Qeysəriyyədən – Qazi Bürhanəddin diyarından Bakıya çəkilən yol

 

Elə şəxsiyyətlər var ki, onların haqqında danışmaq, həyatını incələmək yerinə qeyri-iradi olaraq kitablarından, fəaliyyətindən danışmalı olursan. Sözü haradan başlasan da hökmən söz gəlib zəhmətin, əməyin üstünə çıxır. Bizim bir Bakılı, bir Azərbaycanlı adlandıra biləcəyimiz qədər ölkəmizə, onun bu gününə, gələcəyinə dair ümid və arzularımıza heç tərəddüd etmədən fikir ortağı sana biləcəyimiz Mehmet Mehmetcəlil oğlu Rıhtım belə şəxsiyyətlərdəndir. YUNESKO-nun qərarı ilə 2013-cü ilin Seyyid Yəhya Bakuvi ili elan edilməsi bu vaxtadək Mehmet Rıhtımın ölkəmizin elmi ictimaiyyəti arasında gərəyincə bilinən, yaxşı tanınan adını artıq Azərbaycandan çox-çox uzaqlara yaydı. Mehmet müəllim Seyyid Yəhya Bakuvi - Şirvani haqqında sanballı, ciddi araşdırmalar, əsərlər müəllifidir. Qətiyyətlə deyə bilərik: vəfatından 600 ilə yaxın keçdikdən sonra məhz günümüzdə Bakuvinin adının meydana çıxmasında, hazırda bu adın ehtişamını yaşamamızda Mehmet Rıhtımın böyük əməyi oldu.

 

Murada yetişmək üçün elm lazımdır(Bakuvi) Nə gizlədim, mənim üçün kitab bir möcüzədir – onu yazanın öz ruhunu, öz dünyasını səhifələrin, sətirlərin arasına əmanət etdiyi möcüzə. Bu kitabı açırsan və duyursan ki, sənlə danışan onun öz ruhudur. Mehmet Rıhtım Bakuvinin ruhu ilə bizi beləcə tanışdırıb, görüşdürdü. “Gecənin qaranlığı olmadan səhərin gözəlliyi anlaşılmaz”; “Elm bir şərəfdir, tac kimi başına qoy”, “Məhəbbət bir quşdur ki, ancaq qəlblərin dərinliyinə qonar”; “İki adamın arasını düzəldən bir şəhid savabı qazanar” və yaİki adamın arasını düzəltmək üçün yalan deyən yalançı olmaz” kəlamları – fikir inciləri bizə sevinc və fərəh bəxş edib, ümidvar edir. Beləliklə, Seyyid Yəhya Bakuvi- Şirvani klassik düşüncə sahibimizdir. Həcc üç növdür: nəfsin həcci; qəlbin həcci; ruhun həcci deməklə bu fikirlərində böyük filosofumuz

 

“Cənnəti almaq olmaz ağça ilə;

Girmək olmaz behiştə rüşvət ilə”

 

deyən böyük şairimiz Füzuli ilə düşüncə-əqidə birliyi yaradır. İsti-sıcaq fikirləri, qəlbə-könülə dayaq olan arzuları ilə əsrləri adlayır, bizə çox yaxın gəlir Yəhya Bakuvi

 

Mehmet Rıhtımın bu mövzudakı araşdırmalarını istiqamət baxımından belə qruplaşdıra bilərik: Seyyid Yəhya Bakuvi əlyazmaları, onların nəşri, Bakuvi silsiləsi, indiyədək yarımqaranlıq bir müəmma mühitində saxladığımız Azərbaycan təsəvvüfü tarixi; Sufi məktəbləri; fikir nuru ilə bu gün də həm qəlbimizi, həm yolumuzu işıqlandıran ruhaniyyət rəhbərlərimiz: Şeyx İsmayıl Şirvani, Veysəl Qərani, Şeyx İbrahim Gülşəni Bərdəi, Şeyx Şəbani Vəli, Həmzə Nigari kimi sufilərinin portreti; Azərbaycanın mədəniyyət ocaqları, habelə inanc yerləri olan pir, təkkə, xanəgah və zaviyələr; bir kültür mərkəzi olaraq 15-ci əsrdə Bakı və onun tarixi; Azərbaycanın tarixi keçmiş mənzərələri, şirin, qiymətli etnoqrafik xallars. məsələlər onun daimi tədqiqat sahələridir.

 

Bu mənada Mehmet Rıhtım araşdırılmaları obyektiv tədqiqlər olub Türk xalqlarının mənəvi irsinin öyrədilməsində ciddi addım sayıla bilər. Bu araşdırmaların bəhrəli nətəcələri Türk xalqlarının tarixi, dili, ənənəsinin, habelə Türk xalqlarının böyük simalarının, o cümlədən Bakuvinin dünyagörüşü sisteminin öyrənilməsinə əvəzsiz töhfə verə bilmişdir. Bu tədqiqlər bizi 15. əsr mədəni həyatına qovuşdurmaqla o dövrün təfəkkür və düşüncəsi ilə yaxınlaşdırır; bu fəaliyyət nəticəsində təkcə filosof Bakuvi haqqında deyil, ümumən Azərbaycanin 15 əsr ədəbi, elmiictimai həyatı barədə yeni-yeni məlumat almış oluruq.

 

Mehmet Rıhtım Türkiyənin Kayseri (Qeysəriyyə) şəhərində anadan olmuş, 1987-ci ildə Atatürk Universiteti İlahiyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Bir müddət orta təhsil müəssisələrində müəllimlik və idarəciliklə məşğul olmuş, Səlçuq Universitesində ilahiyyat ixtisası üzrə magistraturasını tamamlamışdı.

 

1997-ci ildən onun fəaliyyəti Azərbaycanla bağlıdır; Qafqaz Universitetinə müəllim olaraq dəvət edilən Mehmet bəy Azərbaycana gəlişi ilə çox keçmədən həmən böyük arzuların, ciddi niyyətlərin də başına keçir; müəllimliklə yanaşı bir tarixçi olaraq tədqiqatlara girişir. Belə ki, indiyədək tarix, ədəbiyyat və mədəniyyət sahələri üzrə on iki kitabı çap olunmuşdur. Səbr bərəkətin açarıdır(Bakuvi)

 

Bəli, indi, bu gün qürur hissi ilə demək mümkündür ki, Seyid Yəhya Bakuvi ilə bağlı tədqiqatlar, ilk ciddi araşdırmalar onun adı ilə bağlıdır. Hər böyük işin adətən kiçicik, ilk baxışdan təsadüfi bir səbəb bildiyin bir başlanğıcı olur; belə ki, Azərbaycana gəldiyi ilk günlərdəcə ziyarət etdiyi Şirvanşahlar saray kompleksində türbəsini ziyarət etdiyi Seyid Yəhya Bakuvi haqqında heç kimdən və heç yerdən müəyyən bir məlumat əldə edə bilmədiyindən onunla əlaqəli araşdırmalara başlamış, bu məqsədlə nəhayət axtarışlarını Türkiyəyə keçirmişburada Şeyx Yəhya Bakuviyə və əsərlərinin mövcudluğuna dair ciddi məlumatlara rast gəlib, nəhayət ölkənin ən böyük əlyazma fondu olan Süleymaniyyə kitabxanasında əsərlərinin əslini əldə edir. Bu andan öz qeyd etdiyi kimi həyatının da axarı dəyişir. Həm də Yəhya Şirvaninin əsərlərini Türkiyə kitabxanalarından əldə etməsi bu işin sürətlə irəliləməsinə və tədqiqat sahəsinin hüdudlarının genişlənməsinə səbəb olur. Bundan sonra Mehmet Rıhtım Seyid Yəhya Bakuvinin yaradıcılığını dissertasiya mövzusu götürmüş, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmaları İnstitutunda “Şərqdə Xəlvətiyyə ədəbi təsəvvüfi görüşlərinin təşəkkülü və Seyid Yəhya Bakuvinin yaradıcılığı” mövzusunda uğurla müdafiə edərək filologiya elmləri (Türk Xalqları Ədəbiyyatı və Fəlsəfə Tarixində) üzrə fəlsəfə doktoru adını almışdı.

 

Bununla da qarşısında böyük bir fikir dünyasının geniş, nəhayətsiz üfüqləri açılmışdır. O vaxtdan müəllif Seyid Yəhya və Xəlvətiliyin tədqiqiqinə girişmiş, yorulmadan bu yolda çalışmaqdadır. Çünki Azərbaycan və Türkiyə arasında kültürəl körpünün ən etibarlı dayaqlarından biri sandığımız Seyid Yəhya Bakuvinin əxlaqi görüşlərinin hər iki ölkənin geniş ictimaiyyətinə tanıdılmasına böyük ehtiyac var idi.

 

Baxın, əslində təsəvvüf – islam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin ifadəçisi olub bu fəlsəfi-dini təlimdə insanın öz nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etmək, bu yolda qəlbən öz varlığından və dünyadan keçərək daima Allahla bir olma halını qazanması kimi ülvi, saf məqsədi izlənilir ki, qənaətimizcə bu insanın xilası və yüksəlişi deməkdir. Mehmet Rıhtım bu qədim diyarı - Azərbaycanı bir təsəvvüfi fikir mərkəzi olaraq gördü; onun gördüyü, tanıdığı və sevdiyi Azərbaycan sufi təriqətlərinin meydana gəldiyi, bir çox böyük şəxsiyyətlərinin vətənidir. Nəhayət, Azərbaycan təsəvvüf tarixinin görkəmli nümayəndəsi, ümumtürk təsəvvüfünün ən səbatlı mürşidi Seyid Yəhyanın vətənidir.

 

Ədalət naminə deyə bilərik ki, Seyid Yəhya Bakuvi Abbasqulu ağa Bakıxanov, Firudin bəy Köçərli, Məhəmməd Əli Tərbiyət, Salman Mümtaz, Mahmud bəy Mahmudbəyov, Məmməd Əmin Rəsulzadə kimi maarifçilərimiz bəhs etmişlər. Müəyyən dərəcədə Azərbaycanın alimlərindən: Ziya Bünyadov, Əli Əjdər Seyidzadə, prof.Sara xanım Aşurbəyli, prof. Azadə Musabəyli, prof. Məşədi xanım Nemət, Seyran Vəliyev, Cəfər Ibrahimov Bakuvionun elmi fəlsəfi irsini araşdırmaya cəlb etmişlər, lakin bunlar ümumi şəkildə deyilsə, mövzunu ümumi istiqamətdə izah etməklə qalmışlar. Bu tədqiqlərdə bir qayda olaraq xalqımızın əsrlər boyu əməyi və yaradıcılığı nəticəsində ərsəyə gətirdiyi mədəniyyət tariximizdən, bu zaman yalnız onun görkəmli simaları sırasında Bakuvidən söz açılır.

 

Yeri gəlmişkən qeyd etməliyik ki, Seyid Yəhya kimi bir Şərq aliminin, fikir sahibinin istər həyatı, istərsə də elmi-ürfani fəaliyyəti heç də hər hansı bir təzkirə mətnlərinə və ya bir-iki məqalə həcminə sığışa bilməzdi. Demək ki, həyatı və yaradıcılığına aid indiyədək az-çox tədqiqat xarakterli məlumatlar olsa da onun şəxsiyyəti və əsərləri özünün daha dərin, daha geniş miqyaslı tədqiqini – monoqrafik tərzdə araşdırılmasını gözləyirdi.

 

İnanmaq lazım gəlir ki, Türk xalqları fəsəfəsinin hərtərəfli öyrənilməsi, onun ortaq, doğma xətlərinin ortaya çıxarılması elmdə gələcək tədqiqatlar üçün böyük imkanlar açacaqdır. İndiyədək elmi fikrimizdə “Türk fəlsəfəsi” anlayışının süni yoxluğu, bu mövzunun həm fəlsəfə tarixində, həm də müasir fəlsəfədə kifayət qədər işlənməməsinin əlbəttə, ideolojisiyasi səbəbləri var idi. Türk ruhluSovet Şərqi” xalqlarının müstəmləkə boyunduruğunda qaldığı illərdə ideoloji bünövrədə belə bir tezis dururdu ki, guya geridə qalan xalqların həqiqi tarixi və mədəniyyəti yalnızca Oktyabr inqilabından sonra başlamışdır.

Sovetlərə - əvvəllər tarixdə rast gəlinməyən bir sistemə, anoloqu olmayan bir quruluşa əlbəttə Türk xalqlarının zəngin keçmişindən, nailiyyətlərindən, onların tarixi prosesə, ictimai şüura təsirindən bəhs edən tarix də lazım deyildi. Kütləvi şüura belə bir fikir yeridilirdi ki, kapitalizmin yanından ötərək bir-başa sosializmə keçid etmiş xalqların nəinki dövlətçiliyi, heç mədəniyyəti də olmamışdır. Milyonlarla insanlar buna inanırdı. Tam yeni bir bünövrəyə söykənən yeni ictimai quruluşa istiqamət alan sosialist ideologiyası şüurlu olaraq keçmişin irsindən qalıq kimi imtina edirdi. Türk xalqlarının mənəvi mədəniyyət məhsulları “keçmişin gərəksiz qalıqları” kimi qiymətləndirilirdi. Bu mənada Rıhtım araşdırmalarının aktuallığı göz qabağındadır...

 

Bu araşdırmalar və həyata keçirilən tədbirlər vasitəsilə Azərbaycanın fikir dünyasına geniş yol açıldı və biz o yola çəkinmədən ayaq qoya bilərik. Bu dünya böyükdür; qarşıda böyük mənzərələri meydana gətirdi – Bakuvinin fikir mənzərəsi... Böyük tariximizdə, böyük ədəbiyyatda bir mütəfəkkirimizin yerizamanlardan boş qalmışdı. Odur ki, bu zəhmət və onun bəhrələri böyük bir aləmin kəşfi qədər təsirli oldu.

 

Bakuvinin dünyaya göz yumduğu tarix böyük şairimiz Məhəmməd Füzulinin dünyaya gəlişi, göz açdığı illəridir; o Füzulinin sələfidir. İnamla demək mümkündür ki, Bakuvinin türkcə yazıları Füzulinin zəngin dilinin qaynaqlarından sayıla bilər. Bu mənada Bakuvi irsinin nə zamandı həm də filoloji auditoriyalardan kənarda qaldığını düşünmək olar; Nəhayət bizdən ayrı Bakuvi adında bir aləm, bir dünya, hikmət dünyası – gizli dəfinə, ağır xəzinə kimi xəbərsiz, bağlı sirr açıldı...

 

Coşqun elmi fəaliyyəti sırasında Mehmet Rıhtımın bilavasitə tövsiyyəsi və ciddi təşəbbüsü nəticəsində tezliklə Universitet nəzdində Qafqaz Araşdırmaları institutu təsis olunur. Mehmet Rıhtımın rəhbərliyi altında fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutu təşkil olunduğu ilk vaxtlarından iki qardaş ölkə arasında sözün əsil mənasında körpüyə çevrilir. Bu mənada təşkilindən bu günədək institutda doğma, ortaq tarixin Azərbaycan-Türkiyə səhifələrini əks edən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Qafqaz İslam Ordusunun xronologiyası”, Rüşdi bəy Türkərin “Böyük hərbdə Bakı yollarında”, “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” əsərləri ərsəyə gəlir. Mehmet Rıhtımın qələmindən çıxmış “Folklor və Təsəvvüf Lügəti”, Azərbaycanda habelə Türkiyə və Makedoniyada nəşr olunmuşSeyyid Yəhya Bakuvi və Xəlvətilik”, “Mövlana İsmail Siracəddin Şirvani”, “Seyyid Yəhya Bakuvi və Şifau’l-Əsrar adlı əsəri” və s. institutun nəşrlərindəndir. İnstitutda aparılan tədqiqat sahələri hərtərəflidir: Burada nəşr olunan “Yəhya Kamal Bəyatlı”, “Bəxtiyar Vahabzadə” tədqiqat əsərlərii İnstitutun Türkyə və Azərbaycanlı klassikklərinin araşdırılıb nəşr etmək istiqamətində apardığı çalışmalardandır.

 

İnstitutda artıq nəşrə hazır olan Qarabağın tarixi və mədəniyyətini əhatə edən tədqiqatda bu diyarın ta bəşər sivilizasiyanın ilk dövrlərindən başlayaraq bu günədək olan tarixi işıqlandırılmış, Azərbaycanın bu qədim bölgəsində yaranan bəhrəli mədəniyyət və bu sahələrlə bağlı geniş yazılar yer almışdır. XIX əsr Dağıstan üləmasından olan Həsən əl Qədəri’nin “Asar-i Dağıstan” əsəri üzərində aparılan araşdırmaya Dağıstan tarixi ilə bağlı çox mühüm sənədlər daxildir. Əsər əski qumuq dilindən bugünki Azərbaycan dilinə uyğunlaşdırılmış, müvafiq şərh və izahatlarla tamamlanmışdır. “Osmanlı arxivlərindəki Azərbaycanla bağlı sənədlər toplusubu elm ocağında həyata keçirilən tədqiqat işlərindəndir; bu qiymətli sənədlər Osmanlı türkçəsindən Azərbaycan dilinə çevrilmiş, sistemləşdirilmiş, bu şəkildə nəşrə hazırlanmaqdadır.

 

Mehmet Rıhtım yaradıcılığı deyə bilərik ki, böyük Azərbaycan məfkurəsinə xidmət edir; onun fəaliyyətində döğma Azərbaycan tarixi keçmişi, günümüzün insanları, bu diyarın təbiəti əsas yer tutmaqla bu ərsəyə gələn dəyərli irsiaktual, səmərəli edir. Onu tez-tez yurdumuzun hər bir guşəsində görmək mümkündür.

 

Yola saldığımız il isə başdan başa Şeyx Yəhya Bakuviyə həsr olunmaqla həyata keçirilən tədbirlərin verdiyi imkanlara görə bilavasitə institutun müxtəlif bölgələrə təşkil olunmuş elmi seminarları və Mehmet müəllimin bu münasibətlə göstərdiyi əzmkarlığı təqdirə layiqdir. Qeyd edək ki, bu elmi məclisləri müşayət edən məqsədəmüvafiq təşkil olunmuş sərgilər hər dəfəsində rayon ictimaiyyəti arasında böyük maraq doğururdu.

 

Ümumiyyətlə sərgi təşkili Mehmet Rıhtımın elmi-ictimai fəaliyyətinin ayrılmaz hissəsidir. Onun yorulmaz fəaliyyəti nəticəsində: Pendik Bələdiyyəsinin dəvətilə “Baküde İstanbul düşleri” adlı Viktor Vasyakinin rəsm əsərlərindən ibarət öz şəxsi kolleksiyası əsasında sərginin təşkili; “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” kitabı və “Evliya Çələbi Azərbaycanda” şəkil sərgisi; Azərbaycan Milli Tarix Muzeyində keçirilən (Azərbaycan Tarix Muzeyi ilə birlikdə) və üç ay davam edən “Qafqaz İslam Ordusu və Bakının azad edilməsinin 80 illiyi” adı ilə tərtib olunan Qafqaz İslam Ordusundan qalan əşyalar və fotoqraflar sərgisi (16 sentyabr-16 dekabr 2008); VI Beynəlxalq Türk İncəsənəti sərgisi (1 aprel 2011) və s. göstərə bilərik. Bunlarla bərabər dəfələrlə təzhib sənətçisi olan xanımı Hülya Rıhtım ilə birlikdə Bakıda xəttatlıq-təzhib sərgiləri təşkil edərək öz əsərlərini sərgiləmişdir.

 

Mən səadəti mal toplamaqda görmürəm(Bakuvi) Qeyd etmək lazımdır ki, institutdakı bu ayrı-ayrı böyük tədqiqatlarn hazırda Azərbaycanda – məhz Qafqaz Universitetində aparılmasının xüsusi əhəmiyyəti vardır. Belə ki, bunu, düşüncəsi daimbir millət, iki dövlət” olmuş xalqlarımızın həqiqi qardaşlığına, səmimi birliyinə universitetin saf amal kimi sadiq qalması kimi qəbul etmək lazımdır. Belə ki, Qafqaz universitetinin yarandığı ilk gündəncə amalı bu qardaşlığa, bu əqidə, fikir, məqsəd birliyinə, saf dillə, açıq üzlə cani-dildən xidmət etmək olmuşdur. Əlbəttə bizi birləşdirən müqəddəs amal dil birliyimizdən, inanc biliyimizdən, mədəniyyət-təfəkkür birliyimizdən qaynaqlanır. Odur ki, Universitetdə, habelə onun nəzdində fəaliyyət göstərən institutumuzda bundan sonra da var qüvvəmizlə ölkələrimiz arasında mövcud olan, lakin zaman-zaman unudulan mənəvi körpülərimizin, könül bağlarımızın yenidən möhkəmlənməsinə, aramızdakı dostluq-qardaşlıq tellərinin daha da sağlam, etibarlı olmasına səy göstərməliyik.

 

Sonda yenə böyük məmnunluq hissi ilə deyirəm ki, biz birlikdə bir institutda çalşırıq; odur ki, Mehmet müəllim tezliklə bizim hamımızı bu ideyalara qoşa bildibu qapalı, müşkül sandığımız, lakin həyat məqsədi, amal qədər yaxın bildiyimiz mövzülar hamımıza siraət etdi; yazı xəttimizə, üsluba, yaradıcılıq prinsiplərimizə yaxşı mənada təsir etdi və beləliklə yüz illər boyunca olduğu kimi bizimonu fərq etməyən nəzərlərimiz önündə sakit, həzin tövründə sükunət içində dayanıb duran bu ağır, toxunulmaz tabuya çevrilmiş abidlərimizi, nurlu şəxsiyyətlərimizi, tarixin özü ilə tənləşən yadigarlarımızı nəhayət fərq etdik...

İndisə Bakıda Seyyid Yəhya Bakuvi küçəsi var... YUNESKO tərəfindən Bakuvi ili elan olunması... bütün bunlar aparılan araşdırmalar vasitəsilə mümkün oldu. Bu tədbirlərin əhəmiyyəti böyükdür; beləliklə, Azərbaycan artıq öz mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə dünya meridianlarına çıxır. Bu gün Seyid Yəhya həzrətlərinin ölümünün 550 illiyi geniş keçirilməsi tədbirləri müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmaqdadır.

 

...Azərbaycan fikir-düşüncə xəzinəsinin açılıb öyrənilməsinə böyük ehtiyac var. Bu qədim diyarın Dünyaya açdığı Hikmət Qapısının və buradan istiqamət götürən yolların tədqiq edilməsi sahəsində görüləcək işlər hələ çoxdur. Yəhya Bakuvinin də hələ işlənməmiş, çap olunmamış əlyazmalar çoxdur; Mehmet Rıhtımın dediyi kimi qardaş xalqlarımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr verən Seyyid Yəhyanın ədəbi-bədii, fəlsəfi irsi zəngin deyiləcək qədər böyükdür. Uğulu işlər, xeyirli nəticələr diləkləri ilə Mehmet müəllim. Elm su kimidir, səbr isə torpaq kimidir (Bakuvi )

 

...Rıhtım- liman, bəndər, iskələ, duracaq yer, məcazi olaraq isə bundan da daha geniş sahələri qaplayıb əhatələyir: fikirlərin tutacağı, nicat, qurtuluş duracağı, istinadgah, sığınacaq anlamındadır. Öz adına-sanına sədaqətli adamlarımız var, nə yaxşı ki, bizimlə birgədirlər, zamanın ağır yükü altına mətanətlə ümüzlarını gərmişlər və nə yaxşı ki, onlar vardır...

 

Minəxanım Nuriyeva-Təkləli

Filologiya elmləri doktoru, professor

Kaspi.-2014.-19 fevral.-S.7-14.