Zibilyığan (hekayə)

Şəhanə Müşfiq qızı

Kamran Məlikov bu gün ən kövrək günlərindən birini yaşayırdı. Sabah sevimli qızı Leylanı gəlin köçürəcəkdi. 24 yaşı olmasına baxmayaraq, kiçik qızı Leyla hələ də onun gözündə uşaq idi...

Kamran Məlikov Bakının tanınmış adamlarından biri idi. Uşaq vaxtından zəhmətə, işə alışmış Kamran indi o zəhmətlərinin bəhrəsini görürdü. Şəhərin müxtəlif yerlərində mağazaları, restoranlar şəbəkəsi vardı. İş həyatı kimi ailəsi də nümunəvi ailələrdən hesab olunurdu. Həyat yoldaşı Gülzar kübar, ailəsini, övladlarını sevən, onlar uğrunda fədakarlıqlardan çəkinməyən bir qadın idi. Bu qədər var-dövlət isə ailədə özünübəyənmişlik yaratmamışdı. Hər biri bacardıqca kasıb-kusuba əl tutmağa, yardım etməyə çalışırdı.

Onların iki qızları vardı. Qızlarını oxutmuş, yaxşı təhsil vermişdilər. 28 yaşlı böyük qızları Cəmilədə bir az özündənrazılıq olsa da, ürəyi təmiz qız idi. 24 yaşlı kiçik qızı Leyla isə atasının göz bəbəyi idi. Gözəlliyi, əxlaqı, tərbiyəsi, səmimiliyi və ağlı ilə hər kəsi özünə heyran buraxmağı bacarırdı. Daxili gözəlliyi zahiri gözəlliyinə qarışmışdı. Uzun sarı saçları, göy gözləri, bəyaz üzü hər kəsi məftun edirdi. Uşaqları, onlara qayğı göstərməyi çox sevən Leyla uşaq həkimliyini oxumuş, indi isə özəl klinikaların birində uşaq həkimi kimi çalışırdı. Üç il öncə tanış olduğu və sevdiyi Cahidlə sabah bir ailə quracaqdı. Cahidin ailəsi maddi baxımdan elə də zəngin deyildilər. Leyla ilə elə oxuduqları universitetdə tanış olmuşdular. Cahid ürək həkimliyini oxumuşdu. Leyladan iki kurs yuxarıda oxuyurdu. Tədbirlərin birində Leylanı görmüş və çox bəyənmişdi. O gündən sonra tez-tez Leylanın oxuduğu fakültəyə gəlib-getmiş, onunla daha yaxından tanış olmağa çalışmışdı. Nəhayət, bir neçə aydan sonra bütün cəsarətini toplayıb Leylanın qarşısına çıxmış, sevgisini bildirmişdi. Bir müddət sonra Leyla da ona şans vermək qərarına gəlmiş və o gündən aralarında sevgi münasibəti başlamışdı. Cahid ona elçi göndərmək istəyəndə isə ailələr arasındakı sosial fərq Kamran Məlikovu bir az düşünməyə vadar etsə də, gənclərin arasındakı sevgiyə mane olmamaq üçün razılıq vermişdi. Zamanla Cahidi də tanıdıqca verdiyi qərarın yalnış olmadığını görmüşdü. Mərd, səmimi, mehriban oğlan olan Cahid öz hörmətcil münasibəti və şirin dili ilə tezliklə bütün ailənin sevgisini, hörmətini qazanmışdı...

Bəli, deməli, sabah onun kiçik qızı Leyla gəlin olacaqdı, atasının evini tərk edib öz evinin xanımı, sahibəsi olacaqdı...

Sabahkı günün həyəcanından gecə yata bilmədi. Ev də sanki onu sıxırdı. Ona görə də evdən çıxıb piyada dəniz kənarına gəldi. Sıxıntılı anlarının dostu olan dənizə pənah gətirmişdi yenə. Təkcə dənizlə dərdləşmək rahatladırdı onu. Uşaq vaxtından evləri dəniz kənarında olduğundan ta körpəliyindən dənizlə arasında qəribə dostluq yaranmışdı. Yenə də heç kimlə danışa bilmədiyi düşüncələrini dənizə danışmaq üçün gəlmişdi.

 

Yol boyu qızlarının doğulması, uşaqlıq illəri bir-bir gəlib gözləri önündən keçirdi. Yaxşı ki, övladları onun çəkdiyi əziyyətləri çəkməmişdi, o, bacardığı qədər qızlarını daha qayğısız şəraitdə böyütməyə çalışmışdı. Buna da nail ola bilmişdi. Qızları doğulandan sonra bütün həyatını qızları üçün yaşamışdı. Onların kədərinə kədərlənmiş, sevincinə sevinmişdi. Hətta bəzən onlar xəstələnəndə, ya da harasısa ağrıyanda onların acı çəkməsinə dözə bilməyib onlarla birgə ağlamışdı. İndi isə qızı onun gözündən uzaq bir yerə gedəcəkdi...

Bu düşüncələrlə gəlib dəniz kənarındakı skamyaların birində oturdu. Dəniz də bu gecə sakit, kədərli görünürdü, ağır-ağır yırğalanır, sanki yatmış şəhərə laylay çalırdı. Dənizi belə vaxtlarda daha çox sevirdi. Onun fikrincə, dəniz belə vaxtlarda onu daha yaxşı eşidirdi. Düşüncələr aləminə o qədər qapılmışdı ki, oturduğu skamyanın yanındakı zibilqabını eşələyən kişini hələ indi görmüşdü. Təəccübünü gizlətməyə çalışsa da, gözünü kişidən çəkə bilmirdi. Qolundakı saata baxdı. Saat gecə 3:27-ni göstərirdi. Gecənin bu vaxtı bu kişinin burda nə işi vardı, axı?! Bu saatda o zibilqabıdan nə tapa bilərdi ki?!

Kişi isə heç onu görmürmüş kimi öz işi ilə məşğul idi. Əynində rəngi solmuş, bir neçə yerindən cırılmış nazik gödəə, çox köhnə olduğu lap uzaqdan bilinən və nə rəngdə olduğu artıq seçilməyən şalvar, başında köhnə papaq və əlində yırtıq əlcəklər vardı. Qolundan asdığı torbada quru çörək, boş şüşələr görünürdü. Kişi elə bu zibilqabıdan da tapdığı və işinə yaraya biləcəyini düşündüyü şeyləri bir-bir çıxarıb torbasına atırdı. Əyninin paltarına və gördüyüə baxanda hansı əziyyətlərlə yaşadığı məlum olurdu. Kişinin bu halı Kamranı kövrəltdi. Öz əynindəki təzə, bahalı kostyuma baxdı və ondan utanırmış kimi oturduğu skamyanın bir küncünə çəkildi. Elə bu vaxt zibil yığan kişi işini bitirib dikəldi. Deyəsən, skamyada oturub ona baxan yad adam onun da diqqətini çəkdi. Bir müddət heç biri danışa bilmədi və birdən zibil yığan kişi bir ah çəkib dedi:

-Neyniyim, həyat çətindi, başına dönüm...

Kişinin bu səmimiyyəti və əlacsızlığı Kamranı ürəkləndirdi. Yanından keçib getmək istəyən kişini saxlamaq, onunla söhbət etmək keçdi könlündən. Buna görə də tələsik dilləndi:

-Bayaqdan görürsən, yəqin yorulmusan, gəl otur.

Kişi çönüb təəccüblə ona baxdı. Bu vaxta qədər onun zibilqabları eşələdiyini görən hamı ondan iyrənib uzaqlaşmışdı, nəinki onunla bir skamyada oturmaq, heç üzünə belə baxmaq istəməmişdi. Ancaq bahalı və təmiz geyimli, duruşundan vəzifəli şəxsə oxşayan bu kişi onu öz oturduğu skamyaya dəvət etmişdi. Bir anlıq tərəddütdən sonra çəkinəəkinə gəlib Kamranın yanında oturdu. Öz geyimindən və gələ biləcək iydən utandığı üçün bir az aralı oturdu. Kamran isə onun bu hərəkətini anlamırmış kimi bir az da ona yaxın oturub soruşdu:

 

-Adın nədir?

-Mahmuddu, bəyim...

-Mənim adım da Kamrandı...

Onun həyatı, ailəsi Kamran üçün çox maraqlı idi, ona görə də söhbəti elə ailəsindən başlamağı lazım bildi:

-Ailəlisənmi, oğuldan, qızdan nəyin var?

-Hə, evliyəm, bir oğlum var, bir qızım. Arvadım xəstədi, başına dönüm, uşaqlar da ki hələ balacadı, məktəbə gedirlər. Arvadın iynə-dərmanı, uşaqların məktəbi, dolanışıq-hamısı mənim əlimə baxır. Əvvəl yaxşı idi, taksi sürücüsü işləyirdim, şükür ki, dolana da bilirdik. Ancaq üç ay qabaq gözümdəki xəstəliyimə görə gözüm tam zəiflədi, ona görə də artıq maşın sürə bilməzdim. Beləcə qaldım işsiz. Nə qədər axtardısa, qadan alım, heç kim vermədi mənə. Mən də çarəsiz başladım bu cür zibillikləri eşələməyə. Arvadım bilir bu işi gördüyümü, amma uşaqlarımdan bacardıqca gizlədirəm. Pul qazanmaq, çörək qazanmaq, əlbəttə, eyib deyil, ancaq bunu biz başa düşürük, uşaqlar başa düşməz axı. Şükür, bizim uşaqlar elə də naşükür deyillər. Ancaq yenə də yaşıdları arasında utanmaqlarını istəmirəm, ona görə də hələ ki, gizlədirəm. Allah böyükdü, bəlkə bir tapdım, qurtardım bu əziyyətdən, kim bilir... Burdan tapdığım quru çörəkləri toyuq-cücə saxlayanlara, kardonları, şüşələri də bəzi yerlərə satıram. Amma restoranların yanındakı zibil qutularından çox yaxşı şeylər, yeməklər də tapmaq olur...

Söz bu yerə çatanda Kamran çox təəccübləndi. Zibil qutusundan necə yemək tapmaq olardı ki?! Ona görə də soruşdu:

-Bunu başa düşmədim, yeməyin zibillikdə nə işi var?

Mahmud güldü:

-Ooo sənin kimilərin nə xəbəri olsun, bəyim, çörəyin qədrini bilməyən o qədər insanlar varki... İnan ki, hərdən elə dönər, ya çörəkarası tapıram bu zibillikdən ki, cəmi bir dişdək alıb atıblar bura. Bizim kimilər bir parça quru çörək üçün zibilliklər əliyərkən, bəziləri çörəyi ayaq altına, zibil yeşiklərinə atırlar. Çörək gözlərini tutar e, bəyim, mən ondan narahatam... Axı, atadan-babadan görmüşük ki, çörək müqəddəsdi, onu atmaq olmaz. Çörək bizim and yerimizdi, axı... Nə bilim, bəyim, bu insanları başa düşmək çətindi vallah...

Bunu deyib Mahmud ayağa qalxdı, deyəsən getməyə hazırlaşırdı artıq. Kamran isə hələ də bu eşitdiklərinin təsirindən çıxa bilməmişdi. Mahmudun səsi onu xəyallardan ayırdı:

-Mən gedim artıq, bəyim, yaman çox danışdım.

Kamran əynindəki pencəyi çıxarıb ona uzatdı:

-Bağışla, sənə kömək etmək üçün yanımda elə bir şeyim yoxdu. Ancaq bu pencəyi qəbul etsən çox sevinərəm. Səni soyuqdan qoruyar.

Bu hədiyyə qarşısında çaşıb qalan Mahmud nə deyəcəyini bilmədi:

-Bəs özünüz?

Kişinin bu sadəliyi Kamrana çox xoş gəldi:

-Məndə bundan çoxdu, narahat olma. Xahiş edirəm, qəbul et.

Mahmud utana-utana pencəyi götürüb elə o dəqiqə də əynindəki gödəəni çıxarıb onu geyindi. Sevinci gözlərindən bilinirdi.

Nəhayət, Kamran onunla sağollaşıb oradan uzaqlaşdı. Dəniz kənarına gələrkən hansı fikirlər vardı beynində, indi isə təmiz başqa şeylər haqqında düşünürdü. Bu qarşılaşma ona bəzi gerçəkləri göstərmişdi... Artıq həyata başqa gözlə baxmağa başlamışdı. Həyat haqqında hər şeyi bildiyini zənn etdiyi an təsadüfi tanışlıq ona həyatın əsl üzünü göstərmişdi...

Kaspi.-2014.-15-17 fevral.-S.22.