Məhrəm (hekayə)
Aliq Nağıoğlu
Otaqda ikisi
idi. Hərdən ordan-burdan söhbət salsalar da bir-birini
yaxşı tanımırdılar. İndi münasib
fürsət
yaranmışdı.
-Sən
cəbhədə nəçi idin?
-“Sadko” sürürdüm, pexotaya ərzaq, silah-sursat və
başqa şeylər daşıyırdım...
-Onda sən
pexotada qulluq edibsən?
-Hə
də.
-İdmançı olduğum
üçün məni kəşfiyyata
yazdılar... İlyarımdı tərxis
olmuşam, hələ avaralanıram.
Burada mənə
həm
yaxşıdı, həm də
kədərlidi... Eşitmişəm sənin
də
başın oynuyub.
Keçib gedər, bir az səbir
elə.
Canımızı oda
atdıq, ölümlə üz-üzə
qaldıq, kişi
kimi vuruşduq, bəziləri qırmızı bilet alıb yayındı. İndi lazımsız olmuşuq, lazımsız olmaq üzücüdür...
-...
-Niyə
susursan? Bəlkə düz danışmıram?
A-a, bağışla sənin başın... Gəl sənə öz başıma gələnləri, bura düşməyimin
səbəbini danışım... Qəribə işlər
olur həyatda...
-Noolar, danış.
-Deməli,
belə.
Bəlkə çəkməyə bir şeyin olar?
-Mən
çəkən deyiləm.
-Mən
də
ordudan qayıdandan sonra tərgizmişdim,
amma hərdən
özümçün mırt
eləyirəm. Demək, növbəti
kəşfiyyat
tapşırığından qayıdarkən
çiskində
azıb yoldaşlarımdan
ayrı düşdüm.
Səhərə yaxın dağlarda qatı duman olur. Əlimdə avtomat dilxor halda qalın meşənin
içi ilə gedirəm,
özüm də bilmirəm
hara. Açıq talaya
çatanda görürəm ki, bir az aralıda erməni
əsgəri vurnuxur. Lap sütülün
biri, üst- başı tərtəmiz,
yaraşıqlı, boylu-buxunlu,
kəsəsi builki molodoy. Qəfil qarşılaşmadan ikimiz də
bir-birimizin üzünə baxıb duruxuruq. O, gülümsünüb əlini yelləyir ki, arxayın olum, yəni
atmayacaq; hərdən səngərdə
də
hər
iki tərəf
belə
işarələr edir axı. Şübhəsiz mən
də
özümə
gəlib
əlimi
tərpədirəm. Sonra ehtiyatla, çəkinə-çəkinə üz-üzə
addımlayırıq, avtomatları
hərə öz yanına qoyub göy otun üstündə otururuq. O, öz çantasını açır,
dəsmal
çıxarıb sərir, dədəm gəl,
ordan nələr
boşaltmır: çörək, şokolad, pendir, suxarı, alma, filyaqasında da erməni
konyakı. Əli ilə, sanki göstərir
ki, çəkinmə ye. Mən də
bir gündür acam, ye ki, yeyəsən, o isə yemir, durub mənə tamaşa
edir. Sonra öz veşmeşokumu açıb içindəkiləri təmiz
yerə
boşaldıram: patronlardan
başqa bir şey yoxdur. Kəşfiyyatdan qayıdıb azanın
nəyi
olar? Ona yaxından diqqətlə baxıram,
eynən
mənimtək çox cavandır.
O, bizim dili onsuz da bilmir,
ona görə soruşuram:
-“Dığa it oğlu, hardan gəlib
çıxmısan, kim
səni,- əlimlə torpağı
göstərirəm,- bura çağırdı?
“ O isə cavabında
deyir:
-“Məcburi
gedişdir, əgər imtina etsəydim,
özümüzünkülər məni öldürəcəkdi, axı müharibədir”.
-İtin balasıdır
yalan deyən, inanırsan
inan, inanmırsan özün bilərsən, hər şeyi başa düşürəm. Həm də
beynimdən
ani olaraq keçir ki, yəni
mən
kəşfiyyata
gedib gəldikcə
ermənicə öyrəndim?
Ac olduğundan basıb hər nə varsa, yeyirəm. Erməni əsgəri dəsmalı
çırpıb səliqə ilə
qatlayıb çantasına
qoydu. Qalxıb gedəndə mənə öz dilində dedi:
-“Mən
atmayacağam ha”.
-Babalar goru, söylədiklərini adım kimi düppədüz
başa düşürəm. Odur ki, ürəklə ona deyirəm:
-”Sən
də
çəkinib
eləmə, getginən,
mən
əclaf deyiləm”.
Mən öz dilimizdə,
o erməni
dilində
danışsa da bir-birimizi yaxşı anlayırıq.
O, gəldiyi
səmtə yeriyir, mən
geri addımlayıram.
Ancaq ürəyim əsir, elə
bilirəm
məni
aldadır, bu saat çönüb kürəyimi
alışdıracaq: bu
da sənə düşmən
çörəyinin
duzu. Zorla gedirəm,
nəşəli başımda onun məni
arxadan gülləbaran eləməsi, mənim
qollarımı yana açıb huşsuz yerə sərilməyim canlanır. Bu dəm beynim qızır, gözlərim
ayaqlarımın altını
görmür, artıq
dözə
bilmirəm
və
kəskin
şəkildə çönüb avtomat darağını onun kürəyinə boşaldıram. O kinolardakı
kimi ağır-ağır
yerə
gəlir.
Çantası çiynindən düşür, yo-ox, əvvəl dəlik-deşik
olmuş çantası,
sonra da özü yavaş-yavaş
yıxılır... Filmlərdə görmüsən də...
Nöş çorta getmisən, sən
canın heç siqaretin yoxdur? Ciyərim
yanır...
-Öldürdün?
-Bə
nədi.
Bura lap zəhləmi
töküb, girib-çıxırlar,
fısxırdırlar, tüstü
iyindən
burnumun içi gicişir. Belə yerdə
gərək çəkəsən-zəhəri zəhərlə çıxardasan.
Hə-ə, harda qaldım?
-Yıxılan yerdə.
-Kimin?
-Erməni
əsgərin.
-Demək,
belə,
yıxılandan sonra inandım ki, bədbəxt dığa yalan demirmiş, mənə
atəş
açmayacaqmış. Ona görə nə
qədər gec deyil bu
lənətə gəlmiş yerdən
qaçıb uzaqlaşmaq
lazımdı. Ancaq özün-özündən, öz vicdanından hara qaçacaqsan? Bu hadisənin
vahiməli
xofu məni kabustək izləyir.
Sən
işə
bax, indi sap-sağlam, canlı adam kimi
hər
gecə
yuxuma girir, qapıda durub mənə baxır, eynən sənin kimi. Mən
ona:
-“İtil, cəhənnəm
ol”,-deyə
acıqlanıram, o isə halını pozmadan gülümsünür. Sonra ermənicə cavab verir, mən dediklərini
başa düşürəm, hə
deyir:
-“Mən
səndən inciməmişəm ki qardaş!”
Və gülümsəməkdə davam edir. Mən
cinlənib
özümdən
çıxıram:
-“Nəyə gəlmisən, mən
axı səni öldürdüm?”
-“Elə
belə
gəldim,
dedim bir az söhbət edək”.
-“Ay zırrama, axı
sən
ölübsən?”
-“Hə-ə, başqaları
üçün ölmüşəm, amma səninçün
sağam”.
-“Bəs
belə
de, gərək məni
bağışlayasan, əsəblərim tamam korşalıb, həm
də
o zaman beynimdən keçdi ki, sizinkilərə etibar yoxdur, ləngisəm, sən
məni
cəhənnəmə
vasil edəcəksən”.
O isə
hələ də
uşaqtək
sadəlövhcəsinə gülümsünür, yaxına
gəlib
dəmir
çarpayıda oturub
deyir:
-“Unut getsin, mən
səndən inciməmişəm ki, bizdə
hər
şey yaxşı”. Demə, “yaxşı” onlarda
da elə yaxşıdı.
Çıxıb gedir. Dedim
bir daha gəlməz, lakin hər
gecə
gəlməkdə davam edir, biz ordan-burdan danışırıq. Və mən
get-gedə
belə
hərəkətlərimlə hamını bezdirdiyimdən, elə
bildilər
dəli
olmuşam, başım
oynayıb, ona görə
məni
psixiatrik xəstəxanaya gətirdilər. Düz altı aydır burda müalicə alıram.
O da gəlməkdə davam edir. Mənə doğma,
məhrəm adam kimidir.
Özümüzünkülərdən ayırmıram. Tədricən bir çox
şeyə
öyrəşirlər. Artıq ona öyrəşmişəm.
Gecikəndə yerimə
qor dolur, bayılıram. Bizim çoxsaylı
söhbətlərimizdən hətta
kitab yazmaq olar. Lənətə gəlmiş
müharibədən kimlərəsə xatirə, kimlərəsə ad-san, kimlərəsə
maddi ehtiyac qalır... Necə düşünürsən, müalicə
olunuram, dərman qəbul edirəm,
günlərin
birində,
lənət sənə kor şeytan, yəni
gecələrin birində,
o, yox olsa, mənimlə nə
olacaq? Sözün düzü, mən onsuz öz həyatımı təsəvvür edə
bilmirəm.
Onsuz yaşamaq mənimçün it əzabıdır.
Hələ gözləyirəm. Gözləməksə ağırdı. Belə baxanda adam
ölümün yoxluğuna
inanır. Nə fikrə
gedibsən?
Yoxsa yatmısan?
-Yoox, fikirləşirəm.
-Hə-ə, əgər sirr deyilsə,
nə
barədə fikirləşirsən?
-O lənətə gəlmiş
va-ar, yoxsa yox?!
Kaspi.-2014.-1-3 fevral.-S.23.