İstiqlal şairi

 

Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində Xəlil Rza Ulutürkün əsərlərindən ibarət “Dünənəm, bu günəm, gələcəyəm mən” adlı kitab işıq üzü gördü

“Xəlil Rza bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 40 ilə yaxın bir dövrdə qələmə aldığı 200 cilddən artıq gündəliklərində yurdumuzun obyektiv bədii-publisistik salnaməsi var. Bu salnamə ideoloji buxovlardan tam azaddır”. Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində işıq üzü görən Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün əsərlərindən ibarət “Dünənəm, bu günəm, gələcəyəm mən” adlı kitabın təqdimatında səslənən bu fikirlər gecə iştirakçılarını böyük şairin poeziyasının işığına topladı. Xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələrin yer aldığı ədəbi toplu şairin irsinə oxucuların sonsuz marağı kimi dəyərləndirildi.

 

Xəlil Rza daha mübariz idi

 

Maddi imkanlarımızı mənəvi dəyərlərə çevirməyin dövlətimizin böyük siyasəti olduğunu qeyd edən millət vəkili, filoloq Nizami Cəfərov tədbiri giriş sözü ilə açaraq Xalq Bank-ın bu sahədə milli xidmət göstərdiyini vurğuladı. Filoloq bankınXalq Əmanəti” layihəsi çərçivəsində yeni nəşrini – Xəlil Rza yaradıcılığına müraciəti əsl vətəndaşlıq mövqeyi kimi dəyərləndirdi:

 

“Xəlil Rzanın seçilmiş əsərləri təqdim olunur. Xəlil Rza müasir Azərbaycan ədəbiyyatının günəşidir. O inqilabi enerjisi ilə hələ gənc yaşlarından yeni bir ədəbiyyat yaratmışdı. Həmin ədəbiyyatla müqayisə olunacaq bir poeziya yoxdur. Xəlil Rza hər mərhumiyyətə dözərək öz idealları ilə sona qədər mübarizə apardı və yaşadı. Xəlil Rza həbsxanada yatdı. Onu bu yoldan çəkindirmək istədilər, ancaq o bu həyatı təkcə poeziyası ilə deyil, həm də ailəsi ilə birlikdə yaşadı”. N.Cəfərov şairin yaradıcılığına toxunaraq onunDavam edir 37”-dən başlamış “Bu dünyada şairin vəzifəsi”nə qədər şeirlərini böyük bir yaradıcılıq nümunəsi adlandırdı: “Xəlil Rza Səməd Vurğun məktəbini keçmişdi. O, öz yaradıcılığı ilə, bu məktəbin nə qədər böyük üslublar verə biləcəyini sübut etdi. O, bu məktəbin böyük bir poeziya mühitinindövrünün nümayəndələrindən biri idi. Yanında Nəbi Xəzri, Hüseyn Arif, Nəriman Həsənzadə vardi. Çox maraqlıdır ki, ədəbiyyata 50-80-ci illərdə gələn və böyük bir poeziya üslubu yaradan şairlərin heç biri bir-birinə bənzəmirdi. Hər birinin öz yaradıcılıq manerası vardı və hər biri də nəhəng idi. Amma Xəlil Rzanın bir üstünlüyüo idi ki, o daha mübariz idi. O, mübarizələrə, döyüşlərə açıq idi. Mən düşünmürəm ki, Xəlil Rzanı təsadüfən həbs etmişdilər. Xəlil Rza bütün taleyi ilə o yola doğru gedirdi. Yəni özü o taleyi seçmişdi”. N.Cəfərov Xəlil Rzanı Azərbaycan dilinin ən böyük hadisələrindən biri adlandırdı: “O dili ən təmiz olan şair idi. Xəlil Rza dünyatürk xalqları ədəbiyyatının ən böyük tərcüməçilərindən biri idi. O, həm tərcümə olunmayan, həm də tərcümə olunan poeziyanı yenidən tərcümə edirdi. Ö,öz üslubunu təqdim edirdi. Xəlil Rza səviyyəli alim, tədqiatçı idi. O elə dövrlərin ədəbiyyatını tədqiq edirdi ki, onların hamısında özünü görürdü. Bilirdi ki, onu bu ədəbiyyat yetişdirib. Ona görə də Azərbaycan, türk dünyası deyəndə o, onu özünün bir zərrəsi, bir hadisəsi hesab edirdi”. Filoloq Xəlil Rzaya dövlət adamlarının, xüsusən ümummilli lider Heydər Əliyevin yüksək dəyər verdiyini xatırlatdı: “Ulu öndər yaxşı bilirdi ki, Xəlil Rza bu millətin ruhunun ifadəsidir. O yaxşı bilirdi ki, xalqın ruhunu daşıyan mütəfəkkir həmişə bu xalqın özünə bərabərdir”. Xəlil Rzanın yazdığı xatirələrində həqiqəti qeyd etdiyini vurğulayan millət vəkili “Hətta ən çılğın məqamlarında da həqiqəti yazıb. Ona görə də ədəbi və ictimai aləmdə Xəlil Rzanı sevirdilər və onu sevməmək də mümkün deyildi”- deyə bildirdi.

 

Bu şeir heç vaxt tükənməyəcək

 

Akademik Teymur Kərimli yeni kitabın nəşrini Xəlil Rzanın xatirəsini anmaqonun irsini yenidən xalqa çatdırmaq baxımından ədəbiyyatımızın bayramı kimi dəyərləndirdi: “Xəlil Vətənin, millətin dostu idi, amma düşməninə də kifayət qədər yaman bir insan idi. Düşmən onun misralarının od-alovu qarşısında dura bilməzdi. Xəlil Rza öz həyatını başdan-ayağa öz xalqına həsr elədi. O, təkcə bir şair kimi deyil, həm də ictimai xadim kimi Azərbaycanı sevdi. O, sona qədər azərbaycançılıq ideologiyasına xidmət elədi. Ulu öndər Heydər Əliyevin dili ilə desək, nə yaxşı ki, o, bu istiqlalı görə bildi. Xəlil Rza istiqlal şairi idi”. Şairin uğrunda mücadilə apardığı idealların qalib gələndən sonra da əsərlərinin öz aktuallığını itirməyəcəyini qeyd edən tədqiqatçı Xəlil Rzanın həmişə müasir olduğunu söylədi: “Nə qədər ki, dünyada Azərbaycana qarşı qısqanc ürəklər var, nə qədər ki, ölkəmizə qarşı ikili standartlar tətbiq edilir, Xəlil Rza həmişə aktual olacaq”. Xəlil Rzanın bu günmüasirimiz kimi yenidən əsərləri ilə mübarizəyə qoşulduğunu qeyd edən akademik şairin Azərbaycanın yüksəlişi, dövlətçiliyimizin inkişafı uğrunda mübarizə apardığını bildirdi: “ Bu, belə də olmalıdır. Çünki bizim bütün klassiklərimiz belədir. Onlar xalqın həyatının hər bir mərhələsində yenidən qayıdır, yenidən öz əsərləri ilə mübarizəyə qoşulurlar. Bu baxımdan, Xəlil Rza yaşayır”. Xəlil Rzanın əsərlərinin bulaq kimi qaynadığını söyləyən T.Kərimli “Onun təbiəti nə qədər coşqun idisə, istedadı da o qədər coşqun idi” deyə söylədi: “Bəzən onun şeirlərini oxuyanda düşünürsən ki, bu şeir heç vaxt tükənməyəcək. Xəlil Rzanın nəfəsi çox yüksək notlara söykənmişdi. Bəlkə də o anadan Füzuli kimi doğulmuşdu. Amma zəmanə onu patriota, istiqlal şairinə çevirdi”.

 

Xəlil Rza yaradıcılığının tədqiqatçısı Əlizadə Əsgərli çıxışında qeyd etdi ki, Xəlil Rza bütün türk dünyasını yanar söz zəkası ilə qarış-qarış gəzib və onlara poetik nəfəsini qatıb. Belə ki, bu gün onun poeziyasına Azərbaycançılıq və türkçülük məcrasında deyil, bəşəri zəmində dəyər verilir: “Ö, öz zəkasının ucalıqlar, zənginlikləri ilə bəşəriliyi, müdrikliyi qazanmışdı. Onun tərcümələrində 110 ölkə sənətkarının adı çəkilir. Biz dünyəvi bir xəritəni təsəvvürümüzə gətirsək, sanki Xəlil Rzanın poetik, fikir kordinatlarından dünyanın bütün istiqamətlərinə yol almaq mümkündür. Həm də onun poeziyasında milli zəmində bir bəşərililik vardı”.

 

Xəlil Rza yaradıcılığının Azərbaycanda qəhrəman bir nəsil yetişdirdiyini qeyd edən Xalq şairi Zəlimxan YaqubZaman keçəcək, analar dünyaya oğullar gətirəcək, amma gələcək əsrlərdən bu dövrə baxanda həmişə Xəlil Rzanın boyu görünəcək, səsi eşidiləcək”- deyə qeyd etdi. Xəlil Rzanın bütövlükdə türk şairi kimi dəyərləndirən Z.Yaqub “O, Azərbaycan xalqını başının üzərinə qaldırmışdı. Bu gün Azərbaycan xalqı da çox haqlı olaraq Xəlil Rzanı bayraq kimi başının üzərinə qaldırır”- deyə səsləndi.

 

Xəlil Rza həmişə deyirdi ki...

 

Kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Yusif Günaydın Xəlil Rzanı 20-ci əsr Azərbaycan ədəbiyyatının ən məhsuldar qələm sahiblərindən biri adlandırdı: “Bitməz-tükənməz enerjiyə malik olan şair yaradıcılıq yanğısı ilə, yazıb-yaratmaq eşqi ilə yaşayır, mübarizə aparırdı”. Tərtibçi qeyd etdi ki, kitabda, şairin 62 illik ömrünün son 35-40 ilində yaranmış poetik örnəklər cəmləşib: ”Kitabı tərtib edərkən xronoloji ardıcıllıq prinsipindən vaz keçilib, bu böyük. Zəngin, poetik irs tematik cəhətdən təsnif olunaraq oxucuların ixtiyarına verilib. Nəşrdə Azərbaycançılıq, Türkçülük, Turançılıq məfkurəsindən doğulub, qayəsi Vətən, Vətənpərvərlik, Vətəndaşlıq olan ictimai-siyasi lirika, fəlsəfi mahiyyəti estetik təkamül, mənəvi-əxlaqi saflıq, düzlük, halallıq uğrunda mübarizə, vəfa, sədaqət və humanizm kimi ali dəyərləri özündə birləşdirən nümunələr toplanıb. Həmçinin şairin aşiqanə-məhəbbət lirikası, monumental əsərlər-poemalar və dünya poeziyasının öncül nümunələrindən dilimizə tərcümə olunmuş say-seçmə poetik örnəklər bircildliyin əsasını təşkil edərək müəllifin vətəndaşlıq mövqeyini, poetik dünyasının miqyasını açıqlayır”. Tərtibçi qeyd etdi ki, şairin müxtəlif illərdə uşaqlar üçün qələmə aldığı şeirlərin bir qismikitaba daxil edilib. Y.Günaydın poetik toplunun xalq şairinin xalqa, vətənə təmənnasız xidmətə həsr etdiyi zəngin, məhsuldar və ibrətamiz ömrünün yüksək mərhələsinin daha bir təzahürü olacağına ümid etdiyini bildirdi.

 

“Hər dəfə Xəlil Rza haqqında bir kitab işıq üzü görəndə elə bilirəm ki, o bu kitabı götürüb oxucuları ilə görüşə gedir”-deyən şairin ömür-gün yoldaşı Firəngiz Ulutürk yeni nəşrin ərsəyə gəlməsinə görə XalqBanka təşəkkürünü bildirdi: “Xəlil Rza həmişə deyirdi ki, vaxt gələcək mənim haqqımda söhbətlər gedəcək. Bu kitabın nəşrini görmək mənim üçün əlamətdar gündür”.

 

Xəlil Rza Ulutürkün seçilmiş əsərlərindən ibarət kitabın nəşrinin 2015-ci ildə oxucular üçün ən dəyərli hədiyyə olacağı bildirildi.

 

Qeyd edək ki, əsası 2010-cu ildə qoyulanXalq Əmanəti” layihəsi çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Gəncə şəhərində Xalidə Səfərova, Rza Məmmədov, Gennadiy Brijatyuk, Fazil Əliyev və heykəltəraş Qorxmaz Sücəddinovun yaradıcılığına həsr olunmuş “Gəncə rəssamları” albomu təqdim edilib; xalq şairləri Məmməd Arazın, Hüseyn Arifinböyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunub.

 

Təqdimatda iştirak etdi

Təranə Məhərrəmova

Kaspi.-2014.-30 dekabr.-S.9.