Cavid Zeynallının «Leyla» romanı
Vaqif Yusifli
yazır
Müasir ədəbiyyat
Bu gün ədəbi prosesdə «roman xəstəliyi» deyilən bir ifadə formalaşmaqdadır. Həqiqi, yüksək istedadla yaradılan romanlara ehtiyac duyulur və belə romanlar demək olar ki, nadir hallarda yaranır ya da illər boyu biz onu gözləməli oluruq. Amma əvəzində roman kəmiyyəti nəsrin başlıca faktına çevrilib və indi yazılan, jurnallarda işıq üzü görən, kitab halında oxucuların ixtiyarına verilən romanların sayından isə gileylənməyə dəyməz. Hesablamamıza görə son yeddi ildə (2007-2013) müasir Azərbaycan nəsrində 120-dən artıq roman yaranmışdır və belə çıxır ki, hər ilə nə az, nə çox, 17 roman düşür. Bu, əlbəttə, böyük rəqəmdir, hətta Azərbaycan romanının bütün mərhələləri üçün ən yüksək bir nəticədir. Amma yüksək nəticə keyfiyyətə yox, kəmiyyətə xidmət edir. Bəli, roman çox yazılır, hətta «roman axını» hadisəsi baş verir, amma ortada Azərbaycan romanının yeni bir nailiyyəti görünmür.
Vaxtilə
rus tənqidinin
flaqmanı-Belinski romana belə qiymət vermişdi:
«Romanın məzmunu
–müasir cəmiyyətin bədii təhlilidir... Müasir romanın vəzifəsi-həyatı bütün çılpaq həqiqəti
ilə əks etdirməkdir. Buna
görə çox təbiidir
ki, roman, bir istisna kimi,
ədəbiyyatın bütün digər
növlərinə nisbətən hamının diqqətini cəlb etmişdir;
cəmiyyət romanı öz güzgüsü hesab edir və ona
baxıb özünü görür,
öz-özünü dərk edir». Çox təəssüf
ki, XIX əsrdən fərqli olaraq,
bizdə - XXI əsrdə belə bir
roman yoxdur ki, onu güzgümüz
hesab edək,
ona baxıb ürəkdən sevinək ki, bax, bu
yeni Azərbaycan
romanıdır.
Ancaq bununla yanaşı, romanlar yaranır və
təbii ki, onların içərisində diqqəti cəlb edən, az-çox
janrın tələblərinə
cavab verən
və müəllifinin gələcəkdə daha
sanballı romanlar yazacağına ümid verən
nümunələr də var.
Bu romanlardan biri haqqında söz açmaq istəyirəm.
Cavan bir
nasir- Cavid Zeynallı
artıq iki romanın müəllifidir. O, bir neçə
hekayənin müəllifi idi
və bu hekayələrdə Cavidin süjet qurmaq
bacarığı, obraz yaratmaq
istedadı az-çox gözə dəyirdi. Amma hekayədə kifayət qədər talant nümayiş etdirməmiş
o, «Günəşi
gözləyənlər» adlı bir roman çap elətdirdi və tənqidçi Əsəd Cahangir həmin
romana «İnsan olmaq lazımdır!» adlı kifayət qədər tərifli
və
tanıdıcı bir məqalə
həsr elədi. Əsəd Cahangir
məqalənin əvvəlində
Cavid Zeynallının hekayələrində
nəzərə çarpan
«canlı dili, axıcı təhkiyəni, realist
müşahidə
qabiliyyətini, süjet qurmaq, hansısa məsələ
qoyub onun bədii həllini vermək
çabasını» xüsusi qeyd edir və onun
birdən-birə romana
keçməsini sözün yaxşı mənasında təəccüblə
qarşılayır. Bu təəccüb tənqidçinin rəğbətini ifadə edir.
Yazır ki: «Özü-özünü
ötüb keçən müəllifin
istər mənəvi, istərsə də yazı texnologiyası
baxımından sıçrayışı göz
qabağındaydı… Cavid uğursuz eksperiment
aparmayıb, fiasko ilə sonuclanan roman məşqi
eləməyib, öz
yaşı, təcrübəsi, savadının
konturları çərçivəsində uğurlu bir çabada bulunub». İlk
romanını çap etdirən cavan
bir müəllif
üçün ədəbi prosesdə öncül
tənqidçilərdən biri kimi imic qazanmış bir müəllifin
bu sayaq tərifi bizim
üçün heç
də gözlənilməz deyil.
Əsəd Cahangir düzünü
desə də, səhv mülahizə yürütsə də, fikirlərini
isbata yetirməyə özü
demişkən, «çaba» göstərir
və buna nail olur...
Hətta
Cavid Zeynallı o
şərəfə layiq görülür ki,
«Günəşi
gözləyənlər» romanı bir
Norveç yazıçısının əsəri ilə
müqayisə edilir və
Əsəd Cahangir yazır ki, Cavid təqlidçilik
yolu tutmur, Norveç kronunu sadəcə Azərbaycan
manatına dəyişməklə kifayətlənmir, daha
çox psixologizmə
köklənən Norveç
romanından fərqli
olaraq Cavidin romanı süjetin rəngarəngliyi
baxımından diqqəti
çəkir. Onun qəhrəman və personajları xarakterik milli xüsusiyyətləri ilə
seçilirlər.
«Günəşi
gözləyənlər» romanı ilə bağlı başqa
bir yazıda söz
açacayıq. Burada söhbət Cavidin
«Leyla» romanından gedir
(«Azərbaycan»
jurnalı, 2013, ¹ 6-7).
«Leyla» romanında müəllif mənəvi-əxlaqi
bir problem
qaldırır və
təqdim etdiyi qəhrəmanlarının
timsalında bu problemi
bədii-estetik səviyyədə ifadə
etməyə
çalışır. Müəllif
bu romanın təqdimatında
söyləyib ki: «Leyla bir
müğənninin
obrazıdır. Onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş
durumunu və
şou-biznes mühitində bir insanın
faciəsini göstərməyə
çalışmışam». Amma biz belə
düşünmürük. Çünki şou-biznes
aləmi(əslində, Azərbaycan mühitində belə bir
aləm hələ tam
formalaşmayıb) məhdud
bir sahədir
və bu məhdudluq
özünü o dərəcədə hiss
etdirir ki, haqqında mənəvi-əxlaqi
prizmada danışmağa haqq
vermir. Çünki romanda qaldırılan problem
«şou-biznes» problemindən daha üstündür. İndi
keçək roman haqda mülahizələrə.
Roman bir jurnalistin bir şöhrətli müğənni ilə tanışlığından başlayır, bu tanışlıq getdikcə dərinləşir, qarşılıqlı anlaşma halına da keçir. Qırılan anlar da olur, anlaşılmazlıqlar da yaranır, amma bu tanışlıq, sonra «eşq» münasibətləri, daha sonra müğənniyə görə zorakılıq, döyülmə faktı romanda təfsilatı ilə nəql edilir. Romanın sonluğu heç bir gözlənilməz hadisə ilə diqqəti cəlb eləmir və müəllif, qəhrəmanı olan jurnalistin «Leyla» romanını bitirdiyini söyləyir. Əlbəttə, biz Cavid Zeynallı ilə onun qəhrəmanı - jurnalist Rəcəbi eyniləşdirmək fikrində deyilik. Lakin yazıçı ilə onun qəhrəmanı arasında fikir eyniliyi, hədəf müəyyənliyi nəzərə çarpır və bu mənada Cavid Zeynallının romanında, münasibətini və mövqeyini açıq şəkildə bildirməsə də, müəlliflə onun qəhrəmanı arasında həmrəyliyi hiss edirik.
Cavidin romanını oxuduqca fikir-xəyal
aləmi səni ötən illərin romanlarına
qaytarır. O dövrün
romanlarını təhlil
edərkən biz
tənqidçilər ilk
növbədə, əsərin
qəhrəmanlarından söz açırdıq. Bu
qəhrəmanları biz dövrün kontekstində təhlil edirdik,
«zamanına uyğun ədəbi
qəhrəman»
axtarışını alqışlayırdıq. Qəhrəmanın mənəvi-əxlaqi,
sosial prizmalarda özünü necə
doğrultduğunu, onun
xarakterindəki
müsbət və mənfi cəhətlərin necə
ifadə olunduğunu nəzərə çarpdırırdıq. Əlbəttə, bizim nəslin tənqidçiləri sosrealizmin
«müsbət qəhrəman», «mənfi
qəhrəman» kimi
qabaqcadan proqnozlaşdırılan
bölgülərini
qəbul etmədi, qəhrəmanın «boyaların
qatışığında», mürəkkəb, hətta bir
qədər də təzadlı tipini
qəbul etdi. Və
belə əsərlər,
belə qəhrəmanlar son əlli ildə nəsrimizdə
maraqlı nümunələrlə nəzərə çarpdı.
Cavidin romanına qəhrəman konsepsiyası nöqteyi-nəzərindən yanaşdıqda, ilk növbədə, onun təqdim etdiyi obrazların yaşadığı, fəaliyyət göstərdikləri mühiti də nəzərə almalıyıq. Bu mühit ziyalı mühitidir, lakin orada işıq, müsbət ideal, yəni o dövrdə bizim axtardığımız işıq və ideal nəzərə çarpmır. Sadəcə olaraq bu ziyalı mühitinin işıqlı tərəfləri yox, işıqsızlığı canlandırılır. Diqqət edin: şöhrətli müğənni Leyla başdan-ayağa səhvlər və günahlar içindədir, şöhrət zirvəsinə istedadı ilə yüksəlsə də, şəxsi həyatında xoşbəxt deyil. Yalanlar, riyalar, günahlar onu heç vaxt tərk etmir. Bir tərəfdən biz onu həssas, incə qəlbli bir xanım kimi qəbul ediriksə, digər tərəfdən, onunla bağlı elə hadisələrlə üzləşirik ki, təsəvvürlərimiz dəyişir. Doğrudanmı, cəmiyyətimizdə bu tipli insanlar var və belələri doğrudanmı bizim mənəviyyatımızın göstəriciləridir? Bu mənada Leylanı həyatdan, gerçəklikdən gəlməyən bir obraz kimi qəbul etməyə bilərik.
Lakin… məsələ burasındadır ki, Leyla məhz gerçəkliyi ifadə edir. Belə mürəkkəb taleli insanlar əhatəmizdə çoxdur və gənc Azərbaycan yazıçısı Cavid Zeynallı onu təsvir edərkən, hərəkətlərinə, davranışına, əxlaqına qiymət verərkən qətiyyən yanlışlığa yol verməmişdir. Leyla jurnalist Rəcəblə söhbətində öz həyatını birər-birər xatırlayır və doğrudan da biz, istedadlı bir insanın son dərəcə mürəkkəb taleyi ilə üzləşirik. Həyat, indiki yaşam dünyamız son dərəcə mürəkkəbdir. Cəmiyyətdə, həyatda situasiyalar, əvvəlki normalar, qanunlar dəyişib, təbii ki, bu, özünü ədəbiyyatda da hiss etdirir. Xüsusilə, bədii əsərlərdə təsvir olunan obrazların (qəhrəmanların) xarakteri də yeni meyl və tendensiyaları ifadə edir. İndi İsa Hüseynovun Kollu Koxası, Sabir Əhmədlinin Laçını, Anarın Zauru, Təhminəsi, Feyzulla Kəbirlinskisi, Əsməri, Əkrəm Əylislinin Canəli müəllimi, Sadığı, Elçinin Baladadaşı, Məmmədağası, Məsməxanımı, İsi Məlikzadənin Umudu, Qəribi... nəsrin qəhrəmanı olmaq missiyasını yerinə yetirə bilməzlər və onların hər biri mükəmməl bir bədii obraz kimi diqqəti cəlb etsələr də, müəyyən zamanın, gerçəkliyin övladları idilər. Adiliklərində qeyri-adiliyini yaşatdılar bu obrazlar. İndinin, müasir dövrün obrazlarına gəldikdə, fikrimizi bu şəkildə ifadə edə bilərik: «Özünü axtaran, dünyanın mürəkkəbliyini, gerçəkliyin təzadlarını dərk etməyə çalışan qəhrəmanlar». Və Cavid Zeynallının təqdim etdiyi obrazlara da bu baxımdan yanaşmaq daha doğru olardı.
Cavidin Leyla ilə yanaşı digər obrazlara - Rəcəbə və Əsmərə münasibəti də reallığı əks etdirir. Rəcəb-həyatda gözləniləməz hadisələr arxasınca gedən, qorxmadan, çəkinmədən, heç nəyin fərqinə varmadan cəsarətli bir yazar ömrü yaşayır, özü də Leylanın əhatə olunduğu mühitin hər guşəsinə bələd olmağa çalışır, burada təhqirlərə də tuş olur, başı qəzalardan qurtulmur, amma bütün bunlar onun gerçək həyatıdır, o, bundan zövq alır. Xəyalında hətta «böyük yazıçı» imicini yaşayır. Ancaq romanda heç bir «məhəbbət üçbucağı» ilə qarşılaşmadıq və buna ehtiyac da duyulmur.
Roman gözlənilməz hadisəsiz və sakit
tərzdə başa
çatır. Rəcəb «Leyla»
romanını itirir və uğur
qazanır. Onun romanı təbii ki,
elə Cavidin «Leyla»
romanındakı Leylanın həyat
yolunun əksidir.
Vəssalam…
Roman başa çatır və onun qəhrəmanları ilə bağlı bir sıra suallar ortaya çıxır. Niyə Cavid Leylanın əhatə olunduğu mühiti az-çox canlandırırsa, Rəcəbin mühitini xəsis boyalarla təqdim edir? Çox xəsis…Romanda üç qəhrəmandan ikisi dolğun nəzərə çarpdığı halda, Əsmər az qala epizodik təsir bağışlayır. Niyə? Yaxud, başqa suallar da meydana çıxır: romanda təsvir olunan hadisələr daha çox şəxsi məsələləri əhatə edir. Doğrudur, burada cəmiyyətdə baş verən hadisələrə də işarə edilir, ancaq bu işarələr fon yaratmır. Xüsusilə, Klaranın mühitini daha əhatəli təsvir etmək lazım idi ki, cəmiyyətdə baş verən mənfi halların kökünə, mahiyyətinə nüfuz edəydik. Elə Klara deyilən bu qadın da az qala ətsiz, qansız bir obraz təsiri bağışlayır.
Bu fikirləri
söyləyərkən biz müəllifə bütün
bunların yoxluğunu irad
tutmuruq, təbii
ki, artıq yazılmış bir romana nəyisə diktə eləmək mümkün
deyil. Özü də Cavid
Zeynallının hələ gənc bir qələm sahibi olduğunu da unutmuruq. O, axtarışdadır.
«Leyla» romanında Cavid Zeynallının gələcəkdə
yaxşı bir romançı
olacağını vəd
edən bir sıra məqamlar
diqqəti cəlb edir.
Bunları nəzərə çarpdırmaq pis olmazdı.
Birincisi:
«Leyla» romanı vahid bir roman tipi deyil. Yəni nə
macəra
romanıdır, nə sırf realist roman, nə publisistik səpgidə
yazılan, cəmiyyətdə baş verən
ictimai-siyasi məsələləri əks
etdirən
bir roman, nə də
detektiv bir əsər. Ancaq onu «qarışıq
roman» tipinə
aid edə
bilərik.
Burada macəra ünsürləri də
var, detektiv də
nəzərə çarpır,
cəmiyyətdə baş verən
neqativ halların təsvirini
də
görürük, bir
az da
sentimental romanlara xas olan məqamlarla
üzləşirik.
Ona görə
də
«Leyla» bugünkü Azərbaycan
oxucularının müəyyən qisminin oxuduğu, mütaliə etdiyi bir romandır.
«Leyla» bu
gün Varis və
Elxan adlı iki romançının əsərləri ilə müqayisədə yaxşı təsir bağışlayır,
hətta
deyirik ki, bir sıra xüsusiyyətlərinə
görə,
xüsusilə,
psixoloji təhlilin daha
artıq nəzərə
çarpmasına, maraqlı
roman strukturuna görə onları üstələyir. Arzu edərdik ki, Cavid «qarışıq
roman tipi»ndən
konkret bir roman tipinə
keçsin.
İkincisi: Cavid Zeynallının
romanında onun mükəmməl bədii
dili, daha dəqiq-roman
dili xüsusilə nəzərə çarpır
və
biz bunu gənc Azərbaycan yazıçısı üçün
müsbət
bir hadisə hesab edirik. Cavidin roman dili ilk növbədə, özünün
leksik-semantik mənzərəsi
ilə
xoş təsir bağışlayır.
Dil burada canlıdır, təsvir
olunan hadisələrin, təqdim olunan obrazların mükəmməl «görünüşünü» reallaşdıra bilir.
Emosionaldır. Ona görə
də
oxucunu özünə cəlb
edir. Və burada da bir
arzumuzu bildirək: müəyyən bir əsərdə dil şirin, emosional, təsirli
ola bilər, amma bu gərək məzmunu, ideyanı kölgədə saxlamasın.
Üçüncüsü: Öncə «maraqlı roman strukturu» ifadəsini
işlətdik.
Bəli, «Leyla» romanının
oxunaqlılığını və
maraqlılığını təmin
edən
başlıca xüsusiyyətlərdən
biri və bəlkə də öncülü, onun bir roman kimi qurulmasıdır. Cavid ilk növbədə süjeti
– kompozision sistemi qurmağa çalışır,
hadisələri, situasiyaları qaydasınca
düzür, bir hadisə
o biri hadisə üçün vəsilə olur. Romanda nəyinsə çatışmadığını söyləmək olar, amma təsvir olunan hadisələrin
yarımçıqlığını iddia etmək
olmaz. Hətta romanın sonlarına
doğru süjetə daxil edilən
Humay xətti də artıq görünmür.
Dördüncüsü: Ola bilsin, Cavid Zeynallı bir cavan yazıçı
kimi hansısa Qərb
romanlarından, ya türk romanlarından faydalanmış ya təsirlənmiş olsun. Yaradıcılıq təcrübəsində bunların hər ikisi məqbul
sayıla bilər. Bu gün-qloballaşma əsrində, dünya ədəbiyyatına
yaxınlığın sürətlə artdığı
bir dönəmdə xarici romanların təcrübəsindən istifadə
etmək
ya faydalanmaq müsbət
hadisədir.
Gənc
Azərbaycan
yazarları içərisində Qərb
romanlarından təsirlənənlər
az deyil.
Həm də
bu təsirlər bəzən təqlid
səviyyəsinə də
gəlib
çatır. Cavidin romanı
isə
belə
təsirə məruz
qalmayıb və gündəlik
formasında yazılan
bu əsərdə milli romançılığımızın ənənələrini
görə
bilərik.
Bu da
yaxşı cəhətdir…
«Leyla»
romanı gənc bir Azərbaycan yazıçısının əsəridir və bizim fikrimizcə, indiki kəmiyyətcə bol, keyfiyyətcə qıtlıq keçirən romanistikamızda
maraqlı bir nümunədir. Belə nümunələrin sayı çox olsun!..
Kaspi.-2014.-1-3 fevral.-S.15.