“Çalışmaq və çox
inadkar olmaq lazımdır”
Nərmin Məmmədova:
“Gərək kələ-kötür, dərəli-təpəli
yolda ruhdan düşməyəsən”
Uğur qazanmaq istəyənlərin
“bu da alınmayacaq”
deməsini düzgün saymır. Heç vaxt geri çəkilmədiyini, irəli getməyi
xoşladığını deyir. Onun fikrincə, məqsədə çatmaq üçün
insan kələ-kötür, dərəli-təpəli
yolda ruhdan düşməməlidir.
Müsahibimiz AXA MBASK şirkətinin
Sığorta ödənişləri şöbəsinin müdiri Nərmin Məmmədovadır.
Əvvəlcə Nərminlə tanış olaq.
-1988-ci ildə 15 saylı orta məktəbə 1-ci sinfə getməklə yanaşı, Vaqif Mustafazadə adına 1 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə də təhsil almağa başladım. Doğrusu, əvvəllər musiqiyə o qədər də marağım yox idi. Heç ailəmizdə də musiqiçi olmamışdı, anam ixtisasca kimyaçı, atam isə mühəndisdir. Nədənsə anam musiqiçi olmağımı çox istəyirdi, elə musiqi məktəbinə də o məcbur etdiyi üçün getmişdim. Lakin məşğul olduqca marağım artmağa başladı və nəticə əldə etmək istəyirdim. O zaman üçün qarşıma qoyduğum ilk məqsədə 5-ci sinifdə nail oldum. Məktəblərarası fortepiano ifaçıları arasındakı müsabiqədə qalib oldum və bu, mənim bu sənətə marağımı daha da artırdı. Artıq bu sənətin dərinliyinə getməyə qərar verdim və imtahanda yüksək nəticə göstərərək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul oldum. Məktəbi bitirdikdən sonra Konservatoriyaya iddialı idim. Amma bütün cəhdlərimə baxmayaraq Konservatoriyaya qəbul ola bilmədim. İlk dəfə məğlub olmuşdum və bu hadisə mənə çox böyük zərbə vurmuşdu. Bundan sonra uzun müddət stress yaşadım və sonda tamamilə yeni bir səhifə açmaq, özümü tamamilə yeni bir sahədə sınamaq üçün güc topladım və bir ildən sonra Bakı Dövlət Universitetinin regionşünaslıq fakültəsinə daxil oldum. Tələbəlik illərində təhsil almaqla yanaşı, fortepiano dərsləri də deyirdim. Lakin bu, məni əsas təhsilimdən ayırmırdı, sonadək musiqi müəllimi işləmək kimi niyyətim də yox idi. Sonda regionşünaslıq ixtisası üzrə həm bakalavr, həm də magistratura pillələrini fərqlənmə diplomu ilə başa vurdum və peşəkar karyerama başlamaq qərarına gəldim.
İlk olaraq Azərbaycanda sərgilərin təşkili ilə məşğul olan bir şirkətin qəbul şöbəsində işləməyə başladım. İşə başlayanda hər şey yaxşı idi, lakin qısa müddət keçdikdən sonra buranın qarşıma qoyduğum böyük məqsədlərə nail olmaq üçün uyğun yer olmadığını başa düşdüm və digər bir şirkətdə müdir assistenti olaraq işləməyə başladım. Amma burada da çox qalmadım. Bu şirkətlərin heç birində potensialımı tam sərf edə bilmirdim və bu, məni çox sıxırdı. Buna görə də boşuna vaxt itirmədən qarşıma bütün gücümü ortaya qoyaraq özümü sübut etmək kimi bir məqsəd qoydum və 2008-ci ildə MBASK Şirkətinə gəlişim bu məqsədə doğru ilk addımım oldu. Müsahibələrdən sonra Sığorta ödənişləri şöbəsində sığorta hadisələrinin tənzimlənməsi üzrə assistent olaraq işə başladım. Sığortaçılıq mənim üçün yeni bir sahə idi, hər gün təzə nəsə öyrənirdim. 2010-cu ildə isə dünyaca məşhur AXA Group MBASK Şirkətinin əsas səhmdarı olduqdan sonra artıq biz “Sığortaçılığa yeni baxış” şüarı ilə tamamilə yeni işlər görməyə başladıq və hər şey buradan başladı.
-
Sığortadan anlayışınız olmaya-olmaya
sözügedən şirkətdə çalışmaq
çətin olmadı ki?
- Çox çətin idi. İşə başlamazdan öncə bu işin öhdəsindən gəlib-gəlməyəcəyimlə bağlı şübhələrim də var idi. Lakin şirkətin rəhbəri mənimlə müsahibədən sonra bu işin öhdəsindən gələ biləcəyimə əmin olduğunu bildirdi və bu, məni çox həvəsləndirdi. Şirkət rəhbərinin bu işin xanımlar üçün çətin olması fikri də məni həvəsləndirdi və istədiyim yerdə olduğumu düşündüm. Çətin olsa da, dayanmadan çalışdım, öz üzərimdə işlədim və qısa müddətdə mənə verilən etimadı doğrultdum. Həmin ilin sonunda şirkət işçilərinin qərarına əsasən, ilin ən yaxşı işçisi adını qazandım və mükafatlandırıldım. Beləcə, assistent işlədiyim Sığorta ödənişləri şöbəsinin müdiri olmaq təklifini aldım. Xaraktercə özümə və işimə qarşı çox tələbkar insanam. Buna görə şöbə müdiri olmaq üçün hələ tez olduğunu düşündüyümdən bir qədər tərəddüd edirdim və bu vəzifədən imtina etdim. Lakin şirkət rəhbəri məni bu vəzifənin öhdəsindən gələcəyimə inandırdı. Beləliklə, karyerama Sığorta ödənişləri şöbəsinin müdiri olaraq davam etdim. Artıq bir neçə aydan sonra bütün tərəddüdlərim yox olmuşdu, baryer kimi gördüyüm bütün maneələri aradan qaldırmışdım və işimin öhdəsindən rahatlıqla gələ bilirdim. Peşəkar karyerama başlayarkən qarşıma qoyduğum məqsədlərin çoxuna nail olmuşdum. Bir xanım üçün çətin hesab edilən şöbənin müdiri idim və xanımlarla bağlı bəzi stereotiplərin cəfəngiyyat olduğunu sübut edə bilmişdim.
- Bir
il ərzində şöbə müdiri vəzifəsinə irəli çəkilməniz
sizin üçün
hansısa çətinliklər yaratmadı ki?
- Daha öncə qeyd etdiyim kimi, bu işə assistenti olaraq başlamışdım. Bu mənim üçün sonradan çox böyük avantaj oldu. Bu müddət ərzində işə aid bütün incəlikləri öyrəndim və sonda böyük bir mexanizmə bütün xırdalıqları ilə bələd oldum. Şöbənin işçiləri ilə ünsiyyətin qurulmasında da bunun çox böyük üstünlüyü var. Ünsiyyətdə heç bir uçurum və ya boşluqdan söhbət gedə bilməz. Karyerada bu şəkildə yüksəlişin mütləq olduğunu düşünürəm.
- Sığorta sahəsində təcrübəniz olmadan işə başlasanız da, sözügedən sahədə Azərbaycana, eyni zamanda şirkətinizə yeni sistemin gətirilməsində birbaşa rolunuz və əməyiniz olub...
- AXA MBASK Şirkəti yarandıqdan sonra məqsədimiz tamamilə yeni bir xidmət qurmaq və sığortaçılığa yeni baxış yaratmaq idi. Bunun üçün bir neçə istiqamətdə işlərə başlamışdıq. Bu işlərdən biri də sığorta hadisələrinin tənzimlənməsi prosesini tamamilə avtomatlaşdırmaqdan ibarət idi. Artıq kağız üzərində heç bir iş görülməməli, bütün proseslər, alqoritmlər əsasında proqram təminatı yaradılmalı idi və mən bu sistemin qurulması üçün rəhbər təyin olundum. Bu o zamana kimi Azərbaycanda görünməmiş bir təcrübə idi, sistemlə bağlı beynimdə çox suallar var idi. Lakin təcrübəmə əsasən, mümkünsüz olan heç bir şeyin olmadığını yaxşı bilirdim. Gərgin rejimdə işləməyə başladıq. Rəhbərliklə birgə iş saatı bitdikdən sonra, hətta şənbə və bazar günləri də bu sistemin hazırlanması üzərində çalışmağa başladıq. Proseslərin qüsursuz şəkildə köçürülməsi üçün Türkiyəyə ezamiyyətə göndərildim və çox qısa müddətdə bu sistemin yaradılmasına nail olduq. Sistemin bəhrəsini çox gözləmədik. Sığorta hadisələrinin tənzimlənməsi müddəti nəzərə çarpacaq dərəcədə azaldı. O vaxta kimi Azərbaycan sığorta bazarında qeyd olunmuş ən tez sığorta ödənişi rekordu 1 gün idisə, biz bu rekordu əhəmiyyətli fərqlərlə 2 dəfə yenilədik; 55 dəqiqə və daha sonra 23 dəqiqə. Lakin sistemin özəllikləri bununla məhdudlaşmır. Sığortalılarımız tələblərinin tənzimlənməsi ilə bağlı bütün məlumatları SMS vasitəsilə əldə edirlər. Müştəri xidmətlərində də çox böyük irəliləyişlərə nail olduq. 2012-ci ildə şöbəmizdəki 6 işçi ilə 2000 tələbi tənzimləmişdiksə, bu il 5 işçi ilə artıq kifayət qədər böyümüş müştəri bazasının 6000-dən çox tələbini təmin edə bilmişik.
- On
ilə yaxındır sığorta şirkətində
çalışırsınız. Özünüz
hansı sığorta xidmətlərdən istifadə edirsiniz?
- Avtomobilim kasko və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növləri üzrə sığortalı idi. Artıq avtomobilimi satmışam. Hazırda daşınmaz əmlakım və həyatım sığortalıdır. Eyni zamanda şirkətimiz tərəfindən tibbi sığorta növü üzrə sığorta olunmuşuq.
- Bir
övladınız var. Ailə ilə işi tarazlamaq çətin
olmur ki?
- Əvvəllər çox çətin idi. Amma bir müddət sonra öyrəşirsən. Analıq məzuniyyətdən sonra işə qayıdanda övladım üçün çox darıxırdım. Övladın insan həyatında nə qədər önəmli yer tutduğunu başa düşürdüm. Amma xarakterim belədir ki, hər zaman nəsə etməliyəm, mütləq və mütləq işləməliyəm. Əks halda, özümü tam xoşbəxt hiss edə bilmirəm. İşə qayıtmağı planlaşdıranda həyat yoldaşım övladımıza görə narazılıq etdi. Lakin bundan da çıxış yolu var idi. İşdə olduğum saatlarda övladıma baxmaq üçün dayə tapdım. Dayəni yoxlamaq üçün üç ay övladıma onunla birgə baxdıq. Gördüm ki, övladımı etibar edə biləcəyim bir insandır. Bu günə 4 yaşlı qızıma həmin dayə baxır.
Düşünürəm ki, ailənin hər iki üzvü çalışmalıdır. “Kişi mütləq çalışmalı, qadın isə ev işləri ilə məşğul olmalıdır” kimi fikirlərlə qəti razı deyiləm. Qadının da ailəyə maddi baxımdan qatqısı olmalıdır.
- Uğurlu
insan olmaq üçün bir
formulanız varmı?
- Çalışmaq və çox inadkar olmaq lazımdır. Musiqi məktəbində təhsil alarkən elə əsər olurdu ki, onu öyrənmək üçün dayanmadan 6-9 saat çalışırdım. Çünki qarşımda məqsəd olurdu: müsabiqədə iştirak edib qalib adını qazanmalıyam. Uğur qazanmaq istəyirsənsə, hər hansı bir işin alınmayanda qətiyyən “bu da alınmadı” deməməlisən. Təslim olmamalısan, bu dəfə alınmadısa, ikinci cəhddə mütləq məqsədinə çatacaqsan. İnsan, ümumiyyətlə, nə ailədə, nə də işdə “alınmayacaq” sözünü düşünməməlidir.
Uğurumun digər sirri isə, heç vaxt geri çəkilməməyim, həmişə irəli getməyi xoşlamağm olub. Ən vacibi qarşına qoyduğun məqsədə çatmaqdır. Məqsədə çatmaq üçün isə heç vaxt düz yolla getmirsən. Heç bir düz yol insanı məqsədinə doğru aparmır. Bu mümkün olsaydı, hər kəs məqsədinə çatardı. İnsan gərək kələ-kötür, dərəli-təpəli yolda ruhdan düşməsin.
İsmayıl Məmmədov
Kaspi.-2014.-26 dekabr.-S.15.