Beş mindən artıq geyim saxlanılan qarderob
Dövlət Musiqili Teatrının
əlvan rənglərə
bürünmüş qarderob
otağından reportaj
Teatr hər kəs üçün əyləncəli və asudə vaxt keçirmək üçün
maraqlı məkandır. Hərçənd ki,
hazırda yolunu teatrdan salan kütlə azlıq təşkil edir, amma buranın yeganə canlı sənət növlərindən
biri olduğu və insanları daxilən daha çox zənginləşdirdiyi
danılmaz faktdır.
İzləyici teatra gəldikdə, sadəcə
olaraq səhnədə
baş verənlərin
şahidi olur. O, kulisdə bir tamaşanın ərsəyə
gəlməsi üçün
çəkilən əziyyətləri
isə görmür.
Hər çeşiddə geyimlə
zəngin olan otaq
Lakin pərdə arxasında baş verənləri də teatrın ən maraqlı “tamaşalar”ından
hesab etmək olar. Orada nələr
baş vermir ki? Bir tamaşanı ərsəyə
gətirmək üçün
uzun hazırlıq prosesindən keçilir.
Teatrın yaradıcı
kollektivi bir araya toplaşıb, nəzərdə tutulan əsərə yeni bir “can”, “nəfəs” verir.
Teatrda pərdəarxası
ən maraqlı guşələrdən biri
də teatrın qarderob otağıdır. Biz də
bu həftəki yazımızı Azərbaycan
Dövlət Musiqili Teatrının geyimlə dolu olan qarderob
otağına həsr
etdik: Geyim otağının qapısından
içəri girib rəngarəng paltarların
göz oxşadığını
gördükdə, gəlişimizdən
məmnunluq duyduq. Burada hər bir üslubda,
müxtəlif yaş
dövrlərindən tutmuş,
ayrı-ayrı vaxtlara
qədər istənilən
geyim formasını görmək mümkündür.
Beləcə, hər bir qadının xəyalında
canlandırdığı, arzusu ilə yaşadığı böyük
qarderob otağında
idik. Burada nələr yoxdur, nələr?..
Otaqda dəmirdən
7-8 ədəd qarderoba
bənzər qurğular
mövcud idi ki, onların hər birində rəngarəng paltarlar asılmışdı. Geyim otağının rəhbəri
Aynişan Məmmədova
bizi qarşılayıb
otaq ilə tanış etdi. Məlum oldu ki, teatrda iki geyim
otağı var. Onlardan
birində ötüb
keçən tamaşanın
istifadə olunmayan paltarları və hazırda istifadə olunan ayaqqabılar saxlanılır. Burada yaradılan
səliqə-sahman xüsusilə
gözə çarpırdı.
Digər
otaqda isə həftəlik istifadə olunan tamaşaların geyimləri və aksesuarları asılıb.
A.Məmmədova deyir ki, bir tamaşanın bütün geyimlərini bir asılqan üzərindən keçirir
ki, bu da
onun işini asanlaşdırır. O, artıq
17 ildir ki, teatrda çalışır
və bunun üçün də bütün paltarların,
aksesurların yerini əzbər bilir.
Uzun müddətə hazırlanan
paltarlar
Sən demə,
adi bir paltarın
ərsəyə gəlməsi
uzun prosesdən keçir. Belə ki, əsər
rejissora təhvil verildikdə, o, tamaşada
nəzərdə tutduğu
obrazların vizual görüntülərini rəssama
danışır. Rəssam rejissorun
istəyi ilə geyimlərin eskizlərini çəkir. Hazır eskizlərə
uyğun parçalar,
aksesuarlar alındıqdan
sonra həmin ləvazimatlar dərzilərə
təhvil verilir.
Dərzilər rəssamın göstərişi
ilə geyimləri hazır etdikdən sonra onların içərisində obrazları
canlandıran şəxslərin
adları yazılaraq qarderob otağına təhvil verilir. Paltarları bir-bir yoxladıqdan sonra qəbul edən geyim otağının rəhbəri
onları bir dəmir asılqan üzərindən keçirərək
tamaşa üçün
hazır saxlayır.
Tamaşaya bir neçə
gün qalmış əsərin qəhrəmanları
öz geyimlərini bir daha geyinərək
onun əyər-əskiklərini
gözdən keçirirlər.
Tamaşanın təqdim olunmasına
bir neçə saat qalmış isə geyimlər bir-bir aktyorların qrim otaqlarına gətirilərək onlara
təqdim olunur. Tamaşa bitdikdən sonra siyahıyla geyimlər aktyorlardan alınıb təmizlənməyə göndərilir.
Ondan sonra isə hazırlanan geyimlər səliqə ilə yerlərindən asılır.
Ayaqqabı otağını gəzərkən
A.Məmmədova qeyd etdi ki, ayaqqabıların
bir hissəsi sifarişlə tikdirilir. Onları bazarda
tapmaq mümkün deyil. Aynişan xanım qarderobda olan ayaqqabıların hər birinin kimə aid olduğunu da əzbərdən bildiyini dedi. Onunla söhbətimiz əsnasında
bir neçə sual yarandı. Bəs görəsən bir tamaşanın dublyorlarının
paltarları necə olur? Bir rolu canlandıran
iki aktyorun bədən ölçüləri
eynidirmi?
Aldığımız cavab isə fərqli oldu. Deməli, bir
obrazı canlandıran
iki dublyorun hər birinə iki ayrı paltar
tikilir. Rəhbərlik bütün bunları
nəzərə alıb
dublyorların paltarlarını
da öncədən hazırlatdırır. “Repertuardan çıxarılmış
geyimlərin taleyi necə olur?” soruşduqda, öyrəndik
ki, repertuardan çıxarılmış, istifadəsi
mümkün olmayan paltarlar yığılaraq
ikinci otaqda saxlanılır. Yeni tamaşa
hazırlanarkən bəzilərini
yeniləyib təkrar istifadəyə verirlər.
Yerdə
qalan geyimlər isə teatrın qarderobunda səliqə ilə saxlanılır.
Geyim otağı
rəhbərinin müşayiəti
ilə qarderob otağını gəzdik. Bir-bir geyimlərlə tanış
olduqdan sonra A.Məmmədova onları
geyinən aktyorların
hansı obrazları canlandırdıqlarını xatırlayaraq
izahat verməyə başladı. Sıra ötən mövsüm
dünyasını dəyişmiş
aktrisa Xanım Qafarovanın əlbisələrinə
çatdı. O, astaca
əlini uzadaraq “gördüyünüz bu
kostyum isə teatrımızın görkəmli
sənətkarı olan
Xanım Qafarovaya məxsusdur” - deyib kövrəldi. Məlum oldu ki, dünyasını dəyişmiş
aktyorların geyimləri
də teatrın qarderobunda qorunub-saxlanılır.
A.Məmmədova hər
dəfə o geyimlərə
baxanda mərhum sənətkarları xatırladıqlarını
bildirdi: “Adətən
bu dünyadan köçmüş sənətkarların
paltarlarını görəndə
çox kövrəlirəm.
Nəsibə Zeynalovanın,
Hacıbaba Bağırovun
paltarlarını rəhbərliyin
icazəsi ilə muzeyə təhvil vermişik”.
Nə badə,
bu rəngarəng paltarları görüb, teatrdan kirayəlik paltar almaq eşqinə
düşəsiniz. Aynişan xanım
deyir ki, tamaşalardan başqa heç kimə teatrdan paltar verilmir. Bu, mümkünsüz
bir şeydir. Teatrda hazırlanan geyimlər məhz nümayiş olunan tamaşalar üçün nəzərdə
tutulub.
Geyimlər həftəlik oynanıldıqdan
sonra təmizlənir,
əgər ehtiyac varsa, restavrasiya olunduqdan sonra əvvəlki yerində saxlanılır. Sıradan çıxan geyimlər
isə dərzilər
tərəfindən yenilənir.
Əgər geyim tam yararsızdırsa,
onu yenisi ilə əvəzləyirlər.
Teatrın təmirsiz olduğu
dövrlərdə kollektiv
geyimləri əlverişsiz
şəraitdə çox
çətinliklə saxlayırmış.
Buna görə çox əziyyət çəkiblər. Geyimə
cavabdeh olan Aynişan xanım bunu belə izah edir: “Bizə
“Günəş” şadlıq
evinin birinci mərtəbəsində otaq
vermişdilər. Teatr binasından
uzaq olduğumuz üçün çox çətin idi. İşlək olan tamaşaların
kostyumlarını göz
önündən asırdıq.
İşlək olmayan tamaşanın
kostyumlarını isə
səliqə ilə qatlayıb kənara yığmışdıq. O zaman bizim çətinliklərimiz
çox oldu. İşçilərimizin az olmasına baxmayaraq, biz bütün işlərin öhdəsindən
gəlirdik. Əlverişsiz şəraitdə sıradan çıxan paltarlar da olub.
Onların bəzilərini hətta
atmalı olmuşuq.
Elə bir vəziyyət yaranmışdı ki, paltarları saxlamaq çox çətinləşmişdi.
Yeni binaya gəldikdə isə, demək olar ki, əksər
paltarlarımız da təzələndi. Köhnələri isə daha yaxşı
şəraitdə saxlamaq
imkanımız oldu”.
Qeyd edək
ki, teatrın qarderob otağında 5 mindən çox geyim saxlanılır. Günü-gündən
də geyimlərin sayı artmaqdadır...
Xəyalə Rəis
Kaspi.-2014.-23 dekabr.-S.12.