Sən… Siz… Sənsiz (Esse)

İslam Əsgəroğlu

Ölüsü ölənçün var da bir təsəllidir, qal da bir təsəlli, yadigar, nişanə də bir təsəllidir, mübhəm gündüzlər də, göz yaşı da bir təsəllidir, söz də bir təsəlli. Əziz və mehriban, qayğıkeş və cəfakeş, banular banusuna Allahdan böyük səbr və əsr diləyi ilə söz təsəllim…

Ata-ana ağac, övlad meyvəsə, ata-ana üçün ən gözəl çağ o bəhrəni görməksə, görüb onunla duyğulanmaqsa, bu meyvənin fəxri ağac üçün, ağacın qüruru meyvə üçünsə, görən, hansını hansına qıydı Allah, kimə, nəyə acıq verdi? Əgər bu qüruru Allah ağac üçün vermişdisə, meyvəsinə qımayaydı kaş, meyvəsinə görə vermişdisə, gərək ona qıymayaydı…

Sən niyə «zəmanə uşağı» olmadın axı? Bunda fəxr vardı, qürur vardı. Allah zəmanə uşağına qıymayanda, zəmanə adamı üçün ölümün yaş növbəsini təyin edəndə ağına-bozuna baxmır, kim gəldi göndərir onun hüzuruna. Bəzən bunda seçib-seçib seçməliyə də düşür. Zəmanə adamı olmayanlardan gözünə yaxşı gələnimi, özünə layiq olanını bəzən öz mərtəbəsinə qaldırmaq üçün ölümün acığına onu ölüm darvazasından keçirmir, onun pişvazına göndərmir, elə yolunu öz dərgahından salır.

Söz ki yoldan düşdü, yolu hamı seçir, bəzən yol da adamı seçir. Bu yolunu Allah seçdi. Yol apardı səni. Yoxsa sən hər deyilən yolu gedən deyildin heç. Hətta ölüm nə qədər nainsaf, əzazil, zülmkeş olsaydı belə, sənə qıymazdı bu texliklə. Hər gedilən yol ağarmır. Hər gedilən yolu ağartmaq olmur. İndii səni aparan yolu necə ağartsınlar ki, bu yolu ha çəkdilər, uzandı elə. Sən də yaşıdların gedən yolu tutaydın, axı sənin nəyin vardı o yolda. Bu yolu qarşılamaq sevinc qarışıq bir dərd. Yolları qarşılamağa çıxıbkən… Yolçun hanı, a yol, yoldaşlığın bumu?

Borca tabın yox idi, tablamazdın bu borclara. Elə istərdin ki, tez çıxasan – ata borcundan, ana borcundan, Vətən borcundan, bacı borcundan, çox istərdin tez çıxasan bu borclardan. Amma Allah verdiyi ömür borcu onlardan qabağa düşdü. Bir ömür borcu idi ki… İnsan borcunu qaytaranda böyük olur. Səndən bir amanat qaldı, o da borcdur. Allah ona qıymasın!

İnsan övladı ruziyə bağlı olduğu qədər ruzi verənə bağlı olsaydı, mövqeyi mələklərdən üstün olardı. Sən ruzi verənə o qədər bağlı insan idin ki, mövqeyin mələklərdən də üstün idi.

Seyid Nəsimi deyir ki:

 

Dünya duracaq yer deyil, ey can, səfər eylə,

Aldanma anın alına, andan həzər eylə.

Atalar pis günü az ömürlü bilir – pis dünlüyə toxtaqlıdır da, day nə deyəydilər, deyəydilər ki, burda da adamına baxır, pis gün, elə pis gündür də.

Bu dünyaya, bu saraylara sığmayan oğlan, dünyaya böyük gəlib qəbirdə kiçilən oğlan, yenə bu ölümünlə böyüksən, ucasan. Qarşıdan ad günün gəlir. Ölüm günün də. Sənin ad gününə gəlmək üçün ölüm qapısından keçməlisən. Sənin ad gününə gül gətirmək üçün gərək o ölüm dağına çıxasan, ordan o gülü dərib gətirəsən.

Yunis Əmrənin dediyi qulağımda səslənir: «Biz dünyadan gedər olduq, qalanlara salam olsun. Arxamızca xeyir-dua qılanlara salam olsun».

Dünya, çevir o biri üzünü, onu da bu üzün tək görsək onda Tanrı bizi tapşırsın ay işığına. Dünya budaqdan-budağa atılıb səninlə oynayan, əylənən sincab deyil. Bir tas altında bir əqrəbmiş bu dünya. O dünyanı bu dünyaya, bunu isə o birinə heç vədə satma. Dünyanı özünə nə dost bil, nə düşmən. Ondan bir kəsə düşmən olubsa da, dost olmayıb. Sevincə tamarzı, kədərə sirdaş qoyan dünyadı.

Gün nə qədər uzun olsa da, gecə yenə düşəsidir. Tanrı gündüzü ruzi üçün yaratdı. Gecənin zülmət saçı gündüzlərin əlində olsa da, yenə də həmin gecə gecəliyində qalasıdır, o düşəsidir.

Dərd ki var, o, ən əvvəl bir yaxanı tanımasın, o yaxadan başlayıb keçəcək başa, ondan sonra da ürəyə. Ondan sonra ayaq nə qədər yol gedə, nə qədər zülm çəkə, yenə o dərdi, o yaxanı, o başı, o ürəyi buraxası deyil.

Dərdin zirvəsindəsən. Bu zirvəni çən, bulud, duman alıb. Hamı bu zirvəyə bəxtəvər kimi baxır. Səni bu zirvədə əla görürlər. Bu zirvənin özü də bir dərd! «Bu zirvədən neçə zirvə görünür, dumandan o yana, çəndən o yana».

Fələklər oxların atdı. Sən bu oxları yığıb topladın, bir tac düzəltdin, hamıya özünü bəxtəvər göstərdin.

 

Əziziyəm şam bağlır,

Şam ağacı şam bağlır,

Könlüm elə virandır,

Arı girsə şan bağlar.

 

O gün yerdən göyə bir ulduz axdı. Göydə axan bir ulduz neçə qapıdan keçib getdi. Allaha doğru ucaldı, onu çox «izləyə» bilmədilər. Kiminsə qəlbində daş olub getdin. Kiminsə gözündə bir işıq idin, sönüb getdin. Kiminsə dilində bir söz idin, deyilib getdin. Kiminin qolunun gücü, qıçının təpəri, başının tacı idin – gücünü, taqətini, tacını kim qıydı. Səbrinin dar vaxtilə var vaxtını kimsə indiyəncən billə bilmədi – ta ki, hadisən düşənəcən. Ölün ölənəcən. O ki qapın vardı, gələn gəlir, keçən keçirdi qapından. İndi də açıqdır o köhnə qapın, təzə dərdlərinmi üzünə açıqdır, yoxsa sevincinmi, fərəhinmi? Dərdin çoxunu aparan apardı.

Taleyinə tas quranlar əvvəl ər üçün beş dedilər, qızlar üçün on dedilər, oğul üçün yüz dedilər. Dedilər ki, bəxtə bax, doşab alıb, bal çıxıb, barmaqları bal dadır. Dedi-dedilər bu büsatı, bu növrağı pozdu, dağıtdı. «Pozdu alın yazını, qırışlar alına qaldı». Ölüsü ölənlər yalandı sənin yanında. Sən onda da ölüsü ölənlərə bu necə olur onu öyrətdin. İndi də taleyinə tas quranlar yanıb-tökülür bu halına ki, pah ölüdür də, ölənlə kim ölüb ki… Tez də yanıldılar.

Torpaq üzü soyuqdur, beş-üs gün o da unudulub gedəcək… Ölüm sıradan birimizi aparırmış öz «yurduna» səfi pozur, nizamı pozur, vəssalam. O səfi, nizamı dağıtmağa, pozmağa cəhd etməlidir ki… ölümü sevindirməsin.

Mən səni ömrümün yarı bilmişəm,

Yaranmış könlümün varı bilmişəm,

Xəzansız bağçamın barı bilmişəm,

Günahsız günahım, sən niyə getdin.

 

Ürəyini didim-didim didirdi kövrək xatirələr, bilirdin ki, vaxt-zaman atı bu xatirələrin əlindən alıb aparacaq o ünlü, o əziz insandan… O kövrək xatirələr üstə köklənməyə nə var ki… Ürəyini didim-didim didir gicitkan xatirələr. Bilirsən ki, vaxt, zaman atı səni bu xatirələrin… Bu gicitkan xatirələrin üstündən səni kimsə ala bilməz, ürəyinin qanı ürəyinə axasıdır. Bu xatirələr səni səndən alasıdır günün birində

Bir məktub tək oxunursan, o məktubun ən ağrılı yeri saçlarındı, qapqara tellərində dən-dən ağaran saçlar. Bundan oyananı oxumaq olmur. Oxumasan da ardı əyandır.

Cənnətlik Füzuli demişkən:

 

Olduqca mən götürməm bəladan iradətim,

Mən istərəm bəlanı, çün istər bəla məni.

İnsan ölüb getmir, dünyasını dəyişir. Allah bu yurddan o biri yurda köçənləri ruhla görüşdürür, danışdırır, küsüşdürür, barışdırır – onu da bu yurdda olanlara sən xatırlatdın tez-tez. Söz-sovunla taleyinə tas quranların həftadın yandırdın. Bu böyüklüyünlə, bu dəyanətinlə, bu ləyaqətinlə, analığınla. Dədəm Qorqud demişkən, ağbirçəkli annam, yerin behişt olsun.

Bir insanın əhvalı xoş oldu, işi də xoş olasıdır. Əhvalı xoş deyil, işi xoşdur – gəl bu hikmətdən baş çıxar. Meyar beləsə – kiçikdir. İnsan iradəsi – meyar busa, yenə yetərincə deyil. Bəlkə bütövlükdə nizamlı, kamil xarkterli olmasındadır, bilmirəm.

Dünyanın beş möhnətindən birinə sən tuş oldun – cavan öldün. Tanımaz-bilməzlər yanıb yaxıldı, həm də ağıl-dərrakənə, həya-abrına, qanacaq və mərifətinə, qabiliyyət və bacarığına… görə də. İndi sənsiz yaşamağın özü ağır bir möhnət. İndi sənligünlərdən soraq verən xatirələrin özündə yaşamağın özü bir möhnət. Bəxtəvər günlərindən indi-indi solan bəxtsiz gəlinin özü bir möhnət… Allah, Sən özün bu möhnətdə bulunanlara öz çarəni göndər. Onları bu möhnətin əlindən qurtar!

Dünyaya niyə gəldin? Gəldiyin üçün nəyi gördün, nəyi bildin? Gördüyün və bildiyin üçün nəyə bənd oldun? Hansı yolu tutdun, bəlkə yol səni çəkdi? Bəxtinə düşən tale payına «xoş gəldin» dedinmi? Əzrayıl yolu kəsdi, vücudun bir hörülmüş divarda qaldı. Səndən çox şey umuldu. Çoxuna yetə bilmədin. Dünyaya nə var, şirin canları yeyir.

Səni ağlayan çox, sənə ağlayan çox, başdan anan, bacın ağlar, o başdan nigarın ağlar. Səni hamı ağlar. Ananı kim ağlasın bəs?..

Sinən dağ yeridir hələ ahımçün,

Ahla oxlanmışam hər günahımçün,

Tanrı duasından asılmağımçün,

Saçının üzün hördün, ay ana.

Özünü qoruya bilmirsən, barı göz yaşını qoru. Sıxarsan o qəbrə göz yaşını, qəbrinki də göz yaşıdır, sula dörd bir yanını, yoxsa… Ruhu evə gəlib, qınayar ki, göz yaşını da mənə çox görürsən. Göz yaşın qəbir evinə cansa, canımdan canını əsirgəməzdin, o ki ola göz yaşını, can evimdən əsirgəmə göz yaşını. Ağla, göz yaşın ruhuma dinclik versin, ağla!

Sən getmişdin ki, özünə gün ağlamağa. Getməmişdin ha doğmalarının ürəyini dağlamağa. Getmişdin baş ucaltmağa, getməmişdin ha gözlərdə yaş yaratmağa. Sən idin, Siz idiniz, O idi. Bu nədir, qayıdan o oldu, qayıdan odur, sənsiz… Sən gəlməz oldun! Sənsizliyə dözmədilər – ən siftəsi ana, sonrası bacı sonrası…

Mən aşıq sabah sənsiz,

Sübh sənsiz, sabah sənsiz,

Gecələr ilə dönüb,

Açılmır sabah sənsiz.

Kaspi.-2014.-1-3 fevral.-S.22.