“Həmişə tunelin sonundakı işığı görür və ona doğru gedirəm” – Uğur hekayəsi
Nigar Baimova: “Əgər
pozitivsənsə, dəyərlərin
düzgündürsə, istənilən
problemi həll edə bilərsən”
Rubrikamızın budəfəki qonağı “British
Council”da proqramlar departamentinin direktoru Nigar Baimovadır. Nigar xanımla karyerasının, həmçinin ailə ilə karyeranı bir arada apara bilməsinin sirlərindən danışdıq...
- Nigar xanım, magistratura təhsilinizi xaricdə almısınız. Necə oldu ki, təhsil almaq üçün
xaricə üz tutdunuz?
- Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirdim. Sonra Britaniya
Hökuməti Xarici
İşlər
Nazirliyinin Çivninq Təqaüd
proqramı elan etdiyini eşitdim. Özümü
sınamaq istədim,
təqaüd
proqramını qazandım və
Böyük Britaniyanın Reading Universitetində təhsildə planlaşdırma və idarəetmə ixtisası üzrə magistratura təhsili aldım. Universiteti fərqlənmə diplomu ilə
bitirdim. Qeyd edim ki, o vaxt hələ xaricdə
təhsil dəb deyildi. Qohumlarımızın bəziləri narazılıq
edirdi ki, 20 yaşlı gənc
qızı xaricə
tək göndərmək olmaz. Amma
valideynlərim
qohumlarımızın narazılığına baxmayaraq məni təhsil arxasınca
Britaniyaya göndərdilər.
- Xaricdə təhsil almaq sizə nə verdi?
- Mən xaricdə yalnız akademik biliklər almadım, dünya
görüşüm artdı, fərqli mədəniyyətlərlə tanış
oldum, dost qazandım, yalnız özümə güvənərək yaşamağı öyrəndim. Düşünürəm ki, xaricdə yaşamaq çox
maraqlı və
faydalı bir təcrübədir. Gənclərimizə məsləhət görərdim ki,
qarşılarına xaricdə
təhsil almaq
şansı çıxarsa, mütləq
istifadə etsinlər. Çünki bu, onların həyatlarına
müsbət dəyişikliyə səbəb
olacaq, fərqli
düşünmək
qabiliyyətlərini inkişaf etdirəcək.
- İlk işinizə harada başladınız?
- Mən riyaziyyatçı ailəsində böyümüşəm. Valideynlərimin ikisi də riyaziyyatçı
olub. Ailədə iki uşaq
olmuşuq – qardaşım və
mən. Uşaqlıqdan valideynlərimiz
bizim inkişafımızı təhsildə görüb və bu gün mən məhz aldığım
təhsilə görə irəli gedə bilirəm. İnsan təhsil
almalı, təhsilin
bazasında təcrübə qazanmalı və rəqabətdə başqalarından
üstün olmaqla irəli
getməlidir. 18 yaşından işləyirəm. Valideynlərim,
xüsusən anam
deyirdi ki, sənət sahibi olub işləməli, heç kimdən asılı olmamalıyam. Buna görə
də universitetə daxil olan kimi
“İnternews” şirkətinin
jurnalistlər
üçün keçirdiyi təlim
proqramlarında tərcüməçi kimi işləməyə
başladım. Sonra qəzetdə
verilən elan əsasında sənədlərimi
Böyük Britaniya Səfirliyinə verdim, müsabiqədən keçdim və 19 yaşımda 3-cü kurs tələbəsi
olaraq Səfirlikdə işə düzəldim. Universiteti bitirənə kimi səfirlikdə
çalışdım, sonra Böyük Britaniyaya təhsil almağa getdim.
Qayıdanda Böyük Britaniyanın Azərbaycanda gerçəkləşdirdiyi Britaniya Noy Xay Fondunda 2
ilə yaxın
işlədim.
23 yaşımda məni
British Councila Proqlamlar Meneceri vəzifəsinə dəvət
etdilər.
- Deyəsən, özünüzü həm də müəllim kimi
sınamısınız?
- British Councilda
işlədiyim vaxt 2001-2003-cü illərdə Qərb Universitetində müəllim işləmişəm. Gündüzləri British Councilda işləyir, axşam 6-dan sonra Qərb Universitetində magistratura pilləsində təhsil alan tələbələrə ingilis dilli, tətbiqi linqvistika, gender və cəmiyyət, biznes ingilis dili fənlərindən dərs deyirdim. Baxmayaraq
ki, dərslərim işdən sonra idi, auditoriyaya
girəndə bütün
yorğunluğum çıxırdı, tələbələrlə
işləməkdən zövq alırdım. Qərb
universitetində
topladığım təcrübənin nəticəsi olaraq Amerikanın
Dövlət
Departamentinin proqramının qalibi oldum. Proqramın məğzi Amerikada universitetlərinin birində gender departamentində araşdırma layihəsini həyata keçirmək idi. Xoşbəxt təsadüf nəticəsində eyni ildə həyat yoldaşım ABŞ-da
magistratura dərəcəsi üzrə
təhsil almaq
üçün Amerika hökumətinin
proqramının qalibi oldu və
təhsil almaq
üçün sözügedən
ölkəyə birlikdə yollandıq. 2004-cü ildə
Bakıya döndük və
ABŞ Sülh Korpusu Təşkilatı
məni Təhsil
proqramının meneceri kimi işə
qəbul etdi. 2008-ci ildə
isə British Council
məni yenidən işə dəvət
etdi və o vaxtdan
burada çalışıram.
- Azərbaycandan kənarda işləmək şansınız olubmu? Çünki British Council 110 ölkədə fəaliyyət göstərir və yəqin ki, istədiyiniz
ölkədə sözügedən şirkətdə çalışmaq
imkanınız var.
- Dəfələrlə bizim imkanımız olub ki,
ailəlikcə ya İngiltərə, ya da Amerikaya köçək. Lakin hesab
edirəm ki,
bugünkü Azərbaycan
peşəkar kimi
öz yerini tapmaq və
potensialını reallaşdırmaq üçün ideal bir
məkandır.
Ölkəmiz
gündən-günə inkişaf edir,
pozitiv dəyişikliklərə imza atır və mən
də bu prosesin bir
iştirakçısı olmaq istəyirəm.
Hazırkı iş yerim Azərbaycan üçün çox
işlər görməkdə mənə böyük imkanlar yaradır. Hiss edəndə ki, həyata keçirdiyimiz layihələrdən Azərbaycan gəncləri, müəllimlər, elm, təhsil və mədəniyyət sahəsində çalışan insanlar bəhrələnir, bu, məni daha da həvəsləndirir. Mən özümü Azərbaycansız təsəvvür edə
bilmirəm.
- Dünyada tanınan böyük bir
şirkətin Azərbaycanda həyata keçirdiyi bütün proqramlara rəhbərlik edirsiniz. Uğurlu
karyeraya imza atan bir gənc kimi necə düşünürsünüz, karyera qurmaq
üçün nə lazımdır?
- İlk öncə fəal olmaq lazımdır. Hazırda gənclərin inkişafı
üçün hər
cür şərait
yaradılıb. Dövlət proqramı xətti ilə hər il
yüzlərlə gənclər xaricdə təhsil almağa göndərilir, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu gənclərlə xeyli iş görür,
qrant proqramları həyata keçirir. Yaxşı olar ki, gənclər onlar
üçün yaradılan şəraitdən istifadə etsinlər. Seminarlarda, təlimlərdə, konfranslarda iştirak etsin, fəal gəncləri sıralarında
görmək istəyən gənclər təşkilatlarına
qoşulsunlar. Həyatda
hər şey asan
olmur, çətinliklərdən qorxmasınlar. Özləri
üçün yol cızıb o yolla da hərəkət etsinlər. Qeyd edim ki, mən
heç vaxt təhsil
almağı dayandırmamışam. Baxmayaraq
ki, hazırda iki uşağım var və
çox enerji və
vaxt sərf edilməsini tələb edən
işim var, fransız dilini öyrənirəm. Düşünürəm
ki, insan daim üzərində işləməlidir və
yeni biliklərin əldə edilməsini
heç zaman dayandırmamalıdır. Elə bir dünyada
yaşayırıq, informasiya axını və dəyişikliklər tempi o qədər sürətlidir
ki, gərək həyatla ayaqlaşaq.
- Çiyinlərinizdə məsuliyyətiniz böyükdür, ailə ilə işi necə
çatdırırsınız?
- Kömək olmasaydı,
çatdırmaq çox çətin olardı. Bu
işdə mənə anam və
uşaqların dayəsi
kömək edir.
Bəzən deyəndə ki, ailə ilə iş tutmur, həmişə özümü misal
göstərirəm, deyirəm ki, bu, mümkündür. Elə olur ki, işdən gec
çıxıram, hərdən şənbə günləri
də
çalışmalı oluram, tez-tez xaricə işgüzar səfərə gedirəm, bəzən hətta
ayda 2 dəfə səfərim
olur. Həyat
yoldaşım da rəhbər vəzifədə çalışdığı
üçün işə
çox vaxt sərf
edir. Lakin həyat
yoldaşım və
mən daim
uşaqlarımızla vaxt keçirməyə, onların dərsləri ilə maraqlanmağa vaxt
ayırırıq. Həyat yoldaşımla hətta qısa müddətə xaricə
məzuniyyətə gedərkən bəzən uşaqlarımızı
özümüzlə
aparırıq ki, onlarla maksimum çox vaxt keçirək.
- Dediyiniz kimi, tez-tez səfərlərdə olursunuz. İşə çox vaxt
ayırmağınıza həyat
yoldaşınız narazılığını bildirmir ki?
- Həyat yoldaşım özü
təbiətcə lider tipli insan olduğu
üçün özünə güvənən və uğur qazanan insanları
xoşlayır. Bu səbəbdən daim mənim
peşəkar
inkişafıma dəstək olur və nailiyyətlərimlə
qürur duyur. Ümumiyyətlə,
cütlüklərin
eyni düşüncəyə malik olması
çox vacibdir. Buna görə hələ
ailə həyatı qurmayan gənclərimizə məsləhət görərdim ki, ailə qurarkən çox diqqətli olsunlar. Eyni düşüncəyə, dəyərlərə, oxşar
dünyagörüşünə
malik insanla həyat
qursunlar.
- Övladlarınız necə, sizi işinizə qısqanmırlar ki?
-
Qısqanmırlar. Çünki uşaqlarım
gözlərini
açandan görüblər
ki, ata da, ana da onlar üçün işləyir. İşlə əlaqədar
heç analıq məzuniyyətində də çox vaxt keçirməmişəm. Bu, uşaqlar üçün də yaxşı nümunədir. Uşaqların da düşüncələri
bu istiqamətdə inkişaf edir,
bilirlər ki, həyatda nəyəsə
nail olmaq və istədikləri kimi həyat qurmaq ücün
oxumaq və işləmək lazımdır. Mən də, yoldaşım da
elə bir ailədə böyümüşük ki, hər iki valideynlərimiz
çalışıb. Buna görə mənim işləməyim ailəmizdə təbii qarşılanır. Oğlum 4-cü, qızım 1-ci sinifdə oxuyur. Ailə
üzvlərim bilirlər ki, mənim işim xoşbəxt olmağım
üçün vacib amildir. Əgər mənim işim mənə sevinc gətirirsə, o aura, o pozitivlik ailə üzvlərimə də keçir.
- Yəqin
övladlarınızı da özünüz kimi zəhmətkeş
böyüdürsünüz...
-
Övladlarım şahmat, üzgüçülük, rəssamlıq, rəqs, musiqi, ingilis dili
kurslarına gedirlər. Uşaqlar bütün günü
müxtəlif məşğələlərdə olduqlarından, demək olar ki, evə hamımız bir
yerdə
yığışırıq. Bu mənada uşaqlarım
da indidən zəhmətə
alışırlar. Hesab edirəm ki, uşaq həmişə oxumalıdır.
Amma bunun üçün balacalara nümunə olmaq
lazımdır. Əgər ata-ana evdə kitab oxuyursa, uşaqlarda da
mütləq kitaba, oxumağa həvəs yaranacaq. Onlar görəndə ki, anaları əlində dəftər-qələm fransız dilini öyrənir, təbii ki, onlar da belə olacaq. Ailədə ən vacibi harmoniya olmalı, hər şey bir-birini
tamamlamalıdır. Ola bilər ki, hansısa ana
bütün günü evdə
otura bilər, ancaq
evdə harmoniya
olmaya bilər.
- Sizcə, ana evdə oturub övladlarının
tərbiyəsi ilə məşğul olmalıdır, ya işləməsi daha vacibdir?
- Təbii ki, heç bir dayə uşaqlara anadan
yaxşı baxa bilməz. Ancaq evdə
oturması üçün qadının öz istəyi olmalıdır.
Ananı məcbur
etmək olmaz ki, “sən evdə oturub uşaqlara
baxmalısan”. Bəzən görürsən ki, ana 7 il Tibb Universitetində oxuyur və həkim olmağa can atır, ailə quranda həyat yoldaşının ailəsi deyir ki, işləməyəcəksən. O xanım həmin ailədə xoşbəxt olacaqmı? Xoşbəxt olmayacaqsa, həyat
yoldaşını, övladlarını necə xoşbəxt
edə bilər? Bir sözlə,
düşünürəm
ki, qadının işləyib
işləməməsi barədə qərar onun iştirakı ilə verilməlidir.
- Nigar xanım, 10 ildən sonra özünüzü
harada təsəvvür edirsiniz?
- Hələlik işimi dəyişmək fikrim yoxdur. Daha yüksək vəzifələrə təkliflər olur. Amma güclü və peşəkar komandamız var və işimdən zövq alıram. Hər səhər yuxudan durub həvəslə işə gedirəmsə, demək, yerimdəyəm. “British Council”un yaratdığı şərait məni qane edir. Ancaq onu da deyim ki, təhsillə bağlı işlər məni çox maraqlandırır. Ölkədə hazırda təhsil sahəsində maraqlı dəyişikliklər baş verir. Özümü təhsil sektorunda görürəm. İstərdim ki, təhsillə bağlı böyük layihələr həyata keçirim. “British Council”da belə layihələr gerçəkləşdiririk, amma daha da böyük layihələrə rəhbərlik etmək istərdim və zənnimcə uğurla öhdəsində gələ bilərəm.
- Yəqin
çətinlikləriniz də,
problemləriniz də olur. Bu
zaman nə edirsiniz?
- Çətinliklər olanda mən bəzən özümü qara tuneldə təsəvvür edirəm. Amma mən həmişə tunelin sonundakı işığı görür və işığa doğru gedirəm. O tunelin uzunluğu, rənginin qara olmasını fikirləşməməyə çalışıram. Beynimdə ancaq işığa doğru getməkdir. Həmişə başa düşürəm ki, həyatda çətinliklər də, problemlər də, çətin insanlar da, pis əməllər də olur, sadəcə pozitiv olmaq lazımdır. Əgər pozitivsənsə, dəyərlərin düzgündürsə, istənilən problemi həll edə bilərsən.
Lalə
MUSAQIZI
Kaspi.-2014.-14 fevral.-S.15.