Ulu babalarım 350 il bundan əvvəl bu sənətlə məşğul olub –Sadə peşə adamı

Gənc misgər: “Misgərlik sənəti atama atasından keçib, mən də qismət olarsa, övladlarıma ötürəcəyəm”

Ötən sayımızda olduğu kimi, bu sayımızda da sadə peşə ilə məşğul olan gəncləri sizə təqdim edirik. Ali təhsil almadan, heç bir universitet bitirmədən çörəyini alın təriylə öz peşəsindən çıxaran gənclərdən biri də Elxan Eyvazlıdır. Onunla görüşmək üçün metronun Nizami stansiyasının yaxınlığında yerləşən Misgərlər məhəlləsinə üz tutduq. Bu məhəllədə atası ilə birgə çalışan müsahibimizin 23 yaşı var. İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. Qeyd edək ki, XIX əsrdən başlayaraq Lahıc kəndi misgərliyin əsas mərkəzinə çevrilib. Elxan yaşının az olmasına baxmayaraq, ata-babalarının ona yadigar qoyduğu misgərlik sənətini davam etdirir. Biz də gənc müsahibimizlə bu sənətin tarixindən, incəliklərindən danışdıq.

500 illik peşə

Elxan deyir ki, misgərlik sənəti onların ailəsində nəsildən-nəsilə ötürülür: “Bu sənətin tarixi deyilənlərə görə, 500 il əvvələ qədər gedib çıxır. Amma mənim ulu babalarımda 350 il bundan əvvəl bu sənətlə məşğul olub və misgərlik sənətini nəsildən-nəsilə ötürüblər. O zamandan indiyə qədər biz bu peşəni yaşadırıq. Hətta 1993-cü ildə ailəlikcə İsmayıllıdan Bakıya köçdükdən sonra da, atam öz sənətinə sadiq qalaraq burada emalatxana açdı. Qardaşlarımla birlikdə mən də atamın əl işlərinə baxaraq misgərlik sənətini öyrəndik. İndi isə bu emalatxanada atama kömək edirəm”. Müsahibimiz deyir ki, misgərlik sənətinin ən gözəl tərəfi 100-150 yaşı olan hər hansı bir əşyaya yenidən can verməkdir: “Əlimdə gördüyünüz bu samovar qədim tarixə malikdir. Söküb yenidən ona həyat vermişəm. Bu insana xüsusi zövq verir. Samovar hazır olduqdan sonra antik əşya olduğu üçün qiyməti ucuz olmur. Hər hansı mis qabı qalaylamaq çox asandır. Lakin qabı bünövrədən hazırlamaq və onun üzərinə zərif naxışlar salmaq üçün böyük yaradıcılıq və səbr lazımdır”.

Oxumağa həvəsim yox idi

Misgərlik sənətinə necə marağı yarandığına gəlincə, Elxan deyir ki, bu sənəti ona atası öyrədib: “Uşaq vaxtlarımdan atam emalatxanada işləyirdi. Mən də onun yanına tez-tez gəlir, gördüyü işlərə diqqətlə baxırdım. Atamın necə diqqətlə işlədiyini, nələr yaratdıqlarını gördükdə məndə misgərlik sənətinə qarşı xüsusi maraq oyandı. Düzdür, universitetə daxil olmaq üçün hazırlaşırdım, lakin oxumağa həvəsim yox idi. Qəbul imtahanından kəsildikdən sonra atamın peşəsini davam etdirmək qərarına gəldim. Uşaqlıqdan onun əlinə baxdığım üçün sənəti demək olar ki, bilirdim. Atam da sənətə olan marağımı görüb mənimlə daha ciddi məşğul oldu və babalarımızdan bizə yadigar qalan sənətin sirlərini öyrətdi”. Misgərlik sənətinin incəlikləri haqqında məlumat verən Elxan deyir ki, bu sənətə yiyələnmək üçün insanda əl qabiliyyəti, yaradıcılıq və sənətə sevgi olmalıdır: “Misgərlər səbrli, incə, zərif zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Misgərlik sənəti atama atasından keçib, mən də qismətdirsə, öz övladlarıma ötürəcəyəm. Əgər biz bunu yaşatmasaq, misgərlik sənəti yox olacaq. Çünki, müşahidələrimə əsasən deyə bilərəm ki, son vaxtlar əsl misgərlər, sənətkarlar şəraitləri olmadıqları üçün bu sənəti atırlar”.

Mis qazanların əhəmiyyəti

Misgərlik sənətinə daha çox Lahıcda qiymət verildiyini deyən müsahibimiz bildirdi ki, Bakı əhalisinin çox az hissəsi mis qablar sifariş verirlər: “Şəhər əhalisi daha çox samovar sifariş verirlər. Mis qazan sifariş verənlər isə ancaq yaşlı nəslin nümayəndələridir. Gənclərin 95 faizi mis qazanın nə olduğunu bilmir, onun əhəmiyyətini dərk etmirlər. Amma İsmayıllıda hər evdə mis qazan var. Onlar bilirlər ki, mis qazanda bişən yeməyin dadı da fərqli olur. İsmayıllı əhalisi mis qazanda bişən yeməyi heç nəyə dəyişmir. Çünki, mis qabların həm də böyük şəfası var. Mis çaydanlarda içilən sular insanlar üçün şəfalıdır. Çünki mis mikrobların insan orqanizminə keçməsinin qarşısını alır. Su qaynadıqca bu qablar suda olan artıq mikrobları özünə çəkir. Belə qablarda saxlanan su da ləzzət dadır. Lahıclılar alüminium qazanda bişən yeməklərin dadını bəyənmir”.

Gəlirlərinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, misgərlər yayda daha yaxşı pul qazanır: “Bakıda Misgərlər məhəlləsinin olmasından çox adam xəbərsizdir. İmkanlı şəxslərin əksəriyyəti mis qablar sifariş vermək üçün İsmayıllıya gedirlər. Lahıcda gəlir daha çox olur. Çünki, orada mis qazanlara tələbat çoxdur. Burda isə qazancımız fərqli olur. Elə gün olur səhərdən axşama qədər işləyib 5 manat qazanırıq, elə gün də olur 500 manat. Qışda işimiz o qədər də yaxşı getmir. Yayda turistlər daha çox olduğu üçün mis qablar, samovarlar, antik əşyalar onların marağına səbəb olur. Onlar bizim işlərimizi çox bəyənirlər”.

Sənət, peşə sahibi olmanın əhəmiyyətindən danışan müsahibimiz sonda bildirdi ki, valideynlər sevdikləri peşələrə yiyələnməkdə övladlarına dəstək olmalıdırlar: “Mənim fikrimcə, diplom almadan da sevdiyin peşəni icra etməklə uğur qazanmaq olar. Əsas odur ki, sevdiyin sənətin peşəkarı olasan. Çünki sənətkarın hər zaman çörəyi olur”.

 

Aygün ƏZİZ

Kaspi.-2014.-14 fevral.-S.15.