Ələkbər Fərrux – Azərbaycanda
ilk peşəkar vəhşi heyvan təlimçisi
Peşəkar Azərbaycan sirkinin əsasını qoyan parlaq sirk artistlərimizdən biri də Ələkbər Fərruxdur. Öz yüksək sənətkarlığı ilə bütün Rusiya imperiyası ərazisində dövrünün ən güclü təlimçisi sayılan Ələkbər Fərrux (1878-1940 digərlərinə nisbətən daha geniş şöhrət qazanmışdı. Bu təlimçidən bəhs edərkən, onun atası Fərrux Hacı Qafar oğlunun adını qeyd etməmək olmaz. Fərrux Hacı Qafar oğlunun bir artist kimi çıxışları barədə məlumat olmasa da, o, sirk işinin təşkili sahəsində uğurlu fəaliyyəti ilə, ilk azərbaycanlı sirk antreprenyoru və bilicisi kimi diqqəti cəlb edir. Hərtərəfli istedada malik bu insan müxtəlif musiqi alətlərində çalır, hətta peşəkar orkestrlərdə də çıxış edirdi. Ticarət gəmisində şkiper işləyən Fərrux Hacı Qafar oğlu getdiyi səfərlərdən Bakıya meymun, piton ilan, hətta timsah belə gətirib, evində saxlayır, qonşularına nümayiş etdirirdi. Tezliklə bu həvəs, onu kiçik bir heyvanxana təşkil etməyə sövq edir və o, bu məqsədlə Rusiyanın şəhərlərini dolaşmağa başlayır. Odessada səyyar balaqan sahibi, zəngin Sonya Tamilina ilə tanış olan Fərrux Hacı Qafar oğlu öz ailəsi ilə əlaqələrini kəsərək, Sonya və onun əvvəlki nigahdan olan qızı Paşeta ilə birgə balaqanlarını Buxaraya köçürürlər. O, körpə çağlarından heyvanlara alışdırdığı iki oğlundan kiçiyini, altı yaşlı Ələkbəri də özü ilə Buxaraya aparır. Buxarada onların işləri olduqca yaxşı gedir. Əsasən yarmarkalarda, əlvan şərq bazarlarında çadır quraraq işləyən Fərrux Hacı Qafar oğlu digər sirk sahibləri ilə rəqabətdən daim qalib çıxırdı. Balaca Ələkbər lap kiçik yaşlarından sirk artistinə lazım olan bütün keyfiyyətlərə malik idi. O, fiziki cəhətdən möhkəm, cəld, dözümlü və çalışqan olması ilə seçilirdi. Əsas cəhət isə o idi ki, qətiyyən vəhşi heyvanlardan qorxmur, saatlarla onları müşahidə edir, yemləyib, bəsləyirdi. Tezliklə Ələkbər də proqramlarda çıxış etməyə başladı. O, böyüklərlə bərabər iri qabaq təkəri olan, “hörümçək” adlanan velosipedin üzərində müxtəlif tryuklar icra edir, jonqlyorluqla məşğul olur, mürəkkəb akrobatik hərəkətləri mənimsəyirdi. Öz çıxışını bitirdikdən sonra isə, sirkin orkestrində musiqi alətlərində də çalırdı. Daha sonra, afişalarda Paşeta Udalaya adı ilə məşhur olan ögey bacısı ilə “Ölüm səbəti” adlanan sirk nömrəsi hazırladılar. Onlar böyük səbət formasında olan kürənin içərisində velosipedlə mürəkkəb hərəkətlər icra edir, velosipedləri böyük sürətlə həmin qurğunun divarlarında sürürdülər. Ələkbər on yeddi yaşına çatdıqda, onu təlimçi görmək istəyən atası, sirk üçün müxtəlif heyvanlar, meymunlar, atlar, itlər, canavarlar, timsahlar, hətta fil belə alır. Bir qədər sonra o, müflis olmuş bir balaqan sahibindən altı baş şir də alır. Fərruxun şöhrəti tədricən bütün Orta Asiyaya yayılır. Bu artıq balaqan deyil, əsil sirk idi. Onların tamaşalarında təmaşaçı əlindən yer olmurdu. Hətta Buxara əmiri də tez-tez onların tamaşalarına gəlir, onun üçün salonda xüsusi yerlər ayrılırdı. Həmin sirkin fəaliyyəti, Rusiyanın məşhur sirk artisti, Dmitri Alpyorovun (1895 - 1948) xatirələrində də öz əksini tapır: ”... Yarmarkada bir neçə ortabab rus balaqanı və üç sirk fəaliyyət göstərirdi... Fərruxun sirki daha uğurla çıxış edirdi. Yupatovun və Vinokurovun sirkləri nisbətən maraqsız idi. Fərruxun sirkində, çox zəngin də olmasa, heyvanxana fəaliyyət göstərirdi. Proqramlarda “Alpero və Paşeta Fərruxun qastrolları” elan edilir, Fərruxun oğlu və onun şagirdi çıxış edirdi. Onlar birlikdə qəfəsə girir, şirləri müxtəlif hərəkətlər icra etməyə, qrup şəklində düzülməyə məcbur edirdilər. Başqa sirklərdə isə, proqramlar çox zəif nömrələrdən ibarət idi...”.
Buxara əmiri onların sirkdəki fəaliyyətlərini yüksək qiymətləndirmiş, 1908-ci ildə Fərrux Hacı Qafar oğlunun Buxaranın gümüş ulduz ordeni ilə, Ələkbər Fərruxun isə, qızıl medalla təltif olunması barədə fərman imzalamışdı.
Tezliklə bütün Rusiyada məşhurlaşan, iri quberniya mərkəzlərinə dəvət alan Ələkbər Buxaranı tərk edir. O zaman Rusyada sirk sahibləri daha çox xarici artistlərə üstünlük versələr də, Alpero və Paşeta Udalaya öz ifalarında elə bir yüksək səviyyəyə çatmışdılar ki, hətta paytaxta, Sankt-Peterburqdakı Çinizelli sirkinə dəvət almışdılar. Tədricən heyvanların sayını artıran Fərrux 1913-cü ildə, artıq 10 şirlə, 1916-cı ildə isə on altı şir, iki ayı və bir bəbirlə çıxış edirdi. Bu, hətta müasir ölçülərlə də olduqca böyük qrup idi.
Birinci dünya müharibəsinin başlanması, digər sirk artistləri kimi, Ələkbər Fərruxun da yaradıcılığına ciddi əngəl oldu. Aclıq, səfalət hökm sürən ölkədə sirk artıq heç kimi maraqlandırmırdı. Həmin dövrdə böyük bir əhliləşdirilmiş heyvan qrupuna malik olan Ələkbər, artıq fillə də çıxış edirdi. Oktyab inqilabı onu Kazan şəhərində haqladı. Hər yeri hərcmərclik, mitinqlər dalğası bürümüşdü. İşsiz qalmış təlimçinin heyvanları acından qırılmağa başladı. Əvvəlcə filini, daha sonra isə qalan heyvanlarını itirən sənətçi əlacsız qalaraq, karyerasının əvvəlində olduğu kimi, jonqlyorluq edir, akrobatik nömrələr göstərirdi. Daşkənddə çalışarkən, o, Aqrippina Filippovna İnjivatkina ilə evlənir və onlar bir yerdə çıxış etməyə başlayırlar. Bir müddət sonra Bakıya qayıtmalı olan Ələkbər Fərrux, müxtəlif sahələrdə işləsə də, yenidən manejə qayıtmaq ümidini itirmir, dəfələrlə Bakı sirkinə, Moskvaya Sövlət Sirk Birliyinə müraciət edirdi ki, yırtıcılarla nömrə hazırlamaq üçün, vəhşi heyvanların alınması məsələsində ona kömək etsilər. Aqrippina isə Bakıda heyvanxanada nəzarətçi-kassir vəzifəsində işə düzəlir. Lakin təlimçi peşəsinə böyük həvəsi olduğundan, o, boş vaxtında burada canavarları əhliləşdirərək, böyük təcrübə qazanır.
Nəhayət, 1937-ci ildə Ümumittifaq Sirk Birliyi tərəfindən onlar üçün dörd baş şir alınır və onların yeni nömrə hazırlamağına icazə verilir. Dərhal uca hasarla əhatə olunmuş şəhərətrafı bağların birində yeni nömrə üzərində gərgin iş başlayır və həmin ilin yayında Ələkbər Fərrux, eləcə də Züleyxa Fərrux təxəllüsü ilə manejə çıxan Aqrippina İnjivatkina öz təhlükəli nömrələrini tamaşaçılara təqdim edirlər. Ə.Fərruxun təcrübəsi öz sözünü deyirdi, onların müxtəlif tryuklarla zəngin çıxışları maraqlı alınmışdı. Şirlər tunel şəklində düzülmüş qəfəslərdən keçərək, manejə çıxır, yarımdairə şəklində düzülmüş tumbaların üzərində otururdular. Sonra parlaq milli koctyumlarda çıxış edən Ələkbər və Züleyxanın işarəsi ilə heyvanlar bir-birinin ardınca ensiz tirin üzərilə yeriyir, bir tumbadan digərinə atılır, piramida şəklində düzülürdülər. Sonra Züleyxa şirlərdən ən böyüyü olan Samsonun belində oturaraq, başını özünə tərəf, arxaya çəkir, bu zaman şir ağzını geniş açır, qorxunc dişlərini tamaşaçılara göstərirdi. Daha sonra, şirlər təlimçinin işarəsi ilə manejdə bir-birinin yanında yerə yayılır, Ələkbərlə Züleyxa isə bu “Canlı xalçanın” üzərində uzanırdılar. Nömrənin sonluğu yüksək tempdə icra olunurdu – Ələkbər Fərrux qırmancı şaqqıldadır, tapançadan atəş açır, şirlər təbil səsləri altında maneələrin üzərindən atılaraq, manejdə dairə boyu sürətlə qaçırdılar.
Bakıda baş tutan uğurlu çıxışlardan sonra, Ələkbər Fərrux Sirk Birliyinin əmri ilə digər şəhərlərə göndərildi. Orconikidze, Yaroslavl, Sverdlovsk, Çelyabinsk, Tomsk, Omsk, İrkutsk, Xabarovsk və digər şəhərlərdə uğurla çıxış edən sənətçi daim inkişafa, yeniliyə can atır, nömrənin daha məzmunlu və maraqlı olmasına çalışırdı. Nömrənin əvvəlində, yırtıcılar manejə çıxdıqdan sonra, onun məktəbli qızı Züleyxa cəsarətlə ortalığa atılaraq, milli rəqs ifa edirdi. Qızcığazın cəsarəti daim tamaşaçı alqışları ilə qarşılanırdı. Lakin, birliyin rəhbərliyi bundan narahat olub, azyaşlı qızın manejə çıxmasını qadağan etdi. Buna baxmayaraq, Ələkbər, qızını təlimçi görmək arzusundan əl çəkmir, onun üçün körpə heyvan alıb, yeni nömrə hazırlamaq fikri ilə yaşayırdı. O, öz nömrəsini də genişləndirmiş, əsil attraksiona çevirmişdi. Artıq onun nömrəsində beş şir, üç ayı, on altı canavar iştirak edirdi. O zaman, indiki kimi, artistərlə rejissor, ssenarist, rəssam, bəstəkar işləmirdi, hər şeyi sənətçi özü edirdi. Ələkbər də köhnə dövrün artistləri kimi, çıxışının təhlükəli olduğunu vurğulamağa, tamaşaçıları gərgin vəziyyətdə saxlamağa üstünlük verirdi. Təlimçi çoxdan nəzərdə tutduğu tryuku da həyata keçirmişdi – şirlərin çıxışı bitdikdən sonra, o, yırtıcılarla eyni qəfəsdə qala-qala ayı ilə güləşirdi. Aparıcı elan edirdi ki, indi qeyri-adi mənzərənin şahidi olacaqsınız, ölkənin ən qocaman təlimçisi Ələkbər Fərrux, şirlərdən ibarət “münsiflər heyətinin” qarşısında 350 kiloqramlıq ayı Potapla güləşəcək. Onun, belecə, hər gün özünü real təhlükə qarşısında qoyması, 1940-cı il martın 15-də, Ələkbər Fərrux Bryansk sirkində çıxış edərkən, tamaşa vaxtı həlak olması ilə nəticələndi. O, “ayı ilə güləş” tryukunu ifa edən zaman, “Əmir” ləqəbli şir Ələkbəkin üzərinə atıldı...
Sözsüz ki, Ələkbər Fərrux bu faciənin qurbanına çevrilməsəydi, beş il sonra yaradılacaq Milli Sirk kollektivivnin ən parlaq ifaçılarından biri olacaqdı. Azərbaycan sirkinin tarixi boyu, çox sayda məşhur artistlərimiz müxtəlif heyvanların təlimi ilə məşğul olub. Hətta bu gün də, dünyanın müxtəlif ölkələrində əhliləşdirilmiş atlar, itlər, dəvələr, meymunlar, ayılar, hətta begemot, kenquru, piton, Tibet yakı, lama kimi müxtəlif ekzotik heyvanlarla çalışan azərbaycanlı sirk artistləri var. Lakin, bu günə qədər, Ələkbər Fərruxun nailiyyətlərini təkrar edib, yırtıcı heyvanlarla çıxış edən ikinci belə sənətçimiz olmayıb.
Rəcəb Məmmədov
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Kaspi.-2014.-21 fevral.-S.11.