Əbədi silinməz iz qoymuş sənətkar

2000-ci ilin dekabr ayında, IV Beynəlxalq «Şərq-Qərb Bakı kinofestivalının açılış günü Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə bir qrup kinematoqrafçı respublikanın fəxri adları verildi. Onların arasında «Azərbaycanın xalq rəssamı» fəxri adına layiq görülmüş kino rəssamı Məmmədağa Hüseynağa oğlu Hüseynov da var idi.

Ümumiyyətlə, kino rəssamı kimə deyilir? Bu peşənin problematikası nədən ibarətdir?

Kino necə dəyişirsə – dəyişsin, o bütün hallarda tamaşa müəssisəsidir, tamaşa sənətidir. Kinodramaturq Yevgeni Qabriloviç qeyd edir ki, ekrandan deyilən söz nə qədər dərin, fəlsəfi olarsa, görüntü səfi, sırası daha incə, gözlənilməz, ifadəli olmalıdır. Həmin görüntü səfinə, sırasına kim cavabdehdir? Rejissor? Sözsüz. Operator? Əlbəttə. Lakin rəssamın üzərinə heç də az məsuliyyət düşmür. Onun filmə çəkdiyi eskizlər əsasında faktiki olaraq kino əsəri üzərində «istehsalat» işi aparılır. Bu «istehsalat» işi filmin təsvir həllini təyin edir. Ona görə də rəssam nəinki çəkiliş qrupunun vacib üzvüdür, həm də filmin əsas müəlliflərindən biridir.

Azərbaycanın xalq rəssamı Məmmədağa Hüseynov məhz belə peşəkar fırça ustalarından biri olmuşdur.

Milli kinematoqrafın ən yaxşı səhifələri onun adı ilə bağlıdır. M.Hüseynovun eskizləri əsasında çəkilmiş «Ögey ana» (E. Rzaquliyevlə birgə), «Böyük dayaq», «Əhməd haradadır?», «Bizim Cəbiş müəllim», «Sehirli xalat», «Nəsimi» (M.Ağabəyovla birgə) və s. filmlər kinomuzun qızıl fonduna daxil olmuşdur.

M.Hüseynov böyuk, lakin çətin bir həyat yolu keçib. O, 1929-cu il fevralın 8-də Bakıda dünyaya göz açıb.Bu şəhərdə böyüyüb, ilk rəssamlıq təhsilini də burada alıb.

Məmmədağa bəy nəslindən idi. Babası Hacı Qəninin varı – dövləti, paraxodları vardı. Sovet hökuməti Hacı Qəninin əlindən bütün varını almaqla kifayətlənməmiş, Hüseynovlar ailəsini, yüzlərlə digər azərbaycanlı ailələri ilə birlikdə Sibirə sürgün etmişdi.

1941-ci il idi, artıq Böyük Vətən müharibəsi başlamışdı. 1937-ci il isə hələ də davam edirdi. Kommunistlər varlı ailələrini tamamilə müflis vəziyyətinə salmalarına baxmayaraq, ürəkləri hələ də soyumamışdı. Belə ailələri yük qatarlarına doldurub sürgünə göndərməkdə davam edirdilər.

 

Məmmədağa müəllimin dediyinə görə, 100-ə qədər ailə bir vaqonda 40 gün yol qət etdi, yarımcan vəziyyətdə gəlib mənzil başına çatdı. Bundan sonra Hüseynovlar ailəsi üçün doğma evdən uzaqlarda əzablı günlər başladı: Bütün bu əzab – əziyyətlərə dözməyən gənc ana yad torpaqda vəfat etdi. Həyat yoldaşını itirən ata 1943-cü ilin sonunda uşaqlarını götürüb çox çətinliklə Bakıya qayıtdı.

Bu günahsız ailə 10 ildən artıq «xalq düşməni» damğasını əsassız olaraq öz üzərində gəzdirməli oldu. Məmmədağa müəllim deyirdi ki, heç bir taxsırımız olmaya – olmaya neçə illər gözü kölgəli yaşadıq. Yalnız 1956-cı ildə bu ailə bəraət qazana bildi. Hətta bundan sonra M.Hüseynov Ümumittifaq Günahsız Qurbanlar Assosiasiyası Azərbaycan şöbəsinin üzvü oldu.

Bir neçə on illər keçəndən sonra Ermənistanıın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi zamanı saysız – hesabsız qaçqınları görən Məmmədağa müəllim deyəcəkdir: «Bugünkü köçkünlərlə bizim taleyimiz arasında bir yaxınlıq, bir oxşarlıq görürəm».

Hələ uşaq ikən həyatın ağır sınaqlarından keçən, taleyin sərt üzünü görən Məmmədağa Hüseynov qısa, lakin ağır sürgün həyatından sonra Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alır. Kinoya olan sonsuz maraq onu Moskvaya, UDKİ-nin kino rəssamlığı fakültəsinə gətirib çıxarır. İnstitutda oxuduğu illərdə o, Boqorodski, Şeqal, Şpinel kimi görkəmli sənətkarlardan kino rəssamlığının sirlərini, xüsusilə səhnə texnikasını, dekorasiya sənətinin incəliklərini dərindən öyrənir. 1955-ci ildə təhsilini başa vurub Bakıya qayıdan gənc rəssam Moskvada ali təhsil almış ilk azərbaycanlı rəssamlardan biri olur.

Bundan sonra Məmmədağa Hüseynovun həyatının ikinci dövrü başlanır. Bu dövr, onun C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında kino rəssamı kimi fəaliyyətə başladığı böyük və şərəfli illəridir.

Onun kinoda ilk kişi rejissor Ə.İbrahimov və Qurinin «Bir məhəllədən iki nəfər» filmi (1957) ilə bağlıdır. O, bu film üçün eskizləri rəssamlardan E.Rzaquliyev və K. Nəcəfzadə ilə birgə hazırlamışdır. Filmdəki hadisələr Şərq ölkələrindən birində baş verir. Burada dəqiq ünvan göstərilməsə də rəssamlar tərəfindən seçilmiş naturalar, eskizləri əsasında hazırlanmış dekorasiyalar, interyerlər hadisələrin məhz xaricdə cərəyan etdiyinə tamaşaçıları inandırır.

Rejissor Ə.İbrahimovdan sonra Məmmədağa müəllim H.İsmayılov, A.Quliyev, A.İsgəndərov, K.Rüstəmbəyov, H.Seyidbəyli, Ə.Atakişiyev, R.Şabanov, T.İsmayılov, T.Tağızadə, R.İsmayılov kimi müxtəlif dəst-xəttə malik digər tanınmış rejissorlarla da çiyin-çiyinə işləmiş, Azərbaycan kinosunun markasının daim uca saxlanılması üçün əlindən gələni əsirgəməmişdir.

O, rejissor H.İsmayılovun çəkdiyi iki filmdə - «Ögey ana» və «Böyük dayaq» kinolentlərində işləmişdir. Hər iki filmdə qaldırılan problemlər müxtəlif olsa da məkan Azərbaycan kəndləridir.

Ögey ananın mənzili, kolxoz sədri Rüstəm kişinin həyət – bacası, kənd evlərinə xas olan əşyaların düzgün yerləşdirilməsi qəhrəmanların daxili aləmlərinin üzə çıxarılmasına xidmət edir. Birincidə, ögey anaın doğmalığı açılıb göstərilir, ikincidə isə ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılır.

Gənc rəssam 1955-ci ildə diplom işini – yazıçı Mehdi Hüseynin «Səhər» romanı üzrə çəkdiyi tərtibat eskizlərini müvəffəqiyyətlə müdafiə edəndə Bakı kinostudiyasında həqiqətən «Səhər» bədii filminin tərtibatını verəcəyini xəyalına belə gətirməmişdi. Lakin rejissor A.Quliyev bu filmin çəkilişi üçün yaradıcı heyəti təşkil edəndə M.Hüseynovu qrupa quruluşçu rejissor kimi dəvət etdi. Gənc rəssam da rejissorun etimadını doğrultdu. «Səhər» kimi geniş miqyaslı tarixi – inqilabi filmin bədii tərtibatını verməkdə institutda öyrəndikləri onun köməyinə çatdı.

Mədənlərdə fəhlələrin tətil etmələri, Rəhim bəyin evi, Pirəlinin həyəti, neftin çıxarılması prosesi – bu və ya digər səhnələr ekranda inqilabdan əvvəlki ab – havanı təbii şəkildə canlandırmağa kömək etdi.

Məmmədağa müəllimin yaradıcılıq tərcümeyi – halında 25-dən artıq filmin, o cümlədən «Kölgələr sürünür», «Dağlarda döyüş», «Liftçi qız», «İntizar», «O qızı tapın», «Qızıl qaz», «Ömrün səhifələri», «Xoşbəxtlik qayğıları», «Əlavə iz», «Qocalar, qocalar», «Asif, Vasif, Ağasif» və s. kinolentlərin adları vardır. Bu siyahının arxasında isə kino rəssamının yaradıcılıq axtarışları, yuxusuz gecələri, gərgin zəhməti durur.

Onun filmləri arasında ikisini xüsusilə qeyd etmək istəyirəm.

Müharibə mövzusu rəssam M.Hüseynovun həm kino fəaliyyətində, həm də fərdi yaradıcılığında əsas yer tutur. İstər Ümumittifaq və respublika rəssamlıq sərgilərində nümayiş etdirdiyi əsərlərində, istərsə də bədii filmlərə çəkdiyi eskizlərində bu mövzunun təsviri həllini vermək , o dövrün obrazını, mühitini, məətini təbii yaratmaq üçün gərgin axtarışlar aparmalı olmuşdur. «Bizim Cəbiş müəllim» filmi üçün çəkdiyi eskizlər, xüsusilə «Körpüdə» eskizi bu cəhətdən çox maraqlıdır.

. . . Gəmi körpüyə yan almışdır. Rusiyanın hansısa şəhərindən köçürülmüş adamlar təlaş içərisində gəmini tərk edirlər. Onların üzlərində əzab – əziyyətlə kədər bir – birinə qarışmışdır. Ön planda təsvir edilən qadın, körpəsini bağrına bərk – bərk sıxmış halda həyəcanla irəliləyir. Digər uşağı isə anasının qolundan tutub ondan geri qalmamağa çalışır. . .

Rəssamın yaratdığı «Körpüdə» eskizinə baxarkən inanırsan ki, hadisələr məhz müharibə dövründə cərəyan edir. Bitmiş bir əsər kimi düşünülmüş bu kompozisiya kütləvi aktyor oyunu üçün rejissora müvafiq plan seçməkdə çox kömək edir.Buna görə də kino rəssamı işlədiyi hər eskizin ekranda necə canlanacağını qabaqcadan görə bilir.Nəticədə eskiz əsasında qurulan dekorasiya söjetlə həmahəng olur, hadisələrin fəal iştirakçısına çevrilir.

M.Hüseynov kino sahəsindəki yaradıcılığında bu cəhətə daha çox fikir verir, onu işinin meyarı hesab edir.

Rəssam M.Hüseynovun müharibə ilə bağlı fikirləri də maraqnlıdır. O, deyirdi: «Elə bir ailə yoxdur ki, orada müharibə öz nişanəsini qoymasın, bizim ailə də o cümlədən. O vaxt mənim on iki yaşım var idi. Nə mən, nə də qardaş və bacılarım uşaqlıq illərinin necə gəlib keçdiyini hiss etmədik. Biz birdən – birə böyüdük. Müharibə nə qədər günahsız adamı öz ağuşuna aldı. Bunlar haqqında danışmaq mənim üçün çox çətindir. Ona görə də çəkilişində iştirak etdiyim filmlərdə və fərdi yaradıcılığımda dönə – dönə bu mövzuya müraciət edirəm. Mən bunu hər şeydən əvvəl vətəndaşlıq borcu sayıram»

Bəzən belə bir fikir də yürüdülür ki, mövzusu müasir həyatdan alınmış filmlərdə guya rəssamın işi o qədər də çətin deyil. Axı, ssenaridə təsvir olunan şəhərin görkəmi, adamların geyimi, davranışı hamıya, hər bir tamaşaçıya məlumdur. Həqiqətdə bu belə deyil. Tarixi mövzu kimi müasir mövzu da kino rəssamından cəsarətli axtarış və gərgin yaradıcılıq qüvvəsi tələb edir. Biz bunu rəssamın işlədiyi «Böyük dayaq», «O qızı tapın», «Bizim küçə», «Əhməd haradadır?», «Xoşbəxtlik qayğıları», «Liftçi qız», «Qızıl qaz», «Əlavə iz», «Asif, Vasif, Ağasif» və s. filmlərdə aydın görə bilərik.

Rejissor H.İsmayılovun çəkdiyi «Böyük dayaq» filmi müasir kənd həyatını, kənddə yaşayan camaatın məətini, qayğılarını,xalqdan ayrı düşmüş kolxoz sədri Rüstəm kişinin faciəsini ekranda canlandırır. Rejissor işi baxımından film zəif olsa da, hadisələr illüstrativ xarakter daşısa da rəssam M.Hüseynov və operator X.Babayev Azərbaycan təbiətinin gözəlliklərini, müasir kəndin xarakterik cəhətlərini tamaşaçıya çatdıra bilmişlər. Rəssamın istər bu, istərsə də digər filmlərə çəkdiyi eskizləri nəzərdən keçirərkən görürük ki, M.Hüseynov incəsənətin bu növünün geniş imkanlarından ustalıqla istifadə edərək, professional fırça ustası olduğunu təsdiqləmişdir.

Bəzən elə olur ki, rəssamın film üçün çəkdiyi eskizlərin bir hissəsi çəkiliş prosesindəəyyən dəyişikliklərə uğrayır. Bununla belə rəssam işi istər rejissor, istərsə də operator üçün ilk görüntü lövhələrini yaradan və kinonun əsasını təşkil edən komponentlərdən biridir.

M.Hüseynovun kinematoqrafiyanın incəliklərinə dərindən bələd olmasının, ssenaridə qaldırılan məsələlərlə bağlı maraqlı kompozisiyalar qura bilməsinin nəticəsidir ki, onun eskizlərinin böyük əksəriyyəti rejissor duyumu, fikri ilə üst – üstə düşür və yeni quruluşda öz əksini ekranda tapır.

İnsanları düzlüyə, halal əməklə məşğul olmağa çağıran «O qızı tapın» detektiv filmi üçün çəkilmiş orijinal məkan quruluşlu sərt cizgili eskizlər, xüsusilə filmin finalında istifadə olunmuş, tikintisi yarımçıq qalmış binanın konstruktiv formalı interyeri, burada baş verən hadisələrin gərginliyini artıran işıq – kölgə effektlərindən bacarıqla istifadə olunması rəssamla operatorun birgə işinin uğurlu yekunudur.

«Bizim Cəbiş müəllim», «O qızı tapın», «Nəsimi», «Xoşbəxtlik qayğıları». Göründüyü kimi rəssam M.Hüseynov rejissor H.Seyidbəyli ilə dörd bədii filmdə işləyib. Və bu filmlər neçə – neçə onillər keçməsinə baxmayaraq bütün zamanlarda ekranlardan düşmür, tamaşaçılar tərəfindən maraqla baxılır.

M.Hüseynovun dediklərindən: «Mərhum sənətkarımız Həsən müəllimlə möhkəm dost idik. O, gözəl yazıçı, rejissor olmaqla yanaşı, xeyirxah və mehriban bir insan kimi də həmkarlarının hörmətini qazanmışdı. Onunla birgə film üzərində işləməkdən hamı razı qalırdı. Çünki bu rejissor hər şeyi irəlicədən görür, hiss edirdi. Musiqini də, rəssamlığı da gözəl başa düşürdü. Onunla işlədiyim günlər ömür kitabımın ən maraqlı səhifələridir».

Rəssamın rejissor A.İsgəndərovla birgə işi olan «Əhməd haradadır kinokomediyası da tamaşaçıların sevə – sevə baxdıqları filmlərdən biridir.

Bu gün nəinki ölkəmizin paytaxtı Bakıda, elə bütün bölgələrdə möhtəşəm abadlıq işləri aparılır: yeni – yeni binalar, körpülər tikilir, yollar salınır. «Əhməd haradadır?» filmini çəkən qrup 60 – cı illərin əvvəllərində rayonlarda müasir tipli, nümunəvi şəhərlərarası avtobus dayanacağı tapa bilmədikləri üçün filmin rəssamı M.Hüseynovun eskizi əsasında naturada «avtobus kassası» dekorasiyası tikilmişdir. Bundan başqa tikinti idarəsinin foyesini, vestibülünü, rəisin kabinetini, Yaşıl teatrın səhnəsini əks etdirən eskizlər rəssam təfəkkürünün, bacarığının məhsullarıdır. Həm də rəssamın istər bu, istərsə də digər filmlərə verdiyi eskizlər ayrı – ayrılıqda bir sənət əsəri kimi diqqəti cəlb edir.

M.Hüseynov təsviri sənətin müxtəlif növlərində və janrlarında çoxlu rəngkarlıq və qrafika əsərləri yaratmışdır.

Məmmədağa müəllimin dediklərindən: «Hər bir kino rəssamı kimi mən də kino ilə bərabər fərdi yaradıcılıqla da məşğul oluram. Mən rəngkaram. Hansı ölkədə olmuşamsa, orada xırda eskizlər hazırlamışam. Sonra emalatxanada bu eskizlər əsasında əsərlər yaratmışam. Suriyada olarkən silsilə əsərlər hazırlamışam. Mərakeş və İspaniyaya səfərlərimdən sonra da xeyli əsər işləmişəm.

Bir tərəfdən fikirləşirsən ki, ömür keçir, yaşa dolursan. Ancaq yaşayıb yaratmaq həvəsi əvvəlki kimi qəlbində alovlanır, indii daha çox iş görmək istəyirsən. Digər tərəfdən təsəlli tapırsan ki, ötən günlərin hədər getməyib, sən də bir iş görmüsən, həyatda bir iz qoymusan. . .»

 

Bəli, Azərbaycanın xalq artisti, görkəmli kino rəssamı Məmmədağa Hüseynov böyük lakin çətin həyat və yaradıcılıq yolu keçmiş, sənət aləmində – mili kinomuzda və rəssamlıq sənətində özünə əbədi silinməz iz qoymuşdur.

Aydın Kazımzadə,

Əməkdar incəsənət xadimi

Kaspi.-2014.-8-10 fevral.-S.14.