“Onların maaşı qazandıqları
bacarıqlardır”
Fərid
Sadıxlı: “Könüllülük mənim
fikrimcə, cəmiyyətə qayğı deməkdir”
ASAN xidmət mərkəzlərinin
insanların işlərini asanlaşdıraraq qısa müddət
ərzində xalqın rəğbətini qazanması sirr deyil. Burada
hər kəs gülər üzlə qarşılanır,
problemləri minimum zaman
ərzində həll olunur və elə
gülərüzlə də yola
salınır. Bütün bunlarla yanaşı, bu mərkəzlər
gənclərə göstərdiyi xüsusi
qayğı ilə də daim diqqət mərkəzindədir.
Sözügedən qurum gənclərin
asudə vaxtlarını səmərəli keçirməsi,
sosiallaşması, təcrübə toplaması üçün könüllülərlə
sıx əməkdaşlıq edir. Təsadüfi
deyil ki, “ASAN xidmət”
mərkəzi “Könüllü fəaliyyət
haqqında” qanunu ilk tətbiq
edən dövlət orqanıdır. Hətta burada
könüllü gənclər təşkilatlanaraq
ASAN Könüllüləri Gənclər Təşkilatını
yaradıblar. Biz də qurumun
fəaliyyəti, gənc könüllülərin iş prinsipləri ilə tanış olmaq üçün təşkilatın
19 yaşlı sədri Fərid Sadıxlı ilə söhbətləşdik.
“Maaş almadan canla-başla işləyirik”
Fərid deyir ki, bu
təşkilat gənc
olmasına baxmayaraq, mühüm layihələrə
imza atıb. Onun sözlərinə görə,
burada gənclər heç bir maddiyat güdmədən çalışır, Azərbaycan
cəmiyyətinə az da olsa,
töhfə vermək
üçün əllərindən
gələni edirlər:
“İlk layihəmiz keçən il noyabrın 9-da Bayraq Günü ilə bağlı idi. Həmin gün 100-ə yaxın könüllü küçəyə
çıxıb bayrağın
tarixi ilə bağlı məlumatlandırıcı
bukletlər payladı
və bayraqlarla bayraq yürüşünü
təşkil etdilər.
Bu aksiyanı biz hər
il edirik.
Bu il isə
sayımız artaraq
500 nəfərə çatdı.
Aksiyaya yalnız Bakıdakı gənclər deyil, Sumqayıt, Gəncə və Sabirabad gəncləri də qoşuldular. Fəaliyyət nə qədər geniş olsa, bir o qədər yaxşı nəticə verir. Bir il ərzində
1730 gənc bizim layihələrimizdə iştirak
edib. Üstəlik, mən də
daxil olmaqla, hamımız tələbəyik
və könüllük
prinsipləri ilə işləyirik. Burada
heç bir könüllü bir qəpik belə maaş almır,
amma canla-başla çalışır. Hamımız dərsdən gəlib üzərimizə düşən
vəzifəni yerinə
yetiririk”.
Gənclər strategiyanı dəyişdi
ASAN Gənclər Təşkilatının
birinci forumu Sabiradda keçirildi. Üstəlik, forumu Prezident İlham Əliyev öz nitqi ilə
açıb. Prezidentin
könüllülərə dəstəyi onların məsuliyyətini daha da artırıb: “Forumun məqsədi ölkəmizdə son illərdə
könüllülük fəaliyyətinin
həyata keçirilməsi
istiqamətində dövlət
qayğısının nümayiş
etdirilməsi, “ASAN xidmət”
mərkəzlərində çalışan
könüllülər üçün
tətbiq olunan yeniliklərin müzakirəsi,
“ASAN Könüllüləri” Gənclər Təşkilatı
İctimai Birliyinin gələcək fəaliyyəti
üçün rəy
və təkliflərin
formalaşdırılması idi. Forum bütün
ASAN könüllülərini bir araya yığdı
və təşkilatın
mövcud fəaliyyət
strategiyasına hər
könüllünün öz
əlavəetmə şansı
yaradıldı. Burada hər
mərkəzin könüllüləri
öz qətnamələrini
irəli sürmüşdülər.
Prezidentin foruma gəlməyi
isə bizim məsuliyyətimizi yüksəltdi.
Onun forumda iştirak etməsi bizə ayırdığı diqqətin
göstəricisi idi.
Forumda ümumilikdə 310 gənc
iştirak etdi və finalda qətnamələrin bəziləri
qəbul olundu. Bizim üçün sevindirici
idi ki, sonda
vahid bir qətnamə verildi ki, könüllülərin
fikri ilə mövcud olan strategiyaya gələn il əlavələr edilsin”.
“Könüllülər
qurumu tərk etmək istəmir”
Könüllük prinsipi haqqında
məlumat verən həmsöhbətimiz deyir
ki, könüllü heç bir maraq güdmədən və qarşılıq gözləmədən hər
hansı fəaliyyəti
sevə-sevə həyata
keçirməlidir: “Son illərdə
könüllülük ölkəmizdə
instituta çevrilib. Artıq bizdə də könüllü mədəniyyəti
yaranıb. Eurovision müsabiqəsindən öncə
ölkəmizdə könüllülük
anlayışı çox
da geniş yayılmamışdı və
pulsuz çalışmaq
hamıya gülünc
gəlirdi. Amma bu gün kiməsə
desəniz ki, mənim dostum könüllüdür, heç
kim təəccüblənməyəcək.
Könüllülük, fikrimcə, cəmiyyətə
qayğı deməkdir.
İnsan
başa düşür
ki, o da bu cəmiyyətə mənsubdur. İkinci növbədə,
ASAN xidmətdə könüllüsənsə,
burada əsas dəyər dövlətçilikdir.
Burada gənclər dəstəklərini
dövlətdən əsirgəmirlər.
Bu mərkəzlərdə
2500 gənc bir milyondan çox vətəndaşa xidmət
edir”.
Hər bir gəncin könüllü kimi çalışmasının tərəfdarı
olan Fərid deyir ki, könüllü
işləyən gənc
maddi baxımdan təmin edilməsə də, xeyli bacarıqlar qazanır və cəmiyyətdə
özünü təsdiq
edir: “Hazırda mərkəzlərimizdə 500-ə yaxın könüllü
var. Cari könüllülər
isə 2500-dür. Hər bir
könüllüyə 2 ay vaxt ayrılır. Bundan öncə limit yox idi, kim nə qədər istəyirdisə,
könüllü kimi
fəaliyyət göstərə
bilərdi. Bizim problemimiz onda idi ki, burada
yaradılan gözəl
mühitə görə,
heç kim
ASAN xidməti tərk
etmək itəmirdi. 11 minə yaxın
müraciət olduğu
üçün məcbur
olub limit qoyurduq.
Burada gənclər maddi baxımdan gəlir əldə etməsələr
də, ona real həyatda lazım olan xeyri bacarıqlarla
çıxırlar. Təsəvvür edin, gənc məktəbdən çıxır,
sonra universitetə daxil olur. O, hələ də nəzəri biliklərin əhatəsindədir. Könüllülük bir növ onun
bacarıqlarının əldə
edilməsinə kömək
edir və o, artıq gənc yaşlarında özünü
cəmiyyətin bir hissəsi kimi hiss edir. İnsan yaşadığı ölkəyə, cəmiyyətə
biganə olmamalıdır.
Hər kəs bu cəmiyyət
üçün öz
daşını qoymalıdır.
Bu da könüllükdən
başlayır”.
“Könüllünün
düşüncəsi sağlam
olmalıdır”
Regionlara
gəldikdə, müsahibimiz
vurğuladı ki,
region gəncləri könüllük
məsələlərində heç də paytaxt gənclərindən
geri qalmır: “Regionlarda könüllüyə
çox böyük maraq var. Hətta deyərdim ki, Gəncənin könüllüləri
heç də Bakının könüllülərindən
fərqli deyil, hətta onlardan daha fəaldırlar”.
Könüllü seçilərkən diqqət edilən kriteriyalara gəldikdə isə, təşkilat sədrinin sözlərinə
görə, burada əsas kriteriya sağlam düşüncəli
insanın olmasıdır:
“Düzdür, onun təhsil səviyyəsi, intellektual bacarıqları
önəmlidir. Amma könüllünün
şəxsi keyfiyyətləri,
ünsiyyət bacarıqlarının
olması daha vacibdir. Çünki könüllü hər gün 500-ə yaxın vətəndaşla
qarşılaşır, hər
vətəndaş da ayrı xarakterdə olur. O, psixoloq olmalıdır ki, insanlarla düzgün ünsiyyət qura bilsin. Könüllünün şəxsi keyfiyyəti,
düşüncəsi sağlam
olmalıdır”.
Fərid
deyir ki, Azərbaycan gəncliyinin əsas problemi öz bacarıqlarına bələd olmamalarıdır:
“Gənclərə demək
istərdim ki, əgər nəyi isə tutmusunuzsa, heç vaxt buraxmayın. Alınmasa da, axıra
qədər getmək
lazımdır. Ən
pis halda biləcəksiniz ki, bu iş sizlik
deyildi, əlinizdən
gələni etdiniz, qalan artıq fələyin işidir. Düşünürəm ki, həyatda
uğur formulası deyilən bir şey yoxdur. Uğurun ən əsas komponenti insanın özünü tanımasıdır.
O, daima özünü
təhlil etməlidir.
Məsələn, biz müsahibələr edəndə onun şahidi oluruq ki, gənclər bəzən özlərini
tanımırlar. Buna görə onlar daima öz üzərində
eksperiment etməlidirlər.
Gənc olanda nə qədər istəsən,
səhv etmək imkanı var. Gənckən
etdiyin səhv qəbahət deyil. Buna görə maksimum
özünüzü tanımağa
çalışın”.
Aygün ƏZİZ
Kaspi.-2014.-26 dekabr.-S.19.