Türkiyədə ədəbi tənqid çoxdan “rəhmətə gedib”
İmdat Avşar: Şeir tərcüməçisi tərcümə elədiyi şairin rəqibi, nəsr tərcüməçisi isə nasirin xidmətçisidir
İmdat Avşar
Türkiyədə Azərbaycan ədəbiyyatının tərcümə və təbliği
ilə yorulmaz məşğul
olan tərcüməçi və yazardır. Azərbaycanlı
yazarların yaxşı tanıdığı İmdat bəylə gördüyü
işlər,
Türkiyədə Azərbaycan ədəbiyyatına olan
maraq və
s. mövzularda
söhbət etdik.
– Türkiyədə
Azərbaycanlı
yazarların əsərlərini
tərcümə
və
çap etdirirsiniz. Tərcümə
seçiminiz hansı prinsiplərə
əsaslanır?
– Mən
Türkiyədə Azərbaycan ədəbiyyatına aid
bədii əsərləri
tərcümə və təbliğ
etməyi hər şeydən əvvəl
bir qardaşlıq borcu
bilir, gördüyüm
işin çox məsuliyyətli, məşəqqətli və
yorucu olduğunu xüsusi vurğulamaq istəyirəm. Tərcümə etdiyim
əsərlərin seçimindəki prinsiplərdən danışarkən, əlbəttə,
ədəbi-estetik meyar mənim
üçün ilkin
şərtdir, ancaq ədəbi aləmdə təsdiq
olunmuş
şair-yazıçıların tövsiyələrini
də nəzərə
alıram. Heç bir
zəhmət haqqı ummadan, təmənnasız etdiyim tərcümələr də
olub. Zəhmət haqqı almadan elədiyim
tərcümələrdə
isə ədəbi-estetik meyarları həmişə rəhbər
tutmuşam. Bunlar
bilavasitə oxuyub bəyəndiyim hekayə və şeirlərdir,
fürsət
düşdükcə
tərcümə edib
çap etdirirəm.
Klassiklərdən Mirzə Fətəli
Axundzadə və Cəlil Məmmədquluzadədən tutmuş Pərvin və Nilufər Şıxlıya
qədər yüzlərlə yazıçı və şair
onların əsərlərini tərcümə etməyimdən xəbərsizdirlər.
Bu tərcümələrimi “Kardeş Kalemler” başda olmaqla Türkiyədə bir
çox jurnallarda çap etdirmişəm.
Ancaq bunu da deyim ki,
mən peşəkar tərcüməçiyəm, bəzi təşkilatlarla və nəşriyyatlarla müqavilələrim var,
onların məsləhət bildiyi əsərləri
də tərcümə etməliyəm.
– Sizcə,
Türkiyədə daha
çox zəngin, imkanlı azərbaycanlı
yazarların əsərlərinin
tərcümə
edilməsi
təsadüfüdürmü?
– Əziz Fərid, bu
məsələ dərin,
dərin olduğu qədər də
ağrılıdır. Əvvəllər bir
yazıçının başqa bir ölkədə əsərlərinin çap
edilməsi ideologiyadan asılı idi.
Sovet
İttifaqına daxil olan
respublikalarda, o
cümlədən, Azərbaycanda Nazim Hikmət,
Əziz Nesin, Yaşar
Kamal kimi Sovet quruluşunun tərəfdarı olan şair və
yazıçıların əsərləri tərcümə edilirdi.
Çingiz Aytmatovu bütün dünyada
tanıtdıran da fransız kommunistləri idi.
Məhəmmədhüseyn Şəhriyarın və Bəxtiyar
Vahabzadənin Türkiyədə bu qədər məşhur
olmasın da milliyyətçilərin rolu
danılmazdır. İdeologiyanın səngidiyi
1980-ci illərdən sonra
isə ədəbi baxımdan uğur
qazanan şair və
yazıçıların əsərləri çap olunmağa başladı. 1991-ci ildən, müstəqillikdən sonrasa
gediş-gəlişlər artdı və bu
illərdə
yazıçılar arasında qurulan dostluq münasibətlərinin əsərlərin
tərcümə və yayımında müəyyən rolu oldu. Ancaq 2000-ci illərdən – kapitalizm hegemon olandan sonra “pul” amili önə çıxdı. Bundan sonra öz ölkəsində zəngin
olan yazarlar Türkiyədəki nəşriyyatlarla
razılaşıb pul
müqabilində
əsərlərini tərcümə və
çap etdirdilər. Mən yüzlərlə şeir, minlərlə
hekayə
tərcümə etmişəm.
Öz istəyimlə tərcümə və
çap etdirdiyim hansısa bir əsərə görə müəllifindən pul istəməmişəm. Bunu özümə
qardaş borcu hesab etmişəm. Ancaq bəzi yazıçılar var ki, istəyirlər bütöv kitabını
tərcümə edim. Bir kitabı tərcümə etmək
üçünsə
ən
azı 1-2 ay zəhmət çəkmək lazımdır.
Ona görə
də
bu cür kitabları pul qarşılığında tərcümə edirəm.
Bu günə
qədər 30-dan çox kitab tərcümə və
çap etdirmişəm. Bu işlərin
50%-ni heç bir mənfəət ummadan görmüşəm. Azərbaycana gələndə rayonlara gedirəm,
o cümlədən Naxçıvan Muxtar Respublikasına. Oralarda
Bakı ədəbi mühitinə belə
tanış olmayan gənc
yazıçı, şairlərin şeir və hekayələrini onlardan
alıb tərcümə
edib Türkiyədə çap
etdirmişəm.
Təkcə zənginlərin əsərlərini yox, maddi imkanı olmayan yazarların da əsərlərini təbliğ edirəm.
Həmişə bədii
keyfiyyətləri yüksək
olan əsərlərin tərcüməsinə üstünlük verirəm. Mənim yetirmələrim var, bəzən tərcümə işlərini
onlara həvalə
edirəm.
İmkanlı adamlara qalandasa
dünyanın hər yerində,
siyasətdə, iqtisadiyyatda, sənət
sahəsində də
onlar ön plandadırlar. Kaş ki,
ədəbiyyatda belə
olmayaydı. Yaxşı olardı
ki, zəngin şair
və
yazıçılar istedadlı
yaradıcıları kömək etsinlər,
onların da əsərlərinin tərcümə və
təbliğini
dəstək versinlər.
– Türkiyədə Azərbaycan ədəbiyyatından bu qədər tərcümələr olur və
kitablar yayımlanır,
bəs
yazıçılarımıza niyə
maraq azdır və
bizim yazarlar niyə
türk kitab bazarına girə bilmirlər?
– Türkiyə
çox böyük ölkədir.
Ancaq bu böyük ölkənin
kitab bazarı zənn
edildiyi qədər
də
nəhəng deyil. Türkiyədə əhali
sayı ilə nisbətdə böyük oxucu kütləsi
yoxdur. Digər tərəfdən də Türkiyədə yazıçılar, şairlər, sənət adamları, nəşriyyatlar, qəzetlər, nəşr
məhsullarını
yayan və satan şirkətlər, media və
televiziya kanalları arasında rəqabət
və
qütbləşmə var. Türkiyədə birinin “ağ” dediyi şeyə, digəri “qara” deyən
liberal, solçu, sağçı,
islamçı və s. var. Onların fərqli nəşriyyatları,
yayın evləri, reklam kanalları, media qurumları və hətta oxucu kütləsi var. Hər qrupun öz yazıçısı, şairi,
nəşriyyatı,
qəzeti,
televiziyası, satış
mərkəzləri var. Kapitalizm,
dünyada da,
Türkiyədə də sənətin axırına
çıxan vasitədir.
Dolayısıyla Türkiyədə bir
çox yazarın arxasında onları dəstəkləyən, əsərlərinin
reklam işini quran lobbiçilər
dayanır. Ədəbiyyatla
pul qazanmaq üçün məşğul
olan insanlar və qruplar
sənəti arxa
plana keçirib. Onlar pul qazanmağın fərqli üsullarına
əl atırlar. Bir də
eşidirsən ki, adı heç vaxt hallanmayan bir yazar, artıq böyük bir
yazıçı kimi reklam
edilir.
Televizorda həmin yazıçını görürsünüz. Qəzetlərdə, qəzetlərin kitab əlavələrində onun böyük şəkilləri, jurnallarda müsahibəsi çap edilir. Az vaxtda milyonlarla insan həmin yazarı tanıyır. Türkiyədə Azərbaycan yazıçılarının arxasında belə bir lobbi olsaydı, vəziyyət bugünkü kimi olmazdı, fərqli olardı. Nəşriyyatlar qəzetlərin kitab əlavələrinə öz kitabları ilə bağlı xəbər yazdırmaq üçün, böyük pullar xərcləyirlər. Yayım şirkətləri və zəif imkanlara sahib nəşriyyatların çap etdirdiyi kitabları düz-əməlli yaymırlar. Türkiyədə tərəfsiz ədəbi tənqiddən əsər yoxdur. Belə bir mühitdə sadəcə Azərbaycanlı yazıçıların yox, bir çox istedadlı türk xalqları yazıçılarının tanınması mümkün olmur. Ancaq bütün bunlara rəğmən Bəxtiyar Vahabzadə, Anar, Elçin, Mövlud Süleymanlı, Elçin Hüseynbəyli, Əjdər Ol, Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Məmmədov, Vaqif Bəhmənli, Yunus Oğuz, Varis Yolçuyev kimi yazarlar Türkiyədə müəyyən auditoriyalarda tanınırlar.
– Azərbaycan
ədəbiyyatında
hansı şah damar, sadə
desək
özəlliklər sizi tərcüməçi
kimi cəlb edir
ki, davamlı olaraq Azərbaycan
ədəbiyyatının
tərcümə
və
Türkiyədə çapı ilə
məşğul
olursunuz?
– Məni əvvəlcə Azərbaycan şeiri cəlb etdi. Şəhriyar, Səhənd, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz, Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Rövşən, Əjdər Ol, Sabir Sarvan kimi şairləriniz var. Sonrasa Azərbaycan musiqisi. Bilirsiniz ki, sözə qanad verən şeirdir, şeirə qanad verənsə musiqidir. Qara Qarayev, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Habil Əliyev, Emin Sabitoğlu kimi unudulmaz sənətçiləriniz və səsiylə göy qübbəsinə həzin fəryadlar salan neçə-neçə müğənniləriniz var. “Arşın mal alan”sa, fikrimcə, əsl dünya klassikasıdır. Əvvəlcə bunlar cəlb etdi diqqətimi, sonra nəsr əsərləri ilə tanış oldum, çox təsirləndim. Mirzə Fətəli Axundzadənin komediyaları və “Aldanmış kəvakib” povesti, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”, Əbdürrəhim bəy Haqverdiyevin hekayələri və s. Daha sonra 60-cılar ədəbi nəslinin, nəhayət, həmyaşıdlarımın və gənclərin əsərləri diqqətimi çəkdi. Niyəsini bilmirəm, ancaq imkanım olsaydı Azərbaycan ədəbiyyatının bütün nümunələrini Türkiyədə təbliğ edərdim. Bunları həyata keçirmək üçün Türkiyədə başlamaq istədiyim “Azərbaycan ədəbiyyatı” adlı bir layihəm var. Əgər kimsə dəstək olsa Azərbaycan ədəbiyyatını təbliğ edən aylıq bir jurnal nəşr etmək istəyirəm.
– Həm
nəsr,
həm
də
şeir tərcümələri
ilə
məşğul
olursunuz. Hansı nümunələri
tərcümə
etmək
sizə
daha rahat və
maraqlı olur?
– Şeir tərcüməçisi tərcümə elədiyi şairin rəqibidir. Nəsr tərcüməçisi isə tərcümə etdiyi nasirin əsiri, xidmətçisidir. Mən hər iki işi də sevirəm. Bəzən elə olur ki, dörd misranı tərcümə edib qəlibə salmaq bir gün vaxt alır. Ancaq nəsr tərcüməsi daha asandır, axıb gedir. Onu da deyim ki, mən Azərbaycan şeirnin türk dilinə tərcümə edilməsinin tərəfdarı deyiləm. Sadəcə başa düşülməyən sözləri əlavə izahlarla verilməsi şərtiylə şeirin orijinal saxlanılmasının tərəfdarıyam. Tərcümə ediləndə Azərbaycan şeiri ahəngindən, ritmindən, səsindən nələrisə itirir. Yeri gəlmişkən, “Şeir vaxtı” jurnalının yay buraxılışı Azərbaycan şeirinə həsr edəcəyəm. Təxminən 150 səhifəlik bir jurnalda başdan-sona Azərbaycan şairlərinin şeirlərini çap etdirəcəyəm, özü də Azərbaycan türkcəsində. Ancaq deyə bilərəm ki, tərcümə olunanda Azərbaycan dilinin imkanları Türkiyənin imkanları vasitəsilə daha da genişlənir. Məsələn, “Misyo Jordan və Dərviş Məstəli şah” əsəri mənim tərcüməmdə Türkiyədə səhnələşdirildi və tamaşaçılar bu əsərə heyran qaldılar. Türk dili imperiya dili olduğuna görə daha işlək, daha kamil dildir və təhkiyə imkanları genişdir.
– Azərbaycan
ədəbiyyatı
nümunələrinin Türkiyə
kitab bazarına girməsi, orda məşhur nəşriyyatlar
tərəfindən
yazarların əsərlərinin
yayımlanıb onlara qonorar
verilməsinin
yolları haqqında danışmağınızı istərdik.
– Türkiyədə kitab yazıb dolana bilən yazıçıları saysaq, barmaqlarımızın sayını keçməz. Yəni Türkiyədə də qonorarla yaşamaq mümkün deyil. Həm tirajlar çox azdır, həm də qonorar. Məsələn, deyək ki, bir il zəhmət çəkib bir kitab yazdınız, verdiniz nəşriyyata və kitabınız çap olundu. Bəs sonra? Sizə etiket qiymətinin 10%-ni qonorar verirlər. Kitab da 1000 tirajla çap olunur və 1000 lira, sizin pulla 300 manat qonorar verilir sizə. Bir illik zəhmət müqabilində 300 manat. Kitabdan pul qazanmaq üçün gərək kitabın 100.000 tiraj çap edilsin. Onsuz da tanınmış nəşriyyatlar da yazıçıya verdiyi pul zəhmətindən aşağıdır. Türkiyədə bir çox məşhur yazıçının özünün nəşriyyatı var. Öz kitabını özü çap edib satır. Bəzi yazıçıların arxasındasa böyük təşkilatlar dayanıb. Azərbaycan yazıçılarının əsərlərinin məşhur nəşriyyatlar tərəfindən çap etdirmək və Türkiyədə yayımlanması və azərbaycanlı yazıçılara da qonorar verilməsi üçün bir layihə hazırlamaq lazımdır. Bunun üçün Azərbaycan diasporunun da bu işə qol qoyması vacibdir. Məsələn, Türkiyədə erməni diasporu çox güclüdür, Mıgırdı Maqrosyan, Kirkor Ceyhan kimi yazıçılarını Türkiyədə məşhurlaşdırıblar. Azərbaycan ədəbiyyatında onlardan qat-qat güclü və peşəkar şairlər və yazıçılar var. Sadəcə təbliğ etmək lazımdır. Azərbaycanda və Türkiyədəki bir sıra ictimai təşkilatlar birgə layihələr reallaşdırsalar, bu problemlər öz həllin tapar.
– Türkiyənin məşhur yazarlarının esselərini, məqalələrini oxuyuram, Azərbaycan ədəbiyyatı barədə kiminsə yazısı gözə dəymir, sizcə, buna səbəb nədir?
– Türkiyədə ədəbi tənqid çoxdan “rəhmətə gedib”. Tənqidçilər çalışdıqları qəzet və jurnalların bağlı olduğu nəşriyyatların yazıçı və kitablarının reklam edirlər. “Korlar və karlar bir-birini qonaq edər” – bizim belə bir zərb-məsəlimiz var. Ancaq bütün bunlara baxmayaraq mətbuatda Azərbaycan ədəbiyyatı ilə bağlı yazılar çap olunur. Türkiyədə hər kəs öz yaxın adamı haqda yazır və onun əsərini tənqidə cəlb edir. Bu bir qədər də bir eşşəyin digər eşşəyi növbəylə qaşımağı kimi bir şeydir.
Onu da deyim ki, “Berceste” jurnalının 2013-cü il dekabr sayı Nigar Rəfilbəylinin yüz illiyi münasibəti ilə “Türk dünyası ədəbiyyatı”na həsr edilmişdi. Jurnalda daha çox Azərbaycan ədəbiyyatı nümunələri yer almışdı. Jurnal çap olunandan sonra Türkiyədə haqqında bir neçə yazı çap olundu. Həmin məqalələrdə Azərbaycanlı yazıçıların əsərlərinə də münasibət bildirmişdilər. Bundan başqa, bu günlərdə Sabir Rüstəmxanlının “Difai Fədailəri” adlı romanı Türkiyədə çap olunub. Yəqin bu romanla da əlaqəli Türkiyədə tənqidi məqalələr çap olunacaq. Çünki bu romanda türk-erməni müharibəsindən bəhs edilir, mövzu Türkiyə üçün maraqlıdır.
– Siz
də
Türkiyədə tanınmış
yazarsınız bu qədər
tərcümələr
edirsiniz, azərbaycanlı yazarlar bunun müqabilində
sizə
qarşı münasibətləri
necədir,
onlar sizin əsərlərinizin
Azərbaycanda
təbliği
üçün nələr
edirlər?
-Mən
heç bir fərq qoymadan
Azərbaycan ədəbiyyatına xidmət edən
yazıçı və
şairləri çox istəyirəm. Bəzilərinəsə həm
yazıçı, həm
də ağsaqqal kimi hörmətim var.
Bir çox şair və
yazıçı ilə
səmimi dostluq münasibətlərim var.
Qardaşım kimi xətrini istədiyim
gənc yazarlar var. Bilirəm ki,
onlar da məni sevir
və əsərlərimi
yüksək qiymətləndirirlər.
Anarın dəstəyi, Elçin
Hüseynbəylinin redaktorluğu və
Aslan Quliyev, Eyvaz Zeynalov, Səhər, haqq
dünyasına qovuşan Zakir
Sadatlının tərcüməsi ilə Bakıda “Anamın
saatları” adlı hekayələr kitabım
işıq üzü görüb.
Neçə-neçə Azərbaycan
jurnallarında, qəzetlərdə şeirlərim,
hekayələrim və müsahibələrim çap olunub.
Fərid
Hüseyn
Kaspi.-2014.-8-10 fevral.-S.11.