Nisgil...

Ay aman, nə çətinmiş torpaq həsrəti…

«Laçınım…Laçınım…»,- deyə haray çəkdi Məhəbbət Kazımov

Səsin də qəlblərə süzülən nəğmə kimi işığı olur. O işıq səni pak əməllərlə zənginləşən bir ilahi dünyaya aparır. Bu, elə bir məkandır ki, hər yeriyən, yüyürən, yıxılıb-duran ora çatmır. Zirvəsi qarlı dağlar da deyil ki, təngnəfəs olsan da, qalxmağa ilahidən güc-qüvvə diləyəsən. Sənət zirvəsinin kəhkəşanı çoxlarını yarıyolda qoyub. Amma qəlbi, ruhu yurda, torpağa, el-obaya bağlı sənətkarlar o zirvəni fəth ediblər. Belələri az deyil və çox şükürlər ki, dünyanın hər yerindən onların xoş soraqlarını alırıq.

Dili nəğməli, söz-sənət korifeylərimizin qoruyub saxladığı əmanətlərdən biri də xalqımızın qan yaddaşından gələn el mahnıları, bayatılardır. Folklorumuzun nadir incilərini ipə-sapa düzmək məqsədim yoxdur. Lakin həmin dürr-inci sədəfləri nəğmə, mahnı, muğam, segah dili ilə bizlərə çatdıranların qədir-qiymətinin vaxtında verilməsini hər birimiz arzulamışıq.

Belə nəğməli könül sahiblərindən biri də böyük sənət korifeylərinin gözlərində zirvələşən, səsində, nəfəsində millətin qan yaddaşını saxlayan, zəngulələri ilə könülləri riqqətə gətirən, sadəliyi, təvazökarlığı, bir az da obrazlı desək, əzəməti, şəxsiyyəti, sözün əsl mənasında insanlara, xalqımızın milli-mənəvi dəyərlərinə dərin məhəbbəti ilə ürəyimizə yol tapmış, Laçınlaşmış, Şuşalaşmış, Göyçələşmiş, Qarabağlaşmış, bütövlükdə Azərbaycanlaşmış Məhəbbət Kazımovdur.

Məhəbbətin məhəbbəti təkcə adında deyil, əməlində, sədaqətində, millətinə xidmətində, qədir-qiymət bilməyindədir. Nə gözəl ad qoyublar. Vallah, «adınla böyü» duası onun ruhunu paklaşdırıb, durulaşdırıb, Həkəri, Tərtər, Qarqar, Kür, Araz… kimi coşğunlaşdırıb. Axı, heç çoxları öz adını doğrultmur, əksinə

Bilmirəm hansı ifadəni seçim ki, Məhəbbət Kazımovun obrazını cıza bilsin. Sözlər də özlərini onun obrazında görmək üçün boy-boya düzülüblər, nazlana-nazlana...

Məhəbbət Kazımov!

Bu ad kimə tanış deyil ki?! Tanımayanları Allah bağışlasın!

Məhəbbət Allahverdi oğlu Kazımov 1956-cı il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində dünyaya gəlib. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası təsərrüfatla məşğul olan Məhəbbətin anası xanım-xatın kimi tanınıb. Məhəbbət Kazımov ilk təhsilini rayonun Şamkənd kəndindəki orta məktəbdə alıb. İstedadına görə hələ kiçik yaşlarından digər bacı-qardaşlarından fərqlənib. Musiqi təhsili almaq üçün qohum-əqrabasının təkidləri ilə o, 1974-cü ildə Bakıya gələrək A. Zeynallı adına musiqi texnikumuna qəbul olub. İlk muğam dərslərini Nəriman Əliyevdən, sonradan isə Ağaxan Abdullayevdən alıb.

1979-cu ildən peşəkar və akademik səhnələrdə çıxış edir. Vaxtilə məşhur «Dan ulduzu» instrumental ansamblının solisti olub. Dəfələrlə verdiyi solo konsertləri ilə o, geniş tamaşaçı və dinləyici qəlbini ovsunlayıb. Səsi dünyanı dolaşan Məhəbbət Kazımov qardaş Türkiyəni qarış-qarış gəzib, Rusiya, İran, Çexiya və Slovakiyada vətən həsrətini çəkən soydaşlarımızı «ağlar qoyub».

Məhəbbət Kazımovun repertuarı əsasən xalq mahnıları və milli musiqi janrnda yazılmış əsərlərdən ibarətdir. İfasında bütün mahnılar ürəyəyatımlı olsa da, «Laçınım…» fəryadı yurd niskilli insanları özündən alıb aparır, elə onun özünü də. Bir anlıq o, həmin mahnını oxuyanda diqqətlə baxsanız, qəlbinin ağrılarının çöhrəsindən süzüldüyünü duyar və görərsiniz.

«Laçın» instrumental ansamblının rəhbəri olan Məhəbbət Kazımov qəlbində sənətə bəslədiyi məhəbbəti sevimli pərəstişkarları ilə daim bölüşür. Ona görə də o, sevilir. Məhəbbət Kazımov kimi ağlatmayıb?! Ağlamayıbsa, çox heyf! Atalarımız da «ağladan yanında otur, güldürən yanında yox»,-deyib. O, bizi özümüzə, kökümüzə qaytarıb. Bu qayıdış bizi ilahi səsin sehri ilə doğma yurd yerlərimizə bir az da yaxından bağlayıb.

Dəfələrlə Məhəbbət Kazımov barəsində nə isə yazmaq fikrində olsam da, çətinlik çəkmişəm. Gərək Məhəbbət Kazımovu olduğu kimi duyasan ki, haqqında da qələm çalasan. Həm də çəkinmişəm ona görə ki, əsas qələmi ona İlahi çalıb, özü də qüdrətdən!

Məhəbbəti hamımız tanıyırıq – mahnıları, zəngulələri, qəlbləri çuğlayan ecazkar səsi ilə! Onun haqqında çap olunmuş «Bir gecə yurduma qayıdacam» kitabını vərəqləyir və haqqında söylənilənləri «su kimi içirəm». Kitabın müllifini tanımasam da, Məhəbbət Kazımovun şəxsiyyəti və sənətkarlığı barədə söz açmış mədəniyyət, incəsənət xadimləri, söz korifeyləri, bəstəkar və muğam ustalarını kim tanımır ki?!

Məhəbbət Kazımovun həmyaşıd sənət dostları az deyil və deyərdim ki, ədəbi ictimaiyyətdə tanınırlar. Məhəbbəti isə bizə tanıdan onun səsinin büllurluğu, qəlbinin Vətən, Torpaq, Yurd üçün döyüntüləri, kökləndiyi hicran, qəm-möhnət köküdür. Məndən olsa, onun qəlbinin ancaq kamana kökləndiyini deyərdim. Yox, yox, o, sızıldamır, haray çəkir – Qoç Koroğlu kimi, Nəbiyə çevrilir – Boz atı ilə el-el, oba-oba dolaşır, dərd-qəm yüklü şələsi ilə. Hərdən Cavanşirə, BabəkəSultan bəyə dönür, bizi qınamaq üçün.

Doğulduğu Laçın dağlarının əzəmətini birə-on qat artıran Məhəbbət Kazımov çoxlarına örnəkdir. Ata yurdunun tapdaq altında qalmasına dözməyən müğənni harayını «Laçınım…» mahnısı ilə daha həyacanlı çatdırır. Elə bilirəm ki, Məhəbbət Kazımovu xalqa sevdirən də məhz bu cür vətəncanlı olmasıdır. Belə xarakteri onda formalaşdıran isə təbii ki, doğulduğu yurd, ata nəsihəti, ana laylasıdır:

Qartal olub göylərində süzüm mən,

Duman olub torpağında sürünnəm.

Yağış olub düzlərinə çilənnəm,

Yaxıb-yandıranım – Laçınım mənim!

Laçınım, Laçınım, Laçınım mənim!..

 

Bu harayı dinləyən varlığından yox olursa, eşq olsun bu səsin sahibinə!

Hamımızın yaxşı tanıdığı, saz ifaçılığı ilə sənətində öz izi olan Ədalət Dəlidağlının Məhəbbət müəllimin sənətinə verdiyi qiymət «Gəraylı» üstündə necə də ürəyəyatımlı səslənir:

 

Saf ürəkli, əqidəli,

Pakdı Məhəbbət Kazımov!

Sənətdə solmayan güllər

Əkdi Məhəbbət Kazımov!

 

İlahidən verilib pay,

Min könüldə qurub saray.

Laçın deyib, fəryad, haray

Çəkdi Məhəbbət Kazımov!

 

Anadan olmasının 45 illik yubileyi münasibətilə dostlarının onun yaradıcılığına verdiyi qiymətlərdən bəzilərinə diqqət yetirək.

Elbrus Təhməzov: «Məhəbbət tək Laçının, Qarabağın deyil, artıq bütün Azərbaycan xalqının sevimlisinə çevrilib»…

Əhməd Ənvər: «Bu gün mənim könlümdən ani olaraq Həkəri, Zabux çayları axıb keçir. Mənim gözlərimdən Qiblə bulağı sızım-sızım sızıldayıb axır. Mənim ürəimdə Salvartı yaylağı ucalır, Dəlidağ hayqırır»…

 

Sərhad Bünyadov: «Allah-təala Məhəbbətə səs verib. Elə bir səs ki, bu səsi təkrar edə bilən başqa müğənni yoxdur. Mən arzu edirəm ki, xalqımızın yüksək ada layiq görülən sənətkarlarından biri də Məhəbbət olsun. O, buna layiqdir».

Məhəbbət Kazımovun anadan olmasının 45 illik yubileyinin ekran vasitəsilə yayımlanmamasının da səbəbləri var ki, onlardan ən ümdəsi sənətkarın «Laçınsız nə yubiley?!»-nisgilidir.

Bir səs gəlir qulaqlarımıza. Siz də bu həsrətin yükünə fikir verin:

Ay aman, çətinmiş torpaq həsrəti,

Uca dağ, sərin su, yaylaq həsrəti.

Ağlayan, sızlayan Həkəri həsrəti,

Sevincim, kədərim, Laçınım mənim.

 

Allahım, sınaqsa, bəs eylə daha,

Ürək də dözməyir naləyə, aha.

Özüm gedəmməsəm, səsim dağlara

Həsrətim, kədərim Laçınım mənim!

 

Tənqidçi-alim Vaqif Yusifli yazır: «Neçə illərdir Azərbaycan torpağını həzin, həzin olduğu qədər də dağ çayı kimi saf, dumduru bir səs dolaşır. O səsin ahəngində bir durna qatarının nizamını, səf-səf sıraya dayanmış igidlərimizin qələbə harayını görürəm. Və bir də doğulduğu, boya-başa çatdığı, lakin indi daha çox yuxularında gördüyü Laçın torpağından qalxan bir bayatıya oxşadıram:

Eləmi qar qalandı,

Qış gəldi, qar qalandı.

Qarğalar laçın oldu,

Laçınlar qarğalandı».

Məhəbbət müəllimin ürək və qələm dostlarının səmimi fikirlərindən toplanmış yazıların arasında bir imzaya da rast gəldim, Sədaqət Əlioğlu təxəllüslü. Həmin yazı «Vətən səsi» qəzetinin 18 may 2001-ci il tarixli sayında dərc olunub. Sevindim ki, mərhum qələm dostumuz Sədaqət Əlioğlu da (Onunla 1994-cü ildə «Respublika» qəzetində birlikdə çalışmışıq - M.N.) onun sənət dünyasına boylanıb və qəlbinin həsrətindən yoğrulmuş ifadələrlə Məhəbbət Kazımovu baş-başa qoyub: «Laçınım, Laçınım…» mahnısı mənim üçün adi şərqi deyil, bu, düşmən tapdağında inləyən, şəhid qanıyla suvarılmış torpağa çalınan layladır, ağıdır. Ona görə də «Laçınım, Laçınım…» nisgilli çağırış həsrətinin bir cavabı var: Can Laçınım!.. Bu həsrətdən hər birimizə pay düşüb. Bu həsrətdən itirdiyimiz hər qarış vətən torpağına pay düşüb. Həsrətin vüsal olsun, Məhəbbət»!

Bir dəfə Naxçıvanın Batabat yaylağına çatanda gözlərinə inanmayan Məhəbbət Kazımova elə gəlir ki, doğulduğu Çorman kəndindədir. Xınalı daşlar da elə bil ki, Kotan qayasından qopub gəlib. Xatirinə şair dostu Əli Mahmudun bir gəraylısı düşür və onu pıçıldayanda hamı kövrəlir:

 

Ətəyində cığırnam,

Vurğununam, fağırınam,

Dərdi səndən ağırınam,

O günləri mənə yetir.

 

Səndə yazım, qışım qalıb,

Sevgisində naşım qalıb.

Düz on səkkiz yaşım qalıb,

O günləri mənə qaytar…

Məhəbbət Kazımov sənətində kəhkaşana əl uzadıb və oradan qopardığı topa ulduzu bağrına basıb, ona görə də səsi işıqlı, nurlu müğənnidir. O, təkcə müğənni deyil, həm də xanəndədir. Muğamları necə sızıldadırsa, nəğmələri, bəstəkar mahnılarını da eləcə qanadlandırıb zirvələrə uçurur o səsi ilə. Zilli-bəmli boğazında o qədər xırdalıqlar, çalarlar var ki, çoxları buna bəlkə də həsəd aparır. Məhəbbət Kazımov yaşaya-yaşaya ifa edir. Onda həm də aktyorluq məharəti var. Mahnının, muğamın mənası onun gah dolmuş buluda bənzər simasında, gah da zirvələrdə ildırım kimi çaxan hayqırtısında açılır.

Bu səs nə qədər işıqlıdırsa, bir o qədər də nisgilli, yanğılıdır. Məhəbbət Kazımov qəlbinin, könlünün çırpıntılarını səsi ilə bizə çatdırır. Onun muğamlarla yanaşı, «Laçınım…Laçınım…», «Dünya gözəl dünyadır», «Bizim dağlara, dağlara», «Qız, Allahın bəlasıdır gözlərin», «Sarı bülbül, xarı bülbül» kimi son dərəcə təsirli və ürəkoxşayan mahnıları özünəməxsus tərzdə ifa etməsi, ona yeni xallar, yeni naxışlar, ilmələr vurması təkcə sənətsevərlər deyil, həm də professional musiqiçilər, ustadlar tərəfindən yüksək qiymətləndirilir.

AMEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyev, xalq artistlərindən professor İslam Rzaev, Ağaxan Abdullayev, professor Ramiz Zöhrabov, Ramiz Quliyev, Arif Babayev, Qədir Rüstəmov, ustad xanəndə, Prezident təqaüdçisi Sabir Mirzəyev, xalq şairi Söhrab Tahir, adlarını sadalamağa ehtiyac duymadığımız neçə-neçə söz və sənət adamlarınınmədəmiyyət və incəsənət xadimlərinin Məhəbbət Kazımovun yaradıcılığına verdiyi yüksək qiymət də göstərir ki, o, səsinin qanadlarında hər gün dolaşdığı doğma yurdu Laçına dönəcək. Amma, hələlik, onu deyək ki, Məhəbbət Kazımov təkcə el xanəndəsi deyil, əsl xalq məhəbbətini qazanmış, professional sənət fədaisidir. Çox güman ki, onun da fəxri ada ehtiyacı və almağa haqqı var. Hələlik deyirik, qardaş! Laçın dağlarında, Dəlidağ, Murovda, Kəlbəcər, Zəngəzur və Göyçədə görüşənədək, səsinin sorağı ilə dünyanı dolaşsaq da, səni Laçında görmək arzusu ilə!

Qara haşiyə:...Yox!!!! Yox!!!

Bundan sonra yaza bilmərəm! Özümə söz vermişdim ki, bir də qara rəngli yazılar yazmayacağam. Hələ 20 Yanvar şəhidlərimizin qıpqırmızı – qanrəngli gecəsində qapqara yazılar yazanda yazıçı-jurnalist Rafiq Səməndəri nə qədər qınamışdım - anaları, bacıları, sonaları... qardaşları, sirdaşları, hətta bağrıdaşları belə ağladan Rafiq Səməndəri deyirəm. Özü də səməndər quşu kimi odlara vurdu özünü, şəhidlərimizin müqəddəs və şərəfli ölümsüzlüklərindən yazanda..

Allah! Allah! Yenə də fikrim dolaşdı, gözlərim yaşla qoşalaşdı, fəryadlar dağları aşdı, Məhəbbət Kazımov da bizdən cismən uzaqlaşdı, ana torpaqla quşaqlaşdı. Amma inanmayın ki, ölümüylə, əcəliylə barışdı. Hələ də ömürlərdə qarlı qışdı (fəslimiz kimi). Bizi Məhəbbətsiz qoydu amansız əcəl! Əvvəlcə büllür səsini aldı əlimizdən, sonra da qaynar nəfəsini. Buza döndərdi gözlərdəki həsrətləri!

Bilmirəm bacıları, qardaşları Məhəbbət Kazımovu indi necə oxşayırlar! Amma onu bilirəm ki, Məhəbbət kimi məhəbbətli oxşaya bilməzlər. Məhəbbət ana Laçınını elə oxşayırdı, yaralı bülbül kimi, Leylisiz Məcnun tək!

Məhəbbət kazımovun səsinin, nəfəsinin həsrətini çəkənlər Vətən sağ olsun! Vətənin Məhəbbət kimi vətəncanlı oğulları Vətəni göz bəbəyi kimi sevsin ki, onun da narahat ruhu qarşısında borcumuzu verək!

Məhəmməd NƏRİMANOĞLU

Kaspi.-2014.-11 fevral.-S.10.