Əfsanəvi akademik - Azad Mirzəcanzadə

 

Ona yaxın düşəndə yandırar, uzaq düşəndə dondurardı

 

Onu sevənlər arasında sağlığındaykən belə bir rəvayət dolaşıb: “Azad müəllimə yaxın düşərsən yandırar, uzaq düşərsən dondurar”. “Gənclərə örnək” rubrikamızın budəfəki qəhrəmanı dünya şöhrətli alim, neftqaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, bir sıra ölkələrin elmlər akademiyalarının həqiqi üzvü, fəxri neftçi, fəxri qaz sənayesi işçisi, iki dəfə Dövlət, üç dəfə İ.M.Qubkin adına mükafat laureatı, əməkdar elmtexnika xadimi Azad Mirzəcanzadədir.

 

29 yaşlı elmlər doktoru

 

Onun elmi fəaliyyətindən nə qədər istəsəniz yazmaq olar. Ancaq bizim məqsədimiz bu dahi alimin maraqlı və keşməkeşli həyat yoluna nəzər salmaqdır. A.Mirzəcanzadə 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü olub. Təkcə bunları qeyd etmək kifayətdir ki, A.Mirzəcanzadənin nə qədər qeyri-adi istedada malik elm fədaisi olduğunu görək.

Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Bu böyük alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqaləsi, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası və elmi kütləvi əsərləri də xüsusi yer tutur.

 

“Anama bənzədiyimə görə xoşbəxtəm”

 

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda dünyaya göz açıb. Atası Xəlil kişi Cənubi Azərbaycanın Sərab şəhərindən, anası Asiya xanım isə xan nəslindən idi. Xəlil kişi Cənubi Azərbaycanın azadlığı uğrunda hərəkatın da fəal üzvlərindən olub. Dost-tanışa üzdən anasına bənzədiyini deyən A.Mirzəcanzadə buna görə həmişə özünü xoşbəxt saydığını deyirmiş. Buna görə o, hər zaman anasının xatirəsini uca tuturdu.

 

15 yaşlı müəllim

 

Birinci sinfə Bakıdakı 14 nömrəli orta məktəbdə gedib. Məktəbdə oxuyarkən Böyük Cahan Müharibəsi başladığından onun təhsil aldığı məktəbi hərbi hospitala çevirirlər. Buna görə də sözügedən məktəbin bütün şagirdləri kimi, 13 yaşlı Azadı da Bakıdakı 18 nömrəli köçürürlər.

A.Mirzəcanzadə xüsusi riyazi qabiliyyəti ilə hələ orta məktəbdə oxuyarkən müəllimlərinin sevimlisinə çevrilir. Riyaziyyatla yanaşı, digər fənlərdən də əla oxuyan Azad ekstern yolla imtahan verərək məktəbi 15 yaşında bitirir.

1941-45-ci illər müharibəsinin yaratdığı çətinliklər onların da ailəsindən yan keçmir. Ailəsinin - anasının və bacısının dolanışığına qatqısının olması üçün 15 yaşlı yeniyetmə işləmək məcburiyyətində qalır. Riyaziyyatdan qeyri-adi istedadının olması burada dadına çatır. 15 yaşındaykən axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə o da ailənin yükünü çiyinlərində daşıyır. Daha sonra isə elə müharibə dövründən başlayaraq 44 nömrəli məktəddə dərs deməyə başlayır. 1952-ci ilə qədər o, məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.

 

Sinif yoldaşları ixtisasına görə Azadı qınayır

 

Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) vermək istəsə də, yaşının az olması səbəbilə sənədlərini qəbul etmirlər. Yeniyetmə institutun rektoruna müraciət etməli olur. Rektor, neft-mədən fakültəsində oxumağı arzulayanların sayı az olduğundan onun sözügedən fakültədə təhsilini davam etdirməsinə razılıq verir.

Amma Azadın fitri istedadına bələd olan sinif yoldaşları onun sözügedn fakültədə oxumasına razılıq verdiyinə görə həmişə onu qınayırlar. Azadsa onlara “yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz”, deyə cavab verir.

Tələbəlik illərindən elmi laboratoriyalar A.Mirzəcanzadənin ən sevimli məkanına çevrilir və dərslərinə xüsusi fikir verir.

 

Çalışdığı yerlər

 

Elmə olan sevgisi nəticəsində o, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutundaNeft Ekspedisiyasında əvvəlcə baş laborant, kiçik elmi işçi kimi çalışır. Daha sonra isə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olur. A.Mirzəcanzadənin çalışdığı vəzifələrin hamısını qeyd edə bilməsək də, onu deyək ki, A.Mirzəcanzadə bütün işlərinin öhdəsindən çox bacarıqla gəlir. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri kimi çalışır. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olur, 1993-2001-ci illərdə Dövlət ElmTexnika Komitəsinə rəhbərlik edir.

 

Kolbasa, pendir və “selyodka”

 

Tələbəlik illərində də çalışqanlığı ilə seçilən qəhrəmanımızın “Gilli məhlulların hidravlik elementləri” mövzusunda yazdığı namizədlik dissertasiyası institutun son kursunda hazır olur. Elmi Şuraının yeddi saat davam edən iclasında 23 yaşlı gənc dissertasiyanı çox uğurla müdafiə edir. Namizədlik dissertasiyasının müdafiəsindən sonra o, doktorluq dissertasiyası üzərində işləməyə başlayır. Doktorluq işinin elmi məsləhətçisi akademik Aleksey Antonoviç İlyuşin Bakıda Azadın yaşadığı mənzillə tanışlıqdan sonra çox narahat olur və Bakı Şəhər Sovetinin sədri ilə görüşüb gənc və perspektivli alimə normal mənzil verilməsini xahiş edir, əks təqdirdə, onu özüylə Moskvaya aparacağını deyir. Bu müraciətdən sonra ona şəhərin mərkəzində üçotaqlı mənzil verilir. Hələ gənc yaşlarından həmkarlarının diqqətini müxtəlif elmi problemlərə qeyri-standart yanaşma tərzi ilə cəlb edən A.Mirzəcanzadə 1957-ci ildə fenomenal nəzəriyyə sayılan özlü-plastik mayelərin hərəkətinə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə edərkən məşhur akademik Aleksey Antonoviç İlyuşin bildirib ki, o, bu işdə A.Mirzəcanzadədən daha çox faydalanıb: “Mən bu işdən daha çox faydalandım, nəinki Mirzəcanzadə məndən - özünün elmi rəhbərindən”.

Yaxınlarının dediyinə görə, hər gün fasiləsiz olaraq elmlə məşğul olan qəhrəmanımızın gündəlik yeməyi əsasən kolbasa, pendir və “selyodka”dan ibarət idi.

 

“Şagird birinci müəllimini, sonra onun fənnini sevir".

 

A.Mirzəcanzadə üçün orta təhsil insan həyatında xüsusi yer tutduğundan onun təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azad müəllimin pedaqoji fəaliyyətində xüsusi orijinallıq özünəməxsus mühazirə oxumaq üslubu olub. Riyazi fiziki məsələləri o qədər sadə dillə, ədəbiyyatdan, incəsənətdən fəlsəfədən misallar çəkərək izah edib ki, qarşısındakı ən savadsız tələbə belə onun mühazirələrindən nəsə götürüb. Tələbələrinin sevimlisi olan qəhrəmanımızın dediyi bu fikri indi onun tanıyanlar unutmayıb. “Şagird birinci müəllimini, sonra onun fənnini sevir”.

Tələbələrinin yoluna daim işıq tutan dahi fenomenin “istedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar” fikri onu tanıyanlar arasında deyimə çevrilib.

 

Neft sənayesi mütəxəssisinin musiqi sevgisi

 

Maraq dairəsi yalnız elmlə məhdudlaşmayan neft sənayesi üzrə mütəxəssis ədəbi-bədii əsərləri, təsviri sənət musiqi nümunələrini yüksək peşəkarlıqla təhlil edirmiş. Operaya, teatra getməyi, balet rəqslərinə tamaşa etməyi sevirmiş. A.Mirzəcanzadənin həm yaxşı piano çalmaq qabiliyyəti varmış. Azərbaycan musiqisinə vurğunluğunun nəticəsidir ki, otağında evində masanın üzərində həmişə Üzeyir Hacıbəylinin şəkli olub.

Sovet mexanika məktəbinin nümayəndələrindən olan, Amerikada yaşayan Bakı yəhudisi akademik Qriqori İsaakoviç Barenblatt Azad Mirzəcanzadəyə məktublarının birində yazırdı: “Əziz Azad! Mən həmişə Sizin parlaq və çoxşaxəli - əsl millieyni zamanda ümumbəşəri istedadınıza heyranam. Bizi ümumi işimiz yaxınlaşdırdı, lakin dərin elmi təəssüratla yanaşı, dahi xalqınızın musiqisini mənə sevdirdiyinizə görə Sizə borcluyam”.

Hətta bir dəfə Amerikadan kimsə Azad müəllimə zəng edib susur. Telefondan yalnız Koroğlunun uvertürasının səsi gəlir. Azad müəllim musiqini dinləyib dəstəyi asmaq istəyəndə dəstəyin o başından Qriqori İsaakoviç Barenblattın səsini eşidir.

 

Arzusu...

 

Akademik Mirzəcanzadə həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra onun dünyasını dəyişdiyi palatada, onun yatdığı çarpayıda və onun rəhmətə getdiyi gün - 77 yaşında həyatla vidalaşır. Son olaraq yazını dahi alimin indiyaddaşlarda yaşayan sözləri ilə bitiririk: “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.

 

P.S. Yazı akademik Mirzəcanzadənin dostlarının xatirələri əsasında hazırlanıb .

 

Lalə MUSAQIZI

Kaspi.-2014.-26  dekabr.-s.21.