«Başım daşa dəydi əlli beş dəfə…»

Yazının sərlövhəsində gedən qeyri-adi və eyni zamanda, səmimi etirafın müəllifinin - Dayandur Sevginin 55 yaşı tamam oldu. Bu münasibətlə şairlə bir dialoq qurmaq fikrinə düşdüm. İstədim ki, söhbətimiz necə deyərlər, ənənəvi olaraq, suallara uzun-uzadı cavablarla üzücü olmasın. Onun necə bir şair olduğu bəllidir. Onun yaradıcılığının təhlilə xüsusi bir ehtiyacı yoxdur. Səmimi, ürəkdən gələn, yorucu olmayan, oxunaqlıdır onun şeirləri. Həm də mənalıdır.

İstedadlı insan sadəlövh, hətta bir qədər savadsız da ola bilər. Lakin hər bir savadlı insan istedadlı deyildir. İstedad – Allah vergisidir. Onu bilik qismində qazanmaq mümkün olmur, uzağı cilalaya bilərsən… Ola bilər ki, Dayandur Sevgini şəxsən tanıyanların əksəriyyəti onun yaradıcılığı ilə heç tanış deyil. Elə də olur ki, yaradıcı insanın cəmiyyətdəki fəaliyyəti ilə yaradıcılığı səhv salınır, ona səhv mövqedən yanaşılır.

Mən iş yoldaşımı, həmkarımı, qələm dostumu ömrünün gözəl çağı münasibətilə təbrik edərək, ona Durduğu mövqedə əbədi Dayanmağı arzu edirəm.

– 55 yaşın tamam oldu. Nə etdin bütün bu ömründə? Nədən küsdün, nəylə barışdın?

– Nəyi bacarmışamsa, onu da etmişəm, bacarmadıqlarım isə həllini gözləyir. Küsməklə heç aram olmayıb, hərdən inciyə bilərəm. Onda da barışmaq gərək olmur.

– Sənin ədəbi təxəllüsün çox orijinaldır. Bu təxəllüsü hardan götürmüsən?

– Təxəllüsüm – Sevgin vurğun sözünün müasir formasıdı.

 

– 55 yaşın eşqinə düşmüsənmi?

– İnsan yaşayırsa, eşq daim var, 55-də də, 75-də də

 

– Belə çıxır ki, qocalmamısan…

– Niyə ki? Qocalmışam. Amma zahiri görkəmimdə. Təbidir ki, təbiət verdiklərini geri alır. Amma daxilən cavanam.

 

– Eşq olsun! Nəsə bir umacağın varmı? Kimdən umursan, kimdən küsürsən?

– “Umdum nə verdilər, küsüm nə verələr” (M. Araz).

 

– Bəs dövlətdən umacağın varmı?

– Qaraqışqırıqla yox. Amma nəsə versələr, imtina eləmərəm.

 

– Nədənsə usanmısanmı?

Əlbəttə, bekarçılıqdan usanan adamam.

 

– Bəs, məsələn, həyatdan bezmisənmi?

– Yox, heç vaxt. Həyatdan bezmək olar?!

 

– Elə isə həyatına qıyıb özünə qəsd edənlər barədə fikrin nədir?

– Mübarizədən qorxanlar deyirəm onlara.

 

– «Dünya düzəlmir ki, düzəlmir, baba!» Səncə, doğrudanmı, belədir?

– Düzəlsəydi, şair yazmazdı bu misraları. Sənin sualının cavabı elə bu misraların özündədir. Hamının ədalət axtardığı dünyada, zəiflə-güclünün, varlıyla-kasıbın, gözəllə-kifirin mübarizəsi gedir. Ədalət isə… ümumiyyətlə, mütləq ədalət yoxdur. Ona görə də, dünyanın düzəlməsi ehtimalı sıfıra bərabərdi.

 

– Sən həyatın boyu ora-bura qaçmısan (mənim bildiyimə görə). Özünün-özünlə qaldığın anlar olubmu, elə isə bu, nə zaman olur?

– Yadıma düşmür…

Mən elə tələsdim hər işə qardaş,

Qaçmağı öyrəndim yerişdən qabaq.

 

– Şeirlərini gecə, yoxsa, gündüz yazırsan? Səncə, effekt baxımından bunun fərqi olurmu?

Əsas odur ki, şeir yazım. Gecə ya gündüz yazılması fərq eləməz.

 

– Nə zaman bildin ki, sən artıq şairsən?

– Hələ bunu bilmirəm…

 

– Laçınlı günlərin çox olub. Yadında qalan xatirələr də yəqin ki, az deyil…

– İşğal olunmuş torpaqların hər yeri mənə doğmadı. Laçınla Şuşanın isə qəlbimdə ayrı bir yeri var.

 

– Sənə məhrəm olan yaxın dostun kimdir?

– Özümdən vəfalı dostum yoxdur.

 

– Bir küskünlüyünmü var? Allaha suallar vermisən…

– Haqsızlıq görəndə üzümüzü Allaha tuturuq, xoş gündə özümüzü yarımallah hesab edirik.

 

– Hansı şeirini ağlaya-ağlaya yazmısan?

– Demək olar ki, hamısını.

 

– İtirdiklərin olub. Bilirsən ki, insan dünyadan köçəndən sonra əbədiyyətə qovuşur. Sənin həyatından silinib gedir və onu bir daha görmürsən. Təsəllin nə olub?

– Özümün də bu dünyada əbədi olmamağım.

 

– Övladlarını, nəvələrini çox sevirsən, yoxsa, şeirlərini?

– Şairin, ümumiyyətlə, yaradıcı insanın ən gözəl əsəri onun ailəsi və övladlarıdı.

 

– Bəzi «oxucular» belə hesab edirlər ki, «yazanlar əl boyda kitab buraxırlar…» Əslində, kitab nə boyda olsa, yaxşıdır?

Əvvəla, kitab öz-özünə yaranmır. Əlbəttə, söhbət kitabdan gedir… Onun böyüklüyü isə yaradıcısına istedad bəxş etmir. O, ötəri bir şöhrətdir. Kitab lap barmaq boyda olsun, amma içində könül oxşayan yazılar olsun.

 

– Mətbuatı daimi izləyirsənmi?

– Bəli.

 

– Siyasətlə necə, maraqlanırsan?

– Yox.

 

– Özünü zəngin adam hesab edirsən, yoxsa, kasıb birisi?

– Ayın əvvəlində zəngin, sonunda kasıb.

 

– Küsüb gedib hansısa başqa bir ölkədə yaşamaq ürəyindən keçibmi?

– Mən bu vətənin qara qaranquşu yox, boz səəsiyəm.

 

– Şeirlərinin hamısını əzbər bilirsən?

– Demək olar ki, hə.

 

– Uşaqlıq çağlarında kimə qibtə etmisən?

– Velosipedi olan uşaqlara.

 

– İlk dəfə sevəndə neçə yaşın vardı?

– On dörd…

 

– Yəni müəlliməni sevmisən?

– Yox. Pioner baş dəstə rəhbərini.

 

– Sənin uşaqlığın zamanında internet olmayıb. Mobil telefon da yox idi. Müasir gənclər isə texnikanın bütün imkanlarından demək olar ki, yararlanırlar. Övladlarına bu sahədə qadağa qoyduğun vaxtlar olub?

– Özüm uşaqlarımdan çox məşğul oluram, onlara necə qadağa qoya bilərəm?

 

– Hansı xalqın ədəbiyyatını güclü ədəbiyyat hesab edirsən?

– Məncə, ingilis ədəbiyyatı daha güclüdür.

 

Əsl şedevr necə yaranır?

– Onu şedevr yaradanlardan soruşam gərək.

 

– Yenidən uşaq olmaq istərdinmi?

– Qətiyyən! İndi-indi azadlığa çıxmışam. İstəmərəm yenidən uşaq olam.

 

– Uşaqlıqdan çox çəkmisən deyəsən.

– …

 

– Evlənəndə artıq şair idin?

– Şeir yazırdım.

 

– Həyat yoldaşının şairə münasibəti necə oldu?

– Pis deyildi. Ədəbiyyat həvəskarıdı.

 

– Ailə üzvlərin arasında oxucun varmı?

– Hə, hamısı oxucumdu.

 

– Bəs şeirinin ilk oxucusu kim olur?

– Özüm.

 

– Hobbin varmı?

– Var.

 

– Deməzsən, nədir? Yoxsa, sirdir?

– Ova getmək.

 

– Sən ölkənin Aran tərəfində doğulmusan. Sevgini duymaq üçün isə yaşadığın məkanda gərək təbiət mənzərələri bol olsun. Yəqin o səbəbdəndir ki, gülə-bülbülə birbaşa şeir həsr etməmisən…

– Sən lap xətrimə dəydin.

Məni sevdiyini heç kimə demə

 

Sən məhəbbət zirvəm, sən sevgi dağım,

Tamarzı qalaram quzey qarına.

Odundan alışıb, yanan dodağım,

De, necə toxunar dodaqlarına?

Məni sevdiyini heç kimə demə.

 

Bu yaşda kim çatıb bəhərə-bara,

Köz verər təzədən köhnə yaralar.

On doqquz yaş hara, qırx doqquz hara,

Rəqəmlər arasında gözün qaralar

Məni sevdiyini heç kimə demə.

 

Hər eşidib-bilən qınayar bizi,

İnan, kam almarıq bu şərqimizdən.

Anan eşidərsə bu sevgimizi,

Gözləri böyüyər yaş fərqimizdən,

Məni sevdiyini heç kimə demə.

 

Bu sevgi qəlbimdə göyərməz, gözəl,

Saxla ürəyində gizli sirr kimi.

Həmişə əmrinə müntəzir olum,

Sən hökmdar kimi, mən əsir kimi.

Məni sevdiyini heç kimə demə.

– Sən də rus əsgəri olmusan. Orada ailə qurmuş, sonradan uşaqlarını tərk edərək, öz ölkəsində yenidən ailə həyatı quran insanlara münasibətin necədir?

– Onu Xoşqədəm bilər.

– Bu həyatdan kam aldınmı?

– O nə olan şeydi bilmirəm.

 

– Dayandurun 55 yaşı tamam oldu, bəs Sevginin neçə yaşı var?

– Cəmi-cümlətanı iyirmi.

– İstedad Allah vergisidir…

– Şübhəsiz.

– Bəs bu yolda sənə bir yönüm verən olubmu, kimə minnətdarsan?

– Yenə Tanrıya.

– Yəqin ki, sevincli günlərinlə yanaşı, qüssəli anların da az olmayıb. O zaman yanında daha çox kimin olmasını istəmisən?

– Tənhalıq elə bir vaxtda ən yaxşı yoldaşım olub.

– Türkiyə səfərin sosial şəbəkələrdə çox yayıldı. İstərdim ki, bu barədə bir qədər ətraflı danışasan.

– Mən qardaş ölkənin Elazığ şəhər valisi Müəmmar Erolun imzası ilə 21-ci “Xəzər şeir axşamları” mərasimində iştirak etmək üçün dəvət almışdım. Orada hər il “Xəzər şeir axşamları” keçirilir. Türk ölkələrinin təxminən 50-yə yaxın nümayəndəsinin iştirak etdiyi bu mərasimdə azərbaycanlı şair kimi mən, alim kimi isə Almaz Bünyatova iştirak etdik. Orada hər bir ölkənin bayrağı dalğalanırdı, eləcə də Azərbaycanın. Hər il Türkiyənin tanınmış bir yazarına və İstanbul şəhərinə həsr olunmuş şeirlər söylənilir. Budəfəki tədbir isə Türkiyənin ünlü yazarı Yəhya Kamal Bayatıya və eyni zamanda, İstanbula həsr olunmuşdu. Dəvətnamədən sonra mənə ikinci bir məktub gəldi. Yəhya Kamal və İstanbulla bağlı şeirimin olub-olmadığını soruşdular. Doğrudan da, elə bir şeirim yox idi, amma yazdım. Şeirimi onlar çox bəyəndiklərinə görə saytda yerləşdirmişdilər.

Onu da deyim ki, ölməz şairimiz Almas İldırım mühacir həyatını Elazığda yaşayıb. Orada olan balaca bir gölə Xəzər deyib, yəni şair onu Xəzər dənizinə oxşatdığına görə, elə həmin gölün də adı o vaxtdan Xəzər qalıb. Hər il keçirilən bu mərasimin final gecəsi həmin gölün sahilində atəşfəşanlıqla qeyd edilir. İyun ayının 19-da Elazığ şəhərinə çatdıq və orada nümayəndələrin hər birinə proqram təqdim etdilər. Ayın 20-də Makedoniyadan və Qırğızıstandan olan şairlərlə birlikdə Polu şəhərində keçirilən görüşdə olduq. Həmin görüşdə hər birimiz öz ölkəmiz barədə məlumat verdik və şeirlər söylədik, olduqca çox gözəl bir görüş idi. Sonra hərbçilərin müşayiətilə türkiyəli şairlərlə birlikdə Elazığ şəhərində şairlərin yürüşü keçirildi. Makedoniyadan olan şairə Leyla Eminin kövrəlib, ağladığının şahidi oldum. Ondan ağlamasının səbəbini soruşanda, Leyla xanım cavab verdi: “Mən türkəm, amma yaşadığım yerdə dövlət mənim deyil və belə bir əsgərim yoxdur”. Leyla xanımın sözündən sonra müstəqil dövlətimizlə, eləcə də, öz qüdrətli ordumuzun olması ilə qürur hissi keçirdim.

Elazığ şəhər Mərkəzi Kitabxanasında türk ölkələrindən gəlmiş şairlərin imza günü keçirildi. İmza günündəərisinə döyülmüş Qız qalası şəkili olan sini qabı suvenir kimi Azərbaycan Yazıçılar Birliyi adından Elazığ şəhərinin valisi Müəmmar Erola hədiyyə etdim. Sonra şəhərin bələdiyyə başqanı Süleyman bəy bizi qəbul etdi və şeirlər kitabımı ona bağışladım. Nəhayət, iyunun 23-ü günü axşam saat 9-da “Uluslararası Xəzər şeir axşamları”nın final gecəsi oldu. Gecəni Türkiyənin 12 televiziya kanalı canlı yayımladı. “TRT avaz” kanalı isə mərasimi həm də Azərbaycana yayımladı. Mənim yazdığım və söylədiyim “Yəhya Kamal İstanbul” şeiri 2000-ə yaxın tamaşaçı tərəfindən sürəkli alqışlarla qarşılandı. Bir sözlə, şeirim seçilərək, diplom və mükafata layiq görüldü. Bu münasibətlə həmin görüşdən sonra şəhərin valisi və bələdiyyə başqanı mənə xüsusi təşəkkürlərini bildirdilər. Həmin gün xüsusi gəzintiyə də çıxdıq. Bizi Elazığ şəhərində dağlar arasında yerləşən Su Elektrik Stansiyası ilə də tanış etdilər və “Şır-şır” şəlaləsi deyilən mənzərəli bir yerdə isə ziyafət verildi.

Zeynəb Əliqızı

Kaspi.-2014.-15-17 fevral.-S.11.