həm də hələ o illərdə xalqımız üçün başlanan və gələcəkdə torpaq iddiaları adı altında soyqırım fəlakətlərinin, əzəli yurd yerlərimizdən deportasiyaların o dəhşət və vəhşətlərini öz iti ağlı, uzaqgörən siyasəti ilə duymasını çox böyük dərinliklə çatdırır. Ulu öndərin Koçinyanla (aktyor Məhərrəm Musayev) telefon danışıqları, sonradan sərhəddə Qazax və Dilicanda görüşü, sonrakı illərdə Qarabağ uğrunda Koçinyanın gizli danışıqları, Suslovla (aktyor Nazir Rüstəmov) olan dialoq səhnəsində onu müdrükcəsinə ifşa etməsi, Liqaçovla (xalq artisti Məzahir Süleymanov) görüş səhnəsində rəqibin təhdidinə qarşı cəsarətli çıxışı, və ən nəhayət, finalda ərazi bütövlüyümüzün qorunması naminə xalqımıza verdiyi tövsiyələr müəllifin yüksək vətəndaşlıq məqsədindən xəbər verir. Bütün bu səhnələrdə İftixar Piriyev yüksək peşəkarlıqla rəhbərin daxili sarsıntılarını, cinayətkarlara nifrətini tamaşaçı nifrətinə qataraq inandırıcı şəkildə təqdim edir. Eyni zamanda tamaşa boyu tarixi dövrün də konkret anı, məqamı, zamanın məhvəri öz ifadəsini və obrazını tapa bilir. Bu obrazda başlıca məna və vurğu – şəxsiyyət və xalq, öndər və millət və onlar arasındakı münasibətlərin ifadə etdiyi tarixi qanunauyğunluqlardır.
Heydər Əliyev şəxsiyyəti, dəyişən siyasi-sosial zaman və məkan hüdudlarında da dəyişməyən milli-əxlaqi mövqeyin, vətəndaşlıq sabitliyinin təcəssümü olan lider obrazı əsərdə əvvəldən axıra kimi milli-mənəvi və fərdi-insani keyfiyyətləri ilə daha kaloritli, kamil görünür və əminliklə deyirəm ki, əlbəttə bu birmənalı şəkildə istedadlı aktyorumuzun ifa məharətinin parlaq təzahürüdür. Heydər Əliyev elə bir fenomendir ki, Hidayətin də həm bir teatr xadimi kimi, həm də Heydər Əliyev məktəbinin yetirməsi kimi o böyük dühaya öz yaradıcılığında daima isti münasibətlə yer ayırması o parlaq şəxsiyyətin mükəmməl obrazının cəlbedici xüsusiyyətindən qaynaqlanır.
Tamaşada teatrlarımızın peşəkar aktyorları öz bacarıqlarını maksimum dərəcədə göstərirlər. Erməni millətçilərinin bədii obrazlarını ustalıqla yaradan əməkdar artist Vaqif Kərimov, Əhliman Ərşadlı, Əjdər Zeynalov, Oqtay Mehdiyev, Niyaməddin Səfərəliyev, Rövşən Cəfərov, Ramiq Nəsirov, Ceyhun Əliyev, Əmrulla Nurullayev, sadə azərbaycanlı polis əməkdaşı rolunda Elçin Haciyev kimi aktyorlar bir-birini əvəz edən səhnələrdə bir neçə mürəkkəb obrazda öz istedadlarını nümayiş etdirirlər. Müəllifin prototipi kimi təqdim edilən Ədib obrazı isə aktyor Natiq Həziyevin ifası ilə sevilirdi.
Tamaşanın uğurlu alınmasında bədii tərtibatın özünəməxsus yeri vardır. Xüsusilə tamaşa öncəsi səhnədə asılmış Böyük Azərbaycan xəritəsi (rəssam Vahid Mürsəliyev), hadisələrin baş verdiyi məkanlar olduqca dinamik və funksional şəkildə təqdim edilir. Teatrın quruluş hissə müdiri Xaqani Əliyev, geyim ustası Məlahət İsmayılova, rekvizit ustası Qəmzə Ələsgərova, səs effektləri üzərində çalışan Günay Muradova və digərləri tamaşanın hazırlığı prosesində bacarıq və istedadlarından maksimum istifadə ediblər.
Əsərdə səslənən musiqilər də Çingiz Xəlilovun tərtibatında çox düzgün seçilmiş, hadisələrin inkişafında olduqca dramatik əhval yaradırdı.
Heydər Əliyev çıxışlarında teatr sənətinin inkişafında rolu olan teatr xadimlərinin əməyini hər zaman yüksək qiymətləndirirdi. O deyirdi: “... teatr xadimləri, teatrda işləyən hər bir şəxs fədakarlıq edir. İndi teatrda işləmək asan məsələ deyil. Mən bunu yaxşı bilirəm. Salonda otururuq, üç saata yaxın davam edən tamaşa bizə bir saniyə kimi gəlir. Ancaq hər bir aktyor hər hansı bir obrazı ifa etmək üçün nə qədər enerji sərf edir. Oxuyan da, çalan da, söz deyən də, rol ifa edən də. Mən yenə deyirəm, teatr xadimləri, incəsənət sahəsində çalışan adamlar ən fədakar insanlardırlar.”
“Burdan min atlı keçdi” tamaşasından çıxandan sonra Ulu öndərin bu fikirlərini xatırladım; qəlbimdə bir nisgil yer aldı. Fikirləşdim ki, mərhum prezidentimiz bu gün bu tamaşaya baxmış olsaydı, adəti üzrə tamaşadan sonra səhnə arxasına keçib kollektivlə görüşsəydi, yəqin ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının bu günkü uğurlarını qeyd edər, eyni zamanda acı taleyinə də biganə qalmazdı. Mən acı taleyi ona görə deyirəm ki, 133 illik tarixi olan bu teatr səhnəsi olmadığı səbəbindən belə möhtəşəm tamaşalarının məşqlərini foyedə edir. Tamaşaçı zalı olmadığı üçün öz premyeralarını başqa teatrların səhnələrində keçirir. Ulu öndərin fədakar adlandırdığı aktyor heyəti on dəfələrlə proqon keçirməli olduğu halda şəraitsizlik ucbatından bunu edə bilmir və məşqdən birdəfəyə belə ağır dekorasiyalarla Milli Dram Teatrının böyük səhnəsinə çıxmalı olur. Qaçqınlıq həyatının ağır dönümlərini yaşayan teatrın yaradıcı kollektivi bu qeyri-adi şəraitin müqabilində bir daha öz varlığını, amalını, gücünü və sənət eşqini təsdiq edir.
Hidayətin dediyi kimi, Vətəndən ağır olan Vətən yükünü Vətəndə Vətənsiz qalan sənətkar çiyinlərində təəssüf ki, sonu görünməyən qaçqınçılıq taleyilə daşıyır bu teatr. Hidayətin əsir torpağın əsgərləri olan min atlısı isə sərgərdan, narahat ruhları ilə bu milləti milli birliyə haraylayır. Cəsarətli vətən oğullarımız o itirilmiş torpaqlarımızın düşmən cəngindən alınması uğrunda cihada səsləyir bizi.
NƏRMİNƏ
AĞAYEVA
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
Kaspi.-2014.-19 dekabr.-S.12.