Sözün ətri, fikrin rəngi

Oxumaq istədiyin kitabın müəllifini yaxından tanıyanda onun yazdıqları misralara, sətirlərə daha da diqqətlə göz gəzdirirsən. Məsuliyyətli olmağa çalışırsan. İlk vərəqlərini səhifələməyə başladığım «Cənnətdən yuxarı…» kitabının müəllifi Təranə Vahidi tanıdığım elə də uzun müddət deyil. İlk olaraq onun «Publika. az» saytında verilmiş «Vağzaldakı qarı» hekayəsini oxumuşdum. Hekayənin dili, süjet xətti çox xoşuma gəlmişdi. Sonra həmin saytın təqdimat mərasimlərinin birində özü ilə görüşüb yaxından tanış olmuşduq. Tanışlığımız zamanı Təranə xanım bildirdi ki, yaxın zamanlarda hekayələr kitabı işıq üzü görəcək.

Nəhayət, deyildiyi və gözlənildiyi vaxtdan gec də olsa kitab çap olundu. Ötən ilin son günlərində «Cənnətdən yuxarı»nın Azərbaycan Yazıçılar Birliyinin «Nətavan» klubunda təqdimat mərasimi keçirildi. Sanki bu Təranə Vahidin oxuculara yeni il hədiyyəsi idi. Təqdimat mərasimində çıxış edənlər kitab haqqında xoş sözlər söylədilər, müəllifə uğurlar arzuladılar. «Cənnətdən yuxarı»ya ön söz yazmış dramaturq Əli Əmirli, tanınmış yazıçı Mustafa Çəmənli, istedadlı şair Qulu Ağsəs, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Ulduz» jurnalının redaktoru, tanınmış yazıçı Elçin Hüseynbəyli, «Azərbaycan» jurnalının redaktoru İntiqam Mehdiyev və başqaları çıxış edərək kitab haqqında təəssüratlarını, fikirlərini iştirakçılarla bölüşdülər. Təranə Vahidin ünvanına xoş sözlər söylədilər. Müəllifə «Ədəbiyyata xoş gəlmisən» dedilər.

Təranə Vahidin kitabını oxumaq elə də çox vaxt aparmadı. Çünki buradakı hekayələr, esselər və miniatür duyğular o qədər maraqlı idi ki, adam onlardan ayrılmaq, oxuduğunu yarımçıq qoymaq istəmirdi. Təranənin hekayələrinin dili çox rəvandır, oxunaqlıdır. Sanki rahat bir asfalt yolla gedirsən. Heç yerdə çala-çökəyə düşmürsən, ruhun da incimir. Hekayələrin bədiiliyi, şeiriyyatlığı güclü olduğundan cümlələr şeir misralarına oxşayır. Bir-birindən maraqlı olan hekayələr elə bil şeirlə nəfəs alır, təravətli misralardan su içir. Hər səhifədən sanki sözün xoş ətri, xoş qoxusu duyulur. Yerində işlənmiş maraqlı bənzətmələr oxucuya zövq verir, könülləri oxşayır.

Görkəmli dramaturq Əli Əmirov kitaba yazdığı ön sözdə də bunu çox qabarıq şəkildə göstərib: «Təranə Vahidin hekayələri gözəl şeir kimidir, onları dəfələrlə oxuya bilərsən, hər oxunuşda da sözün gözəlliyindən, fikrin, ifadə tərzinin, təzə-tərliyindən, duyğuların dərinliyindən, təbiiliyindən hədsiz zövq ala bilirsən». Əli müəllim bu sətirlərlə Təranənin yazdıqlarının nəbzini dəqiq tutub, sanki hekayələrin kardioqrammasını çıxarıb.

Təranə Vahidin kitabındakı hekayələrin bir çoxunun mövzusu kədərlə, qəmlə yoğrulub. Bu hekayələrin üzü gülmür, qaşqabağı açılmır. Qaçqınlıq mövzusu, torpaq həsrəti, yurd nisgili adamın qəlbini üşüdür, ürəyini yandırır. Qələmə aldığı bəzi hekayələri həyəcansız oxumaq olmur. «Tapılmayan torpaq», «1993-cü ilin qışı», «Müharibə, nənəm və itən vaxt», «Vağzaldakı qarı» və başqa hekayələri oxuyanda isə göz yaşlarını saxlamaq olmur. Bu mövzular kitaba «göydən» düşməyib. Çox güman ki, müəllif belə kədərli, qəmli hadisələrin canlı şahidi olub. Əgər belə olmasaydı, qələmə aldıqları bu qədər təbii, bu qədər canlı və bu qədər yanıqlı olmazdı.

əllif 1971-ci ildə Laçın rayonun Mişni kəndində dünyaya göz açıb. 1992-ci ilin may ayında isə doğma ocaqlarından, uzun illərdən bəri yaşadığı dədə-baba yurdundan didərgin düşüb. Həmin gündən Təranənin həyatının təlatümlü, narahat və həyəcanlı günləri, anları başlayıb. Ağır qaçqınlıq günləri Təranəyə həyatın hər üzünü göstərib. O keşməkeşli günlərdə Təranə gördüklərini yaddaşına köçürərək özü ilə yaşadıb, sonralar kədərli, qəmli hekayələrə çevirib. Ona görə də bu əsərlər çox qəmgin və təsirlidir.

«Cənnətdən yuxarı» kitabını yaralanmış və güllə yerlərindən qan axan bir insana bənzətmək olar. Bu insan dərdlidir, gözləri yaşlıdır, ürəyi qubarla doludur. Gecə-gündüz doğma ocaqlarının həsrətini, nisgilini çəkir. O yerlərə qayıdacağı günü intizarla gözləyir. Daim gözləri yollara dikili qalır. Amma sabahlara ümidlə baxır, əgər ömür vəfa eləsə, günlərin birində illərdən bəri həsrətini çəkdiyi doğma ocaqlara qayıdacaqdır.

Oxucu kimi deyə bilərəm ki, kitabın ən kədərli hekayələrindən biri də «Tapılmayan torpaq»dır. Erməni işğalçıları kəndlərinə hücum çəkəndə başqaları var-dövlət götürməyə tələsəndə Qərib kişi də bir ovuc torpaq əsgiyə büküb ürəyinin başına qoyur. Qaçqınlıq vaxtında neçə dəfə yaşayış yerlərini dəyişsə də, Qərib kişi bir ovuc Vətən torpağını göz bəbəyi kimi qoruyub saxlayırmış. Onu evdə harada gizlətdiyini kimsəyə demirmiş. Fikirləşirmiş ki, ölümünə az qalmış onun yerini oğullarına deyər. Övladlarına tapşırırmış ki, o bir ovuc torpağı qəbrimin üstünə atarsınız. Amma bu da ona nəsib olmur. Qismət elə gətirir ki, ölümünə bir neçə gün qalmış qərib kişinin dili tutulur. Ağzını açıb bir kəlmə olsun söz deyə bilmir. İçində çırpına-çırpına qalır. Yanıb yaxılır, ha qımıldanır, ha çalışır özündə güc tapıb torpağı gizlətdiyi yeri heç kimə deyə bilmir. Qərib kişinin vəziyyətini müəllif belə təsvir edir: «Qərib yenə inildədi, nə isə demək istədi, bacarmadı. Əli-ayağı kimi, dilindən də elə bil daş asılmışdı. Bircə çuxura düşmüş gözləri yaşayırdı, bu gözlərdə də ölümün kölgəsi dolaşırdı... »

Dili söz tutmayan Qərib doğma ocaqlarından uzaqlarda, o yerlərdən gətirdiyi bir ovuc Vətən torpağına da əli çatmamış, gizlətdiyi yeri övladlarına deyə bilməmiş dünyadan köçür. Torpağı evdə hamı axtarır ki, Qərib kişini dəfn eləsinlər. Amma torpaq tapılmır ki, tapılmır. Axşamın düşdüyünü görən molla da çıxıb gedir. Meyit ortalıqda qalır. Bu kədərli səhnəni Təranə xanım belə qələmə alıb: «Neçə illərdir ki, yağış yağır. Neçə illərdir ki, ölüm komalardan, daxmalardan, qazmalardan adamları daşıyır. Neçə illərdir ki, bir milyon adam Qəribin son arzusunu axtarır. Neçə illərdir ki, yağışın altında Qəribin cənazəsi gözləyir… Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır…»

«Müharibə, nənəm və itən vaxt» hekayəsi də qəm-kədərlə yüklənib. Müəllif bu sətirləri hansı hisslərlə yazıb ilahi! Buna ürəyi necə tab gətirib, qəlbi necə dözüb? Kitab bu yükü səhifələrində necə daşıyır? «…Qarabağ-Vətəndir, dağı-daşı, kolu-kosu, odu-ocağı, eli-obası, pisi-yaxşısı ilə… Şuşa-Laçın əldən gedəndə baharın oğlan çağıydı. Bu vaxtlar Qarabağda qan qaynayır. Amma Xocalı qanımızı elə qarltmışdı ki, o bahar qan qaynamadı».

əllif qaçqınların dərdini öz dərdi, öz səri bilir. Onlarla birgə kədərlənir, güləndə də qaçqınlarla bərabər gülür. Torpaqlarından didərgin düşəndən sonra Təranə xanım nənəsini də itirir. Ondan yalnız bir boğça yadigar qalır. O fikirlərini belə ifadə edir: «Nənəm o köçdən sonra çox yaşamadı. Dərdini götürüb heç kimlə halallaşmadan çıxıb getdi. İllər keçdikcə hər gün köç bir az seyrəkləşir. «Çaşqın köç» tablosu isə ürəyimin divarlarından elə asılıb ki, axşam-səhər yolum köçün içindən, köç içimdən keçir».

«93-cü ilin qışı». Təranə xanımın qələmə aldığı hekayələrdən biri də belə adlanır. 1993-cü ilin qışı hər kəsin yaddaşına bir cür həkk olunub. Bu hekayənin qəhrəmanı olan Həvva arvadın isə həmin ilin qışında başına dəətli faciə gəlir. Adar-madar balasını Murovda itirir. Amma hava şaxtalı, boranlı olduğundan onun meyitini tapıb dəfn eləmək mümkün olmur, havaların isinməyini – yazı, yayı gözləməli olurlar. Hekayədə ananın çəkdiyi iztirablar kədərli sözlərlə, qəmli notlarla qələmə alınıb. Ana intizarla havaların isinməyini gözləyir. 93-cü ilin qışı isə çox sərt keçir, havalar açılıb, isinmək bilmir.

Oğlunu torpağa tapşırandan sonra isə Həvva ana onun yoxluğuna dözə bilmir. Həyatının, ömrünün kədərli illərini yaşayır. Günlərin birində isə dünyaya, həyata həmişəlik əlvida deyir. Müəllif hekayəni bu sözlərlə tamamlayır: «Əslində 93-cü ildə ölən Həvva arvadı qonum-qonşu on il sonra yığışıb torpağa tapşırdı…93-cü ilin qışını unudanların biri də azaldı…»

Kitabdakı hekayələrin hər biri haqqında ətraflı söz salıb söhbət açmaq olar. Amma bu yolu tutub oxucuları yormaq fikrində deyiləm. Qısaca olaraq onu demək olar ki, hekayədəki qəhrəmanların hamısını bir dərd birləşdirir. Torpaq dərdi, Vətən dərdi. Doğma ocaqlara dönmək həsrəti. Bu hekayələrdə həm də erməni işğalçılarına qarşı böyük nifrət var. Çünki hekayədəki insanların başlarına gələn faciələrin baiskarları qaniçən, vəhşi və qəddar ermənilərdir. Kitabın hər cümləsi, hər sətri intiqam ruhunda yazılıb. Qoca da, cavan da – hamı «intiqam» deyir.

Təranənin hekayələri uzun-uzadı, yorucu deyil. Onun bir hekayəsini oxumaq uçun saatlarla gözünü vərəqlərə dikmək lazım gəlmir. Təranə xanım çox böyük hikmətləri, mövzuları, hadisələri bir neçə vərəqə sığışdıra bilir. Bunu çox gözəl bacarır. Bu isə heç də hər kəsə nəsib olmayan bir istedad və qabiliyyətdir. Bu mənada götürəndə Təranə Vahid çox xoşbəxt insandır. Hekayələr nə qədər qısa olsa da, təsiri adamın qəlbinin dərinliklərinə qədər işləyir, uzun müddət adamın ürəyində dolaşır, yaddaşına hopub qalır.

Kitabdakı hekayələrdə, esselərdə elə sözlər, elə obrazlı ifadələr var ki, oxuduqca adam buna heyran qalır. Qələmi götürüb həmin sətirlərin altından xətt çəkirəm. Həmin sözlər, sətirlər adamı xeyli düşündürür. Onlardan bir neçəsini oxucuların da diqqətinə çatdırmaq istəyirəm:

 

«Boş qəlbinə haradansa bir ovuc sevinc doldu», «Ürəyinin döyüntüsü dənizin çırpıntısına qarışmışdı», «Bacarsan, gözlə məni – dəli küləklər qara buludları başımızın üstündən qovanacan», «Dərdim böyük deyil, belə baxanda elə də balaca deyil. Nə böyük, nə də kiçik olmayan dərdimi yerə qoydum, yer götürmədi, göyə uzatdım, göy sahib durmadı», «Adamlar intihar edəndə özünü suya, balıqlar intihar edəndə özünü sahilə atır», «Yalan yol kimidi. Nə əvvəli var, nə də axırı», «Gecəquşu səhərəcən gecəni dimdikləyib axır qaranlıqdan bir dişdəm qopartdı, o yerdən dan yeri ağardı…»

Təranə Vahidin bütün hekayələrində yağış yağır. Sanki adam bu sətirləri oxuduqca üz-gözünə yağış damcıları düşür, gözlər qırpılır, sifət üşüyür. Bu yağış yollara yağır, bu yağış həm də işğal altında qalmış Laçına, Şuşaya, Cəbrayıla, Ağdama, Zəngilana və başqa işğal olunmuş ərazilərə də yağır… Yəqin ki, elə yağışlı bir gündə bütün qaçqınlar öz doğma ocaqlarına qayıdacaqlar. Amma qayıtmayanlar da olacaq. Qərib kişi, Həvva ana kimi onlarla, yüzlərlə qaçqın dərdə, həsrətə və nisgilə dözməyib çoxdan dünyalarını dəyişiblər.

Vahid MƏHƏRRƏMOV

Kaspi.-2014.-1-3 fevral.-S.14.