Cahangir Novruzov – “İNSANI İNSANA İNSAN kimi anladan bir teatr”ın arzusunda olan İNSAN

MÜSAHİBƏ

Cahangir Noruzov o sənətkarlarımızdandır ki, “məmə deyəndən pəpə yeyənə” hər bir azərbaycanlı tamaşaçının sevimlisidir...

Cahangir Noruzov o sənətkarlarımızdandır ki, sənətin enişli-yoxuşlu yollarında ləyaqətini qoruyub saxlaya bilib...

Cahangir Noruzov o sənətkarlarımızdandır ki, hələ uşaq vaxtlarından səhnənin tozunu udub...

Cahangir Noruzov o sənətkarlarımızdandır ki, Azərbaycandan kənarda da Azərbaycan teatrını layiqincə təmsil edə bilib...

Cahangir Noruzov o sənətkarlarımızdandır ki, Azərbaycanın ən ağır dönəmlərində Azərbaycan tamaşaçısının üzünü güldürməyə, könlünü oxşamağa nail olub...

Cahangir Noruzov o sənətkarlarımızdandır ki, qəlbində VƏTƏN SEVGİSİ və SƏNƏT EŞQİ daşıyır.

Ömrünün nə az, nə çox, düz 40 ilini teatr sənətinə həsr edən Cahangir Novruzovun 60 yaşı tamam olur. 60 yaşın astanasında çox sevdiyim SƏNƏTKARla görüşüb söhbət eləmək həmişə bu görüşün arzusunda olan biri üçün – mənim üçün böyük bir hadisə ola bilərdi. Amma aradakı məsafə, təəssüf ki, bu arzumun gerçəkləşməsinə əngəl törətməkdədir. Bu məqamda əlacım ancaq və ancaq virtual ünsiyyətə - “facebooksosial şəbəkəsinə qalır. Doğrudur, bu cür ünsiyyət qabaq-qəər oturub söhbət eləməyin yerini doldurmur. Heçvirtual müsahibə” də üz-üzə müsahibənin effektini vermir. “Canlı müsahibəarzusu iləvirtual müsahibə”ni diqqətinizə təqdim etməzdən öncə kiçik bir qeydə də ehtiyac duyuram:

-              Bu müsahibə hesabat xarakteri daşımır...

-              Bu müsahibə SƏNƏTKARın yaradıcılıq yoluna nəzər də yetirmir...

-              Bu müsahibə heç təşkil olunmuş silsilə yubiley tədbirləri zəncirinin bir həlqəsi də deyil...

-              Bu müsahibə sadəcə, “Cahangir Novruzov fenomeninin Azərbaycan mədəniyyətinə verdiyi əvəzsiz töhfənin qarşılığında hər bir Azərbaycan vətəndaşının duyduğu “SƏNƏTKARla ünsiyyət ehtiyacı”dır!!!

***        ***        ***

- Siz həmişə sənətin zirvəsində olmusunuz. Hər sənətkara nəsib olmayan böyük tamaşaçı ordusunun sevgisini qazanmısınız. Bunları əldə etmək asan məsələ deyil. Nə idi sizi buradan çıxıb getməyə vadar edən səbəb?

- Yaşadığım zamanın zəruriyyəti, bir də sənətlə əlaqəsi olmayan, amma sənəti idarə etdiyini və hər şeyi bildiyini zənn edən özündən müştəbeh məmur zehniyyəti.

 

- Deyilənə görə, insan predmetdən uzaqlaşanda ona daha obyektiv yanaşa bilir. Bu mənada, sizin milli teatr sənətinin mövcud durumu haqqında fikiləriniz mənə, eləcə də, düşünürəm ki, oxuculara maraqlıdır. Cahangirəllim, Türkiyədən baxanda Azərbaycanda gedən teatr prosesini necə görürsünüz?

-              Azərbaycan teatrı bu gün daha böyük nailiyyətlərə sahib ola bilərdi. Çünki bunu haqq edəcək ənənələri və kökləri var. Ailəmizdən gələn inancıma görə belə deyə bilərəm: Teatr həyatımızı, düşüncə və duyğularımızı əks etdirən bərraq şüşədən emal edilmiş böyütəcli bir ayna olmalıdır. Ayna özünün əsasında bir müxalifdir, çünki məsum bir şəkildə hər şeyə rəğmən yalnız həqiqəti göstərir. Hər kəs gözdən qaçırdığı əskiklərini, öz gerçək halını görmək üçün baxar aynaya ki, nəyi düzəldəcəyini bilsin. Gələnəklərimizə görə də ayna həqiqətin və aydınlığın rəmzidir, nuru yansıdır. Bu səbəbdən də əsl teatr millətinin yoluna işıq tutan bir aydınlıq qaynağı olmalıdır. Bu işıqdan rahatsız olanlara da mən şairin sözü ilə cavab verə bilərəm: İşıqdan qorxan yarasalardır. Amma hər sahədə olduğu kimi, bacarığın da, bacarıqsızlığın da əsl səbəbi təhsildir.

- Azərbaycan və Türkiyə teatr proseslərini (həm yaradıcı, həm də təşkilati baxımdan) müqayisəli şəkildə analiz edərkən, hansı mənzərə yaranır?

-              Bu anlamda müqayisə etmək məncə doğru olmaz. Çünki tamamilə radikal tarix ortamlarında yaranıb inkişaf yolu izləmiş teatrlardır. Biz rus və sovet teatrının təsiri altında inkişaf yolu görmüş, Stalin repressiyasını yaşamış bir tarixə sahibik. Türk teatrı isə Alman və Fransız teatr gələnəklərinin təsiri altında, Osmanlı siyasətinin basqısını və Cumhuriyət tərbiyəsini görmüş bir tarix yolu keşmişdir. Bizim teatrın aktyorlarının önəmli qazancı “Stanislavski sistemi” və Sovet sisteminin sənətə verdiyi önəmdirsə, Türk aktyorlarının qazancı isə Atatürkün qurduğu Cümhuriyyətin demokratik tərbiyəsinin verdiyi cəsarətdir. Bizim teatr bu cəsarətə, Türk teatrı da bizə miras qalan teatr təhsili sisteminə yiyələnə bilərsə, hər iki teatrın qazancı çox böyük olardı.

- Türk teatrından “bizim qarlı dağların ab-havası gəlirmi?” Türklərin teatrından “bizim durna gözlü bulaqların şırıltısı eşidilir-eşidilmir?” Bu teatrdan “Babəkin, Koroğlunun qılınclarının qığılcımı çıxır, ya çıxmır?”

-              Bəzən gəlir, bəzən də heç gəlmir (gülür).

- Cahangirəllim, yaratdığınız obrazlar bütövlükdə Azərbaycan mədəniyyətinin, obrazlı şəkildə desək, “duzu, istiotu, sumağı, zəfəranı, nanəsi, reyhanı, sarıkökü”dür. Obrazlarınızın “dadı hələ də tamaşaçıların” damağındadır. O dadı tamaşaçılarınıza yenidən dadızdırmaq fikriniz varmı?

-              Sizin təbirlə cavab vermiş olsam: Usta aşçısı olan, gözəl bir mətbəxdə nədən bunu düşünməyim ki? Ciddi bir yaradıcılıq işi üçün mən hər zaman hazıram.

 

- Arzusunda olduğunuz, amma hələ də qura bilmədiyiniz bir tamaşa və ya yarada bilmədiyiniz bir obraz varmı ürəyinizdə? Əgər varsa, bu arzunuzu Azərbaycanda, ya Türkiyədə gerçəkləşdirmək istərdiniz?        

-              Yarada bilmədiyim, qura bilmədiyim deyil, hələ ki gerçəkləşdirməm nəsib olmayan əsərlər desək, yəqin ki, nəzərdə tutduğunuz fikri daha doğru ifadə etmiş olarıq. Var təbii ki... Özünü sənət adamı sayanın yaradıcılıq arzuları da olacaqdır. Bu arzuların həyata keçməsi üçün əsl yaradıcı şərait harada varsa, orada da gerçəkləşdirəcəyəm. Mən Uca Allahdan sadəcə güc diləyən, amma işlərimi tümilə öz əməyimlə, qeyrətimlə icra edənlərdənəm və indiyə qədər özüm üçün kimsədən bir şey istəmədim. Belə bir xasiyyətim yoxdur. Umarım Uca Yaradan yaradıcılıq arzularımın ancaq xəyallarımda qalmasına izin verməz.

- Cahangir əllim, bu il 60 yaşınız tamam olur. Maraqlıdır, 60 illik yubileyinizi necə qeyd etməyi düşünürsünüz? Bu sevincinizi azərbaycanlı tamaşaçılarınızla bölüşməyi düşünürsünüz, yoxsa elə Adanada qeyd edəcəksiniz?

-              Doğrusunu desəm, bu mənim düşünəcəyim bir məsələ deyil. Əgər 40 illik sənət fəaliyyətim və 60 illik həyatım Azərbaycanımıza yetərli dərəcədə yararlı olubsa və xalqımız tərəfindən bəyənilibsə, demək, bu Mədəniyyət Nazirliyimizin düşünüb planlaşdıracağı bir işdir. Mən özüm üçün qapı döyməm. Belə bir hərəkəti etik saymıram. Bu sayaq tədbirlər qiymət veriləcək insanın xəbəri olmayacaq bir şəkildə gerçəkləşməlidir, məncə. Məsələn, bu ilin yanvar ayının 16, 17, 18-i tarixlərində yaşayıb çalışdığım Adana şəhərindəAltın orandüşüncə və sənət platformu dərnəyininAdanaya güc verənləradlı tədbiri gerçəkləşdirildi. Bu tədbir öz zəhməti və fəaliyyəti ilə Adana şəhərinin inkişafında önəmli rol oynayan insanlara adanalıların könül borclarını qaytarmaları, onların zəhmətlərinə qiymət vermək məqsədi ilə həyata keçirildi. Bu şəhərə güc vemiş, ömür həsr etmiş 25 nəfər seçildi və onlardan biri də mən idim. Bu mənim üçün həyatımda yaşadığım ən böyük sürpriz oldu. Bu 25 nəfərin professional fotoqrafçılar tərəfindən rəsimləri çəkildi, haqlarında kitablar yazıldı, hər birimiz üçün fəaliyyətimizi anlatan fotoqraf sərgisi düzənləndi. Sadəcə mənim 4000-ə yaxın foto rəsmim çəkildi. Tanımadığım insanların xəbərim olmadan mənim zəhmətimə yüksək bir səviyyədə dəyər verməsi 40 illik sənət fəaliyyətimə və 60 illik yubileyimə ən böyük hədiyyə oldu. Bu cür yüksək bir səviyyədə zəhmətə verilən qiyməti sadəcə mən deyil, həyatını və zəhmətini Azərbaycanımızın rifahı üçün əsirgəməyən bütün elm və sənət insanları umar. Belə bir davranış, təbii ki, alicənab insanlardan gözlənilə bilər.

- Cahangir əllim, özünüz də etiraf edərsiniz ki, gedişinizlə Azərbaycan teatrında böyük bir boşluq yaratdınız. Azərbaycan teatrında bu boşluğu doldura biləcək potensial görürsünüzmü?

-              Bu boşluğu mən yaratmadım, o zaman yaşadığım həyat şərtləri və hər şeyi bildiyini zənn edən özündən müştəbeh məmur zehniyyəti yaratdı. Kimsə kimsənin yerini dolduramaz. Özəlliklə də sənət aləmində... Hər bir fərdin öz şəxsi, kimsəyə bənzəməyən bir kimliyi var, düşüncə biçimi, sənət məntiqi var.

- Tələbələrinizlə münasibətiniz necədir? Onların arasında böyük bir tamaşaçı ordusunu ardınca apara biləcək potensial varmı?

-              Tələbələrimin hamısını çox sevirəm, hər biri bənzərsiz bir aləmdir. 140-dan çox məzunumuz var və demək olar ki, onların hər biri mənim bir zərrəmi daşıyır. Demək, hər birində Azərbaycan sevgisi var. Aralarında böyük potensiala sahib olanları da az deyil. Çiyinlərində ağır tamaşaları daşıya biləcək gücləri və bunun üçün gərəkli bilgi və səriştələri də var. Azərbaycan realist teatr məktəbinin ən seçkin qanun və qaydaları ilə yetişdirdim onları.

- “Docendo discimus” – “öyrədərək öyrənməkprinsipi Cahangir Novruzov üçün keçərlidirmi?

-              Bu, yaradıcılığınolmazsa olmazqanunudur.

- Təklif gəlsə, Azərbaycanda da pedaqoji fəaliyyətlə məşğul olmaq istəyərsinizmi?

-              Burada, Türkiyədəki kimi, əgər təhsil verəcəyim tələbələri özüm imtahan edib qəbul edərəmsə, o təklifi də qəbul edərəm. Başqa cür olursa, əsla qəbul etməm.

- İndi 60 yaşlı zirvədən baxan REJİSSOR, AKTYOR və PEDAQOQ Cahangir NOVRUZOVa görə XXI əsrin teatrı necə olmalıdır?

-              İnsanlıq dəyərlərinin ucuzlaşdığı, mənəviyyatın maddiyata satıldığı bir dövrdə milli və mənəvi miraslarımızın nəsillər üçün qorunub saxlanması naminə, İNSANI İNSANA İNSAN kimi anladan bir teatr olması gərəkdiyinə inanıram.

- Cahangir ZEYNALOV, Nəsibə ZEYNALOVA, Cahangir NOVRUZOV… Azərbaycan teatrına böyük töhfələr bə edən bu varislik ənənəsi davam edəcəkmi?

-              Ümid edirəm ki, davam edər, amma bir nəsillik aradan sonra. Əslində, ara yoxdur, zəmanədən dolayı bir gözləyiş var. Hər bir millətin gələcəyi onun gənclik kütləsidir. Bu gəncliyin də istedadlı qismi çağın qazanc gətirən prestijli sənətlərinə yönəlirlər. Bu gün Azərbaycandakı sosio-psixoloji ortam, əfsuslar olsun ki, teatr sənətinin prestijli səviyəyə yüksəlməsi üçün əlverişli deyil. Bu gün aktyorun məcburən tamadalıq edərək çörək pulu qazanması bizim millətin tarix boyu yaşayıb əldə etdiyi mentalitetinə yaraşmaz. Bunu azərbaycanlı olan hər kəs dərindən düşünməlidir. Mədəniyyətimizin məsuliyyətini daşıyan şəxslər sənətə və sənətkara qiymət verməyi yaxın tariximizin əsas siması olan mərhum Heydər Əliyevdən öyrənmələri gərək.

-              Sonda bilmək maraqlı olardı, eşitmək istədiyiniz, amma eşitmədiyiniz, yaxud eşitmək istəmədiyiniz, amma eşitdiyiniz sual oldumu?

-              Ortaya atılan hər sual günümüzün zəruriyyətindən doğar. Bu suallarınız da, mənim verdiyim cavablar da yaşadığımız bu zəmanənin zəruriyyətidir.

-              Dəyərli zamanınızı sərf edib, suallarımı cavablandırdığınız üçün sizə minnətdaram...

-              Təşəkkür edirəm.

Könül Əliyeva

Teatrşünas

Kaspi.-2014.-7 fevral.-S.12.