Dünya sənin nəyindi ki?”

Gülayə

Poetik ovqatı ənənədən, daha çox da Səməd Vurğun ədəbi məktəbinin oturuşmuş çalarlarından gəlirdi Akif Səmədin.

Təbiət, davranış etibarı iləsə bir növ xalq şairləri Hüseyn Arifə, Qabilə bənzəri vardı. Onun yaşamında qocafəndi yumor hissi ilə ərdəmlik, ağır oturuş-duruş bir araya gəlmişdi. Arada özünün-özünə “qadın alım, ay Akif” deməsi varıydı. Şerin diliylə özü-özünə təsəlli verməyi vardı: “Atan deyil, anan deyil, dünya sənin nəyindi ki?”

 

Ancaq ömrün elə anı, vaxtın-vədənin o saatı yetişdi ki, nə ata-ana, nə dost-tanış yolundan əyləyə bildi, nə də çoxsaylı məclislərin xumarı sahib çıxdı Akif Səmədə. Yenə ümidinə qaldı dünyanın, dünya yiyə durdu axır gününə.

 

Cismindən yapışıb qalmaşq itəyənlərdən deyildi Akif Səməd. Özünü şeirə-sözə köçürürdü. Bilirdi ki, dünyada qalmağın tək yolu budu. Hər şeyin azına qaneydi. Ömrün uzanması dərd yeri idi. Yazırdı ki:

Bu dağlar göymü, yermi?

Bu göymü, yer yermi?

Yaşamağa dəyərmi –

Ömür yaman uzundu.

 

Canından çox sevdiyi, sevib könül verdiyi insanlaraölüm heç nədi, ayrılıq yamandı, ay gedən, əylən” səslənişiylə həyan olan Akif Səmədə deyən olmadı ki, “Tanı getdiyin yolları, ay gedən, əylən!”

 

Özünün fəhm etdiyi, gəldiyi qənaət idi ki, “bircə qarış yol varıymış Adəmdən Akif Səmədə...” O bir qarışlıq yol, məsafə səddini haracan adlaya bildiyinin fərqində sonacan heç özü də ola bilmədi. Ancaq mənəvi ömrünün əbədiyaşar ayaq izlərinin şəhadəti belədi ki, əslində, bir kimsənin, heç özünün də xəbəri olmadan belə Akif Səməd Adəmdən özünə aparan yol sədlərini poetik məkan çevrəsində çoxdan adlayıb keçmişdi. Şeirlərinin bənzərsiz səmimiyyəti, sufi düşüncəyə hesablanmış həyat tərzi, özündən yol alıb özünə doğru getmək yaşamı ilə qapı açmışdı bu keçilməzliyə. Külli-kainatın “Uçurar, toz eylər xan sarayını, Kərəmin külünə qıymaz bu dünya” haqqını tanıyırdı və özü də şeirə-sənətə, mənəvi ilkinliyə etinası, əhdə vəfadarlığı ilə Kərəm, Məcnun ömrü yaşayırdı. Kərəm ömrü yaşayanlarsa yalnız şam kimi yanmağın yolunu bilirlər, elə əriyirlər ki, heç yerdə külləri də qalmır.

 

Yarı zarafat-yarı gerçək şəkildə etdiyiya budu dostlar gedəcək, ya da mən dostlar əlindən” xəbərdarlığının ağır başını özünə qıydı Akif Səməd. Dost-tanışdan əsirgədiyini özünə əsirgəmədi.

 

Ancaq özünə qıydığının hara apardığını, hansı məkana götürdüyünü də bilməmiş deyildi. Bu səbəbdən də gedişinin doğuracağı ağrı-acının dava-dərmanını da özü bildirirdi nəm-nişanıyla:

 

Sən kövrəlmə, ay atam,

Dözümə yol gedirəm.

Nə vaxtdı itib-batan,

İzimə yol gedirəm.

 

Yanmaq yaraşır ömrə,

Qulam Allahdan əmrə,

Nəsimi, Yunis Əmrə,

Sözümə yol gedirəm.

 

Dağda bitən kolmuşam,

Öz-özümü yolmuşam.

Özümdən yol almışam,

Özümə yol gedirəm.

 

Özünə aparan yolların aydın üfüqlərində qanı-qadanı belə haqq yaraşığı qismində görürdü, o qana-qadaya tapınmağın cəfasına tab etməyi taleyin xoş qisməti kimi qəbul edirdi:

 

Çox da ki, şimşəklər haqqa şığıdı,

Bu qanlar-qadalar haqq yaraşığıdı,

Akifə oxşayıb, haqq aşığıdı,

Ulu sevgiləri söyməz bi dünya.

 

Nə sevincini, nə də təəssüfünü ürəyinə yük eləyib aparmadı. Şeirə köçürdü, kağıza yazdı. İndi o yazılanları birər-birər oxuduqca Akifin hansı məkanda, hansı vaxtda, saatda, dəqiqədə belə hansı ovqatda olmasının gerçək şəkili cizgilənir göz önündə. Bilirsən ki, məhz həmin dəqiqədə onun könlündən nələr keçib. Məsələn, biri elə gedə bilməmək ağrısı:

 

Gedəsiydim bu şəhərdən vaxtında,

Ürəyimi bada verdim, getmədim.

Arzuların qanadında uçurdum,

Qanadları oda verdim, getmədim.

 

Üzə durdum, qürbət eldə ölmədim,

Ölmədimsə, ürəkdən də gülmədim.

İşıq gələn div eviymiş, bilmədim,

Səs gələnə səda verdim, getmədim.

 

Ayrılıqmı, aydınlıqmı qoxur dan?

Dilqəmi”mi, “Ruhani”mi oxur dan?

Məndən ötrü göz yaşları axıdan

Yurd yerini yada verdim, getmədim.

 

Getməyiylə nəyi aparacaqdı ki? Olanını şeirə-sözə vermişdi, nəyi vardısa hissin-duyğunun girovundaydı, anası onu daş doğmamışdı ki, düşüb qala, quş doğmamışdı ki, uçub gedə bilə. Bu torpağa oğul, vətəndaş doğmuşdu, oğul doğulanların ömrü isə Adəmlə özü arası döyüşlə izlənən Allah payıdı. Kim onu necə qavrayırdı, kim necə başa düşürdü, anlayırdı-fərqində deyildi, ən yaxşısını doğru olanı özü bilirdi, özünəməxsus bir şuxluqla, ədayla yozumunu, açmasını özü faş edirdi qəlbindəkini:

A bəxtəvər, elə bilmə

Yadam mən Akif Səmədə.

Dərd ha deyil, düşmür çiçək

Badamdan Akif Səmədə.

 

Anam məni daş doğmadı,

Gözlərimdə yaş doğmadı,

Ağac yaxın, daş doğmadı,

Adamdan Akif Səmədə.

 

Bütün dağınıqlığı, dərbədiyarlığı ilə bərabər o, öz məqamını, yerini-yurdunu yaxşı bilirdi. Hərdən adama elə gəlir ki, Akif dost-tanış içinə, elin üzünə ancaq çölünü aparırdı. Varıb getdiyi məkanlara ancaq quru cismini götürürdü. İç dünyasını isə pünhan hücrəsində əmanət qoyub gedirdi. Şeirə ismarlayırdı, sözə tapşırırdı, Allaha əmanətləyirdi. Elə hey özü-özüylə danışırmış kimi çevirirdi sözünün səmtini:

Güldən soruşan tapılmır,

Soruşurlar xardan məni.

Əkilməmiş ağacda nar,

Asın həmin nardan məni.

 

Yazını fələklər yazır,

Məzarı mələklər qazır.

Kətilim, kəndirim hazır,

Eləməyin dardan məni.

 

Çənim gəldi burum-burum,

Yolum daşdan hörüm-hörüm.

Mən çəkəni çəksin görüm,

Kim elədi yardan məni.

Hər sözü bir mətləb, əhlət daşıdı, nə var ki, Akifdən yazmağa belə. Bamazə bir söhbətinin yamacına söykənib uzun illərin unudulmaz xatirələrini dilə gətirmək məqamı tapan dostlarının, poeziyasevərlərin yaddaşında necə var, elə qalıb Akif Səməd. Sözün eyham pərdəsinə aşina olan, könlün pünhan istəyini sarı simdə dindirə bilməyin dilini bilən, təbiilik, ilkinlik missiyasının daşıyıcısı olaraq ömr edən bir şair idi... Bu dəyərlər onun ruhundan gəlirdi, yaranışdan belə idi. Hər dəfə bənzərsiz təbiəti, yaşam tərzi haqında söylənilənləri dinləyə-dinləyə Akifin öz tapşırmasını, kövrək, umacaqsız könül səsini xatırlayıram:

 

Xatirə göynətmə, illərə dəymə,

Qor olar altında, güllərə dəymə,

Bağrı şan-şan olan güllərə dəymə,

Gül səsi-göz yaşı, ney səsi-yanmaq...

 

Güldə göz yaşını, neydə yanmağı görmək Mevlanədən gələn əmanətdi. Akif bu əmanətin gerçək aşiqlərindən, saxlanclarından biri idi. Akif sözü həm azadlıq, həm də qəfəs cismində, simasında görürdü. Bir sözdən gələn min səsin peşində idi. Bilirdi ki, bu təsvirəgəlməz dünya elə bir sirru-xudadı ki:

 

Gah yatırdar, gah oyadar,

Şeytandı, küfrdü, ayadır.

Göylərdən enib qayıdar,

Yerdə haqqa əvəzdi söz!

Elə bu sözün bənzərsiz varlığı ilə dəbəlkə də aşıq şerinin sonuncu bənd-bərəsi olan” (V.Yusifli) poeziya nümunələrini özünəməxsus bir dünyagörmüşlüklə misradan-misraya nə edirdi, “klassik aşıq şeri ilə XX əsr bədii təfəkkürünün qaynağınıəks elətdirə bilirdi yazdıqlarında:

Bir ömür yaşadıq, qalsın ağlara,

Yarısı ehtiyac, yarısı sərxoş.

Dastanlar uydurduq qoca dağlara

Çiçəyi havalı, arısı sərxoş.

 

Ölümü ömrün sonu bilməyənlərin dərgahına tam bir sufi əxlaqı, türk təfəkkürü, Şəms Təbrizi, Füzuli, Hacı Bektaş Vəli müridliyinin könül xoşluğu ilə gedirdi Akif Səməd. Bilirdi ki:

Eşq mərifətdən anrıdı,

Aşiqə yiyə Tanrıdı.

Mərəkə hələ sonradı,

Ölüm ömrün sonu deyil

 

Beşikdən qəbr evinəcən atılan hər addımın ölümə doğru getdiyini bilə-bilə, görə-görə yolunu bir deyil, mindən o yana bildiyi İncəyə aparan çığırla-izlə getmək təşnəsiydi başdan-binədən.

Türkiyədə, İraqda, bir çox başqa türkdilli ölkələrdə poeziya müsabiqələrinin ödüllərini aldığım günlərin sevincini yaşadığım anlar olub. Ancaq yubiley günlərimin birində mənə Akif Səmədin adıyla bağlı verilən ödülün sevincini heç unutmadım.

Dostları onu çox vaxt öz aralarındaağır taxtalı kişideyə yad edirdilər. Yəni, səbrli, təmkinli, ağayana. Ancaq bilmirəm ki, ən pünhan duyğularımı ruhuna qatdığım bu şerimi sonacan dinləməyə hövsələsi çatardımı Akifin:

Gəlsin, kamil olan yozsun yuxumu,

Ömrümə-günümə yazsın yuxumu,

Hər an gözlərimdən assın yuxumu,

Tanrının rəsmini çəkir qələmim.

 

...Ömrümdə-günümdə hər anım olub,

Çıxmışam seyrinə, seyranım olub.

Heyran olduğumdan, heyranım olub.

Tanrının rəsmini çəkir qələmim.

 

Söykəyib başını səbr daşına,

Söyləyir sirrini can sirdaşına.

Qəmli bir aşiqin məzar daşına

Tanrımın şəklini çəkir qələmim.

 

P.S. Dünən sevgililər günü idi. Hər kəs öz yarına açdı könlünü. Bilirəm, obaşdan, hamıdan əvvəl Sözü salamlardı Akifin ruhu. “Sevirəm” söyləmək azdı, yolunda ömrünü qoymağı qıyasan gərək” – deyərdi.

Kaspi.-2014.-16-17 fevral.-S.24.