Şərur yallısını yaşadanlar
Əməkdar mədəniyyət
işçisi Kamal Babayev: “Hər bir
yallı növü xüsusi
məna
və
məzmun
daşımaqla bərabər,
həm
də
birlik ifadəsinin rəmzidir”
Böyük şəxsiyyətlər, görkəmli sənət adamları Şərur torpağını yallı rəqslərimizin beşiyi adlandırıblar. Yallını bu torpağın qədimlik rəmzi, Oğuz möhürü kimi dəyərləndirənlər də çoxdur. “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub-saxlayın. Bu, Naxçıvanın tacıdır”- deyə ulu öndər Heydər Əliyev vaxtilə bildirib. Elə o vaxtdan bölgədə folklor sənətimizin bu incisinə diqqət və qayğı çoxalıb. Dahi bəstəkar Üzeyir bəy “Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir” deyə söyləyibsə, görkəmli rəqqasə Əminə Dilbazi “Bizim yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır”- deyə xatirələrində yazıb. Akademik İsa Həbibbəyli isə deyib ki, “harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim Oğuz türk yurdu olub”.
Naxçıvanda yallı rəqslərinin bu günə qədər yaşadılmasında, əvəzsiz folklor nümunəsi kimi qorunub saxlanmasında əvəzsiz xidməti olan sənətkarlardan biri də Əməkdar mədəniyyət işçisi, qədim alətlərin mahir ifaçısı Kamal Babayevdir. 60 illik ömrünün 40 ilini yallı rəqslərinin orijinal ifasının qorunub saxlanmasına həsr edən ifaçı “Kaspi”nin qonağı olarkən qədim torpaqda folklorumuzun bu maraqlı növünün yaranması və inkişafı, rəqslərimizə göstərilən diqqətdən danışıb.
Bu yerlərin musiqi rəmzi
-
Naxçıvan yallıları deyiləndə
daha çox Şərur
yallılarından danışılır.
- Qədim xalq rəqsi olan yallının yaşı hələ müəyyənləşməyib. Yallının ən qədim və geniş təsvirinə Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində rast gəlinir. Əslində isə yallı Azərbaycan rəqs sistemidir. Yallı adi rəqs növü deyil. Hər bir yallı növü xüsusi məna və məzmun daşımaqla bərabər, həm də birlik ifadəsinin rəmzidir. Bu rəqslər xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini və əmin-amanlığa can atmasını ifadə edir. Bu günə qədər yallı rəqsləri Naxçıvanın toy mərasimlərində, el şənliklərində yaşadılıb. Xüsusən Şərur toylarını indi də yallısız təsəvvür etmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzidir. Yallıları yaşlı adamlar da həvəslə oynayırlar. Şərurda elə kəndlər var ki, onun sakinləri arasında yallı oynamağı bacarmayanlar çox az tapılar. Zaman-zaman görkəmli insanlar da yallının bölgədə məhz Şərurda yarandığını və inkişaf etdiyini söyləyiblər. Bu gün də bayram tədbirləri, el şənlikləri, konsert proqramlarını yallısız təsəvvür etmək olmaz. Yallının ifası zamanı insanlar əl-ələ tutub ünsiyyətdə olur, küsülülər barışırlar. Yallı həm də barış rəmzidir.
Yallıda ifaçıların sayı 10-15 nəfərdən
80-100 nəfərədək
ola bilər.
Yallı rəqsi
zamanı əl-ələ tutmuş kişi, yaxud qadınlardan
ibarət dəstələr
düzəldilir. Dəstənin başında duran
rəqqas
yallıbaşı adlanır. Bütün
ifaçılar onun etdiyi
hərəkəti təkrarlayırlar.
Bu rəqslər onları izləyən tamaşaçılara da xoş təsir
bağışlayır.
- Rəqs
ansamblları arasında xeyli məşhur
olan Şərur Xalq
Yallı Ansamblı vaxtilə çoxlu
uğurlara imza
atıb. Ansambl uğur
ənənəsini
yenə
də
davam etdirirmi?
- Şəruru nahaq yerə “Yallının beşiyi” adlandırmırlar. Rayonda hazırda 3 yallı ansamblı fəaliyyət göstərir. Bu ansamblların üzvləri yaş fərqinə görə seçilib. “Şərur qönçələri” uşaq yallısı, gənclərə və orta nəslə mənsub olan “Şərur” xalq yallı ansamblı və qocalardan ibarət “"Nurani” yallı ansamblı var. Əsas məqsəd də qədim rəqsləri yaşatmaqdır. Bu ansamblların hər biri ayrı-ayrılıqda da uğurlar qazanıblar. “Şərur qönçələri” uşaq yallı ansamblı rayon mədəniyyət sarayının nəzdində fəaliyyət göstərir. Ansamblın üzvləri iki yaş qrupu 9-12 və 13-16 yaşlılardan ibarətdir. 2000-ci ildə bu ansambl Türkiyənin Ankara şəhərində uşaq bayramında uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. “Nurani” ansamblında isə hətta 80-90 yaşlı insanlar çalışır. Bu ansambl keçən əsrin 20-ci illərindən fəaliyyətə başlayıb. Sıraları dəyişib, amma ənənələr unudulmayıb.
“Şərur" xalq yallı ansambl isə 1929-cü ildə yaranıb. Kollektivin şöhrətlənməsində və öz repertuarını genişləndirməsində dahi bəstəkar Üzeyir Hacıbəyovun da böyük xidmətləri olub. O, 1937-cı ildə SSRİ Ali Sovetinə Şərur torpağından deputat seçilib. Tez-tez ansamblın çıxışlarını izləyən Üzeyir bəy bölgədə musiqinin inkişafına da qayğı və yardım göstərib. Onun xeyir-duası ilə ansambl 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə maraqlı proqramla çıxış edib və rəğbətlə qarşılanıb. Ansamblın fəaliyyətində əsl canlanma isə ötən əsrin 70-ci illərindən başlanıb. Məhz bu dövrdən “Şərur yallısı” ölkə sərhədlərini keçərək məşhurluq qazanıb. Kollektiv dünyanın bir çox ölkəsində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edib, diplom və mükafatlara layiq görülüb. Dünyanın hansı ölkəsində olmuşamsa, yallılarımıza böyük diqqət görmüşəm. Elə bir səfərim olmayıb ki, hansısa festivaldan əliboş qayıdaq. Ansamblın uğurları saysız-hesabsızdır. 1970-ci ildə Bakıda keçirilən “Naxçıvan mədəniyyət günləri”ndə Muxtar Respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Sarayda keçirilən yekun tədbirində iştirak edən ümummilli lider Heydər Əliyev konsertdən sonra səhnə arxasına keçərək ifaçılarla görüşüb və ansamblın çıxışından razı qaldığını söyləyib. 1972-ci ildə ansambl Almaniyada keçirilən ümümdünya folklor festivalında iştirak edib. O vaxt ansamblı həmin tədbirə məşhur rəqqasə Əminə Dilbazi hazırlayıb. “Biz Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki, üstündə xalqımızın möhürü olsun” deyən Əminə xanım inamında yanlmadı. Ansambl uğurlu çıxışlarına görə festivalın laureatı adını qazandı. Həmin il ansambl fəxri fərmanla təltif olundu, kollektivə Xalq Yallı Ansamblı statusu verildi. 1977-ci ildə Moskva şəhərində keçirilən Ümümittifaq xalq yaradıcılığı festivalı da ansambl üçün yaddaqalan oldu. 1980-ci ildə ansambl Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak etdi. 1984-cü ildə Polşada keçirilən beynəlxalq folklor festivalının laureatı da bu kollektiv oldu. 2001-ci ildə Misirdə keçirilən folklor festivalında da Şərur yallısı bütün salonu məftun etdi. 40-dan çox ölkənin folklor rəqs ansamblının dəvət olunduğu həmin tədbirdə “Qızıl açar”a layiq görüldük. Kollektiv dəfələrlə Türkiyədə keçirilən festvallardan uğurla qayıdıb. Bunlarla bərabər, həm bölgədə, həm də ölkə ərazisində keçirilən xalq şənliklərində, bayram tədbirlərində də kollektiv çıxışlar edib.
100-dən
artıq yallı növü
- Eşitdiyimə
görə, vaxtilə Şərurda
yallının 100-dən artıq növü olub. Hazırda
həmin
rəqslərin
hamısı yaşadılırmı?
- Düzdür, Şərurda 100-ə qədər yallı növü olub. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı var. 40 yallının hər biri 40 fərqli hərəkətdir.
Sovet dönəmində yallı növləri diqqətsizlikdən bir-bir unudulurdu. İfaçıların da hamısı dağılıb bir tərəfə getmişdi. Həmin ərəfədə 15-18 yallı növü qalmışdı. Ancaq biz yallılarımızın itib-batmaması üçün kəndbəkənd, oba-aba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Yaşlı insanlarda yallılarla bağlı xeyli bilgilər var. Onların köməkliyi ilə unudulmaqda olan bir neçə yallını bərpa edib repertuara daxil etmişik. Hər üç ansambl bu yallıları məharətlə ifa edir. Əgər bu gün uşaqlar da 40-a qədər yallı növünü oynayırlarsa, demək bu sənət yaşayır. Bu rəqslər içərisində hətta hər fəslin və mərasimin öz yallısı var. «El yallısı», «Köçəri», «Tello», «Festival», «Urfani», «Xələfi», “Qalalı”, “Tirmə şal”, “Şərili”, “Şərur toyu”, “Bahari” və s. yallılar demək olar ki, nəinki öz ölkəmizdə, hətta dünyanın hər yerində insanları məftun edir.
- Bəs
musiqisiz yallılar necə, bu gün də
ifa edilirmi?
- Bu yallılar dil yallısı adlanır. Əvvəllər yallıları musiqisiz ifa edir,
sadəcə, ağızla oxuyurdular. Musiqisiz ifa
olunan bu yallı növləri ən
qədim
rəqslərdən sayılır.
Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır. Çalğı alətlərinin mövcud olmadığı
vaxtlarda yarandığını
ehtimal edirlər. Amma indi musiqi çalınmayanda
yallılar o qədər cəlbedici görünmür.
- Hər üç
ansamblın musiqi yükü deyəsən sizin çiyninizə
düşüb?
- Mən
hər
üç ansamblda zurna ifaçısı kimi çıxış edirəm.
Məndən əvvəl qardaşım Kamil Babayev çıxış
edib. O, dünyasını
dəyişib.
Mən ənənəni davam etdirirəm.
Qara zurnanın tarixi çox qədimdir. Bu alətin
adı Dədə
Qorqud dastanlarında, Nizaminin əsərlərində
çəkilir.
Bu, Oğuz babalarımızdan
qalan bir alətdir.
Yallı
yalnız qara zurnanın müşayiəti ilə
ifa olunur. Mən deyərdim
ki, yallı elə
zurnanın musiqisi üzərində köklənib.
Bu rəqsləri zurnasız təsəvvür
etmək
mümkün deyil.
Hazırda ölkəmizdə gözəl
zurnaçalanlar var, amma yallını o qədər də
bilənlər yoxdur. İnanın ki, mən əlimi
çəksəm, bu sənət ölüb gedəcək. Amma bunun
üçün məni də
yaşadırlar, əməyimi qiymətləndirirlər.
2012-ci ildə
Prezident mükafatına
layiq görülmüşəm. Bunlar da mənə stimul verir. Naxçıvanda yallılarımızın yaşadılması və təbliği
istiqamətində müxtəlif
tədbirlər həyata
keçirilir. Ali Məclisin
sədri
Vasif Talıbov Şərur
yallısını Naxçıvanın
mənəvi emblemi kimi dəyərləndirib.
Rayonda yallı ansambllarının
qazandıqları uğurlar
da ilk növbədə bu sahəyə göstərilən yüksək
dövlət
qayğısı və dəstəyi ilə
bağlıdır. Hazırda yallı
ansamblları bir sıra beynəlxalq tədbirlərə dəvət alıb.
Bu il Şərur ansamblının 85 illik yubileyidir. Minlərlə adamın iştirakı ilə
ən
böyük yallı rəqsi
qurulur və bunun çəkilişi
vertolyot vasitəsi ilə
həyata
keçiriləcək. Biz yallı sənətini yaşadıb
gələcək nəsillərə çatdırmaq,
qədim
rəqslərimizə yadların sahiblik etməməsi üçün çalışırıq.
Məqsədimiz unudulan rəqslərimizi bərpa
etmək,
mənəvi sərvətimizi yad elementlerdən qorumaq və
repertuarımızı daha
da zənginləşdirməkdir.
Söhbətləşdi
Təranə
Məhərrəmova
Kaspi.-2014.-6 fevral.-S.12.