Sabir Əhmədli – Yaşayan sənətkar
«Ustadlar» silsiləsindən
Onunla sağlığında dəfələrlə üz-üzə gəlmiş,
görüşmüş, oturub söhbət etmişdim. Bu böyük Azərbaycan
yazıçısının yaradıcılığı
barədə, xüsusilə, onun romanları
haqqında bir neçə
məqalənin də müəllifi olmuşam. Sabir
Əhmədli
mənim
üçün XX əsr
Azərbaycan
yazıçıları arasında ən
doğmalarından biri , ən
çox oxuduğum nasirlərdən biri idi. XX əsr
Azərbaycan
gerçəkliyini,
istər yaxından
bələd olduğu kəndi, istərsə də
şəhəri təsvir etsin, Sabir Əhmədli son dərəcə
həyati bir
yazıçı idi və
deyim ki, onun əsərlərində
təsvir etdiyi həyat canlı həyatın özü
idi. Sadəcə, bədii naxışlarla,
rənglərlə, sözün yaratdığı
ecazlarla cilalanmışdı bu həyat.
Həm də sərtliyi, mürəkkəbliyi,
təzadları ilə seçilirdi.
Görkəmli tənqidçi Qulu Xəlilov vaxtilə onun yaradıcılığı barədə yazmışdı: «Sabir Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinc və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur. Müasir Azərbaycan kəndinin təxminən yarım əsri onun əsərlərində bədii-estetik tərzdə əks olunmuşdur…O, ədəbiyyat dünyasına «Arabaçı» (1953) hekayəsi ilə gəlmişdir. Bu hekayədəki dil aydınlığı, şirinlik, həyatı incə müşahidə, milli ruh, torpağa, kökə, insanlara bağlılıq, təbiilik onun bundan sonra yazdığı bütün əsərlərində getdikcə dərinləşdi, şaxələndi, poetikləşdi, bir çox canlı insan surətlərinin simasında bir nəhrə döndü, ənənəyə çevrildi…Sabir Əhmədov öz sənət arabasından düşmədi, onu heç nəyə dəyişmədi. Araba sözün geniş mənasında kökə, torpağa, xalqa, onun mənəvi dünyasına bağlılıq rəmzi kimi yadda qaldı, daim təkmilləşdi».
Sabir Əhmədli zamanın nəbzini tutan, onun qarşıya qoyduğu problemləri vaxtında duyan, hətta hardasa zamanı qabaqlayan bir yazıçı idi. Ona görə də keçən əsrin əllinci illərindən başlayaraq heç bir hadisə onun yazıçı nəzərindən uzaq düşmədi. Əllinji illərdə yazdığı ilk hekayələri və «Aran» romanı ilə Sabir Əhmədli Azərbaycan kəndinin müharibədən sonrakı –«dinc quruculuq illərindəki» mənəvi panoramını əks etdirdi. Elə ilk hekayələrində və ilk romanında Sabir Əhmədli üslubunun xarakterik cizgiləri ilə qarşılaşdıq, xalq dilinin, elat danışıq tərzinin şəhdinin-şirəsinin bu hekayələrə və romana hopdurulduğunu gördük, milli adət-ənənələrimizin, təbii yaşayış tərzimizin kökünə gedib çıxdıq və hər şeydən əvvəl 50-60-cı illər Azərbaycan kəndlisinin düşüncə tərzi ilə qarşılaşdıq. Əlbəttə, «Aran» romanında təsvir olunan dövr indi arxada qalıb, indi o zaman üçün yenilik sayılan «pambıqyığan maşın» söhbəti də bəsit səslənir. Pambıqyığan maşınların ağır əl əməyini əvəz eləməsi səmərəsiz qalmadı, lakin sonralar elə bu pambıqyığan maşınların sükanı arxasında əyləşənlərin necə, hansı yollarla qəhrəman olduqları da heç kəsdən gizli qalmadı. Sonra Sabir Əhmədli bu romanın davamı kimi «Görünməz dalğa»nı yazdı. İnsanları işdən, məhəbbətdən, ailə duyğusundan soyudan, sevgini bətnindəcə boğan, əməyi zövqsüzləşdirən gizli, görünməz dalğalar 70-80-ci illərdə bütün mahiyyəti ilə üzə çıxdı. Bu dalğaların virusları tək-tək şəxslər və ayrı-ayrı mikromühitlər şəklində Sabir Əhmədlinin «Dünyanın arşını», «Toğana», «Yasamal gölündə qayıqlar üzürdü», «Yaşıl teatr» romanlarında, «Yamacda nişanə», «Qanköçürmə stansiyası» povestlərində daha aydın göründü.
Sabir Əhmədlidən söz açanda bir ifadəni istər-istəməz xatırlamalı olursan: ROMAN USTASI. Mənim fikrimcə, həmin ifadəni Azərbaycan ədəbiyyatında daha qətiyyətlə Yusif Vəzir Çəmənzəminlinin, Məmməd Səid Ordubadinin, Əbülhəsən Ələkbərzadənin, Mir Cəlalın, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Süleyman Rəhimovun, Əli Vəliyevin, İsa Hüseynovun, Əzizə Cəfərzadənin, Fərman Kərimzadənin barəsində söyləmək olar. Təbii ki, İsmayıl Şıxlının, Bayram Bayramovun, Çingiz Hüseynovun, Hüseyn Abbaszadənin, Əlibala Hacızadənin, Elçinin, Yusif Səmədoğlunun, Cəmil Əlibəyovun, Mövlud Süleymanlının, Seyran Səxavətin, Çingiz Abdullayevin romanlarını da unutmaq olmaz. Milli romanımızın parlaq nümunələri az deyil və onların sırasında Sabir Əhmədlinin bir neçə əsəri, ilk növbədə, «Dünyanın arşını» romanının adını çəkmək lazımdır.
«Dünyanın arşını» Azərbaycan nəsrində öz fəlsəfi-publisistik yönü ilə seçilirdi. Zahirən
bir rayonda baş verən
hadisələri təsvir etsə də, əslində, problem əhatəli idi, durğunluq
illərində bütün ölkəni və xalqı
sarmış mənəvi və sosial bəlaların bir rayon
timsalında ümumiləşdirilməsi o zaman yuxarı
dairələri
qıcıqlandırmaya bilməzdi.
İndi lap ucadan, qorxusuz-hürküsüz söylədiyimiz həqiqətləri Sabir Əhmədli
qırx-qırx beş il əvvəl açıq
söyləmişdi.
Həyatın
durğunluq illərindəki faciələri romanda kifayət qədər əks etdirilib və
o da təəccüblü
deyil ki, həmin səhnələr
indi də əvvəlkindən
daha sürəkli
oynanılır. «Bəzən fikirləşirəm ki, milyon
yaşı olan bəşəriyyəti, Yer kürəsini
bütünlüklə
öyrənib kəşf eləmək üçün görəsən neçə
il lazım gələcək? Axı, biz kainatın intəhasızlığı,
zamanın ölçülməzliyi
qarşısında çox həqiqətlərdən
xəbərsizik. Lakin ən
vacibi odur ki, biz hələ İnsanı
–özümüz kifayət
qədər dərk etməmişik»-«Dünyanın
arşını»ndakı filosof da məhz
bu nəticəyə gəlir
və quru, nəzəri mühakimələr
orbitindən
qanadlı həyata
enir. Həyatın
isə öz bilməcələri
var. «Dövran öz qaydası ilə
sürür. Kim bu hərəkətin çəmini
tapmırsa, istənilən nöqtədə dayanmırsa, çıxdaş olacaq».
Laçın da («Yamacda nihanə»), Hüsən
də
(«Qanköçürmə
stansiyası»), Hikmət
müəllim də («Yasamal
gölündə
qayıqlar üzürdü») dövranın büu hərəkət
ritmini, daha doğrusu, dəyişməni,
başqalaşmanı, özgə
havasına oynamağı bacarmırlar. Laçın
faciəli şəkildə həlak olur, Hüsü Zəlioğlunun xəyanətini təzəcə
anlayır, Hikmət
müəllim elmi kəşfinə görə dünyanın ən böyük
mükafatına layiq görülüb, lakin bu hadisədən sonra onun həyatında
hansı yenilik ola bilər…
Mühit ki dəyişməyib. Dövran isə Fatehlərin («Toğana»),
Kişibəyovlarındır
(«Yaşıl teatr»).
«Dünyanın arşını»nda təsərrüfat problemi ilə mənəviyyat problemi vəhdət halında, biri digəri ilə əlaqəli şəkildə diqqəti cəlb edirdi. Amma sonrakı romanlarında Sabir Əhmədli əsasən mənəviyyat probleminə üstünlük verir, tənqidi pafosu da gücləndirir. Bu baxımdan «Yaşıl teatr» onun ən gözəl romanlarından biridir. Daha sonrakı illərdə «Azıxa doğru», «Toğana», «Gülmalı kişinin axırı», «Gedənlərin qayıtmağı» romanları nəşr edilir. Doxsanıncı illərin sonlarında-yeni əsrin ilk illərində isə müasir həyatın ən mühüm problemlərini (Qarabağ müharibəsi, müstəqillik dövrünün ictimai-siyasi-mənəvi mənzərəsi və s.) özündə əks etdirən «Ömür urası», «Axirət sevdası», «Kef» romanları meydana çıxır. Bu romanlarda Sabir Əhmədli janrın bir sıra ənənəvi, daşlaşmış stereotiplərindən imtina edir, roman poetikasına yeniliklər gətirir, Azərbaycan romanına müxtəlif elementlər (folklora, mifə istinad, retrospektiv təsvirlər və s.) daxil olur, janr-üslub xüsusiyyətləri yeni çalarlarla zənginləşir (roman-dialoq, roman-reportaj, neo roman) və burada Sabir Əhmədlinin müəyyən xidmətlərini unutmaq olmaz.
Uzaq Polşada, qardaş qəbiristanlığında bir həmyerlimiz uyuyur - Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov. On səkkiz yaşından cəbhəyə yollandı, iyirmi yaşında qəhrəman oldu. Keçdiyi döyüş yolu haqqında çox yazıblar. 1944-cü ildə, Belorusda, Prujinitsa adlı yaşayış məntəqəsində düşmən müdafiəsini yarmaq uğrunda döyüşlərdə Cəmilin atıcılar vzvodu böyük hünər göstərdi, o özü on hitlerçini məhv etdi. İkinci gün, Kupyatiçi yaşayış məntəqəsi uğrunda döyüşdə Cəmil üç dəfə ağır yaralandı, amma döyüş meydanını tərk etmədi. Sağaldıqdan sonra yenidən polka yollandı, Polşada, Narev çayı sahilində, Zalupitsa yaşayış məntəqəsini azad etmək uğrunda döyüşdə yenə, bu dəfə dörd dəfə ağır yaralandı və 6 oktyabr 1944-cü ildə aldığı sonuncu, ölümcül yaradan gözlərini əbədi yumdu. Cəmil elə sağlığında, həlak olmamışdan öncə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü.
Ölümündən sonra doğulduğu çinarlı, kəhrizli Cəbrayılda heykəli ucaldılıb. Onun poetik heykəlini isə gözəl şairimiz Əli Kərim ucaltdı. Cəmil Əhmədovun həlak olmasından 20 il sonra, onun kiçik qardaşı Polşaya gedəcək, həmin məzarıstanı ziyarət edəcək, qardaşının məzarı önündə baş əyəcək: «Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! Otuz beş yaşlı kiçik qardaş, iyirmi yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan kiçikdir, onun üçün zaman yoxdur. Ona aid olan zaman iyirmi il əvvəl bir gejə səhərəcən qurşağa qədər bir çayda qalıb, döyüşəndən sonra əvvəlcə qoluna, sonra qıçına, sonra başına dəyən güllə ilə dayanıb.
Kiçik qardaş sonralar böyük
qardaşı haqqında «Biz yenə
görüşəcəyik» adlı sənədli bir povest yazacaq, qardaş
ağrısından doğan əbədi yanğını
söz işığına çıxaracaq.
Kiçik qardaş Azərbaycanın
Xalq Yazıçısı, görkəmli
nasir Sabir Əhmədli
idi.
O, Cəmili itirəndə on dörd-on beş
yaşı vardı. Cəmil
kimi qəhrəmanın
qardaşı olmaq böyük şərəf idi. Amma 1994-cü ildə
Sabir Əhmədli-Ata
daha bir itki ilə
üzləşdi.
Bu dəfə oğlu Məhəmməd
Qarabağ uğrunda döyüşlərdə həlak oldu. O, könüllü
olaraq cəbhəyə getmişdi və ilk döyüşlərin birində ölümcül
yaralandı və…Sabir Əhmədlinin «Axirət sevdası» romanı bu ata dərdini əbədiləşdirən bir əsər kimi yarandı. Bu roman «Ata ağrısı» da adlana bilərdi. İlk dəfə idi Azərbaycan bədii nəsrində
Yazıçı-Atanın oğul itkisindən doğan dağ boyda dərdi ilə üzləşirdik. «Orta-böyük otaqda çəhrayı
ipək örtük
salınmış cənazə qoyulmuş,
anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
-Y O X!
Yox! Yox… Ola bilməz.
İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-cənazənin ayağında çöküb, dizin-dizin onun
üstünə can atdım.
-Açın
üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda
axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə» .
Sabir Əhmədlinin ən son romanı «Yazılmayan yazı»dı. Heyf ki, müəllif onun
çapını görə
bilmədi. Bu, avtobioqrafik səpgidə qələmə alınıb, bir
yazıçının ömür yolunun bədii lövhələrlə rəsmidir.
Onun son romanları içərisində
Qarabağ müharibəsindən söz açan
«Ömür urası» xüsusilə
fərqlənir.
«Bağlar sovulanda yığılan axır bara el
arasında «peşxurd», «meşari» deyirlər. Biçilmiş zəmidən düşən tək-tük
sünbül «başaq» adlanır. Bostan,
dirrikdən qalma son
məhsulsa «ura»dır.
Məsəl var: «Gedər bostan urası, qalar
üzün qarası». İnsan
ömrünün sovulan çağına da «ura» söyləmək olar. Oxuculara
çatdırılan bu romança yazıçı
ömrünün son yetirməsi
«ura»dır. Bundan sonra nə yazsa, həmin ad altında gedəcək»
Roman çox maraqlı və orijinal bir tərzdə yazılıb. Belə ki, romanda
keçmişlə
gələcək vəhdətdə təsvir
edilir. Cəbrayılın işğala məruz qaldığı
1993-cü il, rayonun sanki məlum ssenari üzrə verilməsi bir daha acı təəssüf hissi ilə qeyd edilir. Ancaq
romanda elə bu xətlə yanaşı Cəbrayılın azad edilməsindən sonrakı ilk
günləri də təsvir olunur. Bu nədir? Oxucu üçün bir
anlaşılmazlıqmı? Bəlkə fantaziya, yuxu, irreal bir
görünüş? Yox, nə fantaziya, nə yuxu, nə də irreal bir mənzərə…
Bədii ədəbiyyat-söz sənəti əgər təsir və təlqin xüsusiyyətinə malikdirsə, onun ehya gücü varsa, nə üçün də illər boyu ürəyimizdə yatıb qalan Qarabağ dərdi özünün sehriylə, möcüzəsiylə bir çarə bulamasın? Sehr və möcüzə isə yaxında, uzaqda,
davayla ya sülh yoluyla başa gələcək qələbəni arzudan həqiqətə çevirməkdir.
Bu həqiqət S.Əhmədlinin romanında
özünün ilkin obrazını tapıb.
Roman düşüncələr axarı formasında qələmə alınıb. Yəni burada sırf ədəbi qəhrəman, yaxud da bu qəhrəmanla bağlı personajlar axtarmaq əbəsdir. Bütün
hadisələr və reallıqlar təhkiyəçi obrazında təmərküzləşib.
Əslində, bu təhkiyəçi S.Əhmədlinin özüdür... Onun
«keçmişlə»
bağlı təsvirləri heç bir
şübhə
doğurmur. Məsələn, əsərdə qaçqınlığın get-gedə öz əvvəlki, əsl mahiyyətindən tədricən uzaqlaşdığı,
yeni metamarfozaya uğradığı belə yozulur: «Elə geyinib-gecinir, bəzənib-düzənirdilər, paytaxtın, Bakının
əsl sakinləri onlara həsəd aparırdılar. Toydan-şüləndən qalmır,
Şuşanı, İsa bulağını, Laçın-Kəlbəcər
dağlarını şeirlə,
qoşma ilə
anır, «Qarabağ şikəstəsi» üstə yeni zəngulələr vurur, tərk
etdikləri yurdun,
şəhərin-kəndin erməniyə verilməsi tarixini salıb,
oynamaqla yad edirdilər….Ölkəmizin beşdə biri erməni
işğalında, onların ixtiyarında idi. Beşdə
birin əhalisi
qaçıb dağılmışdı Respublikanın hər yerinə. «Qaçqın statusu»na susayanlar, «Qarabağ
müharibəsi əlili» imtiyazı ilə xeyli də
barınırdılar. Bu adların
gerçək
daşıyıcılarından savayı, beləcə sənədin biri bir aylıq təqaüd haqqına
satılırdı. «Qaçqın
ovqatı», «qaçqın ruhu» bütünlükdə yaşayışa,
dolanışığa yoluxmuşdu».
Nə qədər acı olsa da, bunlar həqiqətdir!
Əslində, romanda Cəbrayılın işğaldan azad olunma «faktı» onun
işğala qədərki və işğal dövründəki mənzərəsi bütün
reallığı ilə canlandırmağa xidmət edir. Məlumdur ki, Cəbrayılda-rayon
mərkəzində-Bazar
başı-Yuxarı meydanda Sovet İttifaqı Qəhrəmanı Cəmil
Əhmədovun
abidəsi vardı.
«Bazar başı-Yuxarı meydanda ucalan qəhrəman abidəsi-qardaş
heykəli yerində idim». Bunun simvolik mənası
var.
Beləliklə, bizim də təsəvvürümüzdə indi işğal altında olan, amma haçansa görəcəyimiz və həsrətində olduğumuz bir kənd, bir rayon gerçəkliyə dönür. Roman bu sözlərlə başa çatır: «Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən
də abad olacaq.
Qaçqın-köçkün yurda
qayıdacaq. Bircə
şəhidlər qayıtmayacaq.
Onlar biryolluq köçüblər».
Sabir Əhmədli-bu böyük yazıçı, roman ustası haqda
söhbətimi də elə onun nikbin sözləri ilə bitirdik.
Ruhu şad olsun USTADın!
Vaqif Yusifli
Kaspi.-2014.-11 fevral.-S.14.