Dünya “Xocalıya ədalət“ deyir
Soyqırımının
ildönümü ilə bağlı həm
ölkə daxilində, həm də xaricdə tədbirlər
keçirilir
Tarixin ən amansız soyqırımlarından olan Xocalı faciəsi ilə bağlı təşkil olunan silsilə tədbirlər davam etdirilir. 22 il öncə baş verən soyqırımı qurbanlarının əziz xatirəsi nəinki ölkəmizdə anılır, ölkə xaricində də Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm addımlar atılır.
Məsələn, bu günlərdə Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyasına start verilib. Artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur. Tayms Meydanı Nyu-Yorkun Manhetten şəhərində yerləşən, “dünyanın yolayrıcı” adlandırılan və gün ərzində təxminən 108000 insanın axışdığı bir məkandır. Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyir. Ümumilikdə 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar edir. Azərbaycan Amerika Alyansının keçirdiyi kampaniya Nyu-York metro stansiyalarında posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə davam edəcək.
Malatyada “Xocalı soyqırımın
anım mərasimi» keçirilib
Malatyanın İsmət İnönü Universitetində «Xocalı soyqırımın anım mərasimi» keçirilib. Mərasimdə Universitetin rektoru Cəmil Çelik, professor və müəllim heyəti, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak edib. Anım mərasimində çıxış edən Q.Paşayeva Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq - deyib. Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.
“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq” – deyə, millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının vacibliyini qeyd edib.
Təhsil naziri Xocalı soyqırımının ildönümünün keçirilməsi barədə
əmr imzalayıb
Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumat görə, əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirləri müəyyənləşdirib həyata keçirsinlər, əmrin icrası ilə bağlı görülmüş işlər barədə 3 mart tarixinədək nazirliyə hesabat təqdim etsinlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Xocalıda hər
iki valideynini itirmiş gənclərə dəstək verilir
"Xocalıya ədalət" kampaniyasından Xocalıda hər iki valideynini itirmiş gənclərə dəstək verilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən verilən məlumata görə, dünən "Xocalıya Ədalət" Kampaniyasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 gənclə görüş keçiriblər.
Xocalı soyqırımının 22-ci ildönümünə təsadüf edən görüş gənclərin "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına müraciəti əsasında baş tutub. Görüş zamanı DQİDK sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş hadisədir.
E.İskəndərov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlər artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınmaqdadır: "Bu illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu səpkidə bir sıra mühüm işlər görülüb. Nəticədə artıq bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcəkdir".
Görüşdə kampaniya çərçivəsində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərin sosial problemlərinin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib. Qeyd olunub ki, gənclərin işlə təmin edilməsi, o cümlədən sosial həyatda, ictimaiyyətdə daha möhkəm mövqe tutması üçün kampaniya tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. Kampaniyanın "Sosial həmrəylik" layihəsi çərçivəsində bir sıra gənclərin dini icmalar tərəfindən qəyyumluğa götürüləcəyi qeyd edilib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə bildirib ki, rəhbərlik etdiyi qurumla "Xocalıya ədalət" kampaniyası arasında həyata keçirilən "Sosial həmrəylik" layihəsi çərçivəsində Xocalı gəncləri "ASAN xidmət" mərkəzlərində işlə təmin olunacaqlar. Bundan əlavə, kampaniya çərçivəsində 25 gəncin sosial problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcək.
Görüşdə Xocalı faciəsində hər iki valideynini itirmiş gənclər də çıxış edərək bildiriblər ki, onlar dövlətin dəstəyini yüksək qiymətləndirirlər. Gənclər sosial problemlərinin həlli ilə bağlı göstərilən diqqət və qayğıya görə kampaniyanın təsisçisi Leyla Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar bu addımların gənclərin milli vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün təkan olacağına inandıqlarını ifadə ediblər.
“Qahirə” TV-də
Xocalı soyqırımından bəhs edən veriliş yayımlanıb
Misirin “Qahirə” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı “Məhv edilmiş şəhər” adlı veriliş yayımlanıb. Verilişdə ərəb dilində Xocalı soyqırımından bəhs edən sənədli film göstərilib. Filmdə Xocalı hadisələrinin baş vermə səbəbləri, keçmiş Sovet İttifaqı rəhbərliyinin erməni separatçılarına, Ermənistan hökumətinə havadarlığı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklər geniş şəkildə əksini tapıb.
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev telekanala müsahibəsində ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verib. Diplomat SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulayıb. Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda dislokasiya olunan keçmiş SSRİ-in 366-cı alayının da iştirak etdiyini deyən Ş.Abdullayev bu qətliamın insanlıq əleyhinə cinayət olduğunu bildirib və Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Xocalı faciəsi
Bişkekdə də anılacaq
Bişkekdə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı mərasim keçiriləcək. Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Milli Kitabxanasında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı mərasim keçirəcək. Mərasimdə Qırğızıstanın dövlət rəsmiləri, deputatlar, elm və mədəniyyət xadimləri, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak edəcəklər. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov mərasimdə Xocalı faciəsi, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında məlumat verəcək, faciə ilə bağlı sənədli film nümayiş etdiriləcək, iştirakçılara qətliamdan bəhs edən materiallar paylanacaq.
Bişkekdə qırğız, türk və rus dillərində çap olunan “Türkel” qəzetində Hidayət Orucovun Xocalı faciəsi ilə bağlı müsahibəsi də dərc ediləcək. Bundan başqa, səfir “Manas” radiosuna da qanlı qırğınla bağlı müsahibə verəcək.
Səfirliyin təşkilatçılığı ilə Qırğızıstanın “5-ci kanal”ında “Xoca” bədii filmi nümayiş etdiriləcək.
Azərbaycan İstiqlal Muzeyində “Şəhid şəhər”
sərgisi
Fevralın 25-də Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı tədbir-sərgi keçiriləcək. Muzeydən bildiriblər ki, sərgidə ilk dəfə olaraq 2014-cü ildə muzeyə qəbul edilmiş Xocalı faciəsini əks etdirən yeni eksponatlar – “Boşalmış damarlar” triptixi (müəllif “Yarat” Müasir İncəsənət Məkanı ilə əməkdaşlıq edən Mehriban Şəmsəddinskaya), Xocalı faciəsini əks etdirən eskizlər (müəllif rəssam Nazim Məmmədov), Milli qəhrəmanlar Hikmət Nəzərlinin, Füzuli Rüstəmovun, Tofiq Rüstəmovun şəxsi əşyaları və digər eksponatlar tamaşaçılara təqdim olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmova və digər qonaqlar çıxış edəcək.
Tədbirdə Xocalı sakinləri, Milli qəhrəmanların ailə üzvləri və digər qonaqlar iştirak edəcək.
Şəfa
Tapdıq
Kaspi.-2014.-20 yanvar.-S.6.