Gənclər «Kaspi»nin qonağı oldular

Sona Vəliyeva: «Qəzetçilik klassikadır və heç vaxt sıradan çıxa bilməz»

Gənclərin yaradıcılığı üçünKaspiqəzeti həmişə şərait yaradıb. Jurnalistikaya həvəsi olan, həyatını qəzetçiliyə bağlamaq istəyən gənclərə hər zaman sıralarımızda yer var». Bu fikirlər Azərbaycan Jurnalist Şəbəkəsi (AJN) və IB Club-ın birgə təşkilatçılığı, AZƏRFOTO informasiya agentliyinin media dəstəyi ilə həyata keçirilən "Jurnalistika ayı" çərçivəsindəKaspiqəzeti redaksiyasında gənclərlə görüşdə səslənib.

AJN-in rəhbəri Ayaz Mirzəyev «Jurnalistika ayıçərçivəsində ölkənin bir neçə aparıcı media orqanında görüşlər keçirəcəklərini diqqətə çatdırıb. Məqsəd müxtəlif TV və qəzet redaksiyalarının prosesi, həmin KİV-in və orada çalışan jurnalistlərin fəaliyyəti ilə yaxından tanış olmaqdır: “IB Club-da olan gənclər xarici dilləri, müasir texnologiyaları mənimsəməyə çalışırlar. Onlar həmçinin jurnalistikanı sevirlər. Məqsədimiz gənclərin jurnalistikaya olan marağını daha da artırmaq, onlara mediada etik qaydalara riayət olunmasını öyrətmək və gənclər üçün təlimlər təşkil etməkdən ibarətdir».

«Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin tarixini vərəqləyərək üç əsrin qəzeti olan mətbu orqanın Azərbaycan mətbuatı tarixində tutduğu mövqedən danışıb və qəzetin keçdiyi tarixi yola nəzər salıb: ““KaspiAzərbaycanın maarifçilik hərəkatına, mədəniyyətinə öz təsirini göstərib. Bu qəzetdə vaxtilə Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ceyhun Hacıbəyli kimi görkəmli qələm sahibləri çalışıblar. Onların qarşısında əyyən senzuralar olub, ancaq bu əqidə sahibləri heç nədən qorxmayaraq cəmiyyətin, ölkənin azadlığı uğrunda mübarizə aparıblar. Onlar mətbuat fədailəri olub. İndiki dövrdə qəzet çıxarmaq da, sayt və ya portal açmaq da xeyli asanlaşıb. Dövlət mətbuatın inkişafı üçün hər cür şərait yaradır. Amma görün, o zaman «Kaspi»nin və başqa mətbu orqanların yaradıcıları necə ağır şərtlərlə çalışıblar

S.Vəliyeva qəzetin çap etdiyi həftəlikƏdəbiyyat”, “TeatrvəGənclik qəzetiəlavələrindən başqa, ölkə başçısının görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı verdiyi sərəncamlardan irəli gələrək hazırlanan xüsusi buraxılışlara da toxunub: “«Kaspi» tarixi keçmişə yer ayırır. Millətin inkişafında yeri olan şəxsiyyətləri unutmaq olmaz».

 

S.Vəliyeva hansı sahədə çalışmalarından asılı olmayaraq gəncləri məsuliyyətli olmağa, dövlətin qanunlarına əməl etməyə, ölkənin təəssübünü çəkməyə çağırıb: «Biz bu dövlətin qanunlarını, vətənimizi göz bəbəyi kimi qorumalıyıq. Hər bir şəxsiyyətin nüfuzu, milli adət-ənənələr, dövlət təəssübü qorunmalıdır. Başqalarının şəxsiyyətinə hörmətlə yanaşılmalıdır». Qeyd edilib ki, jurnalistlər öz yazılarında faktları yoxlamalı, informasiya ilə işləyərkən kifayət qədər ehtiyatlı olmalıdırlar: «Elə təbliğat var ki, o, bizi xaricdə aşağılaya, nüfuzumuza xələl gətirə bilər. Biz xarici ölkələrin mətbuatına daha çox Qarabağ müharibəsindən əziyyət çəkən insanların problemini çatdırmalıyıq. Bizim təqvimdə 20 Yanvar, Xocalı faciəsi və s. kimi milli faciələrimiz var. Biz bu dərdlərimizi dünya mətbuatına çatdırmaq haqqında düşünməliyik. Müasir informasiya üsulları vasitəsilə dünya mediası ilə əlaqə saxlamaq və dərdlərimizi qabartmalıyıq. Problemlərimizi dünyaya çatdırmağın müasir metodlarını tapmalıyıq».

S.Vəliyeva gənclərə səslənərək jurnalist kimi çalışacaqları təqdirdə, obyektiv, qərəzsiz olmağı, faktları araşdırmağı, etik qaydalara riayət etməyi tövsiyə edib: «Yalnız bu keyfiyyətlərə əməl etməklə jurnalistikada layiqli yer tutmaq mümkündür. Bu sənəti ucaldan məhz məsuliyyətli qələm sahibləridir».

Gənclərin «Bu gün onlayn media ənənəvi medianı sıxışdırır. Qəzetlər bu vəziyyətdən necə çıxa bilərlər sualını cavablandıran təsisçi qeyd edib ki, çevik informasiya almaq baxımından internet media nə qədər müasir olsa da, qəzetçiliyin min illərlə ölçülən qədim tarixi var: «Çünki qəzetin öz oxucuları var. Qəzetçilik klassikadır. Bu, min illərin yazılı ənənəsidir və heç vaxt sıradan çıxa bilməz. Bunları bir-birinə qarşı qoymaq informasiya məkanında naşılıqdır».

Baş redaktor Natiq Məmmədli qeyd edib ki, tarixi «Kaspi» 38 il dayanmadan çap olunub və 10 mindən çox nüsxəsi işıq üzü görüb: «1999-cu ilin mart ayından Sona Vəliyevanın təşəbbüsü ilə nəşrini bərpa edib”. Hazırda qəzetin 2 dildəAzərbaycan və rus dillərində çap olunduğunu qeyd edən baş redaktor mətbu orqanın tarixinə sadiqlikdən irəli gələn ənənələri yaşatdıqlarını diqqətə çatdırıb: “Həftə sonu işıq üzü görənƏdəbiyyatəlavəsi artıq 4 ildir, cümə günləri işıq üzü görənTeatrəlavəsi isə 3 ildir oxucuların görüşünə gəlir. Yanvar ayından isəGənclik qəzetinəşrə başlayıb. İndiki dövrdə bu əlavənin işıq üzü görməsi çox vacibdir. Gənclərlə bağlı qəzetlər sovet dövründə nəşr olunub, amma birbaşa gəncliyə yönələn qəzet yox idi. Gənclik yeni nəfəsdir».

«Kaspi»də gənc jurnalistlərin və tələbələrin tez-tez təcrübə keçdiyini qeyd edən N.Məmmədli bildirib ki, bu sahəyə marağı olan gənclərin yazıları qəzetin səhifələrində dərc olunur.

Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, hər bir mətbu orqanın öz oxucuları ilə görüş keçirməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, sosial şəbəkələr vasitəsilə qiyabi tanışlıqdansa, üz-üzə, canlı ünsiyyət daha effektlidir.

Kaspiqəzetinin təsisçisi S.Vəliyeva AJN, IB Club və AZƏRFOTO informasiya agentliyi tərəfindən mükafata layiq görülüb.

 

Görüşdə iştirak etdi

Təranə Məhərrəmova

Kaspi.-2014.-15-17 fevral.-S.8.